Соглашение между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации о принципах взимания косвенных налогов во взаимной торговле


Дата релиза: 29.11.2000

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri haqqında Saziş

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri haqqında
Saziş

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,

Sərbəst ticarət zonasının yaradılması haqqında 15 aprel 1994-cü il tarixli Sazişin və Sərbəst ticarət zonasının yaradılması haqqında 15 aprel 1994-cü il tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında 2 aprel 1999-cu il tarixində imzalanmış Protokolun müddəalarını əldə rəhbər tutaraq,

iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə, təsərrüfat subyektləri üçün bərabər imkanların və ədalətli rəqabət şəraitinin yaradılmasına çalışaraq,

beynəlxalq ticarətin ümumi qəbul edilmiş norma və qaydalarını tanıyaraq (və ya nəzərə alaraq),

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Ümumi təriflər

Bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər istifadə edilir:

    • vasitəli vergilər — əlavə dəyər vergisi və aksiz (aksiz vergisi və ya aksiz yığımı);
    • sıfır dərəcə — malların (xidmətlərin) sıfıra bərabər faiz dərəcə ilə vasitəli vergilərə cəlb edilməsi, bu isə malların (göstərilmiş xidmətlərin) istehsalı və satışı zamanı istifadə edilmiş material ehtiyatları üzrə vergiqoymadan azad olunmaya və əlavə dəyər vergisinin və aksizlərin qaytarılmasına bərabərdir və vergi ödəyicisi üçün ödənilmiş vasitəli vergilərin qarşıdakı ödənişlər hesabına zaçot edilməsi və ya qaytarılması hüququ deməkdir;
    • təyinat ölkəsi — gömrük ərazisinə malların istehlak üçün gətirildiyi ölkə;
    • təsərrüfat subyektləri — Tərəflərin dövlətlərinin vergi ödəyiciləri.

Maddə 2. Sazişin mövzusu

Bu Sazişin mövzusu Tərəflərin dövlətlərinin təsərrüfat subyektləri arasında aparılan xarici ticarət əməliyyatları zamanı vasitəli vergilərin tutulması prinsipinin müəyyən edilməsidir.

Maddə 3. Malların ixracı zamanı vergiyə cəlb etmə prinsipi

1. Bir Tərəfin dövlətinin gömrük ərazisindən çıxarılan və digər Tərəfin dövlətinin gömrük ərazisinə gətirilən mallara hər bir Tərəfin müəyyən etdiyi qaydalara müvafiq olaraq, sıfır dərəcə ilə vasitəli vergilər şamil edilir.

2. Bu qayda, sabit qaz kondensatı daxil olmaqla, təbii qaza və neftə tətbiq edilmir.

Maddə 4. Malların idxalı zamanı vergiyə cəlb etmə prinsipi

Bir Tərəfin dövlətinin gömrük ərazisinə gətirilən və digər Tərəfin dövlətinin gömrük ərazisindən çıxarılan mallar təyinat ölkəsində onun milli qanunvericiliyinə uyğun olaraq vasitəli vergilərə cəlb edilir.

Maddə 5. Xidmətlərin göstərilməsi zamanı vasitəli vergilərin tətbiq edilməsi qaydası

1. Xidmətlərin göstərilməsi zamanı vasitəli vergilərin tətbiq edilməsi qaydaları ayrıca protokolla rəsmiləşdirilir. Bu protokol tətbiq edilənədək, aşağıdakı xidmətlər istisna olmaqla, xidmətlər Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq vasitəli vergilərə cəlb edilir.

a) ekspedisiya, yüklənmə, boşaltma və yenidən yüklənmə üzrə xidmətlər də daxil olmaqla, bir Tərəfin dövlətinin gömrük ərazisindən digər Tərəfin dövlətinin gömrük ərazisinə ixrac edilən malların daşınması və qulluq göstərilməsi üzrə xidmətlər;

b) malların göndərilmə və təyinat məntəqələrinin Tərəflərin dövlətlərinin ərazisində yerləşməsi şərti ilə, ekspedisiya, yüklənmə, boşaltma və yenidən yüklənmə üzrə xidmətləri də daxil olmaqla, tranzit malların daşınması və qulluq göstərilməsi üzrə xidmətlər;

v) sərnişinlərin və baqajın bir Tərəfin dövlətinin gömrük ərazisindən digər Tərəfin dövlətinin gömrük ərazisinə birbaşa və əks istiqamətdə daşınması üzrə xidmətlər.

2. Bu maddənin 1-ci bəndinin «a», «b», «v» yarımbəndlərində sadalanan xidmətlər, xidmətlərin göstərilməsi faktı Tərəflərin müəyyən etdiyi qaydada təsdiq olunduqda, həmin xidmətləri göstərən vergi ödəyicisinin dövlətində sıfır dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilir.

Maddə 6. Malların hərəkətinə və vasitəli vergilərin ödənilməsinə nəzarət

1. Tərəflər malların hərəkətinə, uçotun aparılmasına və informasiya mübadiləsinə nəzarəti həyata keçirmək məqsədi ilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasından (MDB XİF MN) istifadə edəcəklər.

2. Tərəflərin dövlətlərinin gömrük ərazisinə idxal edilən mallar üzrə vasitəli vergiləri təyinat ölkəsinin gömrük və ya vergi orqanları tuturlar.

Maddə 7. Sazişin icrası

1. Bu Saziş, ümumi qəbul edilmiş beynəlxalq hüquq prinsiplərinə və normalarına uyğun olaraq, Tərəflərin daxili əmtəə istehsalçılarının maraqlarının və milli bazarın qorunması üçün zəruri tədbirləri həyata keçirmək hüququna mane olmur.

2. Tərəflər bu Sazişin təsiri və tətbiqi ilə əlaqədar ziddiyyətləri danışıqlar yolu ilə həll edəcəklər.

3. Zəruri olduqda, Tərəflər bu Sazişin həyata keçirilməsi vəziyyətini qiymətləndirmək, ona dəyişikliklər və əlavələr edilməsinin məqsədə müvafiqliyi barədə məsləhətləşmələr aparacaqlar.

Maddə 8. Sazişə əlavələr və dəyişikliklər edilməsi

1. Tərəflər, qarşılıqlı razılıq əsasında bu Sazişə, onun ayrılmaz hissəsi olan Protokollarla rəsmiləşdirilən zəruri əlavələr və dəyişikliklər edirlər.

Maddə 9. Sazişin qüvvədə olma müddəti

1. Bu Saziş Sərbəst ticarət zonasının yaradılması haqqında 15 aprel 1994-cü il tarixli Saziş və Sərbəst ticarət zonasının yaradılması haqqında 15 aprel 1994-cü il tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında 2 aprel 1999-cu il tarixdə imzalanmış Protokol ilə nəzərdə tutulan Sərbəst ticarət rejimindən istisnalar barədə Protokol ilə eyni vaxtda, 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

2. Bu Saziş beş il müddətinə bağlanır və Tərəflər onun növbəti müddətin bitməsinə altı ay qalmış Sazişə xitam vermək niyyəti barədə diplomatik kanallarla yazılı şəkildə xəbərdarlıq etməzsə, Sazişin müddəti avtomatik olaraq sonrakı beş illik dövrə uzadılır.

2000-ci il 29 noyabr tarixində Bakı şəhərində hər biri Azərbaycan və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası
Hökuməti adından

Rusiya Federasiyası
Hökuməti adından

Azərbaycan Respublikasının 2 fevral 2001-ci il tarixli 64-IIQ nömrəli Qanunu və Rusiya Federasiyasının 24 mart 2001-ci il tarixli 31-FZ nömrəli Federal Qanunu ilə təsdiq edilmişdir («LegalActs» LLC).


© LegalActs LLC