Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə
Relizin Tarixi: 17.07.2021
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Artıq ödənilmiş vergilərin,
məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin
və maliyyə sanksiyalarının vergi ödəyicisinə
qaytarılması Qaydalarının təsdiq edilməsi
barədə
Qərar № 48
Bakı şəhəri, 23 fevral 2001-ci il
«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Artıq ödənilmiş vergilərin,
məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının
vergi
ödəyicisinə qaytarılması Qaydaları» təsdiq
edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2001-ci il, № 2, maddə 126) («LegalActs» LLC).
4 aprel 2003-cü il tarixli, 42 nömrəli; 12 iyun 2003-cü il tarixli, 81 nömrəli; 24 fevral 2005-ci il tarixli, 34 nömrəli; 7 fevral 2006-cı il tarixli, 35 nömrəli; 27 mart 2006-cı il tarixli, 89 nömrəli; 8 oktyabr 2010-cu il tarixli, 172 nömrəli; 11 oktyabr 2017-ci il tarixli, 423 nömrəli; 16 iyul 2019-cu il tarixli, 313 nömrəli; 5 mart 2021-ci il tarixli, 63 nömrəli; 17 iyul 2021-ci il tarixli, 214 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 16 iyul tarixli
313 nömrəli Qərarı ilə
təsdiq edilmişdir
Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra — Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra — büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar — tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları;
1.2.2. büdcə — vergilərə, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə Azərbaycan Respublikasının dövlət büdcəsi, məcburi dövlət sosial sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta haqlarına və hesablanmış faizlərə münasibətdə isə İşsizlikdən Sığorta Fondunun büdcəsi.
2. Vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları
2.1. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
2.2. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş işsizlikdən sığorta haqlarının və hesablanmış faizlərin məbləğinin qaytarılmasını və ya işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə işsizlikdən sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini hesabat dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
2.3. Bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyət məcburi dövlət sosial sığorta haqqına, hesablanmış faizlərə və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə müəyyən olunan maliyyə sanksiyalarına münasibətdə tətbiq edilmir.
2.4. Vergi ödəyicisi və ya sığortaedən vergi orqanı tərəfindən hesablanmış vergilər, işsizlikdən sığorta haqları, hesablanmış faizlər və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində tələbetmə üçün müəyyən olunmuş müddətə daxil edilmir.
2.5. 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi Vergi Məcəlləsinin 199.12-ci maddəsində göstərilən şərtlər daxilində və Vergi Məcəlləsinin 199.13-cü maddəsi nəzərə alınmaqla vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir.
2.6. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, habelə Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz»in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir.
3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər
3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.
3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarında göstərilən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir.
4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri
4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:
4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər;
4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər.
4.2. Vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:
4.2.1. büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldirlər;
4.2.2. büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqqı ilə bağlı borcların və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
4.2.3. sığortaedənin razılığı ilə büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.
4.3. Vergi orqanları artıq ödənilmiş işsizlikdən sığorta haqları və hesablanmış faizlərlə bağlı aşağıdakıları yerinə yetirirlər:
4.3.1. büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
4.3.2. büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
4.3.3. sığortaedənin razılığı ilə büdcəyə artıq ödəmələri işsizlikdən sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
4.3.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.
4.4. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.
4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin və ya sığortaedənin bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir.
4.6. Vergi ödəyicisi tərəfindən vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə büdcəyə artıq ödəmələr digər vergilərin, faizlərin maliyyə sanksiyalarının ödənilməsinə yönəldildikdə, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verir, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərirlər.
4.7. Sığortaedənin büdcəyə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin, habelə işsizlikdən sığorta haqqı ilə bağlı borcların və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsinə aid etdikdə və ya işsizlikdən sığorta üzrə artıq ödəmələri işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların, habelə məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid etdikdə Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi orqanları sığortaedənin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verir, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərirlər.
4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün — əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır.
4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər.
4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.
4.11. Məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi və ərizənin surəti sığortaedənin ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə göndərilir, 1 (bir) nüsxəsi isə vergi orqanında qalmalıdır.
4.12. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır.
4.13. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə saksiyaları üzrə büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə aid etdikdə, bu barədə bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada aidiyyəti maliyyə orqanına müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10-dək təqdim etməlidirlər.
4.14. Vergi orqanları sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələrini məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin, habelə işsizlikdən sığorta haqqı ilə bağlı borcların və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsinə aid etdikdə və ya işsizlikdən sığorta üzrə artıq ödəmələrini, işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların, habelə məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid etdikdə, bu barədə bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada müvafiq maliyyə orqanına və sosial təminatı və müdafiəni həyata keçirən orqana müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10- dək təqdim etməlidirlər.
4.15. Müəyyən məbləğlərin vergi ödəyicisinə və ya sığortaedənə səhvən qaytarıldığı bütün hallarda vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqan səhvən qaytarılmış vəsaitin geri alınması üçün müəyyən edilmiş qaydada həmin məbləğlərin qaytarılmasını tələb etməlidir.
5. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə maliyyə orqanlarının və sosial təminatı və müdafiəni həyata keçirən orqanların hərəkətləri
5.1. Maliyyə orqanları və sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər.
5.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 (beş) və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.
5.3. Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər.
5.4. Maliyyə orqanları tərəfindən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar tərəfindən vergi orqanına və maliyyə orqanına məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə 5 (beş) gün müddətində məlumat verilir.
5.5. Dövlət büdcəsinin mədaxili vergilər üzrə büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır. Dövlət sosial müdafiə fondunun və İşsizlikdən Sığorta Fondunun mədaxili müvafiq olaraq məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır.
6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti
6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.
6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir.
6.3. Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin və ya sığortaedənin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.
«Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na
1 nömrəli əlavə
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması barədə
Ərizə
__________________________________________________________________________ (ərizə təqdim edilən vergi orqanının və ya gömrük orqanının adı) __________________________________________________________________________ (vergi ödəyicisinin tam adı) VÖEN ___________________________ Bank rekvizitləri _______________________________________________________ (bankın adı) __________________________________________________________________________ (müxbir hesabın nömrəsi və şəxsin bank hesabının nömrəsi) Aşağıda göstərilən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə «____» ___________________ 20___ il tarixinə yaranmış artıq ödəmələrin qaytarılması xahiş edilir: 1. ______________________________________________________________________ (artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) 2. ______________________________________________________________________ (artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) 3. ______________________________________________________________________ (artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) Cəmi manat _________________________________________________________ manat (rəqəmlə və sözlə) Ərizəni tərtib edən şəxs __________________________________________________ (vəzifəsi, soyadı, adı və atasının adı) |
___________________ |
_____________________________ |
(imza) |
(tarix) |
M.Y. |
«Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na
2 nömrəli əlavə
Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş
əmlak vergisinin qaytarılması barədə
Ərizə
__________________________________________________________________________ (ərizə təqdim edilən vergi orqanının adı) __________________________________________________________________________ (vergi ödəyicisinin tam adı) VÖEN ____________________________ Bank rekvizitləri _________________________________________________________ (bankın adı) __________________________________________________________________________ (müxbir hesabın nömrəsi və şəxsin bank hesabının nömrəsi) Aşağıda göstərilən dövlət əmlakının (əmlaklarının) özəlləşdirilməsi başa çatdığı üçün həmin əmlaka (əmlaklara) görə ödənilmiş əmlak vergisinin qaytarılması xahiş edilir: 1. _______________________________________________________________________ (özəlləşdirilmiş dövlət əmlakının adı, növü, ünvanı və özəlləşdirmənin başa çatdığı tarix, güzəşt hüququnun tətbiq edildiyi hesabat ili, verginin ödənilmə tarixi, məbləği (rəqəmlə və sözlə, manatla) 2. _______________________________________________________________________ (özəlləşdirilmiş dövlət əmlakının adı, növü, ünvanı və özəlləşdirmənin başa çatdığı tarix, güzəşt hüququnun tətbiq edildiyi hesabat ili, verginin ödənilmə tarixi, məbləği (rəqəmlə və sözlə, manatla) 3. _______________________________________________________________________ (özəlləşdirilmiş dövlət əmlakının adı, növü, ünvanı və özəlləşdirmənin başa çatdığı tarix, güzəşt hüququnun tətbiq edildiyi hesabat ili, verginin ödənilmə tarixi, məbləği (rəqəmlə və sözlə, manatla) Cəmi _______________________________________________________________ manat (rəqəmlə və sözlə) Ərizəni tərtib edən şəxs __________________________________________________ (vəzifəsi, soyadı, adı və atasının adı) |
___________________ |
_____________________________ |
(imza) |
(tarix) |
M.Y. Qeyd. Dövlət əmlakının özəlləşdirilməsinin başa çatmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməlidir. |
«Artıq ödənilmiş vergilərin,
məcburi dövlət sosial sığorta və işsizlikdən
sığorta haqlarının, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması Qaydaları»na
3 nömrəli əlavə
Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən
sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial
sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə
sanksiyalarının qaytarılması barədə
Ərizə
__________________________________________________________________________ (ərizə təqdim edilən vergi orqanının adı) __________________________________________________________________________ (sığortaedənin tam adı) VÖEN ____________________________ Bank rekvizitləri _________________________________________________________ (bankın adı) __________________________________________________________________________ (müxbir hesabın nömrəsi və şəxsin bank hesabının nömrəsi) Aşağıda göstərilən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə «____» _________________ 20___ il tarixinə yaranmış artıq ödəmələrin qaytarılması xahiş edilir: 1. _____________________________________________________________________ (artıq ödəmənin adı, növü və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) 2. _____________________________________________________________________ (artıq ödəmənin adı, növü və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) 3. _____________________________________________________________________ (artıq ödəmənin adı, növü və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) Cəmi _______________________________________________________________ manat (rəqəmlə və sözlə) Ərizəni tərtib edən şəxs __________________________________________________ (vəzifəsi, soyadı, adı və atasının adı) |
___________________ |
_____________________________ |
(imza) |
(tarix) |
M.Y. |
«Artıq ödənilmiş vergilərin,
məcburi dövlət sosial sığorta və işsizlikdən
sığorta haqlarının, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması Qaydaları»na
4 nömrəli əlavə
Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrinin qaytarılması barədə
Rəy
Vergi orqanının adı və VÖEN-i |
|
Vergi ödəyicisinin adı və VÖEN-i |
Vergi ödəyicisinin «____» _________________ 20___ il tarixinə aşağıdakı məbləğlərdə artıq ödəməsi yaranmışdır: |
Artıq ödəmənin vahid büdcə təsnifatına görə adı |
Artıq ödəmənin maddə və yarımmaddə səviyyəsində vahid büdcə təsnifatına görə kodu |
Artıq ödəmənin məbləği (rəqəmlə və sözlə, manatla) |
Artıq ödəmənin yaranma dövrü (il, rüb, ay) |
Artıq ödəmənin yaranma səbəbi |
Cəmi |
x |
x |
x |
Artıq ödəmə vergi ödəyicisinin ____________________________________________ (bankın adı, VÖEN-i, hesab nömrəsi) hesabına qaytarılmalıdır. Vergi ödəyicisinin rəy tərtib olunan tarixə vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu yoxdur. ________________________________ baş direktoru (direktoru) və ya onun müavini __________________________________________________________________________ (vergi orqanının adı) (imza) (soyadı, adı və atasının adı) M.Y. Rəyin tarixi «____» _________________ 20___ il Rəyin nömrəsi № ________________________ |
«Artıq ödənilmiş vergilərin,
məcburi dövlət sosial sığorta və işsizlikdən
sığorta haqlarının, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması Qaydaları»na
5 nömrəli əlavə
Sığortaedənin məcburi dövlət sosial və işsizlikdən sığorta
haqları üzrə artıq ödəmələrinin qaytarılması barədə
Rəy
Vergi orqanının adı və VÖEN-i |
|
Sığortaedənin adı və VÖEN-i |
Sığortaedənin «____» _________________ 20___ il tarixinə aşağıdakı məbləğlərdə artıq ödəməsi yaranmışdır: |
Artıq ödəmənin vahid büdcə təsnifatına görə adı |
Artıq ödəmənin maddə və yarımmaddə səviyyəsində vahid büdcə təsnifatına görə kodu |
Artıq ödəmənin məbləği (rəqəmlə və sözlə, manatla) |
Artıq ödəmənin yaranma dövrü (il, rüb, ay) |
Artıq ödəmənin yaranma səbəbi |
Cəmi |
x |
x |
x |
Artıq ödəmə sığortaedənin ________________________________________________ (bankın adı, VÖEN-i, hesab nömrəsi) hesabına qaytarılmalıdır. Sığortaedənin rəy tərtib olunan tarixə büdcəyə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. _______________________________ baş direktoru (direktoru) və ya onun müavini __________________________________________________________________________ (vergi orqanının adı) (imza) (soyadı, adı və atasının adı) M.Y. Rəyin tarixi «____» _________________ 20___ il Rəyin nömrəsi № ________________________ |
© LegalActs