Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Relizin Tarixi: 06.10.2015
Azərbaycan Respublikasının «Tərəqqi» medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 dekabr 1993-cü il
№ 758
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs»).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 681) («LegalActs»).
6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli; 30 mart 2004-cü il tarixli, 612-IIQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 727-IVQD nömrəli; 6 oktyabr 2015-ci il tarixli, 1368-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs»).
Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
758 saylı Qanunu ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının «Tərəqqi» medalının
Əsasnaməsi
1. Azərbaycan Respublikasının «Tərəqqi» medalı Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
- sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara görə;
- böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;
- elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə;
- xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;
- bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.
2. «Tərəqqi» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «İgidliyə görə» medalından sonra taxılır.
Azərbaycan Respublikasının
1998-ci il 6 fevral tarixli,
429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.
«Tərəqqi» medalının təsviri
«Tərəqqi» medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 36 mm diametrli dairəvi lövhədir, kənarları yaşıl minalı hərəkət simvollu haşiyələrdən ibarətdir.
Medalın mərkəzində çiçəklənmə rəmzi təsvir olunmuşdur və onun üzərində çevrə boyunca «Tərəqqi» sözü yazılmışdır. Gül təsviri və yazı qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə yaşıl çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin sağ və sol kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm, 2 mm və 1 mm enində göy rəngli üç şaquli zolaq yerləşir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü bürünc rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
© LegalActs