О мерах в области обеспечения прав и свобод человека и гражданина


Дата релиза: 03.03.2017

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
təmin edilməsi sahəsində tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Məlumdur ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı artıq on il davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız adi insan hüquqlarından məhrum edilmişdir. Vaxtilə ölkəmizdə insanların həyatını təhlükəyə məruz qoyan hərc-mərclik, qanunsuz silahlı birləşmələrin mövcudluğu, əhalidə qanunsuz silahların cəmləşməsi, terrorçuluq və mütəşəkkil cinayətkarlığın tüğyan etməsi insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasına gətirib çıxarmışdı. Bu vəziyyət Azərbaycan xalqını vətəndaş müharibəsi həddinə çatdırmış, milli dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Bu ağır sınaqlardan çıxmış Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək, bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olmuş, ATƏT-in Minsk qrupu çərçivəsində və digər beynəlxalq təşkilatlar xətti ilə ardıcıl və məqsədyönlü iş görür.

Artıq göstərilən ictimai-siyasi proseslərin ağır nəticələri, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılmış, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında baş vermiş dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alınmış, qanunsuz silahlı dəstələr, terrorçu, təxribatçı qruplar zərərsizləşdirilmiş, hərc-mərcliyə son qoyulmuş, geniş ordu quruculuğu işləri aparılaraq Vətənimizi təcavüzdən qorumağa qadir nizami ordu yaradılmışdır.

Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.

Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadi tənəzzül və inflyasiyanın qarşısı alınmış, iqtisadi inkişafda yeni mərhələnin möhkəm təməli qoyulmuşdur. Özəlləşdirmə proqramı, aqrar islahatları və torpaqların xüsusi mülkiyyətə verilməsi prosesi ardıcıl surətdə davam etdirilir. Azərbaycanda «açıq qapı» siyasətinin həyata keçirilməsi iqtisadiyyatımıza xarici investisiyaların həcminin artmasını və ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə bərabər xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradır.

Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.

Bu gün məqsəd ondan ibarətdir ki, hər bir şəxs insan hüquqlarının həyata keçirilməsində və qorunmasında öz məsuliyyətini dərk etsin.

Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin insan hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli ümumi bəyannaməsinin qəbul edilməsinin 50 illiyi astanasında ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi və insan hüquqlarını qorumaq sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin:

    • Qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutulsun;
    • Milli Məclisin nümayəndələri ATƏT-in və Avropa Şurasının Parlament Assambleyalarının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Birliyi Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak etsinlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini təbliğ etsinlər, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qıçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının bərpası üçün aparılan işi gücləndirsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, əlaqədar dövlət orqanları ilə birlikdə:

    • insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;
    • insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının, habelə insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirən digər qurumların yaradılmasına dair məsələni müzakirə edib bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə müvafiq təkliflər təqdim etsinlər;
    • qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;
    • insan hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun yaradılmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;
    • hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi üçün tədbirlər görsünlər;
    • insan hüquqlarının qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;
    • insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərin tam və səmərəli həyata keçirilməsi üçün müvafiq təşkilati və digər tədbirlərin görülməsini təmin etsinlər;
    • Avropa Komissiyası, Avropa Şurası, ATƏT-in insan hüquqlarına dair demokratik təsisatlar bürosu, Beynəlxalq Amnistiya, İnsan hüquqlarını müşahidə edən Helsinki Təşkilatı, habelə insan hüquqları sahəsində fəaliyyət göstərən müvafiq qurumlar və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində tədbirlər həyata keçirsinlər;
    • Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-dövlət hüquqi müdafiə təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılmasını və inkişaf etdirilməsini təmin etsinlər;
    • BMT-nin insan hüquqlarına dair ümumi bəyannaməsinin 50 illiyi münasibətilə yubiley tədbirlərinin keçirilməsi üzrə komissiyanın yaradılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;
    • BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə razılaşdırmaqla qadınların, uşaqların, milli azlıqların hüquqlarının müdafiəsinə və digər zəruri tədbirlərin həyata keçirilməsinə dair proqram layihəsini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər;
    • insan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə müvafiq tədqiqat və təhsil proqramlarının öyrənilməsi üçün mütəxəssislərin iştirakını təmin etsinlər.

3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırılsın ki, əlaqədar dövlət orqanları ilə birlikdə:

    • Azərbaycan Respublikasının BMT-nin 1990-cı il 18 dekabr tarixli «Bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında» Beynəlxalq Kovensiyasına, BMT-nin 1976-cı il 23 mart tarixli «Mülki və siyasi hüquqlar üzrə beynəlxalq paktı»nın birinci fakültativ protokoluna, BMT-nin 1989-cu il 15 dekabr tarixli «Mülki və siyasi hüquqlar üzrə beynəlxalq paktı»nın ikinci fakültativ protokoluna və insan hüquqları sahəsində mövcud olan digər beynəlxalq sazişlərə qoşulmasının mümkünlüyü məsələsini öyrənsin və iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə müvafiq təkliflər versin;
    • Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və onlara dəymiş zərərin ödənilməsi məqsədi ilə müvafiq beynəlxalq qurum və təşkilatlara müraciətlərin qəbul olunmasını təmin etsin;
    • respublikanın mərkəzi kitabxanalarını insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərlə və bu sahədə olan nəşrlərlə təmin etsin.

4. Azərbaycan Respublikasının Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, təhqiqat, istintaq və məhkəmə orqanları tərəfindən insan hüquqları sahəsində qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsini, insan hüquq və azadlıqlarının pozulması hallarının aradan qaldırılmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Prokurorluğuna tapşırılsın ki, azadlıqdan məhrum edilmiş və ibtidai istintaq zamanı həbsə alınmış şəxslərin saxlanılması şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirsinlər.

6. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, insan hüquqlarına dair beynəlxalq aktların öyrənilməsi məqsədilə respublikanın ali, orta ixtisas və orta məktəbləri üçün insan hüquq və azadlıqlarına dair dərsliklərin hazırlanmasını, olimpiadaların, müsabiqələrin keçirilməsini, insan hüquqlarının təbliğinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə tapşırılsın:

    • insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərin informasiya şəbəkələri və agentliklər vasitəsilə təbliğini və yayılmasını təmin etsin;
    • insan hüquqlarının müdafiəsinə dair ixtisaslaşmış qəzet, jurnal, kitabça və plakatların nəşrini, onların yayılmasını təmin etsin.

8. Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, insan hüquq və azadlıqlarına həsr olunmuş verilişlərin hazırlanmasını təmin etsin.

9. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 22 fevral 1998-ci il.

№ 678.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1998-ci il, № 2, maddə 92) («LegalActs»).

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 fevral 1998-ci il, № 43).

3 mart 2017-ci il tarixli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs