Gənclər siyasəti haqqında
Relizin Tarixi: 22.06.2021
Gənclər siyasəti haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. gənclər siyasəti — gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;
1.0.2. gənclər — yaşı 14-dən 29-dək olan şəxslər;
1.0.3. gənc ailə — yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn;
1.0.4. istedadlı gənclər — təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər;
1.0.5. gənclər təşkilatları — gənclərin
problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının
ödənilməsi və s. məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş
qaydada yaradılan qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar).
1.0.6. sosial müdafiəyə ehtiyacı olan gənclər —
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18
yaşınadək olan, əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək olan, iş
yeri və (və ya) qazancı olmayan və məcburi köçkün gənclər;
1.0.7. risk qrupunda olan gənclər — cəzaçəkmə müəssisələrindən azad edilən, zorakılığa məruz qalan, insan alverinin qurbanı olan, məcburi əməyə cəlb edilən, dini ekstremist və terror təşkilatları ilə əlaqədə olan, spirtli içkilərdən, narkotik vasitələrdən və psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadə edən, habelə İİV/QİÇS-ə və digər təhlükəli xəstəliklərə yoluxmuş gənclər;
1.0.8. gənc alim və tədqiqatçı — yaşı 35-dən çox olmayan alim və tədqiqatçı;
1.0.9. tələbə özünüidarəetməsi — təhsil, elm, sosial, mədəni və peşə hazırlığı sahələrində tələbələrin fərdi inkişafı, asudə vaxtının təşkili istiqamətində onların ictimai fəaliyyəti.
1.0.10. gənclərin könüllü fəaliyyəti — gənclərin «Könüllü fəaliyyət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyəti.
Maddə 2. Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Gənclər siyasətinin məqsəd və prinsipləri
3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.
3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;
3.2.2. cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, habelə idarəetmə və vətəndaş cəmiyyətinin inkişafı sahələrində gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması;
3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq bərabərliyinə riayət edilməsi;
3.2.4. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi;
3.2.5. gənclərin maraq və ehtiyaclarının nəzərə alınması;
3.2.6. gənclər siyasətinin formalaşmasında, həyata keçirilməsində və qiymətləndirilməsində gənclərin iştirakının təmin edilməsi və rəyinin nəzərə alınması;
3.2.7. gənclərin təhsili və məşğulluğunun təmin edilməsi üçün şəraitin yaradılması.
Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri
4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;
4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;
4.0.4. gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq təşəbbüslərinin («start-up») dəstəklənməsi, dövlətin gənclər siyasətində və dövlət proqramlarında nəzərdə tutulmuş əsas istiqamətlərə dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının və maarifləndirmənin həyata keçirilməsi;
4.0.6. gənclərin hərbi xidmətə hazırlanması;
4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi;
4.0.8. gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmaların aparılmasının təşkili;
4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şəraitin yaradılması.
4.0.10. dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial və humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi;
4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının, o cümlədən gənclərlə işin təhlili, planlaşdırılması, təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasının və əlavə təhsilinin təmin olunması, bu məqsədlə mütəmadi təlimlərin təşkili;
4.0.12. istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və onların qabiliyyətlərinin inkişafına, yüksək nailiyyətlər əldə etmiş gənclərin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;
4.0.13. gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi;
4.0.14. aztəminatlı gənc ailələrin sosial müdafiəsi;
4.0.15. gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi;
4.0.16. gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi;
4.0.17. sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;
4.0.18. gənclər arasında könüllülük fəaliyyətinin təşviqi;
4.0.19. gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması;
4.0.20. gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması;
4.0.21. gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi.
II fəsil. Gənclər siyasətinin əsas istiqamətləri
Maddə 5. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı
5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi-idman oyunlarının keçirilməsi, gənclərin, mədəni-kütləvi tədbirlərə cəlb edilməsini həyata keçirirlər.
5.2. Dövlət gənclərin dünyagörüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir.
5.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər zərərli vərdişlərə olan mənfi meyllərin azaldılması və aradan qaldırılması, habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirirlər.
5.4. Gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər.
5.5. Gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımının göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada «Gənclər evi» sosial xidmət müəssisələri şəbəkəsi yaradılır.
5.6. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan «Gənclər evi» sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə, ilk növbədə, aşağıdakı xidmətlər göstərilir:
5.6.1. risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;
5.6.2. risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;
5.6.3. risk qrupunda olan gənclər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun təşkil edilməsi;
5.6.4. cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;
5.6.5. «Könüllü fəaliyyət haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;
5.6.6. risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.
5.7. 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə aşağıdakılara yol verilmir:
5.7.1. onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına;
5.7.2. onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına;
5.7.3. «Uşaqların zərərli informasiyadan qorunması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinə.
5.8. Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini, onların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək məqsədi ilə «təhlükəsiz internet» mexanizminin yaradılmasını təmin edirlər.
5.9. Müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə dövlət rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlər, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanları haqqında elmi-populyar verilişlər hazırlayırlar və maarifləndirici layihə və proqramlar həyata keçirirlər.
Maddə 6. İstedadlı gənclərə dövlət qayğısı
6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir.
6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.
6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır.
6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilərlər.
Maddə 6-1. Sosial müdafiəyə ehtiyacı olan və risk qrupunda olan gənclər
Dövlət sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir.
Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı
7.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilir.
7.2. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət təhsil müəssisələrində təhsil alan gənclərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təhsili müəssisələrində əyani təhsil alan gənclərin təhsil müəssisələrinin vəsaiti hesabına hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.
7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.3-1. Gənclər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.
7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir.
7.5. Müvafiq icra hakimiyyəti orqanları gənclər arasında ailə planlaşdırılmasına dair biliklərin artırılması, habelə narkomaniya, toksikomaniya, alkoqolizm və digər ağır xəstəliklərin profilaktikası, azaldılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirirlər.
Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi
8.1. Dövlət yeni iş yerləri yaratmaq və aktiv məşğulluq tədbirlərinin təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək göstərir.
Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların haqqı ödənilən ictimai işlərə cəlb olunmasını təşkil edirlər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparır.
8.2. Hərbi xidmətdən tərxis olunmuş, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, həmçinin özündən asılı olmayan səbəblərə görə iş yerini itirmiş gənclərin əlavə təhsil alması və məşğulluğu ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanı gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onların kvota üzrə işlə təmin edilməsi üçün tədbirlər görür.
8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və digər sahibkarlara yardım edir.
8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaiti hesabına güzəştli kreditlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ilk növbədə təmin olunurlar.
8.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada
müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları
istisna olmaqla, gənclərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət
ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq,
müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə
çağırılanadək müvafiq müəssisədə işləmiş gənclər hərbi xidmətdən
buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və
ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Maddə 9. Gənc ailələrə dövlət yardımı
9.1. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada güzəştli ipoteka kreditləri və güzəştli mənzil verilir.
9.2. Müvafiq icra hakimiyyəti orqanı gənc ailələrlə bağlı sosioloji-tədqiqat işlərinin aparılmasını təmin edir və informasiya bankını yaradır.
9.3. gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.
Maddə 9-1. Gənclər təşkilatları
9-1.1. Gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi və həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 16 yaşından 35 yaşınadək olan fiziki şəxslər və (və ya) bu Qanuna uyğun olaraq yaradılan gənclər təşkilatları tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.
9-1.2. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.
9-1.3. Gənclər təşkilatlarına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi, o cümlədən bu Qanunun 9-1.2-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatma ilə əlaqədar onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.
9-1.4. Bu Qanunun 9-1.2-ci maddəsinin tələbləri bu Qanun qüvvəyə minənədək yaradılmış gənclər təşkilatlarının təsisçilərinə şamil edilmir.
Maddə 10. Gənclər təşkilatlarına dövlət yardımı
10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır.
10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyələşdirilməsi üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının və ya bu qanunun 4.0.10-cu maddəsində nəzərdə tutulan Gənclər Fondunun xərclər smetasına daxil edilir.
10.3. Gənclər siyasəti sahəsində proqramların (layihələrin) həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər.
III fəsil. Gənclər siyasətinin həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı
Maddə 11. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı
Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasətinin əsas istiqamətlərinə uyğun proqramların həyata keçirilməsində iştirak edə bilərlər.
Maddə 12. Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı
12.1. Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial-hüquqi müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinə uyğun olmalıdır.
12.2. Gənclər siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir.
Maddə 13. Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı
13.1. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 10 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
13.2. Gənclər siyasəti tədbirləri dövlət büdcəsinin vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Maddə 14. Yekun müddəaları
14.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
14.2. Bu Qanunun qüvvəyə mindiyi gündən «Dövlət gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 24, maddə 446) qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 9 aprel 2002-ci il
№ 297-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 231) («LegalActs» LLC).
8 may 2007-ci il tarixli, 331-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 951-IIIQD nömrəli; 5 mart 2019-cu il tarixli, 1524-VQD nömrəli; 12 iyul 2019-cu il tarixli, 1661-VQD nömrəli; 8 oktyabr 2019-cu il tarixli, 1675-VQD nömrəli; 8 may 2020-ci il tarixli, 92-VIQD nömrəli; 19 may 2020-ci il tarixli, 110-VIQD nömrəli; 23 aprel 2021-ci il tarixli, 303-VIQD nömrəli; 27 may 2021-ci il tarixli, 335-VIQD nömrəli; 22 iyun 2021-ci il tarixli, 352-VIQD nömrəli (2022-ci il iyulun 1-dən qüvvəyə minir) Qanunlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).
© LegalActs LLC