Об утверждении статута и описания ордена Азербайджанской Республики «За заслуги перед Родиной»


Дата релиза: 30.09.2013

Azərbaycan Respublikasının «Vətənə xidmətə görə» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının «Vətənə xidmətə görə» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Vətənə xidmətə görə» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 7 noyabr 2003-cü il

№ 514-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (3 dekabr 2003-cü il, № 277) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 678) («LegalActs» LLC).

20 oktyabr 2006-cı il tarixli, 172-IIIQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 725-IVQD nömrəli Qanunlara əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikasının
2003-cü il 7 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının «Vətənə xidmətə görə» ordeninin statutu

1. Azərbaycan Respublikasının üç dərəcədə «Vətənə xidmətə görə» ordeni aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
    • dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
    • milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

2. «Vətənə xidmətə görə» ordeninin ən yüksək dərəcəsi birinci dərəcə sayılır.

«Vətənə xidmətə görə» ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

3. «Vətənə xidmətə görə» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.


AzərbaycanRespublikasının
2003-cü il 7 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

«Vətənə xidmətə görə» ordeninin təsviri

«Vətənə xidmətə görə» ordeni hər tərəfə şüalar saçan səkkizguşəli ulduz əsasında tərtib edilmiş kompozisiyadan ibarətdir.

Ulduzun ortasında mavi mina ilə örtülmüş dairəvi lövhə həkk edilmişdir. Orden üç səviyyədən ibarətdir, səkkizguşəli ulduzun üzərində dairə yerləşdirilmiş, onun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur. Gerbin üst hissəsində dairənin yarımçevrəsi boyunca «Vətənə xidmətə görə» sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.

«Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi vardır. Onun birinci dərəcəsi qızıldan, ikinci dərəcəsi gümüşdən, üçüncü dərəcəsi bürüncdəndir. Ordenin qabarit ölçüləri 35 mm x 35 mm-dir. Hər dərəcəsinin səthinin müvafiq rəng çaları vardır.

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Lent hər birinin eni 12 mm olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarətdir. Orta zolaq milli ornamentlə bəzədilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, ordenin dərəcəsinə uyğun metaldan təbəqə bərkidilir.

Ordenə paltara bərkidilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

«Vətənə xidmətə görə» ordeni

1-ci dərəcə

2-ci dərəcə

3-cü dərəcə


© LegalActs LLC