Об утверждении Концепции демографического развития Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc olunmuşdur (16 dekabr 1999-cu il № 287) «Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 736)
Release date: 09.12.1999
Azərbaycan Respublikasının
Demoqrafik İnkişaf Konsepsiyasının
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasının hazırlanması üzrə Komissiya tərəfindən təqdim edilmiş «Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
- 10 gün müddətində 2005-ci ilə qədərki dövr üçün demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının hazırlanması üzrə Dövlət Əlaqələndirmə Komissiyasının tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu Sərəncamın icrası ilə bağlı digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 9 dekabr 1999-cu il
№ 290
«Azərbaycan» qəzetində dərc olunmuşdur (16 dekabr 1999-cu il № 287) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 736) («LegalActs» LLC).
Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 9 dekabr tarixli
290 №-li Sərəncamı ilə
təsdiq edilmişdir.
Azərbaycan
Respublikasının
Demoqrafik İnkişaf Konsepsiyası
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsir göstərmiş, lakin bu təsir lazımi səviyyədə öyrənilməmiş və ölkədə demoqrafik proseslərin inkişafı proqnozlaşdırılmamışdır. Demoqrafik proseslər cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlı olduğundan bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirində təzahürüdür. Bu onunla izah edilir ki, demoqrafiya sahəsindəki siyasət hər bir dövlətin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir.
Demoqrafiya siyasəti nəsillərin normal təkrar istehsalının ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş iqtisadi, sosial və hüquqi tədbirlər sistemindən ibarət olmaqla, əhalinin bütün sosial-demoqrafik təbəqələrinin köklü mənafelərinə toxunur. Ailə-nigah, doğum, ölüm, təbii artım, adamların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, ömrünün uzadılması, miqrasiya və s. bu kimi prosesləri özündə birləşdirən — demoqrafiya siyasətində başlıca məqsəd demoqrafik hadisələrə təsir göstərən ən mühüm amilləri nəzərə alaraq, cəmiyyətin və onun hər bir üzvünün mənafeyinə uyğun olan, əhalinin normal təkrar istehsalı prosesini təmin edən şərait yaradılmasına nail olmaqdır.
Müasir dövrdə dünya əhalisinin sürətli artımı və demoqrafik proseslərdə baş verən dəyişikliklər ayrı-ayrı dövlətlərin ölkə daxilində və beynəlxalq aləmdə yeritdiyi siyasətə daha çox təsir göstərir və həmin məsələlərlə bağlı bir çox problemlərə «demoqrafik aspekt» verərək, onların qoyuluşuna və həll edilməsinə tamamilə yeni mövqelərdən və normalardan yanaşılmasını tələb edir. Bu baxımdan, respublikamızda yaranmış demoqrafik vəziyyəti düzgün qiymətləndirmək, ona dünya miqyasında bu proseslərdə baş vermiş dəyişikliklər fonunda tarixi səpgidə yanaşmağı tələb edir.
Son vaxtlarda ölkənin bazar münasibətlərinə keçməsi, habelə 1988-ci ildən başlayan erməni işğalı nəticəsində demoqrafik proseslərdə baş verən neqativ hallar daha kəskin xarakter almış və bu meyl getdikcə güclənməkdədir. Eyni zamanda, respublikamızda demoqrafiya sahəsində həyata keçirilən ayrı-ayrı tədbirlər sistem halında olmadığından lazımi səmərə verməmişdir.
Bu günün reallığı demoqrafiya siyasətinin və əhali sakinliyi sisteminin ölkənin sosial-iqtisadi inkişafının məqsəd və vəzifələrinə uyğun olaraq ciddi şəkildə yenidən qurulmasını tələb edir.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasında demoqrafik vəziyyətin yaxşılaşdırılması və ölkənin demoqrafiya siyasətinin formalaşdırılması məqsədi ilə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanmışdır.
Bu Konsepsiya milli maraqlar əsas götürülməklə və 1994-cü ildə Qahirədə keçirilmiş Əhali sakinliyi və inkişafı üzrə Beynəlxalq Konfransın Fəaliyyət proqramı, 1995-ci ildə Kopenhagendə Sosial İnkişaf Naminə Ümumdünya Sammitində və Pekində qadınların vəziyyətinə həsr edilmiş Ümumdünya Konfransında qəbul edilmiş sənədlər nəzərə alınmaqla hazırlanmışdır.
Azərbaycan Respublikasında mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi
Azərbaycan Respublikasında demoqrafik proseslərdə baş verən dəyişikliklər aşağıdakılarla xarakterizə olunur.
Azərbaycan Respublikasının əhalisinin sayı 1897—1997-ci illəri əhatə edən 100 il ərzində dünya əhalisinə nisbətən daha sürətlə, yəni 4,3 dəfə artaraq 1807 min nəfərdən 7847,5 min nəfərə gəlib çatmışdır.
Bu dövrdə Azərbaycan dörd dəfə kəskin demoqrafik çətinliklərlə üzləşmişdir:
- 1913—1920-ci illərdə Birinci Dünya Müharibəsi, xarici müdaxilə, vətəndaş mühribəsi, ermənilər tərəfindən azərbaycanlıların soyqırımı və sair hadisələr nəticəsində Azərbaycan əhalisinin sayı 387 min nəfər və ya 16,6 faiz azalaraq 2339 min nəfərdən 1952 min nəfərə düşmüşdür;
- 1941—1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Azərbaycan əhalisinin sayı 568,4 min nəfər və ya 17,4 faiz azalaraq 1940-cı ilin əvvəlindəki 3274,3 min nəfərdən 1945-ci ilin əvvəlində 2705,6 min nəfərə düşmüş və bununla əlaqədar Azərbaycan əhalisinin sayı özünün müharibədən əvvəlki səviyyəsinə yalnız 10 il sonra, yəni 1955-ci ildə çatmışdır;
- 1948—1953-cü illərdə Ermənistan ərazisindən 150 min nəfərdən çox azərbaycanlı öz əzəli torpaqlarından deportasiya olunmuşdur;
- 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilmiş, bir milyon nəfərədək soydaşımız qaçqın və məcburi köçkün olmuş, o cümlədən 250 min nəfərdən artıq azərbaycanlı soydaşımız Ermənistandan qovulmuş və beləliklə, son iki əsr ərzində 1,5 milyon nəfərdən çox azərbaycanlı öz tarixi torpaqlarından məcburi surətdə departasiya edilmişdir.
Azərbaycan Respublikasında 1999-cu ildə keçirilmiş ilk milli siyahıyaalmanın nəticələrinin ilkin təhlili göstərir ki, müstəqillik qazandığı son 8 il ərzində (1991—1998-ci illərdə) ölkə əhalisinin sayı 10,7% artaraq 7186,6 min nəfərdən 7952,5 min nəfərə, o cümlədən şəhər əhalisinin sayı 6,4% artaraq 3864,9 min nəfərdən 4112,3 min nəfərə, kənd əhalisinin sayı isə 15,6% artaraq 3321,7 min nəfərdən 3840,2 min nəfərə çatmışdır. Hazırda, respublika əhalisinin 51,7% şəhər yerlərində, 48,3% isə kənd yerlərində yaşayanlardır. İndi respublika əhalisinin 50,9% qadınlar, 49,1% isə kişilər təşkil edir, Azərbaycanda əhalinin ən sürətli artımı 60-cı illərin əvvəllərində özünü büruzə vermişdir. 1960-cı ildə keçmiş ittifaqda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 24,9 nəfər, təbii artım səviyyəsi isə 17,8 nəfər olmuşdursa, Azərbaycanda bu göstəricilər müvafiq surətdə 42,6 və 36,9 nəfər təşkil etmiş və ya orta ittifaq səviyyəsindən müvafiq olaraq 1,7 və 2,1 dəfə yüksək olmuşdur. Təsadüfi deyildir ki, 1959—1989-cu illərdə keçmiş SSRİ-də əhalinin orta illik artımı 1,24% olduğu halda, Azərbaycanda bu göstərici 3,0% və ya 2,4 dəfə yüksək olmuşdur. Lakin 1965-ci ildən başlayaraq respublikamızda əhalinin doğum və təbii artım səviyyəsi tədricən aşağı düşərək, hazırda hər 1000 nəfərə düşən doğum səviyyəsi 17,4 nəfər, təbii artım səviyyəsi isə 11,2 nəfər təşkil edir. Bu isə müvafiq surətdə 1960-cı ildəkinə nisbətən 2,4 və 3,2 dəfə, 1990-cı ildəkinə nisbətən 1,5 və 1,8 dəfə aşağı düşmüşdür.
Əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi isə 1990—1994-cü illərdə, yəni atəşkəs dövrünədək 6,0 nəfərdən 7,3 nəfərədək qalxmış və ya 21,7 faiz artmışdır. Xüsusi olaraq, onu da qeyd etmək lazımdır ki, respublikada doğum səviyyəsinin sürətlə aşağı düşməsi fertil yaşda olan qadınlar arasında (15—49) bütün yaş qruplarında özünü göstərir.
Respublikamızda bir yaşınadək uşaqlar arasında ölüm səviyyəsi də xeyli yüksək olmaqda qalmaqdadır. Statistika məlumatlarına əsasən 1997-ci ildə hər 1000 nəfər doğulan uşaqlardan bir yaşınadək ölənlərin sayı 19,6 nəfər təşkil edib, bu da bir çox MDB ölkələrində olduğuna nisbətən yüksəkdir. Qeyd olunmalıdır ki, BMT-nin Əhalisakinliyi İnkişaf Fondunun məlumatına görə isə respublikamızda bu göstərici 33 nəfər təşkil etmişdir. Ölüm sahəsində xüsusi narahatçılıq doğuran digər bir halda 1990—1997-ci illərdə ölkədə ana ölümünün səviyyəsinin 3,3 dəfə artmasıdır.
Demoqrafik İnkişaf vəziyyətini səciyyələndirən ən mühüm göstəricilərdən biri də əhalinin nigah və boşanma səviyyəsindən ibarətdir. 1991—1997-ci illərdə respublikada nigahların sayı xeyli azalaraq 74,4 mindən 47,0 minə düşmüş və ya 36,8% azalmışdır. Boşanma hallarının sayı isə xeyli azalsa da son üç ildə artmağa başlamışdır. 1991—1995-ci illərdə boşanmaların sayı 46,7% azalaraq 10,7 mindən 5,7 minə düşmüşdürsə, 1995—1997-ci illərdə 1,7% artaraq 5,8 minə qalxmışdır. Hazırda Azərbaycan xalqının mənəviyyətinə xas olmayan belə bir hal da diqqəti cəlb edir ki, bir tərəfdən 25—29 yaşlı gənclər arasında subayların sayına görə respublikamız MDB ölkələri arasında ilk yerlərdən birini tutur, digər tərəfdən isə nigahsız doğulanların bütün doğulanlar arasında xüsusi çəkisi 1990—1997-ci illərdə 2,8 dəfə artaraq 2,6 faizdən 7,3 faizədək qalxmışdır.
Müasir dövrdə yaranmış demoqrafik vəziyyətə təsir edən mühüm amillərdən biri də əhalinin miqrasiyasıdır. Miqrasiya proseslərinin tənzimlənməməsi, keçid dövründə yaranmış sosial-iqtisadi çətinliklər, MDB ölkələri ilə sərhədlərin şəffaf olması və s. nəticəsində respublikada əhali miqrasiyasının saldosu mənfi olaraq 1990—1997-ci illərdə 84,9 min və 28,0 min nəfər arasında tərəddüd etmişdir. Əsasən reproduktiv yaşda olan kişilərin miqrasiyası nəticəsində ölkə əhalisinin yaş-cins strukturu pozulur.
Göstərilənlərin nəticəsidir ki, respublika əhalisinin orta illik artım sayı 3,6 dəfədən çox azalaraq 1960—1990-cı illərdəki 2,9%-dən 1991—1997-ci illərdə 0,8%, əhalinin orta illik artım sayı isə 1,7 dəfə azalaraq 110,5 min nəfərdən 63,5 min nəfərə düşmüşdür. Bütün bunlar isə öz növbəsində respublikanın başlıca məhsuldar qüvvələrini təşkil edən əmək potensialının formalaşması və artımına, habelə onun quruluşuna öz mənfi təsirini göstərmişdir. Belə ki, əgər 1980—1990-cı illərdə əmək ehtiyatlarının orta illik sayı 54,8 min nəfər artmışdırsa, 1991—1996-cı illərdə bu göstərici cəmi 12,8 min nəfər artmış və ya 4,3 dəfə azalmışdır. Bu dövrdə əhalinin əmək qabiliyyətli yaşından aşağı olanlarının xüsusi çəkisi azalaraq (0—15 yaşında) 38,0%-dən 33,3% düşmüş, əvəzində əmək qabiliyyətli yaşında olanların (16—59 yaşında kişilər və 16—54 yaşında qadınlar) xüsusi çəkisi artaraq 51,5%-dən 54,1% əmək qabiliyyətli yaşından yuxarı olanların xüsusi çəkisi isə 10,5%-dən 12,6% qalxmışdır. Bu isə, respublikada əhalinin demoqrafik qocalması prosesinin sürətlənməsi deməkdir.
Beləliklə, Azərbaycan Respublikasında demoqrafik inkişafın ümumi vəziyyəti — sağlamlığın pisləşməsi, doğum səviyyəsinin aşağı düşməsi, əhalinin ölüm səviyyəsinin (əsasən əmək qabiliyyətli yaşda) yüksək olaraq qalması, gözlənilən ömür müddətinin aşağı olması (əsasən kişilərdə), ana və uşaq ölümünün yüksəkliyi və əhalinin artım sürətinin azalması və s. problemlərlə səciyyələnir. Eyni zamanda, son dövrlərdə ölkədə mövcud demoqrafik vəziyyətin kəskinləşməsinə təsir edən mühüm amillər aşağıdakılardan ibarətdir:
- bazar münasibətlərinə keçid və 1988—1995-ci illərdə ölkədə yaranmış sosial-iqtisadi böhranla əlaqədar olaraq əhalinin əksər sosial-demoqrafik qruplarından və təbəqələrindən olan hissəsinin yaşayış səviyyəsinin pisləşməsi, onların arasında kəskin fərqlərin mövcud olması;
- sosial infrastruktur sahələrinin son dərəcə zəif inkişaf səviyyəsinin mövcud olması və əhalinin əksər hissəsinin onların xidmətindən lazımi səviyyədə istifadə etmək imkanının olmaması;
- Ermənistanın silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində əhalinin ölüm səviyyəsinin artması, respublika ərazisinin 20% işğal edilməsi, 1 milyon nəfərədək qaçqın və məcburi köçkünün mövcud olması, işğal olunmuş ərazilərdə 300 mindən çox iş yerinin itirilməsi;
- ölkə əhalisi arasında xəstəliklərin artması;
- əhali tərəfindən istehlak edilən ərzaq məhsullarının keyfiyyətinə və satışına nəzarətin zəif olması;
- ekoloji tarazlığın pozulmasının sürətlənməsi və ona nəzarətin zəif olması;
- sağlam yaşayış tərzinin ləng formalaşması və onun təbliğinin aşağı səviyyədə olması;
- ölkədə miqrasiya proseslərinin tənzimlənməməsi;
- demoqrafik inkişaf sahəsində dövlət siyasətinin olmaması.
Bu amillərin nəzərə alınmaması yaxın gələcəkdə respublikanın demoqrafik inkişaf vəziyyətinin daha da kəskinləşməsi ilə yanaşı, ölkədə iqtisadi və sosial demoqrafik vəziyyətin nəzərəçarpacaq dərəcədə dəyişməsinə, dövlət tərəfindən sosial sığortanın və pensiya təminatının maliyyələşdirilməsinin gərginləşməsinə, azuşaqlı ailə modelinin formalaşmasına, əmək potensialının kəmiyyət-keyfiyyət tərkibinin mənfi dəyişməsinə, gənclər kontingentinin azalmasına və nəticə etibarilə, ölkənin milli təhlükəsizliyinə mənfi təsir edəcəkdir.
Azərbaycan Respublikasında demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi, vəzifələri və prinsipləri
Demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meylləri aradan qaldırmaqla ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun gələn əhalinin kəmiyyət-keyfiyyət artımını təmin etməkdən ibarətdir.
Demoqrafiya sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
- əhalinin kəmiyyət-keyfiyyətinə normal təkrar istehsalı üçün zəruri olan doğum səviyyəsini təmin edə biləcək hərtərəfli şəraitin yaradılması;
- ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına ömür müddətinin uzadılması;
- nigah və boşanma proseslərinin bütünlükdə cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması;
- ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla miqrasiya proseslərinin tənzimlənməsi;
- respublikanın sosial-iqtisadi, siyasi və demoqrafik mənafelərini rəhbər tutaraq ölkə ərazisində, o cümlədən sərhəd rayonlarında və işğal edilmiş regionlarda əhalinin məskunlaşmasının yaxşılaşdırılması və demoqrafik potensialının artırılması üçün şəraitin yaradılması;
- ailə institutunun mənəvi-əxlaqi dəyərlərinin təbliği və müdafiəsi, sağlam həyat tərzinin formalaşdırılmasının normalara uyğun tənzimlənməsi.
Demoqrafiya sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- demoqrafiya siyasətinin respublika vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsinə tam uyğun şəkildə qurulması və hər kəsin millətindən, irqindən, cinsindən, yaşından, dini etiqadından, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, siyasi və digər əqidəsindən asılı olmadan həyata keçirilməsi;
- sabitlik və uzunmüddətlilik — demokrafik siyasətin sabit və məqsədyönlü olub uzun müddəti əhatə etməsi;
- sosial ədalətlilik — bütün sosial-demoqrafik qruplardan və təbəqələrdən olan əhalinin (qadınların, kişilərin, gənclərin, pensiyaçıların, əlillərin, qocaların, qaçqın və məcburi köçkünlərin və s.) mənafelərinin qorunması;
- komplekslilik — görülən tədbirlərin ayrı-ayrılıqda deyil, sistem halında, maksimum mümkün olan demoqrafik nəticələr almaq məqsədilə demoqrafik inkişaf proqramının həyata keçirilən digər proqramlarla qarşılıqlı əlaqə və asılılıqda həyata keçirilməsi (təhsil, səhiyyə, miqrasiya, məşğulluq, məhsuldar qüvvələrin yerləşdirilməsi, ətraf mühitin mühafizəsi və s.);
- elmilik — demoqrafiya siyasətinin elmi əsaslar üzərində qurulması;
- təhsil, məşğulluq və tibbi xidmət, o cümlədən cinsi və reproduktiv sağlamlığın və ailənin planlaşdırılması sahələrində cinslər arasında bərabərliyin bərqərar olmasına yardım edilməsi;
- Azərbaycan Respublikasında ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi;
- ölkənin sosial-iqtisadi inkişafının həm bu günkü, həm də gələcək nəslin hərtərəfli inkişafına yönəlməsinin təmin edilməsi.
Demoqrafiya sahəsində dövlət siyasətinin milli prioritetləri
Demoqrafiya sahəsində dövlət siyasətinin milli prioritetləri aşağıdakılardan ibarətdir:
- əhalinin, xüsusilə ana və uşaqların və əmək qabiliyyətli yaşında olanların ölüm səviyyəsinin ardıcıl surətdə azaldılması yolu ilə cinslər və yaşlar üzrə ömür müddətinin uzadılması;
- aztəminatlı uşaqlı ailələrə, əlillərə, qaçqın və məcburi köçkünlərə ünvanlı sosial yardımın göstərilməsi;
- əhalinin bütün sosial-demoqrafik qrupları və təbəqələri üçün sağlam həyat tərzinin təmin edilməsi;
- ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi;
- əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması (qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, suyun, havanın çirklənməsinin qarşısının alınması, ətraf mühitin sağlamlaşdırılması, yoluxucu və cinsi yolla keçən xəstəliklərin qarşısının alınması və tədricən ləğv edilməsi və s.);
- əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, ailənin planlaşdırılması xidmətinin inkişafı və bu barədə əhalinin məlumatlandırılması və məlumat almalarının təmin edilməsi;
- tam məhsuldar və dəyərli həyat tərzinin təmin edilməsi məqsədi ilə təhsil və məşğulluq sisteminin inkişaf etdirilməsi;
- aztəminatlı əhaliyə, o cümlədən çoxuşaqlı ailələrə, əlillərə, qaçqın və məcburi köçkünlərə və s. pulsuz səhiyyə xidmətinin verilməsi;
- əhalinin demoqrafiya sahəsində biliklərin yüksəldilməsi, təhsil müəssisələrində demoqrafiyanın tədris olunması və demoqrafiya sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsi;
- miqrasiya proseslərinin tənzimlənməsi.
Demoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilmə mexanizminin əsas tərkib hissələri
Demoqrafi sahəsində dövlət siyasətinin həyata keçirilmə mexanizminin əsas tərkib hissələri aşağıdakılardır:
- demoqrafik proseslərin monitorinqi və kompleks qiymətləndirilməsi;
- 2005-ci ilə qədərki dövr üçün demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının hazırlanması;
- Azərbaycan Respublikasının müxtəlif sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması zamanı demoqrafik siyasətin prioritet istiqamətlərinin nəzərə alınması.
© LegalActs LLC