О применении Закона Азербайджанской Республики «О государственной дактилоскопической регистрации в Азербайджанской Республике»
Дата релиза: 13.04.2010
«Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
«Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində və 18-ci maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;- həmin Qanundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. «Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
2.1.1. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-5-ci bəndlərində və ikinci hissəsində nəzərdə tutulan hallarda — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.2. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 6-cı və 9-cu bəndlərində nəzərdə tutulan hallarda — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
2.1.3. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində nəzərdə tutulan hallarda:
2.1.3.1. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən şəxslərə münasibətdə — təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların tapşırığı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.3.2. məhkum olunmuş şəxslərə münasibətdə — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
2.1.3.3. inzibati qaydada həbs edilmiş şəxslərə münasibətdə — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.4. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 8-ci bəndində nəzərdə tutulan hallarda — öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
2.2. həmin Qanunun 1-ci maddəsinin 1-ci bəndində, 10-cu maddəsinin ikinci hissəsində (birinci halda) və üçüncü hissəsinin 3-cü bəndində, 11-ci maddəsinin ikinci və üçüncü hissələrində, 12-ci maddəsinin birinci abzasında və 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini bu Fərmanın 2.1-ci bəndində göstərilən dövlət orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
2.3. həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 14-cü maddəsinin birinci hissəsində (hər üç halda) və ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 iyul 2000-ci il
№ 374
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 iyul 2000-ci il, № 170) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2000-ci il, № 7, maddə 514) («LegalActs» LLC).
24 avqust 2002-ci il tarixli, 758 nömrəli; 13 aprel 2010-cu il tarixli, 248 nömərli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).
© LegalActs LLC