«Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında


Relizin Tarixi: 16.10.2009

«Gəncəelektrikşəbəkə», «Əli Bayramlıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» səhmdar cəmiyyətlərini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında

«Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının rayon və şəhərlərində əhalinin, müəssisə və obyektlərin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq, paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin səmərəsini artırmaq, onların inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsinə şərait yaratmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə «Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» Səhmdar Cəmiyyəti arasında bağlanmış «Gəncəelektrikşəbəkə» Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə» və «Əli Bayramlıelektrikşəbəkə» Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə «Barmek Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış «Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə» təsdiq edilsin.

3. «Azərenerji» Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bağlanmış müqaviləyə əlavə olunan «Elektrik enerjisinin satınalma Saziş»inə uyğun olaraq elektrik şəbəkələrinin elektrik enerjisi ilə təchizatını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • 10 gün müddətində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq «Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin borclarının ödənilməsinə möhlət verilməsi (idarəetmə hüququnun qüvvədə olma müddətinə) və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergi güzəştlərinin tətbiqi məsələlərini həll etsin;
    • bir ay müddətində bu Sərəncamın 4-cü bəndinin 2-ci abzasının tətbiqi ilə əlaqədar «Azərenerji» Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə borcları üzrə hesablaşmaların qaydasını müəyyən etsin;
    • bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, «Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar «Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» SC və «Barmek Azərbaycan Elektrik Şəbəkəsi» MMC ilə təhvil-təslim işlərinin 2002-ci il oktyabr ayının 1-dək başa çatdırılmasını təmin etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 28 avqust 2002-ci il.

№ 1030.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 avqust 2002-ci il, № 199) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 529) («LegalActs» LLC).

3 may 2006-cı il tarixli, 1438 nömrəli; 16 oktyabr 2009-cu il tarixli, 522 nömrəli Sərəncamlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC