Media haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.1.1. kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar;
1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti;
1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs;
1.1.4. jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs;
1.1.5. audiovizual media – televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media;
1.1.6. çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media;
1.1.7. onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media;
1.1.8. informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media;
1.1.9. redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə;
1.1.10. məsul redaktor – televiziya və radio yayımında proqram cədvəli, sifarişli yayım xidmətində isə proqram kataloqu çərçivəsində yer alan proqramın, habelə çap mediasında və onlayn mediada yayımlanan materialın məzmunu və seçimi üzrə qərar vermə funksiyasını həyata keçirən şəxs;
1.1.11. istifadəçi – kommersiya məqsədi olmadan informasiya ehtiyaclarını qarşılamaq üçün mediadan istifadə edən fiziki və ya hüquqi şəxs;
1.1.12. media savadlılığı – kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti;
1.1.13. loqotip (emblem) – media subyektinin redaksiyasını (redaksiyalarını) fərqləndirməyə imkan verən hər hansı simvollar kombinasiyası (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.);
1.1.14. audiovizual yayımçı – televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxs;
1.1.15. yerüstü yayımçı – televiziya və radio proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxs;
1.1.16. ümumölkə yayımçısı – proqramları Azərbaycan Respublikasının ərazisi hüdudlarında əhalinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
1.1.17. regional yayımçı – proqramları Azərbaycan Respublikasının azı 2 (iki) inzibati ərazi vahidinin əhalisinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
1.1.18. platforma yayımçısı – audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatoru və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxs;
1.1.19. infrastruktur operatoru – sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audiovizual rəqəmli yayım siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə, habelə ayrıca radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.20. multipleks operatoru – birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxs;
1.1.21. platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
1.1.22. sifarişli yayım xidməti provayderi – tərtib olunmuş proqram kataloquna uyğun olaraq proqramların istifadəçinin seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən izlənilməsini və (və ya) dinlənilməsini təmin edən və həmin proqram kataloqunun məzmunu üzərində cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxs;
1.1.23. retranslyasiya – hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi;
1.1.24. tematik yayım – proqram cədvəlinin və ya kataloqunun azı 75 (yetmiş beş) faizi müəyyən sahəyə (xəbər, film, sənədli film, idman, musiqi, uşaq əyləncə, teleticarət və s.) həsr olunan proqramlardan ibarət yayım;
1.1.25. proqram – istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu;
1.1.26. proqram cədvəli – proqramların vaxtının və ardıcıllığının əks olunduğu cədvəl;
1.1.27. proqram kataloqu – sifarişli yayım xidmətində istifadəçinin seçiminə təqdim olunan proqramların toplusu;
1.1.28. peyk yayımı – peyk yayım infrastrukturu vasitəsi ilə ötürülməsi və istifadəçilər tərəfindən birbaşa qəbulu təmin olunan audiovizual yayım;
1.1.29. kabel yayımı – müxtəlif növ kabel və (və ya) hibrid infrastruktur (efir-kabel, peyk-kabel və s.) vasitəsilə ötürülməsi və istifadəçilər tərəfindən qəbulu təmin olunan audiovizual yayım;
1.1.30. İPTV yayımı – internet provayderin audiovizual proqramların ötürülməsini və istifadəçilər tərəfindən qəbul edilməsini öz internet protokolundan (İP) istifadə etməklə təmin etdiyi yayım;
1.1.31. OTT yayımı – audiovizual proqramların internet vasitəsilə istifadəçinin qəbuledicisinə ötürülməsini təmin edən yayım (İPTV yayımı istisna olmaqla);
1.1.32. mobil TV yayımı – audiovizual proqramların mobil telekommunikasiya şəbəkələri vasitəsi ilə ötürülməsi və istifadəçilər tərəfindən qəbulu təmin olunan yayım;
1.1.33. praym-taym – audiovizual proqramların Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) qərarı ilə müəyyən edilən sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı;
1.1.34. reytinq ölçən təşkilat – audiovizual medianın auditoriyasının həcmini ölçən şəxs;
1.1.35. əhəmiyyətli tədbir – cəmiyyət üçün maraq kəsb edən və ölkə ərazisində fəaliyyət göstərən media subyektləri tərəfindən dərc olunması və (və ya) yayımlanması nəzərdə tutulan ictimai, siyasi, sosial və iqtisadi məzmunlu hadisə.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
Maddə 2. Media haqqında qanunvericilik
Media haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından, media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
3.2. Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir:
3.2.1. media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyaya;
3.2.2. kütləvi informasiyanın yayılması istisna olmaqla, informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya).
3.3. Media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
Maddə 4. Media sahəsində dövlətin vəzifələri
4.1. Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
4.1.1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;
4.1.2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;
4.1.3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;
4.1.4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;
4.1.5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;
4.1.6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;
4.1.7. Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək;
4.1.8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.
Maddə 5. Media azadlığı
5.1. Azərbaycan Respublikasında media azaddır.
5.2. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.
5.3. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
5.4. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.
5.5. Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
5.6. Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində bu Qanunun tələblərinin pozulması halları aşkar edildikdə, Şura və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirir.
Maddə 6. Jurnalist fəaliyyətinin təminatı
6.1. Jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər.
6.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.
6.3. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Maddə 7. Hərbi və fövqəladə vəziyyət dövründə media subyektlərinin və jurnalistlərin fəaliyyəti
Hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Maddə 8. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi
8.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
8.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
8.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.
Maddə 9. Terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyəti
Terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 10. Media savadlılığı
10.1. Media savadlılığının artırılması məqsədilə dövlət tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
10.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) media savadlılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır.
10.3. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Maddə 11. Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
11.1. Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
11.2. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
11.3. Xarici jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
11.4. Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Maddə 12. Loqotip (emblem)
12.1. Media subyekti redaksiyasının loqotipi (emblemi) olmalıdır. Media subyektinin redaksiyası yalnız bir loqotipdən (emblemdən) istifadə edə bilər.
12.2. Loqotip (emblem) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan Media Reyestrinə daxil edilir.
12.3. Media subyektinin redaksiyasının loqotipində (emblemində) irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyi, terrorçuluq, zorakılıq və qəddarlığı təbliğ edən, əxlaqa zidd olan simvollar və (və ya) onların kombinasiyasından (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.), habelə digər media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə eyni və ya ona oxşar loqotipdən (emblemdən) istifadə olunması qadağandır.
12.4. Media subyektinin redaksiyası fəaliyyət müddəti ərzində loqotipinə (embleminə) dəyişiklik etmək hüququna malikdir. Bu halda o, həmin loqotipdən (emblemdən) bu barədə dəyişiklik Media Reyestrinə daxil edildikdən sonra istifadə edə bilər.
12.5. Audiovizual media subyektinin redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə bu Qanunun 12.3-cü maddəsi ilə nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla Şuranın razılığı ilə yol verilir. Şura edilmiş dəyişiklik barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
12.6. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə bu Qanunun 12.3-cü maddəsi ilə nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir.
12.7. Televiziya yayımında audiovizual media subyektinin redaksiyasının loqotipi (emblemi) reklamların yayımlandığı vaxtlar istisna olmaqla, ekranda fasiləsiz şəkildə nümayiş olunmalıdır.
12.8. Media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə bağlı mübahisələr “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Maddə 13. İnformasiyadan istifadə edilməsi
13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
13.4. Bu Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımır.
13.5. Audiovizual proqramlardan istifadə bu Qanunun 38-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir.
13.6. Bu Qanunun 38.2-ci və 38.3-cü maddələrinin tələbləri pozulduqda proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçı Şuraya müraciət edə bilər.
Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər
14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:
14.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
14.1.2. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
14.1.3. dövlət dili normalarına riayət edilməlidir;
14.1.4. irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
14.1.5. terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
14.1.6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
14.1.10. sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;
14.1.12. parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
14.1.13. pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.14. qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.15. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
14.1.16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
14.2. Yerüstü yayımçı proqramlarında bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir.
14.3. Yerüstü yayımçı proqramlarında yalnız Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər.
Maddə 15. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar
15.1. Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir:
15.1.1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
15.1.2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
15.1.3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
15.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
15.1.5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
15.1.6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
15.2. Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.
15.3. Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:
15.3.1. insan həyatının müdafiəsi üçün;
15.3.2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;
15.3.3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.
15.4. Bu Qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.
Maddə 16. Xarici mənbələrdən alınan informasiyanın yayılması
16.1. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici mənbələrdən, o cümlədən xarici media subyektlərindən birbaşa məlumat əldə etmək hüququ vardır.
16.2. Azərbaycan Respublikasında yerüstü yayım üçün nəzərdə tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.
16.3. Redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda, bu məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 17. Məlumat almaq hüququ
17.1. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.
17.2. Dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər.
17.3. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.
17.4. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir.
17.5. Şura və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əhəmiyyətli tədbirlərlə bağlı siyahını hər il növbəti il üçün elan etməlidir və bu siyahını özlərinin rəsmi internet saytlarında yerləşdirməli və onun müntəzəm olaraq yenilənməsini təmin etməlidirlər.
Maddə 18. Təkzib, düzəliş və cavab vermək hüququ
18.1. Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
18.2. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş tələblə müraciət edilən zaman, yaxud məhkəmə qərar çıxaran zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti dayandırılmışsa və ya o yenidən təşkil olunmuşsa təkzib, cavab və ya düzəliş həmin media subyektinin və ya onun hüquqi varisinin vəsaiti hesabına iddiaçının istədiyi media subyektlərinin birində dərc oluna (yayımlana) bilər.
18.3. Media subyekti tərəfindən cinayət işləri üzrə icraatın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə cinayət prosesini aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə həmin media subyektinə müraciət etmək hüququna malikdir.
Maddə 19. Təkzib, cavab və düzəliş verilməsi qaydası
19.1. Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin çap mediası subyektində nə vaxt və necə dərc olunduğu göstərilir. Çap mediası subyektində təkzib məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik, günaşırı, həftəlik və aylıq yayımlanan qəzetlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri-nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.
19.2. Təkzib, cavab və ya düzəliş audiovizual yayımçı tərəfindən tələbin alındığı gündən sonrakı müvafiq proqramda yayımlanır. Bunu tələb edən fiziki şəxsin və ya onun nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli nümayəndəsinin proqramda cavabla çıxış etmək hüququ təmin edilməlidir.
19.3. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələbləri pozmamalıdır.
19.4. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.
19.5. Cavab dərc olunan (yayımlanan) nömrədə (proqramda) həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab sonrakı nömrədə (proqramda) yerləşdirilə bilər.
19.6. Təkzib, cavab və ya düzəliş rədd edildikdə, bu barədə tələb etmiş şəxsə 3 (üç) gün müddətində əsaslandırılmış məlumat verilməlidir.
19.7. Aşağıdakılar təkzib və ya cavab mətnini dərc etməkdən (yayımlamaqdan) imtina üçün əsasdır:
19.7.1. təkzibi tələb olunan məlumat məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə;
19.7.2. təkzibi tələb olunan məlumat və ya materialla bağlı media subyekti tərəfindən şikayətçinin müraciəti əsasında artıq təkzib verilmişdirsə;
19.7.3. təkzib və ya cavabın mətni bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələbləri pozursa;
19.7.4. təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;
19.7.5. məlumatın və ya materialın media subyekti tərəfindən dərc edilməsindən (yayımlanmasından) bir ay müddətində üzrsüz səbəbdən müraciət edilməmişdirsə.
19.8. Təkzib, cavab və ya düzəlişin verilməsinə görə ödəniş tələb edilmir.
19.9. Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.
19.10. Onlayn mediada təkzib və ya cavabın mətni təkzib və ya cavab vermək hüququnun yaranmasına səbəb olmuş materialın yayımı üsuluna uyğun şəkildə yayımlanmalıdır (eyni həcmdə, eyni vaxtda, həmin veb-saytda, veb-səhifədə və ya veb-saytın həmin bölməsində və s.). Bu zaman hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin onlayn media subyektində nə vaxt və necə yayımlandığı göstərilməlidir.
19.11. Təkzib və ya cavab mətnini orijinal nəşrdə olduğu kimi həmin veb-səhifədə və ya veb-saytın həmin bölməsində yerləşdirmək mümkün olmadıqda, onlayn media subyekti müvafiq materiallar (paylaşımlar) arasında hiperlinklərin yaradılmasını təmin etməli və orijinal mətnin yanında bu materialda (paylaşımda) olan məlumatın təkzib edildiyinə və ya cavab verildiyinə dair bildiriş yerləşdirməlidir.
Maddə 20. Müəlliflik hüququ və əlaqəli hüquqlarının obyektlərindən və oxucu məktublarından istifadə edilməsi
20.1. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir.
20.2. Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (yayımlanarkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına cavab verməyə məcbur deyildir.
20.3. Bu Qanunla müəyyən edilmiş hallardan başqa media subyekti dərc etməkdən (yayımlamaqdan) imtina etdiyi materialı dərc etməyə (yayımlamağa) məcbur edilə bilməz.
Maddə 21. Gizli audio və (və ya) vizual məlumatlar
21.1. Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
21.1.1. barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;
21.1.2. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
21.2. Bu Qanunun 21.1-ci maddəsinin tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır.
Maddə 22. Media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılması
22.1. Audiovizual yayımçılar öz proqramlarını 3 (üç) ay müddətində saxlamalıdırlar.
22.2. Seçkiqabağı və referendumqabağı təşviqata aid audiovizual proqramların audio və (və ya) videoyazısı aparılır, həmin yazılar yayımlandığı gündən 12 (on iki) ay müddətində müvafiq audiovizual yayımçı tərəfindən saxlanılır. Audiovizual yayımçı ödənişli və ödənişsiz efir vaxtının ayrılmasına dair hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 (beş) il müddətində saxlamalıdır.
Maddə 23. Reklamın yayılması
Mediada reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və yayılır.
Maddə 24. Beynəlxalq əməkdaşlıq
24.1. Media sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
24.2. Azərbaycan Respublikasının media subyektləri, peşəkar jurnalist təşkilatları öz fəaliyyət istiqamətlərinə uyğun əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə, habelə xarici təşkilatlarla beynəlxalq əməkdaşlıqda iştirak edə və bu məqsədlə müqavilələr bağlaya bilərlər.
2-ci fəsil
Media subyektləri
Maddə 25. Media subyektləri
25.1. Media subyektləri aşağıdakılardır:
25.1.1. audiovizual media subyektləri;
25.1.2. çap mediası subyektləri;
25.1.3. onlayn media subyektləri;
25.1.4. informasiya agentlikləri.
Maddə 26. Media subyektinə dair tələblər
26.1. Media subyektinə dair tələblər aşağıdakılardır:
26.1.1. təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
26.1.2. təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
26.1.3. media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu Qanunun 26.3-cü maddəsinin tələblərinə cavab verməlidır.
26.2. Bu Qanunun 26.1.1-ci və 26.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.
26.3. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
26.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
26.3.2. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
26.3.3. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər.
26.4. Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər.
26.5. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
26.6. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 (bir) ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 (bir) ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 (bir) ay müddətində Şuraya təqdim olunmalıdır.
26.7. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir.
26.8. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3-cü maddələrinin tələblərinə cavab verməlidir.
3-cü fəsil
Audiovizual media
Maddə 27. Audiovizual media subyektləri
27.1. Audiovizual media subyektləri aşağıdakılardır:
27.1.1. yerüstü yayımçı:
27.1.1.1. ümumölkə yerüstü televiziya yayımçısı;
27.1.1.2. regional yerüstü televiziya yayımçısı;
27.1.1.3. ümumölkə yerüstü radio yayımçısı;
27.1.1.4. regional yerüstü radio yayımçısı;
27.1.2. platforma yayımçısı:
27.1.2.1. peyk yayımı həyata keçirən platforma yayımçısı;
27.1.2.2. peyk yayımı həyata keçirməyən platforma yayımçısı;
27.1.3. platforma operatoru:
27.1.3.1. sadə platforma operatoru;
27.1.3.2. universal platforma operatoru;
27.1.4. multipleks operatoru;
27.1.5. infrastruktur operatoru;
27.1.6. sifarişli yayım xidməti provayderi.
Maddə 28. Audiovizual media subyektlərinin fəaliyyətinin əsasları
28.1. Yerüstü yayımçı infrastruktur və multipleks operatoru, infrastruktur və multipleks operatoru isə yerüstü yayımçı kimi fəaliyyət göstərə bilməz.
28.2. Platforma operatoru və multipleks operatoru platforma yayımçısı kimi fəaliyyət göstərmək üçün bu fəaliyyət növü üzrə də lisenziya almalıdır.
Maddə 29. Yerüstü yayımçı
29.1. İctimai yayımçı istisna olmaqla, yerüstü yayımçıya lisenziya müsabiqə əsasında verilir.
29.2. Yerüstü ümumölkə yayımçısının proqramları ölkə üzrə, yerüstü regional yayımçının proqramları isə həmin region üzrə infrastruktur və platforma operatorları tərəfindən retranslyasiya olunur.
29.3. Yerüstü yayımçı öz proqramlarını infrastruktur və platforma operatorlarına retranslyasiya üçün təqdim etməlidir. Yerüstü yayımçı bunun müqabilində platforma operatorlarından ödəniş tələb edə bilməz.
29.4. Yerüstü ümumölkə yayımçısı ölkə üzrə, yerüstü regional yayımçı isə müvafiq region üzrə yerüstü yayımın təmin olunması üçün infrastruktur operatoru ilə müqavilə bağlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə infrastruktur operatoruna xidmət haqqı ödəyir.
29.5. Yerüstü ümumölkə yayımçısının peyk yayımı həyata keçirməsi üçün lisenziya tələb olunmur. Yerüstü ümumölkə yayımçısı peyk operatorları ilə müqavilə bağlayaraq peyk yayımı da həyata keçirə bilər.
29.6. Yerüstü yayımçı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.
Maddə 30. Platforma yayımçısı
30.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanlar (qurumlar) istisna olmaqla, dövlət orqanları (qurumları) və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən maliyyələşən, həmin orqanın (qurumun) fəaliyyət sahəsini əks etdirən, ictimai yayım funksiyası daşıyan audiovizual yayımçı yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilər.
30.2. Platforma yayımçısı (bu Qanunun 30.8-ci maddəsi istisna olmaqla) lisenziya əsasında fəaliyyət göstərir.
30.3. Peyk yayımı həyata keçirən platforma yayımçısı üçün lisenziya müsabiqə əsasında yalnız hüquqi şəxslərə verilir.
30.4. Platforma yayımçısı praym-taymda yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin etdikdə, reklam fəaliyyəti həyata keçirə bilər.
30.5. Platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz veb-saytında və digər video paylaşım platformalarında yayımlaya bilər.
30.6. Platforma yayımçısının redaksiyası Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməlidir və gündə minimum 6 saat yayım həyata keçirməlidir.
30.7. Birbaşa internet üzərindən yayımlanan platforma yayımçısı bu Qanunun 30.6-cı maddəsində nəzərdə tutulmuş tələblərlə yanaşı, veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı, habelə yayımı özünün veb-saytından həyata keçirməlidir.
30.8. Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər. Bu halda qeyd olunan şəxslər bu Qanunun 30.2–30.7-ci maddələrinin tələblərinə cavab verməlidir.
Maddə 31. Sifarişli yayım xidməti provayderi
31.1. Sifarişli yayım xidməti provayderi lisenziya əsasında fəaliyyət göstərir.
31.2. Sifarişli yayım xidməti provayderi proqram kataloqunu platforma operatorunun yayım üsulları və ya birbaşa internet vasitəsilə, o cümlədən mobil tətbiqlər vasitəsilə təqdim edir.
31.3. Sifarişli yayım xidməti provayderi proqram kataloquna daxil etdiyi bütün proqramlar barədə məlumatı və həmin proqramların yayımı üçün əldə etdiyi yayım hüquqlarına dair müqavilələri Şuraya təqdim etməlidir.
31.4. Sifarişli yayım xidmətinin proqram kataloquna daxil edilmiş bütün proqramlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaş kateqoriyaları üzrə təsnifatlandırılmalıdır.
Maddə 32. Platforma operatoru
32.1. Platforma operatoru lisenziya əsasında fəaliyyət göstərir.
32.2. Sadə platforma operatoru yalnız bir üsulla, universal platforma operatoru isə eyni zamanda 2 (iki) və daha çox üsulla retranslyasiya həyata keçirə bilər.
32.3. Platforma operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir.
32.4. Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.
32.5. Platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz.
32.6. Platforma operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.
32.7. Platforma operatorunun fəaliyyətində Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir.
32.8. Platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.
Maddə 33. İnfrastruktur operatoru
33.1. İnfrastruktur operatoru Şuranın qərarı ilə ayrılmış radiotezlikdən (radiotezliklərdən) istifadə edir.
33.2. İnfrastruktur operatoru yerüstü yayımçının proqramlarının retranslyasiyasını təmin etməlidir.
33.3. İnfrastruktur operatoru yerüstü ümumölkə yayımçısının ölkə üzrə, yerüstü regional yayımçının isə müvafiq region üzrə yerüstü yayımının təmin olunması üçün yerüstü yayımçı ilə müqavilə bağlayır və bu Qanunun 29.4-cü maddəsində göstərilən məbləğdə xidmət haqqı alır.
33.4. İnfrastruktur operatoru istifadəçilərə ödənişli retranslyasiya xidməti göstərə bilməz.
33.5. İnfrastruktur operatoru multipleks və platforma operatorlarına, həmçinin peyk operatoruna siqnalın ötürülməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı almaqla həyata keçirir.
Maddə 34. Multipleks operatoru
34.1. Multipleks operatoru üçün radiotezlik (radiotezliklər) onun istifadəsinə Şura tərəfindən bu Qanunun 5-ci fəslinə müvafiq olaraq keçirilən müsabiqə əsasında verilir. Müsabiqənin qalibi eyni zamanda multipleks operatoru üçün müvafiq lisenziya əldə etmiş sayılır.
34.2. Növbəti radiotezlik (radiotezliklər) əldə etmək istəyən multipleks operatoru radiotezliyin (radiotezliklərin) verilməsinə dair müsabiqədə iştirak etməlidir. Bu müsabiqənin nəticəsində qalib olmuş multipleks operatoruna yenidən lisenziya verilmir.
34.3. Multipleks operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir.
34.4. Multipleks operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.
34.5. Multipleks operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.
34.6. Multipleks operatorunun fəaliyyətində Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir.
34.7. Multipleks operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.
Maddə 35. Yerüstü yayımın radiotezlik planlaşdırılması
35.1. Yerüstü yayım üçün radiotezlik siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib olunur və yerüstü yayım üçün istifadəyə yararlı radiotezliklər haqqında məlumatlar hər yarımildə 1 (bir) dəfə Şuraya təqdim edilir. Bu məlumatlar Şuranın sorğusu əsasında da təqdim olunur.
35.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və infrastruktur operatoru hər yarımildə 1 (bir) dəfə yayım imkanları barədə Şuraya məlumat verir. Bu məlumatlar Şuranın sorğusu əsasında da təqdim olunur.
35.3. Şura ümumölkə və regional yerüstü yayım üçün istifadəyə yararlı radiotezliklərin və yayım imkanlarının istifadəsini təşkil edir.
Maddə 36. Audiovizual yayım avadanlıqlarının sertifikatlaşdırılması
Audiovizual proqramların ötürülməsi və yayımlanmasını təmin edən yerüstü yayım radiovericiləri, peyk yerüstü radiovericiləri, yerüstü radio-rele aralıq və son stansiyaları, habelə kabel yayımı stansiyaları və paylayıcı şəbəkə avadanlıqları “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sertifikatlaşdırılır.
Maddə 37. Dövlət orqanlarında (qurumlarında), hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə və onların ərazi hüdudlarında audiovizual yayım
Dövlət orqanlarında (qurumlarında), hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə və onların ərazi hüdudlarında onlar tərəfindən həyata keçirilən və həmin qurumların fəaliyyətini əks etdirən informasiya xarakterli audiovizual proqramlardan ibarət yayım, habelə həmin qurumlar tərəfindən yalnız yerüstü yayımçıların proqramlarının retranslyasiyası üzrə fəaliyyət lisenziyalaşdırılmır.
Maddə 38. Yayım hüququ
38.1. Proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Şuraya təqdim edilməlidir.
38.2. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.
38.3. Müstəsna yayım hüququ ilə yayımlanan əhəmiyyətli tədbir digər audiovizual yayımçılar tərəfindən 60 (altmış) saniyədən artıq olmamaq və mənbəyini bildirmək şərti ilə ödənişsiz yayımlana bilər.
38.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici audiovizual yayımçının proqramlarının yayımlanmasına razılıq verilməsi üçün Şuraya müraciət etməlidir.
Maddə 39. Audiovizual yayımçının vəzifələri və audiovizual yayıma dair tələblər
39.1. Audiovizual yayımçının vəzifələri aşağıdakılardır:
39.1.1. sifarişli yayım xidməti istisna olmaqla, Azərbaycan Respublikasının Dövlət Himnini hər gün səhər yayımın əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək;
39.1.2. tütün istifadəsi prosesinin nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək;
39.1.3. bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək;
39.1.4. reklam və sponsorluq fəaliyyətini “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həyata keçirmək;
39.1.5. Şuranın qərarlarını icra etmək;
39.1.6. bu Qanunla müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək.
39.2. Audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəriciləri ilə bağlı tələblər Şura tərəfindən müəyyən edilir.
39.3. Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:
39.3.1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır;
39.3.2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);
39.3.3. azı hər iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;
39.3.4. saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir.
Maddə 40. Tematik yayım
Bu Qanunun 50.1-ci və 50.2-ci maddələrində göstərilən audiovizual media subyektləri tərəfindən yayımın lisenziyada qeyd olunan janrda həyata keçirilməsi məcburidir.
Maddə 41. Yayımın dayandırılması
41.1. Aşağıdakı hallarda yayım Şuranın qərarı ilə 24 (iyirmi dörd) saat müddətinədək müvəqqəti dayandırılır:
41.1.1. bu Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliği ilə bağlı), 14.1.5-ci (zorakılıq və qəddarlıqla bağlı), 14.1.6-cı, 14.1.12-ci, 14.1.13-cü, 38-ci, 39.1.1-ci, 39.1.2-ci, 39.1.4-cü və 39.3-cü maddələrinin tələbləri pozulduqda;
41.1.2. yayımla bağlı lisenziyada göstərilən ərazi kateqoriyasına riayət edilmədikdə.
41.2. Aşağıdakı hallarda yayım Şuranın qərarı ilə 1 (bir) gündən 1 (bir) ayadək müddətə müvəqqəti dayandırılır:
41.2.1. bu Qanunun 7-ci, 8-ci, 9-cu, 14.1.2-ci və 14.1.5-ci (terrorçuluğun və dini ekstremizmin təbliği ilə bağlı) maddələrinin tələbləri pozulduqda;
41.2.2. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayımladıqda.
41.3. Şura bu Qanunun 41.2.2-ci maddəsində göstərilən halda yayımın dərhal dayandırılması barədə qərar qəbul edir və bu Qanunun 58.4-cü maddəsi nəzərə alınmaqla yayımçının lisenziyasının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iddia ərizəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 128-ci maddəsinə uyğun olaraq baxır.
41.4. Şura tə9 февраля 2022, 07:02
12 февраля 2014, 09:02
О досрочном прекращении полномочий судьи Бакинского суда по тяжким преступлениям Г.А.Алиева подробно...
12 февраля 2014, 09:02
О расширении осуществляемых в центрах «ASAN xidmət» видов услуг и электронных услуг и внесении изменений в Указ Президента Азербайджанской Республики от 5 сентября 2012 года номер 706 «Об обеспечении деятельности Государственного агентства по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики» подробно...
11 февраля 2014, 16:02
Министр труда и министр образования Азербайджана обсудят проблему развития профессионального образования подробно...
10 февраля 2014, 15:02
Резко расширен штат Министерства налогов Азербайджана подробно...
10 февраля 2014, 12:02
Текущий счёт Азербайджана в 2013 году имел $10 млрд. профицита подробно...
10 февраля 2014, 11:02
Отмена механизма купчих на квартиры предложена в Азербайджане подробно...
7 февраля 2014, 11:02
Эмир Катара и президент Азербайджана договорились в Сочи о создании совместных предприятий подробно...
7 февраля 2014, 11:02
Новые механизмы налогового контроля вводятся в Азербайджане подробно...
7 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» лицам, занятым в сфере связи и информационных технологий в Азербайджанской Республике подробно...
7 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, занятых в информационно-коммуникационной сфере и космической промышленности в Азербайджанской Республике подробно...