Об утверждении Положения о Государственном агентстве Азербайджанской Республики по стандартизации, метрологии и патенту


«Azərbaycan» qəzetində dərc edilmişdir (12 oktyabr 2002-ci il, № 236) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 595)

Дата релиза: 10.10.2002

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. «Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • on gün müddətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin xərclər smetası və işçilərin say həddini təsdiq etsin;
    • bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 10 oktyabr 2002-ci il

№ 799

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 oktyabr 2002-ci il, № 236) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 595) («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 10 oktyabr tarixli
799 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında
Əsasnamə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (bundan sonra—Agentlik) Azərbaycan Respublikası prezidentinin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Agentlik Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Agentlik öz fəaliyyətini bilavasitə və tabeliyində olan qurumları, habelə yerli orqanları vasitəsilə həyata keçirir.

5. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklərlə əlaqəli şəkildə qurur.

6. Agentlik müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

7. Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməmiş digər mənbələr hesabına həyata keçirilir.

8. Agentlik Bakı şəhərində yerləşir.

II. Agentliyin əsas vəzifələri

9. Agentliyin əsas vəzifələri aşağıdakılardır:

9.1. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirmək, bu sahələrdə dövlət siyasətinin əsas istiqamətlərini formalaşdırmaq, məqsədli proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, digər dövlət və yerli özünüidarəetmə orqanlarının, təsərrüfat subyektlərinin bu sahələrdəki fəaliyyətini əlaqələndirmək;

9.2. standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metroloji nəzarətini həyata keçirmək;

9.3. ölçmələrin vəhdətini təmin etmək;

9.4. sənaye mülkiyyət obyektlərinin mühafizəsi sahəsində işləri təşkil etmək;

9.5. Azərbaycan Respublikasında istehsal olunan məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətinin və keyfiyyətinin artırılması məqsədilə müasir elmi-texniki potensialı və qabaqcıl beynəlxalq təcrübəni özündə cəmləşdirən standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində normativ sənədləri müntəzəm olaraq təkmilləşdirmək və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə müvafiq tədbirlər görmək;

9.6. qanunvericiliklə müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasına idxal olunmuş (sərbəst dövriyyəyə buraxılan) və ixrac olunacaq malların (işlərin, xidmətlərin) standartların tələblərinə, metroloji qayda və normalara, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi qaydalarına uyğunluğuna dövlət nəzarətini həyata keçirmək;

9.7. Azərbaycan Respublikasında müvafiq beynəlxalq standartların tətbiqi sahəsində zəruri tədbirlər həyata keçirmək;

9.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

III. Agentliyin funksiyaları

10. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1. dövlət standartlarının işlənib hazırlanmasını, qəbul edilməsini, qeydiyyatını, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının tərtib edilməsini və aparılmasını həyata keçirir;

10.2. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanlarının, habelə təsərrüfat subyektlərinin və ictimai birliklərin Agentliyin səlahiyyətinə aid olan fəaliyyətini əlaqələndirir;

10.3. məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarına uyğunluğunun təmin edilməsinin, nişanlanma qaydalarının, öz məhsullarını nişanlamaq üçün təsərrüfat subyektlərinə icazə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatını həyata keçirir və bu işlərin vahid dövlət reyestrini aparır;

10.4. beynəlxalq (regional) standartların, qaydaların, normaların və tövsiyələrin tətbiqi qaydalarını müəyyənləşdirir, standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını qanunvericiliklə müəyyən edilmiş qaydada təmsil edir;

10.5. Azərbaycan Respublikasında dövlət və sahə standartlarının, texniki şərtlərin, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının, beynəlxalq (regional) və dövlətlərarası standartların, standartlaşdırma üzrə norma, qayda və tövsiyələrin, xarici ölkələrin milli standartlarının, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələrin tətbiqi qaydalarını və onlar haqqında rəsmi məlumatların dərc edilməsini təmin edir;

10.6. dövlət standartlarının, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının, habelə ölkə kataloqunda olan dövlət reyestrinə daxil edilmiş və standartlara uyğun nişanlanmış məhsulların (işlərin, xidmətlərin) siyahısını dərc edir;

10.7. nazirlik, komitə, şirkət, idarə və müəssisələrin təkliflərini nəzərə almaqla standartlaşdırma üzrə illik və perspektiv planları formalaşdırır, təsdiq edir və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

10.8. standartlaşdırma üzrə texniki komitələr təşkil edir və onların fəaliyyətini əlaqələndirir;

10.9. səlahiyyətləri daxilində aidiyyəti dövlət orqanları ilə birlikdə məqsədli proqramlara baxılmasını, qiymətləndirilməsini və rəy verilməsini həyata keçirir;

10.10. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət proqramlarının hazırlanmasında iştirak edir;

10.11. istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətin standartlarına uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalına, satışına, istifadəsinə (icrasına) yol verilməməsinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirir və aidiyyəti orqanları məlumatlandırır;

10.12. ümumsənaye norma və konstruksiyalarının standartlaşdırılması əsasında məhsulun sahələrarası eyniləşdirilməsi işlərinin aparılmasını təmin edir;

10.13. ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyəti həyata keçirir;

10.14. dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq edir;

10.15. ölçünün kəmiyyətini saxlayan və bu kəmiyyətin digər ölçmə vasitələrinə ötürülməsini təmin edən xüsusi hazırlanmış ölçmə vasitələrini təsdiq edir;

10.16. səlahiyyətləri daxilində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət standartları, qaydaları, tövsiyələri, təlimatları, həmçinin qanunvericiliyə uyğun olaraq dövlətlərarası və beynəlxalq standartların tətbiqi qydalarını təsdiq edir;

10.17. qanunvericiliyə uyğun səlahiyyətləri daxilində dövlət metroloji nəzarətini həyata keçirir;

10.18. müqayisəli yoxlama işlərinin yerinə yetirilməsti üzrə səlahiyyətlərin rəsmi tanınması üçün tədbirlər görür;

10.19. kalibrlənməni həyata keçirir;

10.20. ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə onların dövlət sınaqlarının keçirilməsi halları və qaydalarını müəyyən edir;

10.21. ölçmə vasitələrinin tipinin təsdiq edilməsini həyata keçirir, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat verir və dövlət reyestrini aparır;

10.22. ölçmə vasitələrinin müqayisəli yoxlamasının müsbət nəticələrini yoxlama möhürü, yaxud yoxlama haqqında şəhadətnamə ilə təsdiq edir;

10.23. ölçmə vasitələrinin müqayisəli yoxlamasını həyata keçirən səlahiyyətli şəxslərin attestasiyadan keçirilməsi qaydasını müəyyən edir;

10.24. hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən həyata keçirilən müqayisəli yoxlama və kalibrləmə işlərinin aparılmasına nəzarət edir;

10.25. qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrə əsasən metroloji işlər görür, xidmətlər göstərir;

10.26. təsərrüfat subyektlərində standartlaşdırma, metroloji qayda və normalara riayət olunmasına, sertifikatlaşdırma qaydalarına və məhsulların (layihə və istehsala hazırlığı, istehsalı, tədarükü, satışı, istifadəsi, istismarı, saxlanılması, daşınması və utilləşdirilməsi mərhələlərində), həmçinin işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı standartların tələblərinə riayət olunmasına qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirir;

10.27. hesablaşma əməliyyatlarında, insanların həyatının, sağlamlığının, əmlakının, istehlakçının hüququnun, ətraf mühitin təhlükəsizliyinin qorunmasında istifadə olunan ölçmə vasitələri istisna olmaqla, hüquqi şəxslərin metroloji xidmətlərinə müqayisəli yoxlama və kalibrlənmə işlərinin aparılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlər verir;

10.28. Azərbaycan Respublikasında sertifikatlaşdırma və akkreditasiya işlərini təşkil edir və əlaqələndirir, sertifikatlaşdırma sistemlərinin, sertifikasiya üzrə akkreditə olunmuş orqanların, ölçmə və sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrini aparır, onlar barədə məlumatı dərc edir, beynəlxalq və regional təşkilatlara təqdim edir;

10.29. Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində beynəlxalq müqavilələrin şərtlərinin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirir;

10.30. milli sertifikatlaşdırma sisteminin yaradılmasını və aparılmasını təmin edir;

10.31. məcburi sertifikatlaşdırmaya aid məhsulların (işlərin, xidmətlərin) nomenklaturunun müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir;

10.32. öz səlahiyyətləri daxilində idxal edilmiş və məcburi sertifikasiyaya aid olan malların təhlükəsizliyini təmin etmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyatı orqanlar ilə birgə müvafiq işləri həyata keçirir;

10.33. sertifikatlaşdırma üzrə orqanları və sınaq laboratoriyalarını (mərkəzlərini) akkreditasiya edir, onların dövlət reyestrini aparır, akkreditasiyanın nəticələri üzrə müvafiq attestat verir və fəaliyyətlərinə qanunvericiliyə uyğun nəzarəti həyata keçirir;

10.34. sənaye mülkiyyəti obyektləri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi qaydasını müəyyən edir;

10.35. məhsulları (işləri, xidmətləri) və keyfiyyət sistemlərini sertifikatlaşdırır və müvafiq uyğunluq sertifikatı verir;

10.36. sertifikatlaşdırma sisteminin qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir;

10.37. məhsulların (işlərin, xidmətlərin) normativ tələblərə uyğunluğunun təsdiqlənməsi sahəsində işləri həyata keçirir:

10.38. sertifikatlaşdırma və akkreditasiya üzrə auditorların hazırlanmasını və attestasiyasını həyata keçirir;

10.39. xarici və beynəlxalq orqanların verdiyi sertifikatların (uyğunluq bəyannamələrinin) tanınması barədə qərar qəbul edir;

10.40. sertifikatlaşdırma və akkreditasiyanın nəticələri üzrə apellyasiyalara baxır;

10.41. müəyyən olunmuş qaydada məhsulun istehsalı və saxlanılması üçün tətbiq olunan (olunacaq) avadanlıqların və texnoloji xətlərin (proseslərin) dövlət standartları tələbləri səviyyəsində olması barədə rəy verir;

10.42. müəyyən edilmiş məhsullar üçün keyfiyyət üzrə etalonların hazırlanmasını təşkil edir və onları təsdiq edir;

10.43. sənaye mülkiyyəti obyektləri barəsində iddia sənədlərinin yerli və xarici iddiaçılardan qəbulunu və ekspertizasını həyata keçirir. İddia sənədinə dair tələbləri müəyyən edir;

10.44. qüvvədə olan qanunvericiliyə uyğun olaraq sənaye mülkiyyəti obyektləri üzrə ilkinliyi müəyyən edir;

10.45. sənaye mülkiyyəti obyektləri üzrə mühafizə sənədlərinin verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir;

10.46. sənaye mülkiyyəti obyektlərinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə vəsatətlərə baxır və müvafiq qərar qəbul edir;

10.47. ekspertizanın müsbət qərarı əsasında sənaye mülkiyyəti obyektlərini müvafiq dövlət reyestrində qeydə alır, dövlətin adından müvafiq mühafizə sənədi verir, onları qüvvədə saxlamaq üçün lazımi tədbirlər həyata keçirir;

10.48. sənaye mülkiyyəti obyektləri üzrə sahiblik hüquqlarının digər şəxslərə verilməsinə dair müqavilələri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin istifadəsi ilə bağlı lisenziya müqavilələrini qeydiyyata alır, bu barədə məlumatları müvafiq dövlət reyestrinə daxil edir;

10.49. sənaye mülkiyyəti obyektləri üzrə məlumat bankının avtomatlaşdırılmış vahid sistemini yaradır və beynəlxalq normalara uyğun olaraq onun istismarını həyata keçirir;

10.50. sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində hüquqi hərəkətlərlə bağlı rüsumların tutulmasını həyata keçirir;

10.51. Patent Fondunun komplektləşdirilməsi sahəsində zəruri işləri həyata keçirir;

10.52. müəyyən edilmiş qaydalara uyğun patent müvəkkillərinin qeydiyyatını və attestasiyasını aparır;

10.53. qanunvericilikdə müəyyən olunmuş hallarda elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlıqların idxalı ilə əlaqədar rəylərin verilməsini təmin edir;

10.54. patent sahibinin vəsatətinə əsasən patentdə aşkar və texniki səhvləri düzəldir;

10.55. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən göndərilən iddia sənədlərini qəbul edir, onlar üzrə məlumat axtarışı və mahiyyətcə ekspertiza aparılması qaydasını müəyyən edir;

10.56. dərc olunmuş iddia sənədinin materialları ilə tanış olmaq qaydasını müəyyən edir;

10.57. sənaye mülkiyyəti obyektlərinin dövlət reyestrində qeydiyyatı, onlarda edilmiş dəyişikliklər və qeydiyyata xitam verilməsi barədə dövlət reyestrindən çıxarışlar verir;

10.58. sənaye mülkiyyəti obyektləri barədə dövlət reyestrinə daxil edilmiş məlumatları dərc edir;

10.59. bazarda sağlam rəqabət prinsipinin təmin edilməsi, xüsusən əhalinin sağlamlığının qorunması, əmtəələrin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafeyini qorumaq məqsədilə sənaye mülkiyyəti obyektlərinin dövlət reyestrində qeydiyyata alınmayan əmtəə nişanlarından istifadə olunmasına qarşı zəruri tədbirlər həyata keçirir;

10.60. əmtəələrin mənşə yerinin, adının və coğrafi göstəricilərinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlər həyata keçirir;

10.61. sənaye mülkiyyəti obyektlərinin ekspertizası, mühafizə sənədinin verilməsi ilə əlaqədar yaranan etirazlara, bu sahədə hüquqi münasibətlərin pozulması, həmçinin patent müvəkkillərinin attestasiyası və fəaliyyəti ilə bağlı yaranan mübahisələrə baxan Apellyasiya Komissiyasını yaradır və onun işini təmin edir;

10.62. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində fəaliyyətin beynəlxalq, regional və xarici sistemlərə inteqrasiya olunması və uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirir;

10.63. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində informasiya sisteminin operativliyini təmin edir;

10.64. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində normativ hüquqi aktlarının layihələrini hazırlayır və aidiyyəti üzrə təqdim edir, belə aktların layihələrinə dair rəy verir;

10.65. standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində normativ sənədləri hazırlayır, vahid dövlət qeydiyyatını və uçotunu təmin edir, onların ümumrespublika və sahə fondlarını yaradır;

10.66. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsini təşkil edir;

10.67. öz vəzifələrinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

IV. Agentliyin hüquqları

11. Agentliyin öz əsas vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

11.1. səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada normativ hüquqi aktlar qəbul etmək;

11.2. səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək;

11.3. səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar və arayışlar almaq;

11.4. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli ekspertləri və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr (kontraktlar) bağlamaq;

11.5. səlahiyyətlərinə aid edilən sahələrdə dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq müqavilələrin layihəsini hazırlamaq;

11.6. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması, ixtisasının artırılması üçün tədbirlər görmək və bu sahədə beynəlxalq əməkdaşlıq etmək;

11.7. qanunvericiliklə müəyyən olunmuş qaydada idarə və təşkilatlar yaratmaq, yenidən təşkil etmək və ləğv etmək;

11.8. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və satışını təşkil etmək;

11.9. malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətlərini koordinasiya etmək;

11.10. səlahiyyətlərinə aid olan sahələrdə dövlət nəzarətini həyata keçirmək məqsədilə təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlərə sərbəst daxil olmaq, onlardan zəruri məlumat və sənədlər almaq, təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrdən əvəzsiz istifadə etmək;

11.11. standartlaşdırma üzrə qüvvədə olan normativ sənədlərə müvafiq olaraq məhsulların, işlərin və xidmətlərin standartların tələblərinə uyğunluğunu təyin etmək üçün əvəzsiz olaraq sınaq nümunələrini seçib götürmək;

11.12. səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada standartların tələblərinə, sertifikatlaşdırma qaydalarına, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarətini həyata keçirərkən qanunvericiliklə müəyyən edilmiş hallarda iradnamələr, tələbnamələr vermək, inzibati cərimə və maliyyə sanksiyaları tətbiq etmək;

11.13. insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) standartların tələblərinə tam uyğun olmadığı hallarda onların istehsalının, yerinə yetirilməsinin və ya istifadəsinin dayandırılması və ya qadağan edilməsi, dövriyyədən (satışdan) çıxarılması və ya istehlakçılardan geri qaytarılmasının təmin edilməsi haqqında yazılı tələbnamələr vermək, satışın qadağan edilməsi haqqında qərar qəbul etmək, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə standartların tələblərinə uyğun olmayan məhsulların dövriyyədən götürülməsində (lazım gəldikdə məhv edilməsində və ya utilizasiyasında) iştirak etmək;

11.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üzrə pullu işləri və xidmətləri bağlanmış müqavilələr əsasında aparmaq;

11.15. standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində işlərin inkişafı üçün keçirilən tədbirləri maliyyələşdirmək;

11.16. istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər (təsərrüfat subyektləri) haqqında dəqiq məlumat əldə etmək, keyfiyyətsiz və standartların tələblərinə cavab verməyən məhsul istehsalçılarını müəyyən etmək üçün aidiyyəti dövlət orqanları ilə birgə iş aparmaq;

11.17. öz səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müvafiq məhkəmələrdə iddia qaldırmaq;

11.18. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Agentliyin fəaliyyətinin təşkili

12. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən baş direktor rəhbərlik edir. Agentliyin baş direktoru eyni zamanda Bakı üzrə qurumun direktorudur.

13. Baş direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

14. Baş direktorun Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad olunan bir müavini vardır.

15. Agentliyin baş direktoru vəzifəsinə görə standartlara və ölçü vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikasının baş dövlət müfəttişidir. Onun müavini baş dövlət müfəttişinin müavini, mərkəzi aparatın tabeliyində olan qurumların və bilavasitə mərkəzi aparatın rəhbər işçiləri böyük dövlət müfəttişləri, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslər isə dövlət müfəttişləridir.

16. Agentliyin baş direktoru aşağıdakı səlahiyyətlərə malikdir:

16.1. Agentliyin fəaliyyəini təşkil edir və ona rəhbərlik edir;

16.2. baş direktorun müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;

16.3. müəyyən edilmiş qaydada əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin mərkəzi aparatının, tabeliyində olan qurumların strukturunu və ştat cədvəlini təsdiq edir;

16.4. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

16.5. Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

16.6. səlahiyyətləri çərçivəsində Agentliyin mərkəzi aparatının və Agentliyin tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə təlimatları və digər normativ hüquqi aktları imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

16.7. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların funksional təyinatını müəyyən edir, zərurət olduqda həmin strukturda dəyişikliklər aparır;

16.8. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

17. Agentlikdə baş direktordan (kollegiyanın sədri), vəzifələrinə görə kollegiyanın tərkibinə daxil olan baş direktorun müavinindən, Naxçıvan Muxtar Respublikasının standartlaşdırma, metrologiya və patent sahəsində müvafiq strukturunun rəhbərindən, Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

18. Agentliyin kollegiya üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;

19. Kollegiya öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir;

20. Agentliyin kollegiyasının iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

21. Kollegiya qərarlarının qəbul olunması və ya həyata keçirilməsinə dair baş direktor ilə kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda, baş direktor bu barədə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə öz qərarını həyata keçirir. Qəbul olunmuş qərara dair xüsusi rəyi olan kollegiya üzvləri də bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verə bilərlər.

22. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq baş direktorun əmrləri ilə həyata keçirilir.

23. Zəruri hallarda kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri dəvət oluna bilərlər.

24. Standartlaşdırma, metrologiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində elmi-texniki tərəqqi ilə bağlı mövcud problemlərin optimal həlli yollarını müzakirə və təhlil etmək, qarşıda duran iqtisadi, təşkilati və s. məsələləri həll etmək məqsədilə Agentlikdə Elmi-Texniki Şura yaradılır. Şuranın tərkibi Agentliyin və müvafiq icra hakimiyyəti orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərindən ibarət olur. Şuranın tərkibi və onun Əsasnaməsi baş direktor tərəfindən təsdiq edilir.

25. Agentlik müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının bölgələrində birbaşa ona tabe olan müvafiq yerli orqanlarını yarada bilər.

26. Naxçıvan Muxtar Respublikasının müvafiq strukturu Agentliyin strukturuna daxildir.


© LegalActs LLC