Об обеспечении безопасности экспортных нефте- и газопроводов
Дата релиза: 28.12.2022
İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş»ə uyğun olaraq, hasilat və nəqletmə üçün bir sıra mühüm obyektlər tikilib istismara verilmişdir. Hasil olunan ilkin neftin ixracı Bakı—Novorossiysk və Bakı—Supsa ixrac neft kəmərləri ilə həyata keçirilir.
Bununla əlaqədar ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, boru kəmərlərinin fasiləsiz və etibarlı işinin təşkili və uzunmüddətli kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Xam neftin ixracı ilə bağlı obyektlərlə yanaşı tikilməsi nəzərdə tutulan Bakı—Tbilisi—Ceyhan Əsas İxrac Boru Kəmərinin və qaz ixrac kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə aşağıdakı tərkibdə Komissiya təşkil edilsin:
Komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini.
2. Komissiyaya tapşırılsın ki, ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə birlikdə bir ay müddətində kompleks tədbirlər planını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi , Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xam neftin ixracı üçün istifadə olunan boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi xidmət yaratsınlar və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə sıx qarşılıqlı əlaqə şəraitində boru kəmərinin səmərəli mühafizəsini təşkil etsinlər.
4. Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi rayon və şəhər icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birlikdə ixrac boru kəmərlərinin və onların infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsini respublikanın inzibati ərazi bölgüsü prinsipi əsasında təşkil etsinlər.
5. Rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindən keçən Bakı—Supsa və Bakı—Novorossiysk neft kəmərlərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsinə və tikintinin aparılmasına yol verməməklə həmin kəmərlərin mühafizəsini təmin etsinlər.
6. Respublikanın nazirlik, idarə və təşkilatları ixrac boru kəmərlərinin fasiləsiz işləməsi və təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli üçün Komissiyaya lazımi kömək göstərsinlər.
7. Komissiya görülən işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 aprel 2002-ci il
№ 685
«Azərbaycan» qəzetində dərc edilmişdir (16 aprel 2002-ci il, № 85) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2002-ci il, № 4, 2-ci kitab, maddə 183) («LegalActs» LLC).
19 aprel 2005-ci il tarixli, 225 nömrəli; 29 noyabr 2006-cı il tarixli, 482 nömrəli; 10 fevral 2014-cü il tarixli; 2 sentyabr 2014-cü il tarixli, 247 nömrəli; 21 yanvar 2017-ci il tarixli; 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli; 14 dekabr 2017-ci il tarixli; 28 dekabr 2022-ci il tarixli 1930 nömrəli Fərmanlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC