О 90-летнем юбилее Ниязи


«Azərbaycan» qəzetində dərc edilmişdir (20 avqust 2002-ci il, № 189) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 506)

Дата релиза: 19.08.2002

Niyazinin 90 illik yubileyi haqqında

Niyazinin 90 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2002-ci ilin avqust ayında Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun) anadan olmasının 90 illiyi tamam olur.

Bəstəkarlıq və dirijorluq fəaliyyətinə keçən əsrin 30-cu illərindən başlayan Niyazinin yaradıcılığı milli musiqi mədəniyyətimizin tarixində silinməz izlər buraxmışdır. Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində onun böyük xidmətləri vardır. Milli dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş dirijorun yüksək sənətkarlığı sayəsində bu əsərlər çoxsaylı dinləyicilər tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılanmışdır. Niyazinin gərgin əməyi nəticəsində yaranmış və uzun illər ərzində onun rəhbərlik etdiyi simfonik musiqi kollektivləri xarici ölkə klassiklərinin və müasir bəstəkarlarının əsərlərinin də Azərbaycanda uğurla təbliğ olunmasında mühüm rol oynamışdır.

Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri kimi Niyazinin milli simfonizmin təşəkkülü və inkişafında böyük rolu olmuşdur. Onun opera, balet, simfonik muğam, süita, fortepiano ilə orkestr üçün konsert və mahnıları, dram tamaşalarına və kinofilmlərə bəstələdiyi musiqi məzmun dolğunluğu, güclü emosional təsiri və zəngin melodiyası ilə həmişəlik yaddaşlara həkk olunmuşdur.

Müxtəlif illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına və Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etmiş Niyazinin ictimai fəaliyyəti də çox zəngin olmuşdur.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan Niyazinin 90 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Niyazinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər hazırlayıb həyata keçirsin.

2. Bakı şəhər İcra Hakimiyyəti Niyazinin yaşadığı binaya (Bülbül prospekti, 21) xatirə lövhəsinin vurulmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki:

    • Niyazinin seçilmiş əsərlərinin dörd cildliyinin, kompakt-diskinin buraxılmasını və bəstəkar haqqında kitabın nəşr olunmasını təmin etsin;
    • Bakı şəhərindəki musiqi məktəblərindən birinə Niyazinin adını versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 19 avqust 2002-ci il.

№ 1007.

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 avqust 2002-ci il, № 189) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 506) («LegalActs» LLC).

© LegalActs LLC