Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə


Relizin Tarixi: 27.05.2022

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə

Qərar № 48

Bakı şəhəri, 23 fevral 2001-ci il

«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə»nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2001-ci il, № 2, maddə 126) («LegalActs» LLC).

4 aprel 2003-cü il tarixli, 42 nömrəli; 12 iyun 2003-cü il tarixli, 81 nömrəli; 24 fevral 2005-ci il tarixli, 34 nömrəli; 7 fevral 2006-cı il tarixli, 35 nömrəli; 27 mart 2006-cı il tarixli, 89 nömrəli; 8 oktyabr 2010-cu il tarixli, 172 nömrəli; 11 oktyabr 2017-ci il tarixli, 423 nömrəli; 16 iyul 2019-cu il tarixli, 313 nömrəli; 5 mart 2021-ci il tarixli, 63 nömrəli; 17 iyul 2021-ci il tarixli, 214 nömrəli; 22 noyabr 2021-ci il tarixli, 365 nömrəli; 27 may 2022-ci il tarixli, 214 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 16 iyul tarixli
313 nömrəli Qərarı ilə
təsdiq edilmişdir

Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması

Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra — Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra — büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar — tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına,, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları;

1.2.2. büdcə — vergilərə, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə Azərbaycan Respublikasının dövlət büdcəsi, məcburi dövlət sosial sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə İşsizlikdən Sığorta Fondunun, icbari tibbi sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə isə icbari tibbi sığorta fondunun büdcəsi;

1.2.3. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları — təyinatı vergi, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi dövlət büdcəsinə daxil olan vəsait;

1.2.4. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları — təyinatı məcburi dövlət sosial sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondunun büdcəsinə daxil olan vəsait;

1.2.5. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş işsizlikdən sığorta haqları, faizlər və maliyyə sanksiyaları — təyinatı işsizlikdən sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi İşsizlikdən Sığorta Fondunun hesabına daxil olan vəsait;

1.2.6. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları — təyinatı icbari tibbi sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi icbari tibbi sığorta fonduna daxil olan vəsait.

2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları

2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.

2.1-1. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.2. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya işsizlikdən sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə işsizlikdən sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.2-1. Sığortalı ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılmasını, icbari tibbi sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortalının razılığı ilə icbari tibbi sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.3. Bu Qaydaların 2.1-ci bəndində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.

2.4. Vergi ödəyicisi və ya sığortaedən vergi orqanı tərəfindən hesablanmış vergilər, işsizlikdən sığorta haqları, hesablanmış faizlər və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 2.1-ci bəndində tələbetmə üçün müəyyən olunmuş müddətə daxil edilmir.

2.5. 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi Vergi Məcəlləsinin 199.12-ci maddəsində göstərilən şərtlər daxilində və Vergi Məcəlləsinin 199.13-cü maddəsi nəzərə alınmaqla vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir.

2.6. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, habelə Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqları onların «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz»in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir.

2.7. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə məbləğlər vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının müvafiq olaraq borcu olmadığı hallarda qaytarılır.

2.8. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu Qaydalarla müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər

3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.

3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarında göstərilən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir.

3.4. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vəsaitlərin qaytarılması zamanı vergi ödəyicisi, sığortaedən və ya sığortalı ərizə ilə yanaşı təyinatı üzrə köçürülməsi nəzərdə tutulan vəsaitin səhv ödənildiyini təsdiq edən sənədləri də qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.

4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri

4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;

4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;

4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış «Vahid elektron lövhə» bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər;

4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər;

4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər.

4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

4.2.1. büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldirlər;

4.2.2. büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqqı ilə bağlı borcların, hesablanmış faizlərinişsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə yönəldirlər;

4.2.3. sığortaedənin razılığı ilə büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;

4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.

4.3. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş işsizlikdən sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

4.3.1. büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqları ilə bağlı digər borcların, hesablanmış faizlərin və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə yönəldirlər;

4.3.2. büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;

4.3.3. sığortaedənin razılığı ilə büdcəyə artıq ödəmələri işsizlikdən sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;

4.3.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.

4.3-1. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqqı, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

4.3-1.1. büdcəyə artıq ödəmələri icbari tibbi sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;

4.3-1.2. sığortalının razılığı ilə büdcəyə artıq ödəmələri icbari tibbi sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;

4.3-1.3. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortalının yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.

4.4. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.

4.4-1. İcbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.

4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir.

4.6. Vergi ödəyicisi tərəfindən vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə büdcəyə artıq ödəmələr digər vergilərin, faizlərin maliyyə sanksiyalarının ödənilməsinə yönəldildikdə, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə üzləşmə aktı verir, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərirlər.

4.7. Sığortaedənin büdcəyə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.2.1-ci və 4.2.2-ci yarımbəndləri, işsizlikdən sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri, habelə sığortalının icbari tibbi sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.3-1.1-ci yarımbəndi üzrə ödəmələrə aid edildikdə, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmadıqda, vergi orqanları sığortaedənin və ya sığortalının tələbi ilə ona şəxsi vərəqədən çıxarış və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə üzləşmək aktı verir, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərirlər.

4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün — əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır.

4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər.

4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.

4.11. Məcburi dövlət sosial, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi, ərizənin və şəxsi vərəqədən çıxarışın surətləri sığortaedənin və ya sığortalının ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana və ya icbari tibbi sığortanın tətbiqini təmin edən quruma, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə və ya sığortalıya göndərilir. Həmin rəyin 1 (bir) nüsxəsi vergi orqanında qalmalıdır.

4.12. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların, icbari tibbi sığortaya münasibətdə isə icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun rəsmi məlumatına əsasən vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır.

4.13. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə saksiyaları üzrə büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə aid etdikdə, bu barədə bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada aidiyyəti maliyyə orqanına müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10-dək təqdim etməlidirlər.

4.14. Vergi orqanları sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələrini bu Qaydaların 4.2.1-ci və 4.2.2-ci yarımbəndləri, işsizlikdən sığorta üzrə artıq ödəmələrini bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri, habelə sığortalının icbari tibbi sığorta haqqı üzrə artıq ödəmələrini bu Qaydaların 4.3-1.1-ci bəndi üzrə ödəmələrə aid etdikdə, bu barədə Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada müvafiq maliyyə orqanına, sosial təminatı və müdafiəni həyata keçirən orqana və ya icbari tibbi sığortanın tətbiqini təmin edən quruma müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10-dək təqdim etməlidirlər.

4.15. Müəyyən məbləğlərin vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya səhvən qaytarıldığı bütün hallarda vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqan səhvən qaytarılmış vəsaitin geri alınması üçün müəyyən edilmiş qaydada həmin məbləğlərin qaytarılmasını tələb etməlidir.

5. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə maliyyə orqanlarının, sosial təminatı və müdafiəni həyata keçirən orqanların və icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun hərəkətləri

5.1. Maliyyə orqanları, sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini qəbul edirlər.

5.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri 5 (beş) və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

5.3. Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər.

5.4. Maliyyə orqanları tərəfindən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum tərəfindən vergi orqanına və maliyyə orqanına məcburi dövlət sosial və işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə 5 (beş) gün müddətində məlumat verilir.

5.5. Dövlət büdcəsinin mədaxili vergilər üzrə büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır. Dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun mədaxili müvafiq olaraq məcburi dövlət sosial, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır.

6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti

6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.

6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.

6.3. Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.


«Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na

1 nömrəli əlavə

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə
Ərizə

__________________________________________________________________________

(ərizə təqdim edilən vergi orqanının və ya gömrük orqanının adı)

__________________________________________________________________________

(vergi ödəyicisinin tam adı)

VÖEN ___________________________

Bank rekvizitləri _______________________________________________________

(bankın adı)

__________________________________________________________________________

(müxbir hesabın nömrəsi və şəxsin bank hesabının nömrəsi)

Aşağıda göstərilən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə «____» ___________________ 20___ il tarixinə yaranmış artıq ödəmələrin qaytarılması xahiş edilir:

1. ______________________________________________________________________

(artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla)

2. ______________________________________________________________________

(artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla)

3. ______________________________________________________________________

(artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla)

Cəmi manat _________________________________________________________ manat

(rəqəmlə və sözlə)

Ərizəni tərtib edən şəxs __________________________________________________

(vəzifəsi, soyadı, adı və atasının adı)

___________________

_____________________________

(imza)

(tarix)

M.Y.


«Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na

2 nömrəli əlavə

Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə
Ərizə

__________________________________________________________________________

(ərizə təqdim edilən vergi orqanının adı)

__________________________________________________________________________

(vergi ödəyicisinin tam adı)

VÖEN ____________________________

Bank rekvizitləri _________________________________________________________

(bankın adı)

__________________________________________________________________________

(müxbir hesabın nömrəsi və şəxsin bank hesabının nömrəsi)

Aşağıda göstərilən dövlət əmlakının (əmlaklarının) özəlləşdirilməsi başa çatdığı üçün həmin əmlaka (əmlaklara) görə ödənilmiş əmlak vergisinin qaytarılması xahiş edilir:

1. _______________________________________________________________________

(özəlləşdirilmiş dövlət əmlakının adı, növü, ünvanı və özəlləşdirmənin başa çatdığı tarix, güzəşt hüququnun tətbiq edildiyi hesabat ili, verginin ödənilmə tarixi, məbləği (rəqəmlə və sözlə, manatla)

2. _______________________________________________________________________

(özəlləşdirilmiş dövlət əmlakının adı, növü, ünvanı və özəlləşdirmənin başa çatdığı tarix, güzəşt hüququnun tətbiq edildiyi hesabat ili, verginin ödənilmə tarixi, məbləği (rəqəmlə və sözlə, manatla)

3. _______________________________________________________________________

(özəlləşdirilmiş dövlət əmlakının adı, növü, ünvanı və özəlləşdirmənin başa çatdığı tarix, güzəşt hüququnun tətbiq edildiyi hesabat ili, verginin ödənilmə tarixi, məbləği (rəqəmlə və sözlə, manatla)

Cəmi _______________________________________________________________ manat

(rəqəmlə və sözlə)

Ərizəni tərtib edən şəxs __________________________________________________

(vəzifəsi, soyadı, adı və atasının adı)

___________________

_____________________________

(imza)

(tarix)

M.Y.

Qeyd. Dövlət əmlakının özəlləşdirilməsinin başa çatmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməlidir.


«Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na
3 nömrəli əlavə

Artıq ödənilmiş məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə
Ərizə

__________________________________________________________________________

(ərizə təqdim edilən vergi orqanının adı)

__________________________________________________________________________

(sığortaedənin və ya sığortalının tam adı)

VÖEN ____________________________

Bank rekvizitləri _________________________________________________________

(bankın adı)

__________________________________________________________________________

(müxbir hesabın nömrəsi və şəxsin bank hesabının nömrəsi)

Aşağıda göstərilən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə «____» _________________ 20___ il tarixinə yaranmış artıq ödəmələrin qaytarılması xahiş edilir:

1. _____________________________________________________________________

(artıq ödəmənin adı, növü və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla)

2. _____________________________________________________________________

(artıq ödəmənin adı, növü və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla)

3. _____________________________________________________________________

(artıq ödəmənin adı, növü və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla)

Cəmi _______________________________________________________________ manat

(rəqəmlə və sözlə)

Ərizəni tərtib edən şəxs __________________________________________________

(vəzifəsi, soyadı, adı və atasının adı)

___________________

_____________________________

(imza)

(tarix)

M.Y.


«Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na
4 nömrəli əlavə

Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrinin qaytarılması barədə

Rəy

Vəsaitlərin büdcəyə daxil edilməsini təmin edən orqanın adı və VÖEN-i

Vergi ödəyicisinin adı və VÖEN-i

Vergi ödəyicisinin «____» _________________ 20___ il tarixinə aşağıdakı məbləğlərdə artıq ödəməsi yaranmışdır:

Artıq ödəmənin vahid büdcə təsnifatına görə adı

Artıq ödəmənin maddə və yarımmaddə səviyyəsində vahid büdcə təsnifatına görə kodu

Artıq ödəmənin məbləği (rəqəmlə və sözlə, manatla)

Artıq ödəmənin yaranma dövrü (il, rüb, ay)

Artıq ödəmənin yaranma səbəbi

Cəmi

x

x

x

Artıq ödəmə vergi ödəyicisinin ____________________________________________

(bankın adı, VÖEN-i, hesab nömrəsi)

hesabına qaytarılmalıdır.

Vergi ödəyicisinin rəy tərtib olunan tarixə vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu yoxdur.

________________________________ rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs

__________________________________________________________________________

(vergi orqanının adı) (imza) (soyadı, adı və atasının adı)

M.Y.

Rəyin tarixi «____» _________________ 20___ il

Rəyin nömrəsi № ________________________


«Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na
5 nömrəli əlavə

Sığortaedənin və ya sığortalının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrinin qaytarılması barədə
Rəy

Vəsaitlərin büdcəyə daxil edilməsini təmin edən orqanın adı və VÖEN-i

Sığortaedənin və ya sığortalının adı və VÖEN-i

Sığortaedənin və ya sığortalının «____» _________________ 20___ il tarixinə aşağıdakı məbləğlərdə artıq ödəməsi yaranmışdır:

Artıq ödəmənin vahid büdcə təsnifatına görə adı

Artıq ödəmənin maddə və yarımmaddə səviyyəsində vahid büdcə təsnifatına görə kodu

Artıq ödəmənin məbləği (rəqəmlə və sözlə, manatla)

Artıq ödəmənin yaranma dövrü (il, rüb, ay)

Artıq ödəmənin yaranma səbəbi

Cəmi

x

x

x

Artıq ödəmə sığortaedənin və ya sığortalının ________________________________________________p>

(bankın adı, VÖEN-i, hesab nömrəsi)

hesabına qaytarılmalıdır.

Sığortaedənin və ya sığortalının rəy tərtib olunan tarixə büdcəyə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcu yoxdur.

_______________________________ rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs

__________________________________________________________________________

(vergi orqanının adı) (imza) (soyadı, adı və atasının adı)

M.Y.

Rəyin tarixi «____» _________________ 20___ il

Rəyin nömrəsi № ________________________



© LegalActs