İqtisadiyyatın idarə edilməsinin təkmilləşdirilməsi haqqında


Relizin Tarixi: 08.01.1996

İqtisadiyyatın idarə edilməsinin təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti

İqtisadiyyatın idarə edilməsinin
təkmilləşdirilməsi haqqında

Qərar № 3

Bakı şəhəri, 8 yanvar 1996-cı il

Bazar münasibətlərinə keçid şəraitində respublika iqtisadiyyatının idarə edilməsinin mövcud strukturu aparılan islahatlar yolunda ciddi əngəl olmaqla onun böhran vəziyyətindən çıxarılmasını ləngidir. İdarəetmə orqanları inzibati-amirlik rejimində işləməkdə davam edərək müəssisə və təşkilatların fəaliyyətinə maneçilik törədir, onların hüquqlarını məhdudlaşdırır, respublikada bazar münasibətləri mühitinin formalaşmasına imkan vermir. Nazirlər Kabinetinin aparatının, nazirliklərin, dövlət komitələrinin, digər mərkəzi icra hakimiyyəti və sahə idarəetmə orqanlarının fəaliyyətində iqtisadi islahatların tələblərinə cavab verən operativlik və çeviklik yoxdur, onlar tərəfindən zəruri məsələlərin həllində dözülməz ləngliyə və süründürməçiliyə yol verilir.

İqtisadiyyatın geniş miqyasda sərbəstləşdirilməsi Nazirlər Kabinetinin tərkibinə, onun aparatının və idarəetmənin digər mərkəzi və sahə orqanlarının strukturuna köklü şəkildə yenidən baxılmasını, onların funksiyalarının və vəzifələrinin dəqiqləşdirilməsini zəruri edir.

İdarəetmə strukturunun bazar iqtisadiyyatına keçid dövrünün tələblərinə uyğunlaşdırılması üçün qəti tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Baş nazirinə tapşırılsın ki, Azərbaycan Respublikası Konstitusiyası ilə Nazirlər Kabinetinin müəyyən olunmuş status və səlahiyyətlərini əsas götürərək və bazar iqtisadiyyatına keçidin strateji istiqamətlərini və tələblərini nəzərə almaqla, 1996-cı il yanvarın 25-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi və aparatının strukturu haqqında təkliflərini Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

2. Nazirliklərin, dövlət komitələrinin, şirkətlərinin, konsernlərinin və baş idarələrin rəhbərlərinə tapşırılsın ki, mövcud idarəetmə sisteminin kökündən dəyişdirilməsinə, onların say tərkibinə və strukturuna dair əsaslandırılmış təkliflərini, onların idarəetmə subyekti kimi fəaliyyətlərini təmin edən əsasnamələrinin layihələri ilə birlikdə bir həftə müddətinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti təqdim olunmuş təkliflərin hərtərəfli təhlili əsasında və iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsinin dəqiq və çoxpilləliyin ləğvi, müxtəlif idarəetmə orqanlarının funksiyalarının və məsuliyyətinin dürüstləşdirilməsi, idarəetmə aparatının saxlanılması xərclərinin əhəmiyyətli dərəcədə azaldılması zərurətini nəzərə almaqla, sosial-iqtisadi sahələrin idarəetmə strukturunun layihəsini hazırlasın və 1996-cı il yanvarın 25-dək Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

4. Yanacaq, energetika və maşınqayırma komplekslərinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə bu sahələrdə yaranmış vəziyyət, böhrandan çıxış yolları və bazar iqtisadiyyatı şəraitində onların fəaliyyət və inkişaf perspektivləri barədə məsələni 1996-cı il fevral ayının birinci yarısında Azərbaycan Respublikasının Prezidenti yanında müzakirə etmək üçün hazırlasınlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 yanvar 1996-cı il, № 10) («LegalActs» LLC).

© LegalActs LLC