О статусе народного депутата Азербайджанской Республики


«Həyat» qəzetində dərc edilmişdir (09 avqust 1991-ci il, № 152) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (№ 15-16 (844-845) 31 avqust 1991-ci il № 253)

Дата релиза: 17.02.1993

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında

Azərbaycan Respublikası xalq deputatının
statusu haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında xalq dövlət hakimiyyətini azad surətdə seçdiyi xalq deputatlarının simasında Sovetlər vasitəsilə həyata keçirir. Seçki dairəsi əhalisinin səlahiyyətli və məsul nümayəndələri olan Azərbaycan Respublikasının xalq deputatları xalq özünüidarəsinin aparıcı qüvvəsi kimi çıxış edirlər. Seçicilərin ehtiyaclarına, xalq rifahına, demokratiyanın möhkəmləndirilməsinə, şəxsiyyətin, əhalinin ictimai qruplarının və bütövlükdə cəmiyyətin mənafeyinin uzlaşdırılmasına hər vasitə ilə qayğı göstərmək deputat fəaliyyətinin sarsılmaz prinsipidir.

Bu Qanunla Azərbaycan Respublikası xalq deputatları statusunun, onların başlıca səlahiyyətlərinin və deputatlıq fəaliyyəti təminatlarının, seçicilər qarşısında məsuliyyətinin ən mühüm hüquqi əsasları — səmərəli deputatlıq işinin zəruri şərtləri təsbit edilmişdir.

I. Ümumi müddəalar

Maddə 1. Azərbaycan Respublikası xalq deputatının statusu haqqında qanunvericilik

Azərbaycan Respublikası xalq deputatının statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 2. Azərbaycan Respublikası xalq deputatının səlahiyyət müddəti

Azərbaycan Respublikası xalq deputatının səlahiyyəti onun Azərbaycan Respublikası xalq deputatı seçildiyi gündən başlanır və yeni çağırış Azərbaycan Respublikası xalq deputatının seçildiyi gündə, yaxud bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda bitir.

Maddə 3. Azərbaycan Respublikası xalq deputatının deputat vəsiqəsi və döş nişanı

Azərbaycan Respublikasının xalq deputatı səlahiyyət müddəti ərzində deputat vəsiqəsindən və «Azərbaycan Respublikasının xalq deputatı» döş nişanından istifadə edir. Azərbaycan Respublikası xalq deputatının vəsiqəsi və döş nişanı haqqında əsasnamələri, onların nümunələrini və təsvirini Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyəti təsdiq edir.

Maddə 4. Azərbaycan Respublikası xalq deputatının fəaliyyətinin istehsalat və ya xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqələndirilməsi

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikasının Ali Sovetində, onun komissiyalarında, habelə seçicilər arasında deputatlıq fəaliyyətini həyata keçirmək üçün ona lazım olan müddətə istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmək ixtiyarına malikdir.

Azərbaycan Respublikası Ali Soveti daimi komissiyasının tərkibinə seçilmiş Azərbaycan Respublikasının xalq deputatı daimi komissiyanın təqdimatı ilə Ali Sovetin qəbul etdiyi qərarla komissiyanın müəyyən etdiyi müddət üçün köçürmə qaydasında istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilir.

Ali Sovetin daimi komissiyasında, habelə seçki dairəsində işləmək, Azərbaycan Respublikası Ali Sovetinin, onun orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün və başqa hallarda Azərbaycan Respublikası xalq deputatının istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilməsi qaydasını Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir.

Maddə 5. Azərbaycan Respublikası xalq deputatının seçicilərlə qarşılıqlı münasibətləri

Azərbaycan Respublikasının xalq deputatı seçicilər qarşısında məsuliyyət daşıyır və onlara hesabat verməlidir.

Azərbaycan Respublikasının xalq deputatı onu deputatlığa namizəd göstərmiş seçicilər, kollektivlər və ictimai təşkilatlarla, öz seçki dairəsinin ərazisində yerləşən başqa müəssisələrin, idarələrin, təşkilatların kollektivləri, habelə dövlət orqanları ilə və ictimai orqanlarla əlaqə saxlayır.

Respublikanın ali dövlət hakimiyyəti orqanlarında xalqın səlahiyyətli nümayəndəsi kimi Azərbaycan Respublikasının xalq deputatı öz statusundan vətəndaşların hüquqlarına və qanuni mənafeyinə təminat yaratmaq, onların şərəfini və ləyaqətini qorumaq üçün istifadə edir.

Seçicilər öz deputatlarına tapşırıqlar verirlər. Azərbaycan Respublikasının xalq deputatı seçicilərin tapşırıqlarının həyata keçməsinə çalışır.

Azərbaycan Respublikasının xalq deputatı seçicilərin etimadını doğrultmadıqda qanunla müəyyən edilmiş qaydada geri çağırıla bilər.

Maddə 6. Azərbaycan Respublikası xalq deputatının Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, aşağı Sovetlərin işində iştirakı

Azərbaycan Respublikasının xalq deputatı Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, yerli xalq deputatları Sovetlərinin və onların orqanlarının işində məşvərətçi səs hüququ ilə iştirak etmək ixtiyarına malikdir.

Maddə 7. Azərbaycan Respublikası xalq deputatlarının deputat qruplarında və deputat klublarında birləşmək hüququ

Azərbaycan Respublikası xalq deputatlarının könüllülük əsasında daimi və müvəqqəti deputat qruplarında, deputat klublarında birləşmək hüququ vardır.

Deputat qruplarının təşkili və fəaliyyət qaydası və onların hüquqları Azərbaycan Respublikası Ali Sovetinin Reqlamenti ilə, Azərbaycan Respublikasının deputatlıq fəaliyyəti məsələlərini tənzimləyən digər qanunları ilə müəyyən edilir.

Maddə 8. Deputat etikası

Azərbaycan Respublikasının xalq deputatı deputat etikası normalarını gözləməlidir. Xalq deputatının öz statusundan Azərbaycan Respublikasının, cəmiyyətin, vətəndaşların mənafeyi zərərinə istifadə etməsi yolverilməzdir.

Deputat etikasının pozulduğu halda Azərbaycan Respublikası Ali Sovetinin tapşırığı ilə Deputat etikası məsələləri daimi komissiyası xalq deputatının davranışı məsələsinə baxır, nəticəsi barədə Ali Sovetə məlumat verir.

Maddə 9. Azərbaycan Respublikası xalq deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi

Deputatın qanuna görə Azərbaycan Respublikası xalq deputatının səlahiyyətini yerinə yetirməsi ilə bir araya sığmayan vəzifəyə seçilməsi və ya təyin edilməsi ilə əlaqədar olaraq, yaxud deputat olan şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə əlaqədar olaraq, habelə Azərbaycan Respublikası xalq deputatının Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyi halda, Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası xalq deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilir.

Səlahiyyətini yerinə yetirməsinə mane olan səbəblərə görə, yaxud digər şəxsi səbəblərə görə səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi haqqında xalq deputatının şəxsi ərizəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası xalq deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilə bilər.

Azərbaycan Respublikası xalq deputatının seçicilər tərəfindən geri çağırılması nəticəsində də onun səlahiyyətinə vaxtından əvvəl xitam verilir.

II. Azərbaycan Respublikasının Ali Sovetində və onun orqanlarında Azərbaycan Respublikası xalq deputatının fəaliyyəti

Maddə 10. Azərbaycan Respublikası Ali Sovetinin işində Azərbaycan Respublikası xalq deputatının iştirakı

Azərbaycan Respublikası Ali Sovetinin iclaslarında Azərbaycan Respublikasının xalq deputatları Azərbaycan Respublikası Konstitusiyasına müvafiq surətdə Azərbaycan Respublikasının səlahiyyətinə aid olan bütün məsələləri kollektiv və sərbəst müzakirə əsasında nəzərdən keçirir və həll edirlər.

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında, Ali Sovetin seçilmiş olduğu orqanlarının iclaslarında olmalı, onların işində fəal iştirak etməlidir.

İclasa gəlməsi mümkün olmadıqda Azərbaycan Respublikasının xalq deputatı bu barədə Azərbaycan Respublikası Ali Sovetinin sədrinə və ya onun müavininə xəbər verir.

Maddə 11. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikası xalq deputatının hüquqları

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında nəzərdən keçirilən bütün məsələlər barəsində həlledici səs hüququna malikdir. Azərbaycan Respublikası xalq deputatının ixtiyarı var ki:

    • Azərbaycan Respublikası Ali Sovetinin orqanlarına seçsin və seçilsin;
    • Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı orqanların fərdi tərkibi və Azərbaycan Respublikası Ali Sovetinin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərin namizədlikləri barəsində fikrini bildirsin;
    • Azərbaycan Respublikasının Ali Sovetində baxılmaq üçün məsələlər təklif etsin;
    • Azərbaycan Respublikası Ali Soveti sessiyasının gündəliyi, məsələlərə baxılması qaydası və müzakirə edilən məsələlərin mahiyyəti barəsində təkliflərini və qeydlərini bildirsin;
    • Azərbaycan Respublikasının Ali Sovetinə hesabat verməli olan və ya onun nəzarəti altında olan hər hansı orqanın, yaxud vəzifəli şəxsin hesabatını və ya məlumatını Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında dinləmək haqqında təkliflər irəli sürsün;
    • Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Ali Sovetinin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərə etimad məsələsini qoysun;
    • qanunların dövlət orqanları və ictimai orqanlar, müəsissələr, idarələr və təşkilatlar tərəfindən icrasının yoxlanması zərurəti haqqında, Azərbaycan Respublikasının səlahiyyətinə aid olan hər hansı məsələ üzrə deputat təhqiqatı aparılması haqqında Azərbaycan Respublikasının Ali Sovetində və onun orqanlarında, başqa xalq deputatları sovetlərində təkliflər versin;
    • müzakirələrdə iştirak etsin, sorğularla müraciət etsin, məruzəçilərə, habelə iclasda sədrlik edənə suallar versin, cavablar tələb etsin və bunlara qiymət versin;
    • öz təkliflərini əsaslandırmaq üçün və səsvermə barəsində çıxış etsin, arayışlar versin;
    • qanunların, qərarların və Ali Sovetin digər qərarlarının layihələrinə düzəlişlər haqqında təkliflər versin;
    • dərc edilməzdən əvvəl öz çıxışlarının mətnləri ilə Azərbaycan Respublikası Ali Sovetinin və onun orqanlarının iclaslarının stenoqramlarında və protokollarında tanış olsun, habelə dərc edilməli olmayan çıxışların mətnlərini alsın;
    • vətəndaşların ictimai əhəmiyyətli müraciətlərini Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında elan etsin.

Müzakirələrdə çıxış etməyən Azərbaycan Respublikası xalq deputatının öz çıxışının mətnini, habelə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında müzakirə olunan məsələ barəsində yazılı ifadə edilmiş təkliflərini və qeydlərini sədrlik edənə vermək ixtiyarı vardır.

Çıxışın mətni iclasın stenoqramına daxil edilir və Azərbaycan Respublikası Ali Soveti sessiyasının stenoqrafik hesabatında dərc olunur.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında deputatların irəli sürdükləri təkliflərə və qeydlərə qanun layihələri işlənib tamamlanarkən və qəbul edilərkən baxılır və onlar nəzərə alınır. Bu təkliflər və qeydlər rədd edilərsə, müvafiq daimi komissiya deputata əsaslandırılmış cavab verir.

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin və ya onun orqanlarının qərarı ilə razılaşmadıqda özünün xüsusi rəyini iclasda ifadə etmək üçün üstün hüquqa malikdir.

Bu maddədə göstərilən hüquqların həyata keçirilməsi qaydası həmin Qanun, Azərbaycan Respublikası Ali Sovetinin Reqlamenti, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 12. Azərbaycan Respublikasının xalq deputatının qanunvericilik təşəbbüsü hüququ

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetində qanunvericilik təşəbbüsü hüququna malikdir; bu hüquq yeni qanun hazırlamaq, Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə Azərbaycan Respublikasının yeni qanunlarının layihələrini, qüvvədə olan qanunlarının dəyişdirilməsi haqqında qanun layihələrini təqdim etmək zərurəti barəsində məsələ qaldırılması formasında, habelə Azərbaycan Respublikasının qüvvədə olan qanunlarında dəyişikliklər edilməsinə dair təkliflər formasında həyata keçirilə bilər.

Maddə 13. Deputat sorğusu

Deputat sorğusu ictimai əhəmiyyəti olan məsələlər üzrə rəsmi izahat vermək, ya da rəy bildirmək üçün dövlət orqanlarına və vəzifəli şəxslərə sessiyada elan edilən deputat tələbidir.

Azərbaycan Respublikasının xalq deputatı və ya Azərbaycan Respublikası xalq deputatları qrupu Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarə orqanlarının qəbul etdikləri qərarların və başqa aktların pozulması faktları barəsində, habelə ümumdövlət əhəmiyyəti olan başqa məsələlər barəsində Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Ali Sovetinin sədrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Ali Sovetinin təşkil etdiyi və ya seçdiyi başqa orqanların rəhbərlərinə Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında sorğu ilə müraciət etmək hüququna malikdirlər.

Deputat sorğusu yazılı şəkildə verilir. Azərbaycan Respublikasının xalq deputatı və ya onun xahişi ilə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında sədrlik edən sorğunu oxuyur.

Sorğu hansı dövlət orqanına və ya vəzifəli şəxsə aiddirsə, onlar sorğu ilə əlaqədar rəsmi cavab verməlidirlər. Sorğuya yazılı cavab ən geci üç gün müddətində və ya Azərbaycan Respublikası Ali Sovetinin müəyyən etdiyi başqa müddətdə verilir və Azərbaycan Respublikası Ali Sovetinin həmin sessiyasında oxunur.

Azərbaycan Respublikası xalq deputatının ixtiyarı var ki, vəzifəli şəxsin sorğuya cavabına qiymət versin. Sorğu ilə əlaqədar müzakirənin nəticələri üzrə qərar qəbul edilir.

Sorğu, ona verilən cavab, sorğuya baxılmasının nəticələri üzrə Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərar dərc olunur.

Maddə 14. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikası xalq deputatlarının irəli sürdükləri təkliflərə və qeydlərə baxılması qaydası

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikası xalq deputatlarının irəli sürdükləri və ya sədrlik edənə yazılı şəkildə verdikləri təklifləri və qeydləri Azərbaycan Respublikasının Ali Soveti və ya onun daimi komissiyaları nəzərdən keçirir, yaxud baxılmaq üçün müvafiq dövlət orqanlarına, ictimai orqanlara və vəzifəli şəxslərə göndərirlər.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında deputatların irəli sürdükləri təkliflərin və qeydlərin göndərildiyi dövlət orqanları və ictimai orqanlar, habelə vəzifəli şəxslər onlara ən geci bir ay müddətində baxmalı və nəticələr barəsində Azərbaycan Respublikasının Ali Sovetinə və ya onun müvafiq daimi komissiyasına, habelə bilavasitə deputata məlumat verməlidirlər.

Xalq deputatlarının təkliflərinə və qeydlərinə baxılmasına və onların həyata keçirilməsinə Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları nəzarət edirlər.

Maddə 15. Azərbaycan Respublikası Ali Soveti orqanlarının işində Azərbaycan Respublikası xalq deputatının fəaliyyəti

Azərbaycan Respublikası Ali Soveti orqanlarının tərkibinə daxil olan xalq deputatının ixtiyarı var ki, istənilən məsələləri və təklifləri həmin orqanların müzakirəsinə versin, onların müzakirəyə hazırlanmasında, müzakirəsində və onlar barədə qərarlar qəbul olunmasında iştirak etsin.

Tərkibinə daxil olduğu Ali Sovet orqanının qərarı ilə razılaşmadıqda xalq deputatının ixtiyarı var ki, öz rəyini Ali Sovetin sessiyasında şərh etsin və ya sədrlik edənə onun barəsində yazılı məlumat versin.

Ali Sovetin orqanlarının tərkibinə daxil olan xalq deputatı onların işində həlledici səs hüququ ilə iştirak edir.

Ali Sovetin daimi komissiyasının tərkibinə daxil olmayan xalq deputatı onun iclaslarında iştirak etmək, təkliflər vermək, nəzərdən keçirilən məsələlərin müzakirəsində və qərarlar qəbul olunmasında məşvərətçi səs hüququ ilə iştirak etmək ixtiyarına malikdir.

Xalq deputatının Ali Sovetdə təşkil olunan daimi və müvəqqəti deputat qruplarına daxil olmağa və onların tərkibindən sərbəst surətdə çıxmağa ixtiyarı var.

Maddə 16. Azərbaycan Respublikası Ali Sovetinin və onun orqanlarının tapşırıqlarının yerinə yetirilməsində Azərbaycan Respublikası xalq deputatının iştirakı

Azərbaycan Respublikası Ali Sovetinin və ya onun orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının xalq deputatı dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr, təşkilatlar və vəzifəli şəxslər tərəfindən qanunların icrasının yoxlanılmasında iştirak edir. Xalq deputatı yoxlamaların nəticələri haqqında Azərbaycan Respublikasının Ali Sovetinə və ya onun orqanlarına məlumat verir. Zərurət olduqda, aşkara çıxarılmış qüsurların aradan qaldırılması, qanunsuz qərarların ləğv edilməsi, qanunun pozulmasına, Azərbaycan Respublikası Ali Sovetinin qərarlarının yerinə yetirilməməsinə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması haqqında təkliflər verir.

Maddə 17. Deputat təhqiqatı

Azərbaycan Respublikasının Ali Soveti öz orqanlarının və ya Azərbaycan Respublikası xalq deputatlarının azı 30 nəfərdən ibarət qrupunun təşəbbüsü ilə deputat təhqiqatı təyin olunması barədə qərar qəbul edə bilər.

Bütün dövlət orqanları və vəzifəli şəxslər deputat təhqiqatının aparılmasına lazımi kömək göstərməli, təhqiqat aparan Azərbaycan Respublikası xalq deputatının və ya deputat komissiyasının tələbi ilə məsələnin obyektiv öyrənilməsi üçün maneəsiz olaraq məlumat və sənədlər təqdim etməlidirlər. Deputat təhqiqatı aparan deputatlara izahat verməkdən boyun qaçırmağa heç kəsin ixtiyarı yoxdur.

Deputat təhqiqatının nəticələri Azərbaycan Respublikası Ali Sovetinin və ya onun orqanlarının nəzərinə çatdırılır.

III. Azərbaycan Respublikası xalq deputatının seçki dairəsində fəaliyyəti

Maddə 18. Azərbaycan Respublikası xalq deputatının seçki dairəsində işlə əlaqədar səlahiyyəti

Seçki dairəsində öz səlahiyyətini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası xalq deputatının hüququ var ki:

    • seçicilərin mənafelərinə aid hər hansı məsələnin dövlət hakimiyyəti və idarə orqanlarında, müvafiq ictimai təşkilatların orqanlarında müzakirə olunmasında iştirak etsin;
    • Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali Sovetinin və onun orqanlarının qərarlarının icrasının təşkilində və icrasına nəzarətdə iştirak etsin;
    • qanunların, habelə vətəndaşların, müəssisə, idarə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin pozulması, süründürməçilik və bürokratizm təzahürü haqqında vətəndaşların müraciətlərindən ona məlum olan məlumatları öz təşəbbüsü ilə yoxlasın, lazım olduqda dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələrini bu işə cəlb etsin;
    • dövlət orqanlarına və ictimai orqanlara, müəssisə, idarə və təşkilatlara göndərdiyi təklif, ərizə və şikayətlərə baxılmasına nəzarət etsin, bunlara baxılmasında şəxsən iştirak etsin. Dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri deputatın nəzarət fəaliyyətində ona kömək göstərməlidirlər;
    • dairə seçicilərinin yığıncaqlarını və ya konfranslarını, əmək kollektivləri və ictimai təşkilatların yerli orqanları ilə görüşlər keçirsin;
    • xalq deputatlarının, seçicilərin müxtəlif birliklərinin, ictimai ərazi özünüidarə orqanlarının işində, əmək kollektivlərinin, yaşayış yerlərində vətəndaşların və qoşun hissələrində hərbi qulluqçuların yığıncaqlarının işində iştirak etsin.

Maddə 19. Vətəndaşların təklif, ərizə və şikayətlərinə Azərbaycan Respublikasının xalq deputatı tərəfindən baxılması

Azərbaycan Respublikasının xalq deputatı ona göndərilmiş təklif, ərizə və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxır, bunların düzgün və vaxtında həll edilməsi üçün tədbirlər görür; vətəndaşları qəbul edir, ictimai rəyi öyrənir, müvafiq xalq deputatları Sovetlərinə, zərurət olduqda isə Azərbaycan Respublikası Ali Sovetinə, digər dövlət orqanlarına və ictimai orqanlara təkliflər verir.

Azərbaycan Respublikasının xalq deputatı seçiciləri qəbul edərkən onun xahişi ilə dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri qəbulda iştirak edirlər.

Maddə 20. Azərbaycan Respublikası xalq deputatının seçicilər qarşısında hesabatı

Azərbaycan Respublikasının xalq deputatı öz işi haqqında, seçkiqabağı proqramının yerinə yetirilməsi və tapşırıqların həyata keçirilməsi gedişi haqqında ildə azı bir dəfə dairənin seçiciləri qarşısında, habelə onu deputatlığa namizəd göstərmiş kollektivlər və ictimai təşkilatlar qarşısında hesabat verməlidir.

Azərbaycan Respublikası xalq deputatının hesabatı seçicilərin azı 250 nəfərdən ibarət qrupunun tələbi ilə də keçirilə bilər.

Yerli hakimiyyət orqanları, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri Azərbaycan Respublikası xalq deputatlarının hesabatlarının işıqlandırılmasını təmin edirlər.

Maddə 21. Azərbaycan Respublikası xalq deputatının hesabatlar və seçicilərlə görüşlər keçirməsində ona kömək göstərilməsi

Azərbaycan Respublikası xalq deputatının hesabatlar və dairənin seçiciləri ilə görüşlər keçirməsi üçün lazımi şərait təmin edilir. Onun xahişi ilə müvafiq yerli xalq deputatları Sovetinin rəyasət Heyəti və ya icraiyyə komitəsi, yaxud ictimai təşkilatın yerli orqanları, müəssisələrin, idarələrin, təşkilatların müdiriyyəti bina ayırır, deputatın hesabatının, seçicilərlə görüşlərinin keçirilmə vaxtı və yeri haqqında vətəndaşlara məlumat verir, deputatın dəvəti ilə öz nümayəndələrini görüşlərdə iştirak etməyə göndərir, başqa yardım göstərirlər.

Azərbaycan Respublikası xalq deputatının xahişi ilə dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr, təşkilatlar hesabat və çıxışlar üçün ona lazımi arayış və informasiya materialları verirlər.

IV. Seçicilərin tapşırıqları ilə əlaqədar işin təşkili

Maddə 22. Azərbaycan Respublikasının xalq deputatına verilən tapşırıqlar

Azərbaycan Respublikasının xalq deputatına verilən tapşırıqlar dairə seçicilərinin yığıncaqlarında və ya konfranslarında görüşlər zamanı xalq deputatlığına namizədin qəbul etdiyi tapşırıqlardan ibarətdir.

Yalnız o tapşırıqlar xalq deputatlarına verilmiş tapşırıqlar kimi nəzərdən keçirilir ki, onların həyata keçirilməsi respublikanın dövlət və ya ictimai orqanlarının səlahiyyətinə aiddir.

Maddə 23. Tapşırıqların ümumiləşdirilməsi və nəzərdən keçirilməsi

Seçicilərin tapşırıqları Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyəti, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ümumiləşdirilir və Azərbaycan Respublikasının Ali Sovetinə təqdim edilir.

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyalarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, respublikanın digər dövlət və ictimai orqanlarına göstəriş verə bilər ki, tapşırıqları qabaqcadan nəzərdən keçirsinlər və onlara dair müvafiq təkliflər hazırlasınlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının rəylərini nəzərə almaqla tapşırıqların yerinə yetirilməsi üçün ümumi tədbirlər planını Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verir.

Azərbaycan Respublikasının Ali Soveti ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinin məqsədəuyğun və ya mümkün olmadığı barədə qərar qəbul etdikdə Azərbaycan Respublikasının xalq deputatı həmin tapşırıqların əlavə öyrənilməsi məsələsini qaldırmaq və onları təkrar müzakirəyə vermək ixtiyarına malikdir.

İqtisadi və sosial inkişafa dair dövlət planları hazırlanarkən və Azərbaycan Respublikasının dövlət büdcəsi tərtib olunarkən tapşırıqlar nəzərə alınır. Onların həyata keçirilməsi üçün görüləsi tədbirlər planlarda və büdcədə xüsusi bölmədə göstərilir.

Maddə 24. Seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkili

Azərbaycan Respublikası Ali Sovetinin icra üçün qəbul etdiyi tapşırıqların yerinə yetirilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət orqanları və ictimai orqanlar təmin edirlər.

Seçicilərin tapşırıqlarının yerinə yetirilməsinə Azərbaycan Respublikasının Ali Soveti, onun daimi komissiyaları, Azərbaycan Respublikasının xalq deputatları nəzarət edirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət orqanları və ictimai orqanlar tapşırıqlar üzrə qərarların yerinə yetirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə ildə azı bir dəfə məlumat verirlər.

Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları tapşırıqlar üzrə tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar məsələləri nəzərdən keçirir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, digər dövlət orqanlarının rəhbərlərinin və vəzifəli şəxslərin məlumatını dinləyirlər.

Deputat seçilməmiş namizədlərə verilmiş tapşırıqlarda irəli sürülən təkliflərə, habelə seçkiqabağı yığıncaqlarda irəli sürülmüş və respublika orqanlarının, yerli orqanların səlahiyyətinə aid olan təkliflərə baxılmasını və onların həyata keçirilməsini müvafiq respublika orqanları, yerli xalq deputatları Sovetləri təşkil edirlər. Respublika orqanları, yerli xalq deputatları Sovetlərinin rəyasət heyətləri həmin təkliflərə baxılmasının və onların həyata keçirilməsinin nəticələri haqqında bilavasitə seçicilərə məlumat verirlər.

Maddə 25. Azərbaycan Respublikası xalq deputatının seçicilərin tapşırıqları ilə əlaqədar işdə iştirakı

Azərbaycan Respublikasının xalq deputatı tapşırıqların ümumiləşdirilməsində onların həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasında və müzakirəsində iştirak edir, tədbirlərin icrasına nəzarət edir, tapşırıqların yerinə yetirilməsi gedişi haqqında seçicilərə məlumat verir.

Xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin və ya onun orqanlarının tapşırığı ilə, habelə öz təşəbbüsü ilə tapşırıqların icrasını yoxlayır, zərurət olduqda mütəxəssisləri də bu işə cəlb edir. Xalq deputatı yoxlamaların nəticələri haqqında Azərbaycan Respublikasının Ali Sovetinə və ya onun orqanlarına, habelə seçicilərə məlumat verir.

Maddə 26. Tapşırıqlarla əlaqədar işdə aşkarlıq

Tapşırıqlar üzrə Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərarlar dərc edilməlidir.

Kütləvi informasiya vasitələri seçicilərin tapşırıqlarının yerinə yetirilməsi gedişini işıqlandırırlar.

V. Deputatlıq fəaliyyəti üçün əsas təminatlar

Maddə 27. Qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi üçün təminatlar

Azərbaycan Respublikası xalq deputatının qanunvericilik təşəbbüsü hüququ aşağıdakılarla təmin edilir:

qanunvericilik təşəbbüsü qaydasında irəli sürülmüş təklifin Azərbaycan Respublikası Ali Sovetinin iclasında hökmən müzakirə olunması və aşağıdakı qərarlardan birinin qəbul edilməsi: qanun qəbul edilməsi; yeni qanun layihəsinin hazırlanmasına başlanması haqqında qərar qəbul edilməsi; təklif edilmiş qanun layihəsinin işlənib tamamlanmaq üçün müvafiq daimi komissiyalara göndərilməsi; qanunvericilik təşəbbüsünün rədd edilməsinin əsaslandırılması; Azərbaycan Respublikası xalq deputatının irəli sürdüyü təkliflərin, habelə qanuna aid bütün düzəlişlərin mütləq səsə qoyulması.

Maddə 28. Azərbaycan Respublikası xalq deputatının vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul olunmaq hüququ

Deputatlıq fəaliyyəti məsələləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının xalq deputatı rəhbər işçilər və digər vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul olunmaq hüququna, habelə deputat vəsiqəsini göstərməklə bütün dövlət orqanlarına və ictimai orqanlara, müəssisələrə, idarələrə, təşkilatlara maneəsiz buraxılmaq hüququna malikdir.

Maddə 29. Azərbaycan Respublikası xalq deputatının müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin borcu

Azərbaycan Respublikasının xalq deputatı deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində bütün dövlət orqanlarına və ictimai orqanlara, müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə müraciət etmək və qaldırılmış məsələlərə baxılmasında iştirak etmək ixtiyarına malikdir; onlar deputatın müraciətinə təxirə salmadan, müvafiq məsələni əlavə öyrənmək və ya yoxlamaq lazım gəldikdə isə bir aydan gec olmayaraq cavab verməlidirlər.

Xalq deputatları Sovetlərinin və onların orqanlarının, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, Nazirlər Kabinetlərinin səlahiyyətinə daxil olan məsələlər ilə əlaqədar Azərbaycan Respublikası xalq deputatının müraciətlərinə həmin orqanlar tərəfindən baxılmalıdır. Məsələlərə baxılacağı gün barəsində deputata qabaqcadan məlumat verilməlidir.

Maddə 30. Azərbaycan Respublikası xalq deputatının qanunçuluğun pozulması halının aradan qaldırılmasını tələb etmək hüququ

Dövlət hakimiyyətinin nümayəndəsi kimi Azərbaycan Respublikası xalq deputatının yerlərdə pozuntunun dayandırılmasını tələb etməyə, zəruri hallarda isə qanunun, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin pozulması hallarına son qoymaq barəsində müvafiq orqanlara və vəzifəli şəxslərə tələblə müraciət etməyə ixtiyarı vardır.

Azərbaycan Respublikası xalq deputatının tələblə müraciət etdiyi dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri pozuntunun aradan qaldırılması üçün, zərurət olduqda isə müqəssirlərin məsuliyyətə cəlb olunması üçün dərhal tədbirlər görməli, sonra da bu barədə deputata məlumat verməlidirlər.

Maddə 31. Azərbaycan Respublikası xalq deputatının məlumat almaq və yaymaq hüququ

Azərbaycan Respublikası Ali Sovetinin Katibliyi Azərbaycan Respublikasının xalq deputatını Azərbaycan Respublikası Ali Sovetinin sənədləri ilə, habelə hökumət və digər dövlət orqanları və ictimai orqanlar tərəfindən rəsmən yayılan məlumat və sorğu materialları ilə təmin edir.

Azərbaycan Respublikasının xalq deputatı müraciət etdikdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Rəyasət heyəti, yerli xalq deputatları sovetlərinin rəyasət heyətləri və icraiyyə komitələri, digər dövlət orqanları və ictimai orqanlar, habelə vəzifəli şəxslər deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində ona mütəxəssislərin məsləhətlər verməsini təmin etməli, təxirə salmadan lazımi məlumat verməlidirlər.

Deputatlıq fəaliyyətinin təmin olunması üçün Azərbaycan Respublikası xalq deputatının seçki dairəsinin ərazisində yerləşən müəssisələrin və təşkilatların surətçıxarma-çoxaltma və hesablama texnikasından istifadə etmək hüququ vardır.

Azərbaycan Respublikasının xalq deputatı özünün deputatlıq fəaliyyəti məsələləri barəsində mətbuat orqanlarında, televiziya və radio ilə çıxış etməkdə üstün hüquqa malikdir. Deputatın təqdim etdiyi materialların onun razılığı olmadan redaktə edilməsinə yol verilmir.

Maddə 32. Azərbaycan Respublikasının xalq deputatına hüquqi kömək göstərilməsi

Xalq deputatları sovetlərinin rəyasət heyətləri, onların icra və sərəncam orqanları, müəssisələrin, təşkilatların, elmi hüquq idarələrinin, tədris müəssisələrinin müdiriyyəti, hüquq mühafizə orqanları Azərbaycan Respublikası xalq deputatının deputatlıq fəaliyyətində qarşıya çıxan hüquqi məsələlərdə ona yardım göstərirlər.

Maddə 33. Azərbaycan Respublikası xalq deputatının şərəfinin, ləyaqətinin və şəxsiyyətinin qorunması

Deputatlıq vəzifələrinin icrasına mane olmaq, yaxud kiminsə xeyrinə qərar qəbul edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikasının xalq deputatına və ya onun yaxın qohumlarına hər hansı şəkildə təsir göstərilməsi, habelə xalq deputatının təhqir edilməsi, ona böhtan atılması Azərbaycan Respublikası qanunvericiliyinə uyğun surətdə inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə səbəb olur.

Maddə 34. Azərbaycan Respublikası xalq deputatının toxunulmazlığı

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməz, həbs edilə bilməz və ya məhkəmə qaydasında tətbiq edilən inzibati tənbeh tədbirlərinə məruz qoyula bilməz.

Cinayət məsuliyyətinə cəlb olunaraq məhkəməyə verilmiş şəxs, cinayət işi məhkəmədə olduğu müddətdə respublikanın xalq deputatı seçilərsə, Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan onun barəsində cinayət işinə baxıla bilməz və həmin şəxs barəsində cinayət məsuliyyətinə cəlb etməyə razılıq məsələsi 35-ci maddədə nəzərdə tutulmuş qaydada həll edilməlidir.

Azərbaycan Respublikasının xalq deputatı barəsində cinayət işi yalnız Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən qaldırıla bilər.

Xalq deputatının məcburi qaydada gətirilməsinə, saxlanılmasına, yaxud onun azadlığının hər hansı formada məhdudlaşdırılmasına, eləcə də şəxsi əşyasının, baqajının, nəqliyyatının, yaşayış və ya xidmət sahəsinin yoxlanılmasına, götürülməsinə və zəbt edilməsinə yol verilmir.

Azərbaycan Respublikasının xalq deputatı deputat səlahiyyətinin icrası dövründə qanunun pozulmasına yol verməsi barədə ona qarşı irəli sürülmüş ittihama görə səlahiyyət müddəti qurtardıqdan sonra məsuliyyətə yalnız Azərbaycan Respublikasının xalq deputatı barəsində qanunla nəzərdə tutulmuş qaydada cəlb edilə bilər.

Maddə 35. Azərbaycan Respublikasının xalq deputatını məsuliyyətə cəlb etmək üçün razılıq alınması qaydası

Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan Respublikasının xalq deputatını cinayət məsuliyyətinə cəlb etməyə, həbs etməyə və ya məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq etməyə Azərbaycan Respublikası Ali Sovetinin razılığını almaq üçün deputata qarşı ittiham irəli sürməzdən, onu həbsə almaqdan ötrü sanksiya verməzdən və ya inzibati hüquq pozuntusu haqqında işi məhkəməyə göndərməzdən əvvəl Azərbaycan Respublikasının Ali Sovetinə təqdimat verir.

Azərbaycan Respublikasının Ali Soveti təqdimata bir aydan gec olmayaraq baxır.

Zərurət olduqda Azərbaycan Respublikasının Baş prokurorundan əlavə materiallar tələb edilə bilər. Barəsində təqdimat verilmiş Azərbaycan Respublikası xalq deputatının məsələyə baxılmasında iştirak etməyə ixtiyarı vardır. Azərbaycan Respublikasının Ali Soveti əsaslandırılmış qərar qəbul edir və onun barəsində üç gün müddətində Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verir.

Əsaslar olduqda Azərbaycan Respublikasının Ali Soveti öz qərarını dəyişdirə bilər.

İş üzrə icraatın qurtardığı gündən sonra üç gün ərzində Azərbaycan Respublikasının Baş prokuroru istintaqın və ya işə baxılmasının nəticələri haqqında Azərbaycan Respublikasının Ali Sovetinə məlumat verməlidir.

Maddə 36. Azərbaycan Respublikası xalq deputatının əmək hüquqları, nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olan Azərbaycan Respublikası xalq deputatının huquqları üçün təminatlar

Azərbaycan Respublikasının xalq deputatı öz səlahiyyəti dövründə, habelə səlahiyyəti qurtardıqdan sonra iki il ərzində Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan müəssisədə, idarədə və ya təşkilatda işdən azad edilə bilməz, kolxozdan, başqa kooperativdən, tədris müəssisəsindən xaric edilə bilməz və ya intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.

Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olan Azərbaycan Respublikasının xalq deputatı öz razılığı olmadan müdiriyyətin və ya komandanlığın təşəbbüsü ilə xidmətdən azad edilə bilməz, vəzifəsi, rütbəsi aşağı salına bilməz, habelə onun iş yeri dəyişdirilə bilməz. Ona növbəti zabitlik rütbəsi və ya tutduğu vəzifəyə görə zabitlik rütbəsinə bərabər xüsusi rütbə verilməsi ləngidilə bilməz.

Deputat səlahiyyətini həyata keçirmək üçün istehsalat və ya xidmət vəzifələrindən azad edilmiş Azərbaycan Respublikasının xalq deputatına bu müddət qurtardıqdan sonra həmin müəssisədə, idarədə, təşkilatda əvvəlki iş (vəzifə), belə iş olmadıqda isə onun razılığı ilə başqa müəssisədə, idarədə, təşkilatda əvvəlkinə bərabər başqa iş (vəzifə) verilir.

Fəaliyyəti nizamnamələr və əsasnamələrlə tənzimlənən hərbi qulluqçular və digər qulluqçular sırasından olan, xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmiş Azərbaycan Respublikasının xalq deputatı həqiqi hərbi və ya digər xidmət yeri saxlanmaqla Azərbaycan Respublikasının Ali Sovetinə ezam edilir, Azərbaycan Respublikası Ali Sovetinin orqanlarında maaşlı iş müddəti qurtardıqdan sonra isə öz razılığı ilə əvvəllər tutduğu vəzifədə, ona bərabər və ya daha yüksək vəzifədə xidməti davam etdirmək üçün müvafiq nazirliklərin və baş idarələrin sərəncamına göndərilir.

Azərbaycan Respublikası xalq deputatının səlahiyyət müddəti ümumi və fasiləsiz iş, xidmət stajına, əvvəlki ixtisas üzrə iş stajına daxil edilir.

Azərbaycan Respublikası xalq deputatının tutduğu vəzifəyə təyin edilmək qaydasında işə götürülmüş işçi ilə müddətli əmək müqaviləsi bağlanır, deputat əvvəlki işinə qayıtdıqda bu müqavilə ləğv edilir.

Maddə 37. Azərbaycan Respublikası xalq deputatının öz səlahiyyətini həyata keçirməsi üçün maddi-maliyyə şəraitinin təmin edilməsi

Azərbaycan Respublikası xalq deputatının deputatlıq fəaliyyəti ilə əlaqədar xərcləri Azərbaycan Respublikası Ali Sovetinin müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

İstehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmiş və Azərbaycan Respublikasının Ali Sovetinə, yaxud onun orqanlarına işə keçirilmiş Azərbaycan Respublikasının xalq deputatına deputatlıq vəzifələrini yerinə yetirdiyi müddət üçün Azərbaycan Respublikası Ali Sovetinin müəyyən etdiyi məbləğdə əmək haqqı verilir.

Yerli xalq deputatları sovetlərinin rəyasət heyətləri, icraiyyə komitələri Azərbaycan Respublikasının xalq deputatına deputatlıq səlahiyyətini həyata keçirmək üçün avadanlıqla, rabitə vasitələri ilə təchiz edilmiş ayrıca otaq verirlər. Azərbaycan Respublikası xalq deputatının mehmanxanalarda növbədənkənar yer almağa hüququ vardır.

Maddə 38. Azərbaycan Respublikası xalq deputatının pulsuz gediş-gəliş hüququ

Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının xalq deputatı bütün daxili dəmir yolu, hava, avtomobil, su yollarında, şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə növbədənkənar gediş-gəliş sənədləri əldə etmək hüququndan istifadə edir. Bu. hüquqlar birinci qrup əlil olan Azərbaycan Respublikası xalq deputatını müşayiət edən şəxsə də şamil edilir. Yerli xalq deputatları Sovetləri, müəssisələr, idarələr, təşkilatlar Azərbaycan Respublikasının xalq deputatına deputatlıq vəzifələrini yerinə yetirərkən gediş-gəliş üçün nəqliyyat vasitəsi verməlidirlər.

Maddə 39. Azərbaycan Respublikası xalq deputatlarının məzuniyyətləri

Azərbaycan Respublikasının xalq deputatına hər il 36 iş günü müddətində ödənişli məzuniyyət verilir; qanunvericilikdə daha uzunmüddətli məzuniyyətin nəzərdə tutulduğu hallar da vardır. Məzuniyyətin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir.

Maddə 40. Azərbaycan Respublikasının xalq deputatına xidməti mənzil sahəsi verilməsi

Azərbaycan Respublikası Ali Soveti daimi komissiyasının tərkibinə və ya onun digər orqanlarına seçilmiş və bununla əlaqədar olaraq istehsalat, yaxud xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmiş, Bakıda daimi yaşayış yeri olmayan Azərbaycan Respublikasının xalq deputatına ailə üzvləri ilə birlikdə yaşamaq üçün müvəqqəti xidməti mənzil sahəsi verilir.

Deputatın və onun ailə üzvlərinin daimi yaşayış yerində tutduqları mənzil sahəsi bu dövrdə saxlanılır.

Maddə 41. Azərbaycan Respublikası xalq deputatının köməkçiləri haqqında

Azərbaycan Respublikası xalq deputatının deputatlıq səlahiyyətini həyata keçirməsində ona təşkilati-texniki yardım və elmi-məsləhət yardımı göstərilməsi üçün müəssisələrin, idarələrin, təşkilatların ştatında olan və ya deputatın xahişi ilə yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin ştatlarına daxil edilən köməkçi-katiblər saxlamaq hüququ vardır.

Azərbaycan Respublikası xalq deputatının ictimai əsaslarla işləyən köməkçiləri də ola bilər.

Köməkçilərin iş şərtləri və qaydası əmək qanunvericiliyi və Azərbaycan Respublikası xalq deputatının köməkçiləri haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

Maddə 42. Deputatlıq səlahiyyətinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi

Bu Qanunla nəzərdə tutulmuş xərclər, o cümlədən Azərbaycan Respublikası xalq deputatı səlahiyyətinin yerinə yetirilməsi ilə əlaqədar müəssisələrin, idarələrin, təşkilatların, habelə yerli xalq deputatları Sovetlərinin çəkdikləri xərclər Azərbaycan Respublikası Ali Sovetinin büdcəsi hesabına ödənilir.

Maddə 43. Bu Qanunun tələblərini yerinə yetirməmək üstündə vəzifəli şəxslərin məsuliyyəti

Azərbaycan Respublikası xalq deputatının öz səlahiyyətini maneəsiz və səmərəli həyata keçirməsi üçün Azərbaycan Respublikası şərait təmin edir, onun hüquqlarını, şərəfini və ləyaqətini qoruyur.

Dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların xalq deputatı qarşısında öz vəzifələrini yerinə yetirməyən, onun işinə mane olan, ona qəsdən yanlış məlumat verən, deputatlıq fəaliyyəti üçün təminatları pozan vəzifəli şəxsləri qanuna müvafiq surətdə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 27 iyun 1991-ci il.

№ 149-XII.

«Həyat» qəzetində dərc edilmişdir (09 avqust 1991-ci il, № 152) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (№ 15-16 (844-845) 31 avqust 1991-ci il № 253) («LegalActs» LLC).

17 fevral 1993-ci il tarixli, 511 nömrəli Qanuna əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).

© LegalActs LLC