Об усовершенствовании оплаты командировочных расходов в Азербайджанской Республике


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 aprel 1995-ci il, № 7, maddə 141)

Дата релиза: 23.03.1995

Azərbaycan Respublikasında ezamiyyə xərclərinin ödənilməsini təkmilləşdirmək haqqında

Azərbaycan Respublikasında ezamiyyə xərclərinin ödənilməsini təkmilləşdirmək haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bazar iqtisadiyyatının formalaşdığı şəraitdə ezamiyyə xərclərinin tənzimlənməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Müəssisə, idarə və təşkilatların işçilərinin xidməti ezamiyyət zamanı gündəlik yemək xərcləri respublikada müəyyən olunmuş minimum əmək haqqının 20 faizi miqdarında, kommunal (lüks nömrəsindən başqa) və nəqliyyat (taksidən başqa) xərcləri təqdim edilən sənədlər əsasında ödənilsin.

Müvafiq sənədlər təqdim edilmədikdə, kommunal xərcləri Bakı şəhərinə ezam olunanlara hər gün üçün minimum əmək haqqının 10 faizi, digər şəhər və rayon mərkəzlərinə—7 faizi, kənd yerlərinə və şəhər tipli qəsəbələrə—5 faizi miqdarında, nəqliyyat xərcləri isə dəmir yolu, avtomobil və su nəqliyyatının ən aşağı tarifləri miqdarında ödənilsin.

Müəyyən edilsin ki, müəssisə və təşkilatların daimi iş vaxtı yolda keçən, növbə metodu ilə işləyən və çöl şəraitində təşkilatlarında çalışan işçilərinə gündəlik yemək xərcləri əvəzinə müəyyən olunmuş minimum əmək haqqının 10 faizi miqdarında əlavə vəsait verilir.

2. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara ayrılan təxsisatlar hüdudunda, təsərrüfat hesablı müəssisə və təşkilatlarda isə—öz vəsaitləri hesabına ödənilsin.

Təsərrüfat hesablı müəssisə və təşkilatlar işçilərin ezamiyyə xərclərinin ödənilməsi üçün onların sərəncamlarında qalan vəsait hesabına bu sərəncamla müəyyən olunmuş normalardan əlavə vəsait ayıra bilərlər.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında hərbi qulluqçuların ezamiyyə xərcləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş normativlər əsasında ödənilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasında ezamiyyə qaydalarının bir ay müddətinə hazırlanıb təsdiq olunmasını təmin etsin.

5. «Ezamiyyə xərclərinin ödənilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 19 noyabr tarixli, 210 saylı sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

6. Bu sərəncam 1995-ci il aprelin 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 23 mart 1995-ci il.

№ 166.

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 mart 1995-ci il, № 55) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 aprel 1995-ci il, № 7, maddə 141) («LegalActs» LLC).

20 dekabr 1996-cı il tarixli, 456 nömrəli Sərəncama əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC