О дальнейшей либерализации внешней торговли в Азербайджанской Республике
Дата релиза: 23.10.2003
Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təsdiq olunsun.
2. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 520 nömrəli Fərmanı il təsdiq olunmuş «Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi Qaydaları» qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 24 iyun 1997-ci il.
№ 609.
30 mart 1998-ci il tarixli, 691 nömrəli; 30 avqust 2000-ci il tarixli, 392 nömrəli; 11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 21 dekabr 2001-ci il tarixli, 608 nömrəli; 21 dekabr 2001-ci il tarixli, 609 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 941 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 963 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 966 nömrəli fərmanlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs»).
Azərbaycan Respublikası Prezidentinin
24 iyun 1997-ci il tarixli
Fərmanı ilə
təsdiq olunmuşdur.
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları
Azərbaycan Respublikasında bütün şəxslər (bundan sonra Rezidentlər) tərəfindən ixrac-idxal əməliyyatlarının həyata keçirilməsi bu Qaydalarla tənzimlənir.
İxrac-idxal əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün Rezidentlər tərəfindən sərbəst surətdə həyata keçirilir.
I. İxrac əməliyyatları
1. Respublikada istehsal, e`mal, təkrar e`mal olunan malların ixracı
1.1. Azərbaycan Respublikasında istehsal, e`mal, təkrar e`mal olunan malların ixracında Rezidentlər sərbəstdirlər və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz.
1.2. Bu Qaydaların 7 və 8-ci bəndlərində göstərilən mallardan başqa Azərbaycan Respublikasında istehsal, e`mal, təkrar e`mal olunan bütün digər malların ixracı gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.
2. Kreditə ixrac əməliyyatları
2.1. Kreditə ixrac faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə tutur.
2.2. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin) kreditə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.
2.3. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmayan şəxslər tərəfindən malların kreditə ixracı gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.
3. Təkrar ixrac (reeksport) əməliyyatları
3.1. Təkrar ixrac əməliyyatları Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarını nəzərdə tutur.
3.2. Təkrar ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində tələb olunan hallarda İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər hallarda isə gömrük orqanlarında bəyan edilməklə icra olunur.
4. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
4.1. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur.
4.2. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən e`tibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır.
4.3. Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.
4.4. Dövlət müəssisəsi olmayan digər Rezidentlər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.
5. Müvəqqəti ixrac əməliyyatları
5.1. Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracı əməliyyatlarını nəzərdə tutur.
5.2. Dövlət müəssisələri tərəfindən müvəqqəti ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər Rezidentlər tərəfindən isə gömrük orqanlarında bəyan edilməklə icra olunur.
5.3. Dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır. Həmin mallar İqtisadi İnkişaf Nazirliyinin icazəsi ilə istifadə olunduqları ölkələrdə satıla bilər. Bu satışdan əldə olunan valyuta ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına 10 gün müddətində daxil olmalıdır.
5.4. Dövlət müəssisəsi olmayan digər Rezidentlər tərəfindən müvəqqəti ixrac olunmuş mallar bu Qaydalara və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müvafiq gömrük rüsumları ödənməklə istifadə olunduqları ölkələrdə satıla bilər. Digər halda bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra həmin mallar 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır.
II. İdxal əməliyyatları
6. Rezidentlərin öz vəsaitləri hesabına idxal
6.1. Rezidentlər tərəfindən öz vəsaitləri, konsiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliyyatları üzrə bağlanmış müqavilələr (bu Qaydaların 7 və 8-ci bəndlərində göstərilən hallar istisna olmaqla) gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.
6.2. Rezidentlərin idxal etdikləri malların gömrük dəyərinə nəzarət gömrük orqanları tərəfindən həyata keçirilir.
6.3. Konsiqnasiya ticarəti yolu ilə mal idxal edən bütün Rezidentlər bu malların satışından əldə olunmuş vəsait (manat) ilə valyuta birjalarından valyuta alıb konsiqnatorlarla hesablaşa bilərlər.
III. Digər ixrac-idxal əməliyyatları
7. Nazirlər Kabineti tərəfindən aparılan ixrac-idxal əməliyyatları
7.1. Bu Qaydaların 1 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. Həmin malların kreditə, konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.
8. Müvafiq dövlət orqanlarından rə`y və lisenziya alınmaqla aparılan idxal-ixrac əməliyyatları
8.1. Bu Qaydaların 2 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində ekspertizadan və qeydiyyatdan keçirməklə həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi bu mallar üzrə ekspertiza keçirərkən onların idxal və ya ixracı barəsində müvafiq dövlət orqanlarının rə`yini almalıdır.
8.2. Yuxarıdakı bənddə göstərilən malların kreditə konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.
8.3. Bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən malların idxalını (ixracını) həyata keçirən rezidentlər müvafiq dövlət orqanlarından lisenziya almalıdırlar.
Lisenziyanın verilməsi müddəti 15 gündür.
9. Barter əməliyyatları
9.1. Barter əməliyyatları dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal (xidmət və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur.
9.2. Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti 90 günə qədər müəyyən olunur. Ekvivalent məbləğdə qarşılıqlı mal mübadiləsi bu müddətdə başa çatmazsa, hesablaşma müqavilədə göstərilən valyuta ilə 10 bank günü ərzində yerinə yetirilməli və vəsait ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülməlidir.
9.3. Barter əməliyyatları üzrə göndərilən və gətirilən malların gömrük bəyannamələrinin bir nüsxəsi mal bəyan olunduğu tarixdən e`tibarən 7 gün ərzində gömrük orqanları tərəfindən müvəkkil banklara və İqtisadi İnkişaf Nazirliyinə göndərilir.
9.4. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən bağlanmış barter müqavilələri İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər rezidentlər tərəfindən bağlanmış barter müqavilələri gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.
9.5. Bu Qaydaların 9.2 bəndində göstərilən müddətlər ərzində ekvivalent məbləğdə mal alınmadıqda və qarşılıqlı hesablaşma aparılmadıqda alınmayan malın dəyəri gizlədilmiş gəlir hesab edilir və mal göndərən rezidentlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məs`uliyyət daşıyırlar.
10. Kooperasiya əməliyyatları
10.1. Kooperasiya əməliyyatları xammal, yarımfabrikatlar və məhsulların bu və ya digər (tə`mir, e`mal, son məhsul şəklinə gətirmə, qablaşdırma və s.) məqsədlə müvəqqəti olaraq ixracını (və ya idxalını) nəzərdə tutur.
10.2. Dövlət müəssisələri tərəfindən malların kooperasiya əməliyyatları ilə ixracını (və ya idxalını) nəzərdə tutan müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər Rezidentlər tərəfindən isə gömrük orqanlarında bəyan olunmaqla icra olunur.
11. Sərhədyanı ticarətlər
11.1 Sərhədyanı ticarət, müstəsna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakı nəzərdə tutulan mallara münasibətdə yerli ehtiyacların ödənilməsi üçün Azərbaycan Respublikasının sərhədyanı ərazisində daimi yaşayış yeri olan bütün Rezidentlər tərəfindən Azərbaycan Respublikasının həmhüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər.
11.2. Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları İqtisadi İnkişaf Nazirliyinin rə`yi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
IV. Dövlətlərarası Sazişlərə əsasən ticarət əməliyyatları
Dövlətlərarası Sazişlərlə nəzərdə tutulmuş ixrac-idxal əməliyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları ilə gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.
V. Xarici ticarətdə hesablaşma qaydaları
12. İxracda hesablaşmalar
12.1. Mal (xidmət və əqli mülkiyyətin) satışı bir qayda olaraq yalnız onların haqlarının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya birinci dərəcəli bankların zəmanəti əsasında həyata keçirilir. Bankların birinci dərəcəlilik əlamətləri beynəlxalq kredit reytinq agentlərinin tə`minatlarına əsasən Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir.
12.2. Bütün Rezidentlər tərəfindən satılan malların (xidmət və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya birinci dərəcəli bankların zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olduqda icazə verilir.
13. İdxalda hesablaşmalar
13.1. Bütün Rezidentlər tərəfindən xarici ölkələrdən mal alınmasına və xidmət göstərilməsi ilə bağlı olan hesablaşmalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Hesablaşmalara nəzarət müvəkkil banklar tərəfindən həyata keçirilir .
VI. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi
14.1. Bu Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
14.1.1. İxrac əməliyyatları üzrə:
- xarici şəxslərlə bağlanmış müqavilə;
- istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə);
- ixrac qiymətini əsaslandırma arayışı;
- Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər.
14.1.2. İdxal əməliyyatları üzrə:
- xarici şəxslərlə bağlanmış müqavilə;
- əməliyyatın maliyyələşdirilmə mənbəyi haqqında mə`lumat;
- idxal qiymətini əsaslandırma arayışı.
14.2. İqtisadi İnkişaf Nazirliyi müvafiq sənədlərin qəbul olunması barədə Rezidentləri yazılı surətdə xəbərdar etməlidir.
14.3. Bu Qaydalarda nəzərdə tutulmuş hallarda İqtisadi İnkişaf Nazirliyində bağlanmış müqavilələrin ekspertizası keçirilərkən onların Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına uyğunluğu araşdırılmalı və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlənilməsi yoxlanılmalıdır.
14.4. Bu Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidirlər:
14.5.1. İxrac əməliyyatları üzrə:
- hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu;
- xarici şəxslərlə bağlanmış müqavilə;
- ixrac olunan malların mənşəyi haqqında sənədlər;
- ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi;
- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin müsbət rə`yi;
- gömrük yük bəyannaməsi.
14.5.2. İdxal əməliyyatları üzrə:
- bağlanmış müqavilə;
- gömrük yük bəyannaməsi;
- invoys — idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;
- yol-nəqliyyat sənədləri;
- malın mənşəyini təsdiq edən sənəd;
- malın keyfiyyət sertifikatı;
- malın uyğunluq sertifikatı;
- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin ekspertizasının müsbət rə`yi.
14.6. Lazımi sənədlər təqdim olunduqdan sonra müqavilələrin qeydiyyatı İqtisadi İnkişaf Nazirliyində 3 iş günü ərzində həyata keçirilir.
14.7. İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını tə`min etməlidirlər.
14.8. Rezidentlər təqdim etdikləri sənədlərin və həmin sənədlərdə olan mə`lumatların həqiqiliyinə cavabdehdirlər.
14.9. Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, Baş Dövlət Vergi Müfəttişliyinə, Dövlət Statistika Komitəsinə və Milli Banka müəyyən edilmiş formada mə`lumat verir.
VII. Əsasnamənin müdddəalarının pozulmasına görə məs`uliyyət
15.1. Rezidentlər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məs`uliyyət daşıyırlar.
15.2. Xarici ticarət əməliyyatlarının malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasını və gətirilməsini nəzərdə tutan hissəsinə gömrük orqanları, hesablaşmaları nəzərdə tutan hissəsinə müvəkkil banklar nəzarət edirlər. Mövcud qanunvericiliyin və qaydaların pozulması halları barədə aidiyyatı üzrə gömrük orqanları müvəkkil banklar müvafiq tədbirlər görülməsi üçün aidiyyatı dövlət orqanlarına təqdimatlar verməlidirlər.
Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
1 nömrəli Əlavəsi
İxracı və idxalı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamı əsasında aparılan malların
Siyahısı
Malların adı |
XİF ƏN kodu |
Silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri |
8710, 8802 (8802 11 100, 8802 12 100, 8802 20 100, 8802 30 100, 8802 40 100 istisna olaraq); 8803 (8803 10 100, 8803 20 100, 8803 30 100, 8803 90 910 istisna olaraq); 8906 00 100, 9301, 9302, 9305 (ancaq döyüş silahlarına aiddir); 9306 (9306 10 000, 9306 29 100, 9306 30 910, 9306 30 930 istisna olaraq); 9013, 9013 10 100, 9013 20 000, 9013 80 000, 9014 (ancaq hərbi tə`yinatlı olanlara); 8526 (ancaq hərbi tə`yinatlı olanlara) |
Barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri |
3601 (ovçuluq barıtı istisna olmaqla); 3602 — 3604 |
Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv şüalanma mənbələri, radioaktiv tullantılar da daxil olmaqla |
|
Narkotik vasitələr və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr, kimyəvi zəhərlər |
|
Silahlanma və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki mə`lumatın və texnologiyaların, material və avadanlıqların ayrı-ayrı növləri |
Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
2 nömrəli Əlavəsi
İxracı və idxalı müvafiq dövlət orqanlarının rə`yi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin)
Siyahısı
Malların adı |
Malın XİF ƏN kodu |
Rə`yi tələb olunan dövlət orqanları |
İxrac | ||
Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri |
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi | |
Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal; ilan, böyə və əqrəb zəhərləri |
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi , Səhiyyə Nazirliyi | |
Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə mə`lumat |
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi , Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | |
İxtiralar, «Nou Hau» və elmi tədqiqat işlərinin nəticələri |
Azərbaycan Respublikası Elmlər Akademiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | |
İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar |
9701 — 9706 |
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi |
Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar |
Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi | |
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | |
İdxal | ||
Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələr |
3803 |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi |
Baytarlıq təbabətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları |
Dövlət Baytarlıq Komitəsi | |
Dərman preparatları, o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və tibbi ləvazimatlar |
30 qrup |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi |
Azərbaycan Respublikası ərazisində xidmətlərin göstərilməsi: | ||
inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış-sazlama işləri) |
Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi | |
yük və sərnişin daşınması, nəqliyyat ekspeditor xidmətləri |
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, Xəzər Dəniz Gəmiçiliyi, «Azərbaycan Hava Yolları» Dövlət Konserni, «Azəravtonəqliyyat» Dövlət Konserni | |
rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, reysinq, radiotrank, kabel televiziyasının qurulması və istismarı, sür`ətli poçt xidmətlərinin göstərilməsi) |
Rabitə Nazirliyi | |
vəkillik və digər hüquqi xidmətlər |
Ədliyyə Nazirliyi | |
Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
3 nömrəli Əlavəsi
Müvafiq dövlət orqanları tərəfindən verilən lisenziya əsasında idxal (ixrac) olunan malların
Siyahısı
Malların adı |
Lisenziya verən dövlət orqanı |
İdxal | |
etil (yeyinti) spirti |
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi |
alkoqollu içkilər (pivə istisna olmaqla) |
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi |
tütün mə`mulatı |
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi |
ozondağıdıcı maddələr (Monreal Protokoluna qoşulmayan dövlətlərdən (dövlətlərə) metil bromidin idxalı və ixracı istisna olmaqla) | Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
© VneshExrertService