Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında


Relizin Tarixi: 29.12.1999

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında

Azərbaycan Respublikasının
Dövlət Neft Fondunun yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında 1994-cü ildə «Əsrin müqaviləsi» ilə təməli qoyulmuş işgüzar əməkdaşlıq ilkin real nəticələrini vermək ərəfəsindədir. Bu sahədə göstərilən gəlirlərin Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisinə istiqamətləndirilməsi dövlət siyasətinin başlıca məqsədidir.

Bunu nəzərə alaraq ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini tə`min etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aşağıdakı mənbələr hesabına formalaşdırılması müəyyən edilsin:

    • Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışından əldə edilən gəlirlər (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə);
    • bonus ödənişləri;
    • akrhesabı ödənişlər (2001-ci ildən başlayaraq);
    • xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı;
    • Fondun fəaliyyətindən əldə edilən gəlirlər;
    • xarici şirkətlərlə bağlanmış müqavilələrə uyğun olaraq Azərbaycan tərəfinə verilən aktivlərin satışından və digər daxilolmalardan əldə edilən gəlirlər.

3. Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Əsasnaməsini və onun ali idarəetmə orqanının tərkibi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu fəaliyyətə başlayanadək onun vəsaitlərinin xüsusi hesabda toplanmasını tə`min etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 29 dekabr 1999-cu il.

№ 240.

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 720) ( «LegalActs» LLC).

© LegalActs LLC