Об утверждении Правил определения рыночных цен на товары (работы, услуги)


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 55)

Дата релиза: 04.01.2001

Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında

Qərar № 6

Bakı şəhəri, 4 yanvar 2001-ci il

«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını tə`min etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları» 2001-ci il yanvarın 1-dən tətbiq edilsin.

3. Qiymət və tarifləri dövlət tənzimlənməsində olan məhsulların (işlərin, xidmətlərin) qiymətlərini (tariflərini) tənzimləyən müvafiq orqanlara tapşırılsın ki, tənzimlədikləri qiymətlərin (tariflərin) mövcud səviyyələri və onların dəyişməsi barədə mə`lumatları müntəzəm olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etsinlər.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 4 yanvar tarixli
6 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi
Qaydaları

Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin vergitutma məqsədləri üçün hesablanması qaydalarını müəyyən edir.

1. Ümumi müddəalar

1.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri vergi ödəyicilərinin real gəlirlərinin və vergitutma bazasının düzgün hesablanması, habelə bu sahədə vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədilə müəyyənləşdirilir.

1.2. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı tə`siri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

1.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallar (işlər, xidmətlər) dedikdə, istehlak tə`yinatı, fiziki göstəriciləri, keyfiyyəti, mənşəyi, bir-biri ilə əvəzolunma imkanları və digər xüsusiyyətləri eyni olan mallar (işlər, xidmətlər) nəzərdə tutulur.

2. Bazar qiymətləri barədə mə`lumat mənbələri

2.1. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakı mə`lumat mənbələrindən istifadə edilir:

2.1.1. Dövlət Statistika Komitəsinin bazar qiymətləri barədə mə`lumatları;

2.1.2. Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlər barədə mə`lumatları;

2.1.3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətləri barədə mə`lumatları;

2.1.4. Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətləri barədə mə`lumatları;

2.1.5. digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi mə`lumatları;

2.1.6. kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, «İnternet» sisteminin və digər mənbələrin e`lanları və reklam mə`lumatları;

2.1.7. qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rə`yi, habelə, nəzarət qaydasında mal alqısının nəticələri, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlər;

2.1.8. bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlər;

2.1.9. respublika daxilində, zəruriyyət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi mə`lumatlar.

2.2. Malların (işlərin, xidmətlərin) ixracı və idxalı əməliyyatları üzrə faktiki tətbiq olunan qiymətlərin reallığını müəyyənləşdirmək məqsədilə həmin ölkələrin müvafiq mallar (işlər, xidmətlər) üzrə bazar qiymətləri barədə mə`lumat mənbələrindən, habelə dünya bazar qiymətləri barədə mə`lumat mənbələrindən istifadə edilir.

3. Bazar qiymətlərinin mə`lumat mənbələrindən istifadə etməklə müəyyənləşdirilməsi

3.1. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızlar üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun e`lan edilsin.

3.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan hallarda vergilərin hesablanması məqsədi ilə bazar qiymətləri müxtəlif mənbələrdən alınmış mə`lumatlar və bütün dövrlər üzrə bazar qiymətlərinin səviyyəsində baş verən dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir.

3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə tə`sir edə bilən aşağıdakı amillər nəzərə alınır:

3.3.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

3.3.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

3.3.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb azalması);

3.3.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

3.3.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

3.3.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

3.3.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq bazara analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

3.3.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən tə`mir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə tə`sir edə bilən digər şərtlər nəzərə alınır.

3.4. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi aidiyyəti dövlət orqanı tərəfindən təsdiq olunmalıdır.

4. Bazar qiymətləri barədə mə`lumat mənbələri olmadıqda qiymətlərin müəyyənləşdirilməsi

4.1. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında mə`lumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

4.1.1. sonrakı (təkrar) satış qiymətinə əsasən.

Bu halda malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

4.1.2. Dəyərin müəyyənləşdirilməsi üsulu.

Bu üsulla bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

4.1.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

5. Vergilərin bazar qiymətləri əsasında hesablanması

5.1. Barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə, vergilər bazar qiymətləri əsasında hesablanır.

30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən az (aşağı və yuxarı) dəyişdikdə, vergilər faktiki təqdimolunma qiymətləri əsasında hesablanır.

5.2. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır.

5.3. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Qaydalara əsasən müəyyənləşdirilmiş bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

5.4. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır:

5.4.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması təsdiq edildiyi halda;

5.4.2. malgöndərəni (işləri görəni, xidmətləri göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.

5.5. Alınmış malların (işlərin, xidmətlərin) faktiki təqdimolunma qiyməti ilə uçota alınması təsdiq edilərsə, bu malların (işlərin, xidmətlərin) müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən yuxarı qiymətə alınmasına baxmayaraq, onların faktiki alış dəyəri alıcı tərəfindən gəlirdən çıxılan xərclərə aid edilir.

5.6. Barter (mal mübadiləsi) əməliyyatları aparılarkən və təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilərkən qiymətlər bazar qiymətləri nəzərə alınmaqla tətbiq edilir.

5.7. Nəzarət kassa aparatları tətbiq etməklə və maliyyə hesabatı kimi istifadə olunan ciddi hesabat blanklarından istifadə etməklə pul hesablaşmaları aparan vergi ödəyicilərində faktiki satış qiymətlərinin uçota alınması çek, maliyyə hesabatı kimi istifadə olunan ciddi hesabat blankları və digər aidiyyəti sənədlərlə təsdiq edilərsə, vergilərin bazar qiymətləri nəzərə alınmaqla hesablanması həmin vergi ödəyicilərinə şamil olunur.

5.8. Malların (işlərin, xidmətlərin) bu Qaydalarda göstərilən səbəblər nəticəsində bazar qiymətlərindən 30 faizdən aşağı qiymətlə təqdim edilməsi nəzərdə tutulduğu halda, vergi ödəyicisi vergi orqanlarına əsaslandırılmış mə`lumat verməlidir. Bu mə`lumatlar əsaslı hesab edildikdə, vergi orqanları onları nəzərə almalıdır.

5.9. Vergi ödəyicisi malları (işləri, xidmətləri) müəyyənləşdirilmiş bazar qiymətlərinə əsasən vergiləri hesablayıb ödəməklə, heç bir sübut və dəlil təqdim etmədən bazar qiymətlərindən aşağı səviyyədə təqdim edə bilər.

5.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallarda malların (işlərin, xidmətlərin) təqdimolunma qiymətləri bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, malların (işlərin, xidmətlərin) alış qiymətləri 30 faizdən çox yuxarı olduqda və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edildikdə, barter (mal mübadiləsi) əməliyyatları aparılarkən və təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilərkən tətbiq olunan qiymətlər bazar qiymətlərindən fərqləndikdə, vergilər müəyyənləşdirilmiş bazar qiymətləri nəzərə alınmaqla yenidən hesablanır və vergilərin azaldılmasına görə Vergi Məcəlləsinə əsasən məs`uliyyət tədbirləri həyata keçirilir.


© LegalActs