О дальнейшей либерализации внешней торговли в Азербайджанской Республике


Дата релиза: 19.09.2018

Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında

Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təsdiq olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 520 nömrəli Fərmanı il təsdiq olunmuş «Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi Qaydaları» qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 iyun 1997-ci il

№ 609

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 iyun 1997-ci il, № 133) («LegalActs» LLC).

30 mart 1998-ci il tarixli, 691 nömrəli; 30 avqust 2000-ci il tarixli, 392 nömrəli; 11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 21 dekabr 2001-ci il tarixli, 608 nömrəli; 21 dekabr 2001-ci il tarixli, 609 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 941 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 963 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 966 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 980 nömrəli; 10 dekabr 2004-cü il tarixli, 159 nömrəli; 7 fevral 2005-ci il tarixli, 193 nömrəli; 23 mart 2005-ci il tarixli, 212 nömrəli; 6 iyul 2005-ci il tarixli, 256 nömrəli; 30 avqust 2005-ci il tarixli, 288 nömrəli; 16 dekabr 2005-ci il tarixli, 335 nömrəli; 28 dekabr 2005-ci il tarixli, 343 nömrəli; 27 sentyabr 2006-cı il tarixli, 466 nömrəli; 19 mart 2007-ci il tarixli, 555 nömrəli; 16 avqust 2007-ci il tarixli, 618 nömrəli; 20 iyun 2008-ci il tarixli, 780 nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 826 nömrəli; 11 noyabr 2008-ci il tarixli, 13 nömrəli; 13 fevral 2009-cu il tarixli, 57 nömrəli; 14 aprel 2009-cu il tarixli, 81 nömrəli; 7 oktyabr 2009-cu il tarixli, 163 nömrəli; 28 oktyabr 2009-cu il tarixli, 166 nömrəli; 10 fevral 2010-cu il tarixli, 216 nömrəli; 20 aprel 2010-cu il tarixli, 256 nömrəli; 14 may 2010-cu il tarixli, 260 nömrəli; 26 sentyabr 2013-cü il tarixli, 990 nömrəli; 11 aprel 2014-cü il tarixli, 148 nömrəli; 14 may 2014-cü il tarixli, 164 nömrəli; 9 iyul 2014-cü il tarixli, 223 nömrəli; 2 sentyabr 2014-cü il tarixli, 247 nömrəli; 16 avqust 2016-cı il tarixli; 14 noyabr 2016-cı il tarixli; 10 fevral 2017-ci il tarixli; 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli; 3 may 2018-ci il tarixli; 19 sentyabr 2018-ci il tarixli, 277 nömrəli Fərmanlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
24 iyun 1997-ci il tarixli, 609 nömrəli
Fərmanı ilə
təsdiq olunmuşdur.

Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları

Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər (bundan sonra — şəxslər) tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra — Gömrük Məcəlləsi), «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla, o cümlədən bu Qaydalarla tənzimlənir.

İxrac-idxal əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün şəxslər tərəfindən sərbəst surətdə həyata keçirilir.

I. İxrac əməliyyatları

1. Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı

1.1. Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında şəxslər sərbəstdirlər, Gömrük Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz.

1.2. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.

2. Kreditə ixrac əməliyyatları

2.1. Kreditə ixrac faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə tutur.

2.2. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin) kreditə ixracı bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.

2.3. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmayan şəxslər tərəfindən malların kreditə ixracı gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.

3. Təkrar ixrac (reeksport) əməliyyatları

3.1. Təkrar ixrac əməliyyatları Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarını nəzərdə tutur.

3.2. Təkrar ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində tələb olunan hallarda İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər hallarda isə gömrük orqanlarında bəyan edilməklə icra olunur.

4. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları

4.1. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur.

4.2. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır.

4.3. Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.

4.4. Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.

5. Müvəqqəti ixrac əməliyyatları

5.1. Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracı əməliyyatlarını nəzərdə tutur.

5.2. Dövlət müəssisələri tərəfindən müvəqqəti ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən isə gömrük orqanlarında bəyan edilməklə icra olunur.

5.3. Dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır. Həmin mallar İqtisadiyyat və Sənaye Nazirliyinin icazəsi ilə istifadə olunduqları ölkələrdə satıla bilər. Bu satışdan əldə olunan valyuta ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına 10 gün müddətində daxil olmalıdır.

5.4. Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən müvəqqəti ixrac olunmuş mallar bu Qaydalara və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müvafiq gömrük rüsumları ödənməklə istifadə olunduqları ölkələrdə satıla bilər. Digər halda bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra həmin mallar 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır.

II. İdxal əməliyyatları

6. Şəxslərin öz vəsaitləri hesabına idxal

6.1. İdxal olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.

6.2. Şəxslərin idxal etdikləri malların gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə nəzarət Gömrük Məcəlləsi və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq gömrük orqanları tərəfindən həyata keçirilir.

6.3. Konsiqnasiya ticarəti yolu ilə mal idxal edən bütün şəxslər bu malların satışından əldə olunmuş vəsait (manat) ilə valyuta birjalarından valyuta alıb konsiqnatorlarla hesablaşa bilərlər.

III. Digər ixrac-idxal əməliyyatları

7. Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan ixrac-idxal əməliyyatları

7.1. Bu Qaydaların 1 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. Həmin malların kreditə, konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.

8. Müvafiq dövlət orqanlarından rəy və lisenziya alınmaqla aparılan idxal-ixrac əməliyyatları

8.1. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən malların (xidmətlərin və əqli mülkiyyətin) ixracı və idxalı həmin əlavədə göstərilən müvafiq dövlət orqanlarının rəyi alınmaqla həyata keçirilir.

8.2. Yuxarıdakı bənddə göstərilən malların kreditə konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.

8.3. Bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən malların idxalını (ixracını) həyata keçirən rezidentlər müvafiq dövlət orqanlarından lisenziya almalıdırlar.

Lisenziyanın verilməsi müddəti 15 gündür.

9. Barter əməliyyatları

9.1. Barter əməliyyatları dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal (xidmət və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur.

9.2. Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti 90 günə qədər müəyyən olunur. Ekvivalent məbləğdə qarşılıqlı mal mübadiləsi bu müddətdə başa çatmazsa, hesablaşma müqavilədə göstərilən valyuta ilə 10 bank günü ərzində yerinə yetirilməli və vəsait ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülməlidir.

9.3. Barter əməliyyatları üzrə göndərilən və gətirilən malların gömrük bəyannamələrinin bir nüsxəsi mal bəyan olunduğu tarixdən etibarən 7 gün ərzində gömrük orqanları tərəfindən müvəkkil banklara və İqtisadiyyat və Sənaye Nazirliyinə göndərilir.

9.4. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən bağlanmış barter müqavilələri İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən bağlanmış barter müqavilələri gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.

9.5. Bu Qaydaların 9.2 bəndində göstərilən müddətlər ərzində ekvivalent məbləğdə mal alınmadıqda və qarşılıqlı hesablaşma aparılmadıqda alınmayan malın dəyəri gizlədilmiş gəlir hesab edilir və mal göndərən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

10. Kooperasiya əməliyyatları

10.1. Kooperasiya əməliyyatları xammal, yarımfabrikatlar və məhsulların bu və ya digər (təmir, emal, son məhsul şəklinə gətirmə, qablaşdırma və s.) məqsədlə müvəqqəti olaraq ixracını (və ya idxalını) nəzərdə tutur.

10.2. Dövlət müəssisələri tərəfindən malların kooperasiya əməliyyatları ilə ixracını (və ya idxalını) nəzərdə tutan müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən isə gömrük orqanlarında bəyan olunmaqla icra olunur.

11. Sərhədyanı ticarətlər

11.1 Sərhədyanı ticarət, müstəsna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakı nəzərdə tutulan mallara münasibətdə yerli ehtiyacların ödənilməsi üçün Azərbaycan Respublikasının sərhədyanı ərazisində daimi yaşayış yeri olan bütün şəxslər tərəfindən Azərbaycan Respublikasının həmhüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər.

11.2. Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları İqtisadiyyat və Sənaye Nazirliyinin rəyi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

IV. Dövlətlərarası Sazişlərə əsasən ticarət əməliyyatları

Dövlətlərarası Sazişlərlə nəzərdə tutulmuş ixrac-idxal əməliyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları ilə gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.

V. Xarici ticarətdə hesablaşma qaydaları

12. İxracda hesablaşmalar

12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.

12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

12.3. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra — Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir.

12.4. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər.

12.5. Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

12.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Palata idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.

13. İdxalda hesablaşmalar

13.1. Bütün şəxslər tərəfindən xarici ölkələrdən mal alınmasına və xidmət göstərilməsi ilə bağlı olan hesablaşmalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Hesablaşmalara nəzarət müvəkkil banklar tərəfindən həyata keçirilir .

VI. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi

14.1. Malların gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytlarında yerləşdirilir.

14.2. İqtisadi İnkişaf Nazirliyi müvafiq sənədlərin qəbul olunması barədə Rezidentləri yazılı surətdə xəbərdar etməlidir.

14.3. Bu Qaydalarda nəzərdə tutulmuş hallarda İqtisadi İnkişaf Nazirliyində bağlanmış müqavilələrin ekspertizası keçirilərkən onların Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına uyğunluğu araşdırılmalı və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlənilməsi yoxlanılmalıdır.

14.4. Bu Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün şəxslər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidirlər:

14.5.1. İxrac əməliyyatları üzrə:

  • hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu;
  • xarici şəxslərlə bağlanmış müqavilə;
  • ixrac olunan malların mənşəyi haqqında sənədlər;
  • dövlət müəssisəsi və ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi, yaxud akkreditiv açılması və ya bank zəmanəti təqdim edildiyi barədə müvafiq müvəkkil bankın sənədi;
  • bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya müvafiq dövlət orqanının rəyi;
  • gömrük yük bəyannaməsi;
  • Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarına keyfiyyət sertifikatı;
  • bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən bağlanmış müqavilənin İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən sənəd.

14.5.2. İdxal əməliyyatları üzrə:

  • bağlanmış müqavilə;
  • gömrük yük bəyannaməsi;
  • invoys — idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;
  • yol-nəqliyyat sənədləri;
  • malın mənşəyini təsdiq edən sənəd;
  • malın fitosanitar sertifikatı;
  • malın uyğunluq sertifikatı;
  • malın baytarlıq sertifikatı;
  • malın gigiyenik sertifikatı (yeyinti məhsullarına);
  • bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya müvafiq dövlət orqanının rəyi;
  • bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən bağlanmış müqavilənin İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən sənəd.

14.6. Lazımi sənədlər təqdim olunduqdan sonra müqavilələrin qeydiyyatı İqtisadiyyat və Sənaye Nazirliyində 3 iş günü ərzində həyata keçirilir.

14.7. İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını təmin etməlidirlər.

14.8. Şəxslər təqdim etdikləri sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqiliyinə cavabdehdirlər.

14.9. Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Dövlət Statistika Komitəsinə və Mərkəzi Banka müəyyən edilmiş formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verir.

VII. Qaydaların müdddəalarının pozulmasına görə məsuliyyət

15.1. Şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

15.2. Xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, bu əməliyyatların hesablaşmalar hissəsinə isə Palata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edirlər.


Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
1 nömrəli Əlavəsi

İxracı və idxalı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamı əsasında aparılan malların
Siyahısı

Malların adı

XİF ƏN kodu

Silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri

8710, 8802 (8802 11 100, 8802 12 100, 8802 20 100, 8802 30 100, 8802 40 100 istisna olaraq); 8803 (8803 10 100, 8803 20 100, 8803 30 100, 8803 90 910 istisna olaraq); 8906 00 100, 9301, 9302, 9305 (ancaq döyüş silahlarına aiddir); 9306 (9306 10 000, 9306 29 100, 9306 30 910, 9306 30 930 istisna olaraq); 9013, 9013 10 100, 9013 20 000, 9013 80 000, 9014 (ancaq hərbi təyinatlı olanlara); 8526 (ancaq hərbi təyinatlı olanlara)

Barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri

3601 (ovçuluq barıtı istisna olmaqla); 3602 — 3604

Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv şüalanma mənbələri, radioaktiv tullantılar da daxil olmaqla

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə kimyəvi zəhərlər

Silahlanma və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatın və texnologiyaların, material və avadanlıqların ayrı-ayrı növləri

Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar
Emal edilməmiş almazın ixracı

Qeyd: «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları»nın 1 nömrəli əlavəsinin siyahısı yivli və yivsiz idman, ov silahlarının və ya hədəfə atəş açmaq üçün digər silahların, kombinasiya edilmiş yivli və yivsiz silahların, onların hissə və ləvazimatlarının, patronlarının, pnevmatik silahlar üçün gülləciklərin (3601 (yalnız ov üçün nəzərdə tutulan barıt), 9305 (döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar); 9306 21 000 0; 9306 29 400 0; 9306 29 700 0) idxalına və ixracına şamil edilmir və göstərilən malların (əşyaların) idxalı və ixracı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli fərmanı ilə təsdiq edilmiş «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydaları»na uyğun olaraq tənzimlənir.


Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
2 nömrəli Əlavəsi

İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin)
Siyahısı

Malların adı

Malın XİF ƏN kodu

Rəyi tələb olunan dövlət orqanları

İxrac

Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal; ilan, böyə və əqrəb zəhərləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumat

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

İxtiralar, «Nou Hau» və elmi tədqiqat işlərinin nəticələri (ixrac nəzarətinə düşənlər istisna olmaqla)

Azərbaycan Respublikası Elmlər Akademiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar

9701 — 9706

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Sərgi, qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirləri və bərpa işləri ilə əlaqədar, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

İdxal

Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələr

3803

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Baytarlıq təbabətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları

Dövlət Baytarlıq Komitəsi

Dərman vasitələri, o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və tibbi ləvazimatlar

30 qrup
9018 — 9022

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Azərbaycan Respublikası ərazisində xidmətlərin göstərilməsi:

inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış-sazlama işləri)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

yük və sərnişin daşınması, nəqliyyat ekspeditor xidmətləri

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası,Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, reysinq, radiotrank, kabel televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

vəkillik və digər hüquqi xidmətlər

Ədliyyə Nazirliyi

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
3 nömrəli Əlavəsi

Müvafiq dövlət orqanları tərəfindən verilən lisenziya əsasında idxal (ixrac) olunan malların
Siyahısı

Malların adı

Lisenziya verən dövlət orqanı

İdxal

etil (yeyinti) spirti

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

alkoqollu içkilər (pivə istisna olmaqla)

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

tütün məmulatı

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

ozondağıdıcı maddələr (Monreal Protokoluna qoşulmayan dövlətlərdən (dövlətlərə) metil bromidin idxalı və ixracı istisna olmaqla) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

© LegalActs LLC