О статусе депутата местного Совета народных депутатов Азербайджанской Республики


«Həyat» qəzetində dərc edilmişdir (10 avqust 1991-ci il, № 153).

Дата релиза: 27.06.1991

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında

Azərbaycan Respublikası
yerli xalq deputatları Soveti deputatının
statusu haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında xalq dövlət hakimiyyətini azad surətdə seçdiyi deputatların simasında xalq deputatları Sovetləri vasitəsilə həyata keçirir. Seçki dairəsinin bütün əhalisinin səlahiyyətli və məsul nümayəndələri olan deputatlar xalq özünüidarəsinin aparıcı qüvvəsi kimi çıxış edirlər. Əhalinin ehtiyaclarına, xalq rifahına, demokratiyanın möhkəmləndirilməsinə hər vasitə ilə qayğı göstərilməsi deputat fəaliyyətinin sarsılmaz prinsipidir.

I. Ümümi müddəalar

Maddə 1. Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında qanunvericilik

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 2. Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının səlahiyyət müddəti

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının səlahiyyəti onun müvafiq Sovetin deputatı seçildiyi gündən başlanır və yeni çağırış yerli xalq deputatları Soveti deputatlarının seçildiyi gündə, yaxud bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda bitir.

Maddə 3. Deputatın deputat vəsiqəsi və döş nişanı

Deputat səlahiyyəti müddəti ərzində deputat vəsiqəsindən və deputatın döş nişanından istifadə edir. Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının vəsiqəsi və döş nişanı haqqında əsasnamələri, onların nümunələrini və təsvirini Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyəti təsdiq edir.

Maddə 4. Deputatlıq fəaliyyətinin istehsalat və ya xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqələndirilməsi

Deputat özünün deputatlıq səlahiyyətini həyata keçirmək üçün lazım olan müddətdə istehsalat və ya xidmət vəzifələrini yetirməkdən azad edilmək ixtiyarına malikdir.

Sovetin rəyasət heyətinin, daimi komissiyasının tərkibinə daxil olan deputat Sovetin rəyasət heyətinin və ya daimi komissiyasının təqdimatına əsasən Sovetin qəbul etdiyi qərarla həmin orqanların müəyyən etdikləri müddət üçün köçürmə qaydasında istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilir.

Sovetdə, daimi komissiyada, seçki dairəsində işləmək, Sovetin, onun orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün və başqa hallarda deputatın istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilməsi qaydasını Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir.

Maddə 5. Deputatın seçicilərlə qarşılıqlı münasibətləri

Deputat əz dairəsinin seçiciləri ilə əlaqə saxlayır, seçicilər qarşısında məsuliyyət daşıyır və onlara hesabat verməlidir.

Deputat onu deputatlığa namizəd göstərmiş kollektivlər və ictimai təşkilatlarla, öz seçki dairəsinin ərazisində yerləşən başqa müəssisələrin, idarələrin, təşkilatların kollektivləri ilə, habelə dövlət orqanları və ictimai orqanlarla əlaqə saxlayır.

Yerli dövlət hakimiyyəti orqanlarında xalqın səlahiyyətli nümayəndəsi kimi deputat öz statusundan vətəndaşların hüquqlarına və qanuni mənafeyinə təminat yaratmaq, onların şərəfini və ləyaqətini qorumaq üçün istifadə edir.

Seçicilər öz deputatlarına tapşırıqlar verirlər. Deputat seçicilərin tapşırıqlarının həyata keçməsinə çalışır.

Seçicilərin etimadını doğrultmayan deputat qanunla müəyyən edilmiş qaydada geri çağırıla bilər.

Maddə 6. Aşağı Sovetlərin işində deputatın iştirakı

Deputat aşağı yerli xalq deputatları Sovetlərinin və onların orqanlarının işində özünün seçildiyi Sovetin ərazisində yaşayan əhalinin mənafeyinə aid məsələlərə baxılarkən məşvərətçi səs hüququ ilə iştirak etmək ixtiyarına malikdir.

Maddə 7. Deputatların deputat qruplarında və deputat klublarında birləşmək hüququ

Deputatların daimi və müvəqqəti deputat qruplarında, deputat klublarında və deputatların digər birliklərində könüllü əsaslarla birləşmək hüququ vardır.

Deputat qruplarının, birliklərinin təşkili və fəaliyyət qaydası, habelə onların hüquqları Azərbaycan Respublikasının deputatlıq fəaliyyəti məsələlərini tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 8. Deputat etikası

Deputat deputatlıq etikası normalarını gözləməlidir. Deputatın öz statusundan Azərbaycan Respublikasının, seçki dairəsi əhalisinin mənafeyi zərərinə istifadə etməsi yolverilməzdir.

Deputat etikasının pozulduğu halda Sovetin tapşırığı ilə Sovetin müvafiq komissiyası deputatın davranışı məsələsinə baxır və nəticəsi dairə seçicilərinin nəzərinə çatdırılır.

Maddə 9. Deputatın səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi

Deputatın qanuna görə deputatlıq səlahiyyətini yerinə yetirməsi ilə bir araya sığmayan vəzifəyə seçilməsi və ya təyin edilməsi ilə əlaqədar olaraq, yaxud deputat olan şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə əlaqədar olaraq, habelə deputatın Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyi halda Sovetin qəbul etdiyi qərara əsasən deputatın səlahiyyətinə vaxtından əvvəl xitam verilir.

Səlahiyyətini yerinə yetirməsinə mane olan səbəblərə görə, yaxud digər şəxsi səbəblərə görə səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi haqqında deputatın şəxsi ərizəsi ilə əlaqədar olaraq Sovetin qəbul etdiyi qərara əsasən deputatın səlahiyyətinə vaxtından əvvəl xitam verilə bilər.

Deputatın seçicilər tərəfindən geri çağırılması nəticəsində də onun səlahiyyətinə vaxtından əvvəl xitam verilir.

II. Yerli xalq deputatları soveti deputatının sovetdə və onun orqanlarında fəaliyyəti

Maddə 10. Sovetin işində deputatın iştirakı

Sovetin sessiyalarında deputatlar Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq surətdə Sovetin səlahiyyətinə aid olan bütün məsələləri kollektiv və sərbəst müzakirə əsasında nəzərdən keçirir və həll edirlər.

Deputat Sovetin sessiyalarında və tərkibində seçildiyi Sovet orqanlarının işində iştirak etməlidir.

Sessiyaya gəlməsi mümkün olmadıqda deputat bu barədə Sovetin rəyasət heyətinə və ya sədrinə xəbər verir.

Maddə 11. Sovetin sessiyasında deputatın hüquqları

Deputat Sovetin sessiyasında nəzərdən keçirilən bütün məsələlər barəsində həlledici səs hüququna malikdir.

Deputatın ixtiyarı var ki:

    • Sovetin orqanlarına seçsin və seçilsin;
    • Sovetin yaratdığı orqanların fərdi tərkibi və Sovetin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərin namizədlikləri barəsində fikrini bildirsin;
    • Sovetdə baxılmaq üçün məsələlər təklif etsin;
    • Sovetin sessiyasının gündəliyi, məsələlərə baxılması qaydası və müzakirə edilən məsələlərin mahiyyəti barəsində təkliflərini və qeydlərini bildirsin;
    • Sovetə hesab verməli olan və ya onun nəzarəti altında olan hər hansı orqanın, yaxud vəzifəli şəxsin hesabatını və ya məlumatını Sovetin sessiyasında dinləmək haqqında təkliflər irəli sürsün;
    • Sovetin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərə etimad məsələsini qoysun;
    • qanunların dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən icrasının yoxlanılması zərurəti haqqında, Sovetin səlahiyyətinə aid olan hər hansı məsələ üzrə deputat təhqiqatı aparılması haqqında Sovetə və ya onun orqanlarına təkliflər versin;
    • müzakirələrdə iştirak etsin, sorğularla müraciət etsin, məruzəçilərə, habelə iclasda sədrlik edənə suallar versin, cavablar tələb etsin və bunlara qiymət versin;
    • öz təkliflərini əsəslandırmaq üçün və səsvermə barəsində çıxış etsin, arayışlar versin;
    • Sovetin qərarlarının layihələrinə düzəlişlər versin;
    • vətəndaşların ictimai əhəmiyyətli müraciətlərini Sovetin sessiyasında elan etsin.

Müzakirlərdə çıxış etməyən deputatın öz çıxışının mətnini, habelə sessiyada müzakirə olunan məsələ barəsində yazılı ifadə edilmiş təkliflərini və qeydlərini sədrlik edənə vermək ixtiyarı vardır.

Çıxışın mətni iclasın protokoluna daxil edilir.

Sovetin sessiyasında deputatların irəli sürdükləri təkliflərə və qeydlərə qanun layihələri işlənib tamamlanarkən, qəbul edilərkən baxılır və onlar nəzərə alınır. Bu təkliflər və qeydlər rədd edilərsə, müvafiq daimi komissiya deputata əsaslandırılmış cavab verir.

Deputat Sovetin və ya onun orqanlarının qərarı ilə razılaşmadıqda özünün xüsusi rəyini iclasda ifadə etmək üçün üstün hüquqa malikdir.

Bu maddədə göstərilən hüquqların həyata keçirilməsi qaydası həmin Qanun, müvafiq Sovetin reqlamenti, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 12. Deputat sorğusu

Deputat sorğusu ictimai əhəmiyyəti olan məsələlər üzrə rəsmi izahat vermək, ya da rəy bildirmək üçün dövlət orqanlarına və vəzifəli şəxslərə sessiyada elan edilən deputat tələbidir.

Deputat və ya deputatlar qrupu müvafiq Sovetin səlahiyyətinə aid edilmiş məsələlər üzrə Sovetin Rəyasət Heyətinə, Sovetin sədrinə, icraiyyə komitəsinə, onun şöbələrinin və idarələrinin rəhbərlərinə, habelə Sovetin ərazisində yerləşən müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərinə sorğu ilə müraciət etmək hüququna malikdir.

Sorğu yazılı və ya şifahi şəkildə verilə bilər. Yazılı şəkildə verilmiş sorğu Sovetin sessiyasında oxunulmalıdır.

Deputat sorğusu öyrənilmək üçün Sovetin komissiyasına göndərilir, yaxud Sovetin qərarı ilə gündəliyə salınır.

Sorğu hansı dövlət orqanına və ya vəzifəli şəxsə aiddirsə, onlar sorğuya rəsmi cavab verməlidirlər. Sorğuya yazılı cavab ən geci üç gün müddətində və ya Sovetin müəyyən etdiyi başqa müddətdə təqdim olunur. Sorğu, ona verilən cavab və sorğuya baxılmasının nəticələri üzrə Sovetin qəbul etdiyi qərar dərc edilir.

Deputatın ixtiyarı var ki, dövlət orqanının və ya vəzifəli şəxsin sorğuya cavabına qiymət versin.

Maddə 13. Sovetin sessiyasında deputatların irəli sürdükləri təkliflərə və qeydlərə baxılması

Sovetin sessiyasında deputatların irəli sürdükləri və ya sessiyada sədrlik edənə yazılı şəkildə verdikləri təkliflər və qeydlər Sovetdə, onun daimi komissiyalarında nəzərdən keçirilir, yaxud baxılmaq üçün müvafiq dövlət orqanlarına, ya da ictimai orqanlara və vəzifəli şəxslərə göndərilir.

Sovetin sessiyasında deputatların irəli sürdükləri təkliflərin və qeydlərin göndərildiyi dövlət orqanları və ictimai orqanlar, habelə vəzifəli şəxslər onlara ən geci bir ay müddətində baxmalı və nəticələr barəsində bilavasitə deputata, habelə Sovetin rəyasət heyətinə məlumat verməlidirlər.

Deputatların təkliflərinə və qeydlərinə baxılmasına və onların həyata keçirilməsinə Sovetin daimi komissiyaları nəzarət edirlər.

Maddə 14. Sovetin orqanlarının işində deputatın iştirakı

Sovetin rəyasət heyətinin, daimi komissiyasının və başqa orqanlarının tərkibinə daxil olan deputat hər hansı məsələləri və təklifləri göstərilən orqanların müzakirəsinə vermək, bunların müzakirəyə hazırlanmasında, müzakirəsində və onlara dair qərarlar qəbul olunmasında, habelə Sovetin və onun orqanlarının qərarlarının həyata keçirilməsinin təşkilində və qərarların yerinə yetirilməsinə nəzarətdə iştirak etmək ixtiyarına malikdir.

Tərkibinə daxil olduğu Sovet orqanının qərarı ilə razılaşmadıqda deputat Sovetin sessiyasında öz nöqteyi-nəzərini ifadə etmək və ya bu barədə sədrlik edənə yazılı şəkildə məlumat vermək ixtiyarına malikdir.

Deputatın Sovetdə təşkil olunan daimi və müvəqqəti deputat qruplarına daxil olmağa və onların tərkibindən sərbəst surətdə çıxmağa ixtiyarı var.

Maddə 15. Dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların işinin yoxlanılmasında deputatın iştirakı

Sovetin və ya onun orqanlarının tapşırığı ilə deputat Sovetin ərazisində yerləşən dövlət orqanlarının və ictimai orqanların, Sovetin tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların işinin sovetin ixtiyarında olan məsələlər üzrə yoxlanılmasında iştirak edə bilər, lazımi sənədlərlə tanış ola bilər, deputat təhqiqatı apara bilər. Deputat nəticələr haqqında Sovetə və ya onun orqanlarına məlumat verir.

III. Seçki dairəsində deputatın fəaliyyəti

Maddə 16. Vətəndaşların təklif, ərizə və şikayətlərinə deputat tərəfindən baxılması

Deputat vətəndaşların ona göndərilmiş təklif, ərizə və şikayətlərinə baxır, bunların düzgün və vaxtında həll edilməsi üçün tədbirlər görür; öz seçki dairəsinin yaşayış məntəqələrində, özünün yaşayış və ya iş yerində, yaxud müəyyən etdiyi başqa yerdə vətəndaşları qəbul edir. O, seçki dairəsinin ərazisində yerləşən dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərini vətəndaşların qəbulunda iştiraka dəvət etmək ixtiyarına malikdir.

Deputat şikayətləri doğuran səbəbləri öyrənir və Sovetə, dövlət orqanlarına və ictimai orqanlara, müəssisələrə, idarələrə və təşkilatlara öz təkliflərini verir.

Deputat Sovetin ərazisində yerləşən dövlət orqanlarına və ictimai orqanlara, müəssisələrə, idarələrə və təşkilatlara göndərdiyi təklif, ərizə və şikayətlərə baxılmasına nəzarət etmək və onlara baxılmasında şəxsən iştirak etmək ixtiyarına malikdir. Dövlət orqanlarının və ictimai orqanların, təşkilatların vəzifəli şəxsləri deputatın nəzarət fəaliyyətində ona kömək göstərməyə borcludurlar.

Maddə 17. Deputatın seçicilər qarşısında hesabatı

Deputat öz işi haqqında, seçkiqabağı proqramının, seçicilərin tapşırıqlarının yerinə yetirilməsi gedişi haqqında, Sovetin və seçildiyi Sovet orqanlarının işi haqqında ildə azı iki dəfə seçicilər qarşısında, onu deputatlığa namizəd göstərmiş kollektivlər və ictimai təşkilatlar qarşısında hesabat verməlidir.

Deputatın növbədənkənar hesabatı dairə seçicilərinin əksəriyyətinin tələbi ilə də keçirilə bilər.

Bu halda müvafiq Sovetlərin rəyasət heyətləri və icraiyyə komitələri deputatın növbədənkənar hesabatını təşkil etmək üçün tədbirlər görür, hesabatın keçirilməsinə azı bir ay qalmış onun vaxtı və yeri haqqında, hesabatın keçirilməsi üçün əsas olmuş səbəblər barəsində deputata məlumat verirlər.

Maddə 18. Deputatın hesabatlar və seçicilərlə görüşlər keçirilməsində ona yardım göstərilməsi

Deputatın hesabatlar və dairənin seçiciləri ilə görüşlər keçirməsi üçün lazımi şərait təmin edilir. Onun xahişi ilə müvafiq yerli xalq deputatları Sovetinin rəyasət heyəti və ya icraiyyə komitəsi, yaxud ictimai təşkilatın yerli orqanları, müəssisələrin, idarələrin, təşkilatların müdiriyyəti bina ayırır, deputatın hesabatının, seçicilərlə görüşlərinin keçirilmə vaxtı və yeri haqqında vətəndaşlara məlumat verir, deputatın dəvəti ilə öz nümayəndələrini görüşlərdə iştirak etməyə göndərir, başqa yardım göstərirlər.

Deputatın tələbi ilə dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar hesabat və çıxışlar üçün ona lazımi arayış və informasiya materialları verirlər.

IV. Seçicilərin tapşırıqları ilə əlaqədar işin təşkili

Maddə 19. Yerli xalq deputatları Sovetinin deputatına verilən tapşırıqlar

Yerli xalq deputatları Sovetinin deputatına verilən tapşırıqlar dairə seçicilərinin yığıncaqlarında və ya konfranslarında görüşlər zamanı deputatlığa namizədin qəbul etdiyi tapşırıqlardan ibarətdir.

Yalnız o tapşırıqlar deputatlara verilmiş tapşırıqlar kimi nəzərdən keçirilir ki, onların həyata keçirilməsi yerli dövlət orqanlarının və ya ictimai orqanların səlahiyyətinə aiddir.

Maddə 20. Tapşırıqların ümumiləşdirilməsi və nəzərdən keçirilməsi

Deputata verilmiş tapşırıqları yerli xalq deputatları Sovetinin rəyasət heyəti və icraiyyə komitəsi Sovetin daimi komissiyalarının qeyd və təkliflərini nəzərə almaqla ümumiləşdirir və qabaqcadan nəzərdən keçirirlər.

Xalq deputatları Soveti tapşırıqların icra üçün qəbulu haqqında qərarlar qəbul edir. Sovet ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinin məqsədəuyğun olmadığı barədə əsaslandırılmış qərar qəbul edə bilər.

Xalq deputatları Sovetləri iqtisadi və sosial inkişaf planları hazırlayarkən və tərtib edərkən, habelə başqa məsələlər barəsində qərarlar hazırlayarkən tapşırıqları nəzərə alırlar. Onların həyata keçirilməsi üçün görüləsi tədbirlər planlarda və büdcədə xüsusi bölmədə göstərilir.

Maddə 21. Tapşırıqların yerinə yetirilməsinin təşkili

Yerli xalq deputatları Sovetlərinin icra üçün qəbul etdiyi tapşırıqların yerinə yetirilməsini onların icra və sərəncam orqanları, digər yerli orqanlar təmin edirlər.

Deputat seçilməmiş namizədlərə verilmiş tapşırıqlarda irəli sürülən təkliflər nəzərdən keçirilmək və tədbirlər görülmək üçün müvafiq orqanlara və vəzifəli şəxslərə göndərilir.

Deputatlara verilmiş tapşırıqların yerinə yetirilməsinə müvafiq yerli xalq deputatları Sovetləri nəzarət edirlər.

İcra və sərəncam orqanları tapşırıqlar üzrə qərarların yerinə yetirilməsi gedişi haqqında xalq deputatları Sovetlərinə ildə azı bir dəfə məlumat verirlər.

Maddə 22. Seçicilərin tapşırıqları ilə əlaqədar işdə deputatın iştirakı

Yerli xalq deputatları Sovetinin deputatı tapşırıqların həyata keçirilməsi üçün tədbirlərin hazırlanmasında və müzakirəsində iştirak edir, tədbirlərin icrasına nəzarət edir, tapşırıqların yerinə yetirilməsi gedişi haqqında seçicilərə müntəzəm məlumat verir.

Maddə 23. Tapşırıqlarla əlaqədar işdə aşkarlıq

Tapşırıqlar üzrə yerli xalq deputatları Sovetlərinin qəbul etdiyi qərarlar hökmən dərc edilməlidir.

Yerli kütləvi informasiya vasitələri seçicilərin tapşırıqlarının yerinə yetirilməsi gedişini işıqlandırırlar.

V. Deputatlıq fəaliyyəti üçün əsas təminatlar

Maddə 24. Deputatın səlahiyyətinin həyata keçirilməsi üçün təminatlar

Öz səlahiyyətini həyata keçirmək üçün deputatın hüququ var ki:

    • dairə seçicilərinin mənafelərinə aid hər hansı məsələni dövlət hakimiyyəti və idarə orqanlarında, ictimai təşkilatların orqanlarında müzakirə olunmasında iştirak etsin;
    • Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali Sovetinin, yerli dövlət hakimiyyəti orqanlarının qərarlarının icrasının təşkilində və icrasına nəzarətdə iştirak etsin;
    • qanunların, vətəndaşların, müəssisə, idarə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin pozulması, süründürməçiliyin və bürokratizmin təzahürü haqqında vətəndaşların müraciətlərindən ona məlum olan xəbərləri öz təşəbbüsü ilə, zəruri hallarda dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələrini cəlb edərək yoxlasın;
    • dairə seçicilərinin yığıncaqlarını və ya konfranslarını, əmək kollektivləri və ictimai təşkilatların yerli orqanları ilə görüşlər keçirsin;
    • xalq deputatlarının, seçicilərin müxtəlif birliklərinin, ictimai ərazi özünüidarə orqanlarının işində, əmək kollektivlərinin, yaşayış yerlərində vətəndaşların və qoşun hissələrində hərbi qulluqçuların yığıncaqlarının işində iştirak etsin.

Maddə 25. Sovetin qərarları qəbul edilərkən deputatın hüquqlarının həyata keçirilməsi üçün təminatlar

Deputat üçün aşağıdakılara təminat verilir:

a) onun verdiyi təklifin sessiyada hökmən nəzərdən keçirilib aşağıdakı qərarlardan birinin qəbul olunması:

    • təklifin qəbul edilməsi haqqında;
    • Sovetin yeni qərarının hazırlanmağa başlanması haqqında;
    • təklif edilmiş layihənin işlənib tamamlanmaq üçün müvafiq daimi komissiyalara göndərilməsi haqqında;

b) deputatın təkliflərinin, habelə qərara verdiyi bütün düzəlişlərin hökmən səsə qoyulması.

Maddə 26. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul olunmaq hüququ

Deputatlıq fəaliyyəti məsələləri ilə əlaqədar olaraq deputat Sovetin ərazisində dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul olunmaq, habelə deputat vəsiqəsini göstərməklə bütün dövlət orqanlarına və ictimai orqanlara, müəssisələrə, idarələrə, təşkilatlara maneəsiz buraxılmaq hüququna malikdir.

Maddə 27. Qanunun pozulması halını aradan qaldırmağı deputatın tələb etmək hüququ

Deputat qanunun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin pozulması halını dərhal aradan qaldırmağı tələb etmək, zəruri hallarda isə pozuntuya son qoymaq barəsində müvafiq orqanlara və vəzifəli şəxslərə tələblə müraciət etmək ixtiyarına malikdir.

Deputatın tələblə müraciət etdiyi dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri pozuntunun aradan qaldırılması üçün, zərurət olduqda isə müqəssirlərin məsuliyyətə cəlb olunması üçün dərhal tədbirlər görməli, sonra da bu barədə deputata məlumat verməlidirlər.

Maddə 28. Deputatın müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin borcu

Sovetin ərazisində yerləşən və deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində deputatın müraciət etdiyi bütün dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar, habelə onların vəzifəli şəxsləri təxirə salmadan deputatın müraciətinə cavab verməyə, yaxud tələb edilən sənədləri və məlumatı verməyə borcludurlar;müvafiq məsələni yoxlamaq və ya əlavə öyrənmək zərurəti olduqda, bu barədə deputata qəti cavab müraciətin alındığı gündən etibarən bir aylıq müddətdən gec olmayaraq verilir.

Sovetin və onun orqanlarının səlahiyyətinə aid məsələlərlə əlaqədar deputatın müraciətlərinə yalnız bu orqanlar baxmalıdırlar. Məsələyə baxılacağı gün haqqında deputata qabaqcadan, lakin ən geci üç gün qalmış məlumat verilməlidir.

Maddə 29. Deputatın məlumat almaq və yaymaq hüququ

Sovet rəyasət heyəti deputatı Sovetin sənədləri ilə, habelə hökumət və digər dövlət orqanları və ictimai orqanlar tərəfindən rəsmən yayılan məlumat və sorğu materialları ilə təmin edir.

Deputatın seçildiyi Sovetin ərazisində deputat müraciət etdikdə yerli Sovetlərin rəyasət heyətləri və icraiyyə komitələri, digər dövlət orqanları və ictimai orqanlar, müəssisə, idarə və təşkilatlar, habelə vəzifəli şəxslər ona deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində mütəxəssislərin məsləhətlər verməsini təmin etməli, təxirə salmadan lazımi məlumat verməlidirlər.

Sovetin ərazisində yerləşən müəssisələr və təşkilatlar deputatlıq fəaliyyətinin təmin olunması üçün deputatın tələbi ilə ona sərəncamlarında olan surətçıxarma-çoxaltma və hesablama texnikasından istifadə etmək imkanı verirlər.

Deputat özünün deputatlıq fəaliyyəti məsələləri barəsində yerli kütləvi informasiya vasitələrində çıxış etməkdə üstün hüquqa malikdir. Deputatın təqdim etdiyi materialların onun razılığı olmadan redaktə edilməsinə yol verilmir.

Maddə 30. Deputata hüquqi yardım göstərilməsi

Yerli xalq deputatları Sovetlərinin rəyasət heyətləri, onların icra və sərəncam orqanları, Sovetin ərazisindəki müəssisələr, təşkilatlar, elmi idarələr, tədris müəssisələri, huquq mühafizə orqanları deputatlıq fəaliyyətində qarşıya çıxan hüquqi məsələlərdə deputata yardım göstərirlər.

Maddə 31. Deputatın şərəfinin, ləyaqətinin və şəxsiyyətinin qorunması

Deputatlıq vəzifələrinin icrasına mane olmaq məqsədilə deputata və ya onun yaxın qohumlarına hər hansı şəkildə təsir göstərilməsi, deputatın açıq təhqir edilməsi, habelə deputatlıq vəzifələrini yerinə yetirərkən onun şəxsən təhqir edilməsi, eləcə də deputata böhtan atılması Azərbaycan Respublikası qanunvericiliyinə uyğun surətdə inzibati məsuliyyətə, yaxud cinayət məsuliyyətinə səbəb olur.

Maddə 32. Deputatın toxunulmazlığı

Müvafiq Sovetin ərazisində deputat tərkibinə seçildiyi Sovetin razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməz, həbs edilə bilməz və ya məhkəmə qaydasında tətbiq edilən inzibati tənbeh tədbirlərinə məruz qoyula bilməz.

Bu halda deputatın barəsində cinayət işini, habelə məhkəmə qaydasında məsuliyyət tətbiq edilən inzibati hüquqpozma haqqında iş üzrə icraatı yalnız Sovetin razılığı ilə müvafiq səviyyəli prokuror, yaxud yuxarı prokuror qaldıra bilər.

Müvafiq Sovetin ərazisində deputatın məcburi qaydada gətirilməsinə və hər hansı başqa formada tutulmasına, yaxud azadlığının məhdudlaşdırılmasına, eləcə də şəxsi əşyasının, baqajının, şəxsi və istifadə etdiyi nəqliyyat vasitəsinin, yaşayış və ya xidmət sahəsinin yoxlanılmasına, axtarılmasına, götürülməsinə və zəbt edilməsinə yol verilmir.

Deputat öz səlahiyyətinin icrası dövründə qanunun pozulmasına yol verməsi barədə ona qarşı irəli sürülmüş ittihama görə səlahiyyət müddəti qurtardıqdan sonra məsuliyyətə və başqa prosessual tədbirlərə yalnız deputat barəsində bu Qanunla nəzərdə tutulmuş qaydada cəlb edilə bilər.

Maddə 33. Deputatı məsuliyyətə cəlb etmək üçün razılıq alınması qaydası

Müvafiq və ya yuxarı prokuror deputatı cinayət məsuliyyətinə cəlb etməyə, həbs etməyə və ya məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq etməyə Sovetin razılığını almaq üçün cinayət işi qaldırmazdan, yaxud inzibati icraata başlamazdan, deputata qarşı ittiham irəli sürməzdən, həbsdən ötrü sanksiya verməzdən qabaq Sovetə təqdimat verir.

Sovet təqdimata bir ay müddətindən gec olmayaraq baxır.

Zərurət olduqda prokurordan əlavə materiallar tələb edilə bilər. Barəsində təqdimat verilmiş deputatın məsələyə baxılmasında iştirak etməyə ixtiyarı vardır. Sovet əsaslandırılmış qərar qəbul edir və bu barədə üç gün müddətində prokurora məlumat verir.

Yuxarı prokuror yerli xalq deputatları Sovetinin qərarı ilə razılaşmadıqda qərarın ləğv edilməsi və deputatı məsuliyyətə cəlb etməyə, yaxud həbs etməyə razılıq verilməsi haqqında müvafiq yuxarı Sovetə təqdimat vermək ixtiyarına malikdir. Yuxarı Sovetin ixtiyarı var ki, yerli Sovetin qərarını ləğv etsin və təqdimat üzrə öz qərarını qəbul etsin.

Sovetə təqdimat vermiş prokuror istintaqın və ya işə baxılmasının nəticələri haqqında Sovetə iş üzrə icraatın qurtardığı gündən sonra üç gün ərzində məlumat verməlidir.

Maddə 34. Sovetdə və ya onun orqanlarında deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə deputatın istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilməsi

Sovetdə və ya onun orqanlarında deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə deputatın yazılı ərizəsinə əsasən müəssisənin, idarənin və təşkilatın müdiriyyəti deputatı işdən azad etmədən onun göstərdiyi müddətdə istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edir. Bu halda həmin əmək kollektivinin üzvü kimi onun hüquqları saxlanılır.

Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə deputat Sovetdə işə keçməsi ilə əlaqədar olaraq öz arzusu ilə əvvəlki iş və ya xidmət yerindən azad edilə bilər. Müəssisənin, idarənin, təşkilatın müdiriyyəti deputatı onun göstərdiyi müddətdə azad etməlidir.

İstehsalat və ya xidmət fəaliyyətindən ayrılmaqla səlahiyyətini həyata keçirən deputat istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən özünün təşəbbüsü ilə, yazılı bildirişinə əsasən azad edilir.

Maddə 35. Deputatın əmək hüquqları, nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olan deputatın hüquqları üçün təminatlar

Deputat öz səlahiyyəti dövründə, habelə səlahiyyəti qurtardıqdan sonra bir il ərzində Sovetin razılığı olmadan müəssisədə, idarədə və ya təşkilatda işdən azad edilə bilməz, kolxozdan, başqa kooperativdən, tədris müəssisəsindən xaric edilə bilməz və ya intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz. Digər hallarda deputatın başqa işə keçirilməsinə və yerinin dəyişdirilməsinə yalnız onun öz razılığı ilə yol verilir.

Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqular və vətəndaşların digər kateqoriyaları sırasından olan deputat öz səlahiyyəti dövründə, habelə səlahiyyəti qurtardıqdan sonra bir il ərzində Sovetin razılığı olmadan komandanlığın və ya müdiriyyətin təşəbbüsü ilə xidmətdən azad edilə bilməz, vəzifəsi, rütbəsi aşağı salına bilməz, hərbi rütbədən məhrum edilə bilməz, habelə öz razılığı olmadan iş yeri dəyişdirilə bilməz. Göstərilən müddətdə ona növbəti zabitlik rütbəsi və ya tutduğu vəzifəyə görə zabitlik rütbəsinə bərabər xüsusi rütbə verilməsi ləngidilə bilməz.

Sovetdə və ya onun orqanlarında deputatın daimi əsasda öz deputatlıq səlahiyyətini yerinə yetirdiyi müddət ümumi və ya fasiləsiz iş (xidmət) stajına; ixtisas üzrə iş (xidmət) stajına; əmək haqqına (vəzifə maaşına) faiz əlavələri (o cümlədən iqlim əmsalları) müəyyən edilməsinə, uzun illər xidmətə görə (həmin müəssisədə ixtisas üzrə iş stajına görə) faiz əlavələri müəyyən edilməsinə və birdəfəlik mükafat alınmasına, müəssisənin, idarənin, təşkilatın il ərzində işinin yekunlarına görə mükafat ödənilməsinə hüquq verən iş (xidmət) stajına daxil edilir.

Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olub, Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə həqiqi hərbi xidmətdə saxlanmaqla Sovetə ezam edilmiş deputatın və onun ailəsinin hərbi qulluqçular və vətəndaşların bilavasitə xidmət keçən digər kateqoriyaları və onların ailələri üçün qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquqları, güzəştləri və üstünlükləri saxlanılır.

Deputatın tutduğu vəzifəyə təyin edilmək qaydasında qəbul olunmuş işçi ilə deputatın Sovetdə və ya onun orqanlarında öz deputatlıq səlahiyyətini yerinə yetirdiyi bütün dövr üçün müddətli əmək müqaviləsi bağlanılır. Deputat əvvəlki işinə qayıtdığı gündən belə işçi ilə əmək müqaviləsi ləğv edilir.

Maddə 36. Deputatın öz səlahiyyətini həyata keçirməsi üçün maddi-maliyyə şəraitinin təmin edilməsi

Deputatın deputatlıq fəaliyyəti ilə əlaqədar xərcləri Sovetin müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə əsas iş (xidmət) yerindən azad edilmədən istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmiş deputata həmin dövrdə Sovetin müəyyən etdiyi məbləğdə haqq verilir. Bu müddətdə əsas iş yerindəki əmək haqqı saxlanılmır.

Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olub, Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirdiyi dövrdə həqiqi hərbi və ya başqa xidmətdə saxlanmaqla Sovetə ezam edilmiş deputata həmin dövrdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək haqqı verilir.

Sovetdə və ya onun orqanlarında daimi əsasda işə keçmiş deputata iş dövrü ərzində Sovetin müəyyən etdiyi məbləğdə əmək haqqı verilir.

Sovetin ərazisindəki mehmanxanalarda deputatın nəvbədənkənar yer almağa hüququ vardır; bu hüquq birinci qrup əlil olan deputatı müşayiət edən şəxsə də şamil edilir.

Maddə 37. Deputata xidmət otağı verilməsi

Deputata fəaliyyətini yerinə yetirmək üçün deputata və ya deputatlar qrupuna Sovetin qərarı ilə onun icraiyyə komitəsi Soveti müəyyən etdiyi müddətdə avadanlıqla təchiz edilmiş ayrıca otaq verir; deputatlıq səlahiyyəti müddətində deputatın dairədə iş yeri üzrə, habelə yaşayış yeri üzrə növbədənkənar telefon rabitəsi ilə təmin olunmasını təşkil edir.

Maddə 38. Deputatın pulsuz gediş-gəliş hüququ

Sovetin ərazisində deputat bütün daxili dəmir yolu, hava, avtomobil, su yollarında və şəhər sərnişin nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş-gəliş sənədlərini növbədənkənar almaq hüququndan istifadə edir. Bu hüquqlar birinci qrup əlil olan deputatı müşayiət edən şəxsə də şamil edilir.

Sovetin ərazisi hüdudlarından kənarda yaşayan deputat göstərilən hüquqlardan Sovetin ərazisinə keçmək və yaşayış yerinə qayıtmaq üçün istifadə edir.

Şəhər sərnişin nəqliyyatının bütün növlərində və şəhərətrafı qatarlarda deputat deputatlıq vəsiqəsi ilə gedib-gəlir.

Deputat hər bir nəqliyyat növündə qüvvədə olan normalara müvafiq surətdə baqajı pulsuz aparmaq hüququna malikdir.

Yerli xalq deputatları Sovetləri, Sovetin ərazisindəki müəssisələr, idarələr, təşkilatlar deputatlıq vəzifələrini yerinə yetirərkən səfərlər üçün deputata onun tələbnaməsi üzrə avtomobil nəqliyyatı verməlidirlər.

Maddə 39. Deputatların məzuniyyətləri

Deputatın iş (xidmət) yerində müəssisənin, idarənin, təşkilatın müdiriyyəti deputata onun yazılı ərizəsində göstərildiyi müddətdə məzuniyyət (o cümlədən məzuniyyəti hissələrə bölməklə) verir. Sovetdə və ya onun orqanlarında daimi əsasda deputatlıq fəaliyyətini həyata keçirən deputata məzuniyyəti Sovetin rəyasət heyəti verir.

Maddə 40. Deputatın köməkçiləri haqqında

Müvafiq Sovetin qərarı ilə deputatların köməkçiləri ola bilər.

Deputatın köməkçiləri seçicilərlə, habelə dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlarla qarşılıqlı münasibətlərdə onun tapşırıqlarını yerinə yetirir, deputatlıq səlahiyyətini həyata keçirməkdə deputata təşkilati-texniki və elmi-məsləhət yardımı göstərirlər.

Deputat öz köməkçilərinin hərəkətləri üçün məsuliyyət daşıyır və istənilən vaxt onları dəyişdirmək ixtiyarına malikdir.

Köməkçilərin hüquqları, iş şərtləri və qaydası Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Sovetin müvafiq qərarları ilə müəyyən edilir.

Maddə 41. Deputatlıq səlahiyyətinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi

Deputatın fəaliyyəti ilə əlaqədar yerli xalq deputatları Sovetlərinin, müəssisələrin, idarələrin, təşkilatların çəkdikləri xərclər müvafiq Sovetin büdcəsi hesabına ödənilir.

Maddə 42. Bu Qanunun tələblərini yerinə yetirməmək üstündə vəzifəli şəxslərin məsuliyyəti

Dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların deputat qarşısında öz vəzifələrini yerinə yetirməyən, onun işinə mane olan, ona qəsdən yanlış məlumat verən, deputatlıq fəaliyyəti üçün təminatları pozan vəzifəli şəxsləri qanuna müvafiq surətdə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 27 iyun 1991-ci il.

№ 151-XII.

«Həyat» qəzetində dərc edilmişdir (10 avqust 1991-ci il, № 153) («LegalActs» LLC).

© LegalActs LLC