О присоединении к Протоколу об изменении Международной Конвенции «Об упрощении и унификации таможенных процедур» и к Международной Конвенции «Об упрощении и унификации таможенных процедур» (в измененной редакции)


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, II kitab, maddə 712)

Дата релиза: 09.12.2003

«Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyanın dəyişdirilməsi haqqında Protokola və «Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada) qoşulmaq barəsində

«Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyanın dəyişdirilməsi haqqında Protokola və «Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada) qoşulmaq barəsində

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1999-cu il iyunun 26-da Brüssel şəhərində qəbul edilmiş «Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyanın dəyişdirilməsi haqqında Protokola və «Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 9 dekabr 2003-cü il

№ 555-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, II kitab, maddə 712) («LegalActs» LLC).


Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiyanın dəyişdirilməsi haqqında
Protokol

1999-cu il iyunun 26-da Brüsseldə qəbul edilmişdir

Bundan sonra «Şura» adlandırılacaq Gömrük Əməkdaşlığı Şurasının himayədarlığı altında hazırlanmış, bundan sonra «Konvensiya» adlandırılacaq Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiyanın (1973-cü il mayın 18-də Kiotoda bağlanmış və 1974-cü il sentyabrın 24-də qüvvəyə minmişdir) Razılığa gələn Tərəfləri

aşağıda sadalanan məqsədlərə:

Razılığa gələn Tərəflərin tətbiq etdiyi gömrük prosedurları və qaydaları arasında olan, beynəlxalq ticarətə və beynəlxalq mübadilənin digər növlərinə ziyan vura bilən ixtilafların aradan qaldırılmasına;

beynəlxalq ticarət iştirakçılarının və gömrük xidmətlərinin gömrük qaydalarının və prosedurlarının asanlaşdırılmasına, sadələşdirilməsinə və uzlaşdırılmasına olan ehtiyaclarının təmin edilməsinə;

lazımi gömrük qaydalarının tətbiq edilməsinin təmin edilməsinə və gömrük xidmətlərinin kommersiya praktikasındakı, inzibati-təsərrüfat idarəçiliyinin forma və metodlarındakı ən mühüm dəyişikliklərə adekvat reaksiya verməsi imkanına nail olmaq üçün Konvensiyada dəyişikliklər edilməsinə ehtiyac olduğunu nəzərə alaraq,

həmçinin dəyişikliklər edilmiş Konvensiyanın:

    • dəyişdirilmiş Konvensiyanın Razılığa gələn Tərəflərinin sadələşdirmə və uzlaşdırılmanın əsas prinsiplərinə əməl edilməsinin məcburiliyini təmin etməli olduğunu;
    • gömrük xidmətlərini lazımi və effektiv nəzarət metodları ilə təmin edilmiş təsirli prosedurlarla təmin etməli olduğunu;
    • şuranın başlıca məqsədlərindən biri kimi, gömrük qaydaları və prosedurlarının sadələşdirilməsi və uzlaşdırılmasının yüksək dərəcəsinə nail olmaq üçün şərait yaratmalı və beləliklə, beynəlxalq ticarət üçün əlverişli şərait yaradılmasına mühüm töhfə verməli olduğunu nəzərə alaraq,
    • aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Konvensiyanın Preambulasının və Maddələrinin dəyişdirilmiş mətni bu Protokolun I Əlavəsində verilmişdir.

Maddə 2

Konvensiyaya Əlavələr Protokolun II Əlavəsində verilən Baş Əlavədə və bu Protokolun III Əlavəsində verilmiş Xüsusi Əlavələrlə əvəzlənmişdir.

Maddə 3

1. Konvensiyanın istənilən Razılığa gələn Tərəfi aşağıdakı yolla bu Protokol üzrə öhdəlikləri, o cümlədən ona I və II Əlavələri qəbul etməyə razılığını bildirməyə haqlıdır:

(a) ratifikasiyası barədə qeyd-şərt irəli sürmədən onu imzalamaqla;

(b) ratifikasiyaya dair qeyd-şərtlə imzalandıqdan sonra ratifikasiyaya dair sənədi saxlamaq üçün verməklə;

(c) ona qoşulmaqla.

2. Bu Protokol 2000-ci ilin iyun ayının 30-dək Şuranın Brüsseldəki mənzil-qərargahında Konvensiyanın Razılığa gələn Tərəflərinin imzalanması üçün açıqdır. Bu müddət keçdikdən sonra o, qoşulma üçün açıq olur.

3. Bu Protokol, o cümlədən ona I və II Əlavələr, Razılığa gələn qırx Tərəf ratifikasiyaya dair qeyd-şərtsiz bu Protokolu imzaladıqdan və ya ratifikasiya və ya qoşulmaya dair sənədləri saxlanma üçün təhvil verdikdən üç ay keçdikdən sonra qüvvəyə minir.

4. Razılığa gələn qırx Tərəf bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş prosedura uyğun olaraq onlar üçün bu Protokolun məcburi olduğuna razılıqlarını bildirdikdən sonra, Konvensiyanın Razılığa gələn istənilən digər Tərəfi Konvensiyaya dəyişiklikləri yalnız bu Protokolun iştirakçısı olduqdan sonra qəbul edə bilər. Razılığa gələn bu cür Tərəf üçün bu Protokol, onun tərəfindən ratifikasiyaya dair qeyd-şərtsiz imzalandığı və ya ratifikasiyaya və ya qoşulmaya dair sənədlər saxlanma üçün təhvil verildiyi andan üç ay keçdikdən sonra qüvvəyə minir.

Maddə 4

Konvensiyanın Razılığa gələn istənilən Tərəfi bu Protokolun onun üçün məcburiliyinə razılığını bildirərkən, bu Protokolun III Əlavəsində verilmiş istənilən Xüsusi Əlavələrdən və ya onların Fəsillərindən hər hansını qəbul etməyə və Şuranın Baş katibini bu cür qəbuletmə, həmçinin barələrində qeyd-şərtlər etdiyi tövsiyə edilən qaydalar haqqında xəbərdar etməyə haqlıdır.

Maddə 5

Protokol qüvvəyə mindikdən sonra Şuranın Baş katibi Konvensiyanın ratifikasiyasına və ya ona qoşulmaya dair heç bir sənədi qəbul etmir.

Maddə 6

Bu protokol və ona Əlavələr bu Protokolun Tərəfləri arasındakı qarşılıqlı münasibətlərdə Konvensiyanı tam şəkildə əvəz edir.

Maddə 7

Bu Protokolun depozitarisi üzərinə bu Protokola I Əlavənin 19-cu maddəsində nəzərdə tutulmuş funksiyalar qoyulan Şuranın Baş katibidir.

Maddə 8

Bu Protokol Şuranın Brüssel şəhərindəki mənzil-qərargahında 1999-cu il 26 iyun tarixindən etibarən Razılığa gələn Tərəflərin imzalanması üçün açıqdır.

Maddə 9

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci Maddəsinə uyğun olaraq bu Protokol və onun Əlavələri Şuranın Baş katibinin müraciətinə əsasən Birləşmiş Millətlər Təşkilatının Katibliyində qeydiyyatdan keçirilməlidir.

Bunun təsdiqi olaraq, lazımi qaydada müvəkkil edilmiş aşağıda imza edən şəxslər bu Protokolu imzaladılar.

Brüsseldə min doqquz yüz doxsan doqquzuncu il iyun ayının iyirmi altısında ingilis və fransız dillərində, özü də hər iki mətn eyni dərəcədə autentik olmaqla, bu Protokola I Əlavənin 8-ci Maddəsinin 1-ci bəndində göstərilən bütün subyektlərə onun təsdiqlənmiş surətlərini verən Şuranın Baş katibinə saxlanma üçün təhvil verilən yeganə nüsxədə icra edilmişdir.


Əlavə 1

Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında
Beynəlxalq Konvensiya

(dəyişdirilmiş redaksiyada)

Preambula

Gömrük Əməkdaşlıq Şurasının himayədarlığı altında hazırlanmış bu Konvensiyanın Razılığa gələn Tərəfləri,

Razılığa gələn Tərəflərin gömrük prosedurlarında və qaydalarında, beynəlxalq ticarətin və beynəlxalq mübadilənin digər növlərinin inkişafına mane ola bilən ixtilafları aradan götürməyə səy göstərərək,

Gömrük prosedurlarının və qaydalarının sadələşdirilməsi və uzlaşdırılması, həmçinin beynəlxalq əməkdaşlığın stimullaşdırılması yolu ilə bu cür ticarətin və mübadilənin inkişafına təsirli töhfə verməyi arzulayaraq,

Beynəlxalq ticarət şərtlərinin asanlaşdırılması sayəsində əldə edilən mühüm üstünlüklərə müvafiq gömrük nəzarəti qaydalarına xələl gətirmədən nail oluna biləcəyini qeyd edərək,

bu cür sadələşdirmə və uzlaşdırmaya, o cümlədən aşağıdakı prinsiplərin:

    • gömrük qaydalarının və prosedurlarının daim təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına yönəldilmiş proqramların gerçəkləşdirilməsi,
    • gömrük qaydalarının və prosedurlarının tətbiqi zamanı öncədən bəllilik, ardıcıllıq və açıqlıq,
    • maraqlı tərəflərə gömrük işi üzrə qanunlar, normativ hüquqi və inzibati aktlar, gömrük qaydaları və prosedurları barədə bütün zəruri informasiyanın verilməsi,
    • riskin idarə olunması və audit metodları əsasında nəzarət və informasiya texnologiyalarından maksimum praktik istifadə kimi müasir iş metodlarının tətbiqi,
    • digər milli orqanlarla, digər dövlətlərin gömrük xidmətləri və ticarət birlikləri ilə bütün zəruri hallarda əməkdaşlıq,
    • müvafiq beynəlxalq standartların tətbiqi,
    • maraqlı tərəflərin bu və ya digər işə inzibati və məhkəmə qaydasında baxılması prosedurları ilə maneəsiz tanış olmasının təmin edilməsi kimi prinsiplərin tətbiqi sayəsində nail oluna biləcəyini etiraf edərək,
    • əmin olaraq ki, Razılığa gələn Tərəflərin əməl etməyi öhdələrinə götürdüyü yuxarıda ifadə olunan məqsədlərə və prinsiplərə əsaslanan beynəlxalq sənədin gömrük qaydaları və prosedurlarının sadələşdirilməsinin və uzlaşdırılmasının yüksək dərəcəsini təmin edəcəkdir ki, bu da Gömrük Əməkdaşlığı Şurasının başlıca məqsədlərindən biridir və beləliklə, beynəlxalq ticarət üçün əlverişli şərait yaradılmasına mühüm töhfə verəcəkdir,

aşağıdakılar barədə razılığa gəldilər:

I fəsil. Anlayışların tərifi

Maddə 1

Bu Konvensiyanın məqsədləri üçün:

(a) «Standart» — tətbiqi gömrük qaydalarının və prosedurlarının uzlaşdırılmasına və sadələşdirilməsinə nail olmaq üçün zəruri sayılan müddəa;

(b) «Keçid müddətli standart» — Baş Əlavənin tətbiqi üçün qüvvəyə minməsinin daha uzun müddətli olmasına yol verilən standart;

(c) «Tövsiyə edilən qayda» — Xüsusi Əlavənin gömrük qaydalarının və prosedurlarının uzlaşdırılmasına və sadələşdirilməsinə nail olmağa kömək edən, mümkün qədər daha geniş tətbiqi arzuolunan hesab edilən müddəası;

(ç) «Milli qanunvericilik» — Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının Razılığa gələn həmin Tərəfin ərazisində tətbiq edilməli olan qanunvericilik, normativ hüquqi və digər aktları, o cümlədən həmin Tərəf üçün qüvvəyə minmiş beynəlxalq müqavilələr;

(d) «Baş Əlavə» — bu Konvensiya ilə tənzimlənən bütün gömrük qaydalarına və prosedurlarına tətbiq edilməli olan müddəalar toplusu;

(e) «Xüsusi Əlavə» — bu Konvensiyanın tənzimlənməsinə aid edilən, bir və ya bir neçə gömrük qayda və proseduruna tətbiq edilməli olan müddəalar toplusu;

(ə) «Rəhbər prinsiplər» — Baş Əlavənin, Xüsusi Əlavələrin və onların Fəsillərinin müddəalarına Standartların, Keçid müddətli standartların tətbiqinin mümkün üsulları sırasını göstərən və o cümlədən, daha çox effektivliyə nail olmaq üçün tövsiyə edilən qabaqcıl təcrübəni və nümunələri təsvir edən izahlar;

(f) «Daimi texniki komitə» — Şuranın daimi texniki komitəsi;

(g) «Şura» — 15 dekabr 1950-ci ildə Brüsseldə imzalanmış Gömrük Əməkdaşlıq Şurasının yaradılması haqqında Konvensiya ilə təsis edilən təşkilat;

(ğ) «Gömrük və ya iqtisadi ittifaq» — tərkibində olan dövlətlər tərəfindən təsis edilən, bu Konvensiya ilə tənzimlənən məsələlər üzrə həmin dövlətlər tərəfindən tətbiqi məcburi olan öz normativ hüquqi aktlarını qəbul etmək səlahiyyətinə malik, həmçinin öz daxili prosedurlarına uyğun olaraq bu Konvensiyanın imzalanması, ratifikasiyası və ya ona qoşulmaya dair qərar qəbul etməyə səlahiyyətləri olan ittifaq.

II fəsil. Konvensiyanın fəaliyyət dairəsi və strukturu

Konvensiyanın fəaliyyət dairəsi

Maddə 2

Razılığa gələn Tərəflərdən hər biri gömrük prosedurlarının uzlaşdırılması və sadələşdirilməsinə kömək etmək və bu məqsədlə bu Konvensiyanın müddəalarına uyğun olaraq bu Konvensiyanın Əlavələrində olan Standartlara, Keçid müddətli standartlara və Tövsiyə edilən qaydalara əməl etmək öhdəliklərini öz üzərinə götürür. Lakin heç bir şey Razılığa gələn Tərəfə nəzərdə tutulduğundan daha əlverişli şərait yaratmağa maneçilik törətmir və Razılığa gələn hər bir Tərəfə bu cür əlverişli şəraiti daha geniş şəkildə yaratmaq tövsiyə edilir.

Maddə 3

Bu Konvensiyanın müddəaları gömrük nəzarətindən keçməli olan mallar barəsində qadağa və ya məhdudiyyətlərlə bağlı milli qanunvericiliyin tətbiqinə maneçilik törətmir.

Konvensiyanın strukturu

Maddə 4

1. Konvensiya Əsas mətn, Baş Əlavə və Xüsusi Əlavələrdən ibarətdir.

2. Bu Konvensiyaya Baş Əlavə və Xüsusi Əlavələrdən hər biri, bir qayda olaraq, müvafiq Əlavənin bölündüyü və aşağıdakıları əhatə edən Fəsillərdən ibarətdir:

a) anlayışların tərifindən;

b) bəziləri Baş Əlavədə Keçid müddətli standartlar olan Standartlardan.

3. Hər bir Xüsusi Əlavədə, həmçinin Tövsiyə edilən qaydalar vardır.

4. Əlavələrdən hər biri Razılığa gələn Tərəflər üçün məcburi olmayan Rəhbər prinsiplərlə təchiz edilir.

Maddə 5

Bu Konvensiyanın məqsədləri üçün, barələrində Razılığa gələn Tərəfin tətbiqinə dair öhdəliklər götürdüyü Xüsusi Əlavələrdən və ya onların Fəsillərindən hər hansı biri bu Konvensiyanın ayrılmaz tərkib hissəsi sayılır və Razılığa gələn həmin Tərəfə tətbiqən Konvensiyaya hər hansı istinad həm də Əlavələrə və onların Fəsillərinə istinadı bildirir.

III fəsil. Konvensiyanın tətbiqinin idarə olunması

İdarəedici Komitə

Maddə 6

1. Konvensiyanın yerinə yetirilməsinin təmini, onun yeknəsəq təfsiri və tətbiqi üzrə tədbirlər görülməsi, habelə ona dəyişikliklər edilməsi üzrə təkliflər hazırlanması məsələlərinə baxılması üçün İdarəedici Komitə yaradılır.

2. İdarəedici Komitənin üzvləri Razılığa gələn Tərəflərdir.

3. Bu Konvensiyanın 8-ci Maddəsinin müddəalarına uyğun olaraq, Konvensiyaya Razılığa gələn Tərəf qəbul olunmuş, hər hansı hüquqi subyektin və ya Ümumdünya Ticarət Təşkilatının üzvlərindən hər hansı birinin səlahiyyətli orqanı İdarəedici Komitənin iclaslarında müşahidəçi qismində iştirak etməyə ixtiyarlıdır. Bu cür müşahidəçinin status və hüquqları Şuranın qərarı ilə müəyyən edilir. Yuxarıda adı çəkilən hüquqdan Şuranın müvafiq qərarı qüvvəyə minənədək istifadə edilə bilməz.

4. İdarəedici Komitə beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrini müşahidəçi qismində İdarəedici Komitənin iclaslarında iştirak etmək üçün dəvət edə bilər.

5. İdarəedici Komitə:

(a) Razılığa gələn Tərəflərə aşağıdakıları tövsiyə edir:

(I) Konvensiyanın Əsas mətninə dəyişikliklər edilməsi;

(II) Baş əlavəyə, Xüsusi Əlavələrə və onların Fəsillərinə dəyişikliklər edilməsi və Baş Əlavəyə yeni Fəsillər daxil edilməsi;

(III) Yeni Xüsusi Əlavələrin və Xüsusi Əlavələrə yeni Fəsillərin daxil edilməsi;

(b) bu Konvensiyanın 16-cı Maddəsi ilə nəzərdə tutulmuş qaydada Tövsiyə edilən qaydalara dəyişikliklər edilməsinə dair və ya Xüsusi Əlavələrə və ya onların Fəsillərinə yeni Tövsiyə edilən qaydalar daxil edilməsinə dair qərarlar qəbul edir;

(c) bu Konvensiyanın 16-cı maddəsinin 4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada bu Konvensiyanın müddəalarının icrasını nəzərdən keçirir;

(ç) Rəhbər prinsiplərin mətninə yenidən baxır və onu təzələyir;

(d) bu Konvensiyaya aidiyyəti olan, baxılmaq üçün ona verilə bilən istənilən digər məsələlərə baxır;

(e) qərarları barədə Daimi texniki komitəni və Şuranı məlumatlandırır.

6. Razılığa gələn Tərəflərin səlahiyyətli idarələri bu Maddənin 5-ci bəndinin (a), (b), (c) və (ç) yarımbəndlərinə aid təkliflərini, onların səbəblərini, həmçinin məsələlərin İdarəedici Komitənin iclasının gündəliyinə daxil edilməsinə dair xahişlə Şuranın Baş katibinin adına göndərirlər. Şuranın Baş katibi daxil olmuş təklifləri baxılmaq üçün Razılığa gələn Tərəflərin səlahiyyətli idarələrinə və bu Maddənin 2, 3 və 4-cü bəndlərində adı çəkilən müşahidəçilərə göndərir.

7. İdarəedici Komitənin iclasları ildə bir dəfədən az olmayaraq keçirilir. Komitə hər il Sədrini və Sədr müavinini seçir. Şuranın Baş Katibi Razılığa gələn Tərəflərin müvəkkil orqanlarına və bu Maddənin 2, 3 və 4-cü bəndlərində adı çəkilən müşahidəçilərə iclasda iştirak üçün dəvəti və gündəliyin layihəsini İdarəedici Komitənin iclasının keçiriləcəyi tarixə ən azı altı həftə qalmış göndərir.

8. Qərar iştirakçılarının ümumi razılığını almadığı hallarda İdarəedici Komitənin qarşısına çıxarılmış məsələlər iştirak edən Razılığa gələn Tərəflər arasında keçirilən səsvermə yolu ilə həll edilir. Bu Maddənin 5-ci bəndinin (a), (b) və (c) yarımbəndləri ilə nəzərdə tutulmuş məsələlər üzrə qərarların qəbulu üçün səsvermə hüququ olan iclas iştirakçılarının üçdə iki say çoxluğu zəruridir. Qalan məsələlər üzrə İdarəedici Komitənin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

9. Bu Konvensiyanın 8-ci maddəsinin 5-ci bəndinin müddəaları tətbiq edildiyi hallarda Razılığa gələn Tərəflər olan gömrük və ya iqtisadi ittifaqlar səsvermə zamanı yalnız Razılığa gələn Tərəflər olan Üzvlərinin səslərinin sayına bərabər səslərə malikdirlər.

10. Hər bir iclas bağlanmazdan əvvəl İdarəedici Komitə hesabatı təsdiq edir. Bu hesabat Şuraya və bütün Razılığa gələn Tərəflərə, habelə 2, 3 və 4-cü bəndlərdə adı çəkilən müşahidəçilərə göndərilir.

11. Bu Maddədə müvafiq müddəalar olmadıqda, İdarəedici Komitənin qərarları ilə başqa hal nəzərdə tutulmamışsa, Şuranın prosedur qaydaları tətbiq edilir.

Maddə 7

İdarəedici Komitənin iclaslarında səsvermə hər bir Xüsusi Əlavə və Xüsusi Əlavənin hər bir Fəsli üzrə ayrıca keçirilir.

(a) Razılığa gələn hər bir Tərəf Konvensiyanın Əsas mətninin və Baş Əlavənin təfsiri, tətbiqi və ya onlara dəyişikliklər edilməsi məsələləri üzrə səs hüququna malikdir;

(b) qüvvəyə minmiş hər hansı Xüsusi Əlavələrin və ya Xüsusi Əlavələrin Fəsillərinin müddəalarına aid məsələlər üzrə səs hüququna yalnız müvafiq Xüsusi Əlavələri və ya Xüsusi Əlavələrin Fəsillərini qəbul etmiş Razılığa gələn Tərəflər malikdirlər.

(c) Razılığa gələn hər bir Tərəf yeni Xüsusi Əlavələrin, yaxud Xüsusi Əlavələrin yeni Fəsillərinin layihələri üzrə səs hüququna malikdir.

IV fəsil. Razılığa gələn Tərəflər

Konvensiyanın ratifikasiya edilməsi

Maddə 8

1. Şuranın istənilən Üzvü və Birləşmiş Millətlər Təşkilatının, yaxud onun ixtisaslaşmış idarələrinin istənilən üzvü:

(a) ratifikasiyaya dair qeyd-şərtsiz imzalamaqla;

(b) ratifikasiyaya dair qeyd-şərtlə imzaladıqdan sonra ratifikasiyaya dair sənədi saxlanma üçün təhvil verməklə, yaxud;

(c) ona qoşulmaqla

bu Konvensiyanın Razılığa gələn Tərəfi ola bilər.

2. Bu Konvensiya 1974-cü ilin iyun ayının 30-dək Şuranın Brüsseldəki mənzil-qərargahında bu Maddənin 1-ci bəndində adı çəkilən subyektlər tərəfindən imzalanmaq üçün açıqdır. Bu müddət keçdikdən sonra o, bu cür subyektlərin qoşulması üçün açıq olacaqdır.

3. Razılığa gələn hər bir Tərəf Konvensiyanı imzalayarkən, ratifikasiya edərkən və ya ona qoşularkən Xüsusi Əlavələrdən və ya onların Fəsillərindən hansılarını qəbul edib-etmədiyini əvvəlcədən şərtləndirir. Sonralar o, öz tərəfindən bir və ya bir neçə digər Xüsusi Əlavələrin və ya onların Fəsillərinin qəbul edildiyi barədə depozitarini xəbərdar edə bilər.

4. İstənilən yeni Xüsusi Əlavəni, yaxud Xüsusi Əlavənin hər hansı yeni Fəslini qəbul edən Razılığa gələn Tərəflər bu Maddənin 3-cü bəndinə müvafiq olaraq bu barədə depozitarini məlumatlandırırlar.

5.

(a) Hər hansı gömrük, yaxud iqtisadi ittifaq bu Maddənin 1, 2 və 3-cü bəndlərinə uyğun olaraq Razılığa gələn Tərəf ola bilər. Bu cür gömrük və iqtisadi ittifaq bu Konvensiya ilə tənzimlənən məsələlər üzrə öz səlahiyyətləri barədə depozitarini məlumatlandırır. Bu cür gömrük və ya iqtisadi ittifaq həmçinin öz səlahiyyətləri çərçivəsindəki hər hansı mühüm dəyişikliklər barədə depozitarini məlumatlandırmalıdır;

(b) bu Konvensiyanın Razılığa gələn Tərəfi olan hər hansı gömrük və ya iqtisadi ittifaq onun səlahiyyətlərinə daxil olan məsələlər üzrə bu Konvensiyanın Razılığa gələn Tərəfləri olan Üzvlərinə Konvensiyanın verdiyi hüquqlardan öz adından faydalanır və onların üzərinə qoyduğu vəzifələri yerinə yetirir. Bu halda bu cür ittifaqın Üzvləri fərdi surətdə bu hüquqlardan, o cümlədən səs hüququndan istifadə etmək səlahiyyətinə malik deyillər.

Maddə 9

1. Bu Konvensiyanı ratifikasiya edən və ya ona qoşulan hər hansı Razılığa gələn Tərəf həmin Razılığa gələn Tərəfin ratifikasiya və ya qoşulmaya dair sənədini depozitariyə təhvil verdiyi anadək qüvvəyə minmiş Baş Əlavəyə edilmiş dəyişikliklər də daxil olmaqla, bu Konvensiyaya edilmiş bütün dəyişikliklər üzrə üzərinə öhdəliklər götürür.

2. İstənilən Xüsusi Əlavəni və ya onun Fəslini qəbul edən Razılığa gələn hər hansı Tərəf Depozitarinin onların qəbuluna dair xəbərdar edildiyi anadək həmin Xüsusi Əlavədə və ya onun Fəslində olan Standartlara edilmiş bütün dəyişikliklər üzrə üzərinə öhdəliklər götürür. İstənilən Xüsusi Əlavəni və ya onun Fəslini qəbul edən hər hansı Razılığa gələn Tərəf onların qəbulu barədə depozitarini xəbərdar etdiyi anadək onlarda olan Tövsiyə edilən qaydalara edilmiş istənilən dəyişikliklər üzrə yalnız o halda öz üzərinə öhdəliklər götürür ki, o, bu Konvensiyanın 12-ci Maddəsinə uyğun olaraq bu cür Tövsiyə edilən qaydalardan birinin və ya daha çoxunun tətbiq edilməməsinə dair əvvəlcədən qeyd-şərt daxil etməsin.

Konvensiyanın tətbiqi

Maddə 10

1. Razılığa gələn istənilən Tərəf ratifikasiyaya dair qeyd-şərtsiz bu Konvensiyanı imzalayarkən və ya ratifikasiyaya və ya qoşulmağa dair sənədi depozitariyə verərkən, yaxud da bundan sonra istənilən zaman depozitarini xəbərdar etmək yolu ilə bu Konvensiyanın qüvvəsinin beynəlxalq münasibətlər sahəsində onun yurisdiksiyası altında olan bütün və ya ayrı-ayrı ərazilərə şamil edilməsi barədə bəyanat verə bilər. Bu cür bildiriş depozitari tərəfindən alındığı tarixdən üç ay sonra qüvvəyə minir. Lakin bu Konvensiya Razılığa gələn müvafiq Tərəf üçün qüvvəyə minənədək bildirişdə göstərilən ərazilər üçün tətbiq edilməyəcəkdir.

2. Beynəlxalq münasibətlər sahəsində onun yurisdiksiyası altında olan hər hansı bir əraziyə bu Konvensiyanın qüvvəsinin şamil edilməsi barədə bu Maddənin 1-ci bəndində nəzərdə tutulmuş bildirişi təqdim etmiş Razılığa gələn hər bir Tərəf bu Konvensiyanın 19-cu Maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq həmin ərazidə gələcəkdə bu Konvensiyanın tətbiq edilməyəcəyi barədə depozitarini xəbərdar edə bilər.

Maddə 11

Bu Konvensiyanın tətbiqi məqsədləri üçün Razılığa gələn Tərəf olan gömrük və ya iqtisadi ittifaq həmin gömrük və ya iqtisadi ittifaqı təşkil edən ərazilər barədə Şuranın Baş katibini məlumatlandıracaq və bu ərazilər vahid ərazi hesab ediləcəkdir.

Müddəaların və qeyd-şərtlərin qəbulu

Maddə 12

1. Bununla bütün Razılığa gələn Tərəflər Baş Əlavəyə əməl etməyi öz öhdələrinə götürürlər.

2. Razılığa gələn Tərəf bir və ya bir neçə Xüsusi əlavəni, yaxud onların bir və ya bir neçə Fəslini qəbul edə bilər. Hər hansı Xüsusi Əlavəni və ya onun Fəslini (Fəsillərini) qəbul edən Razılığa gələn Tərəf öz üzərinə onlarda olan Standartlara əməl etmək barədə öhdəliklər götürmüş sayılır. Xüsusi Əlavəni və ya onun Fəslini (fəsillərini) qəbul etmiş Razılığa gələn Tərəf onlarda olan bütün Tövsiyə edilən qaydalara əməl etmək barədə öhdəliklər götürmüş sayılır, bir şərtlə ki, qəbuletmə anında və ya bundan sonra istənilən vaxt o, milli qanunvericiliyinin müddəaları ilə müvafiq Tövsiyə edilən qayda(lar) arasındakı ixtilafları göstərməklə barələrində qeyd-şərt daxil etdiyi Tövsiyə edilən qayda(lar) haqqında depozitarini xəbərdar etməmiş olsun. Qeyd-şərtlər etmiş hər hansı Razılığa gələn Tərəf istənilən vaxt depozitariyə bildirməklə onları tam şəkildə və ya qismən geri götürə bilər. Bu bildirişdə bu cür geri götürmənin hansı tarixdən qüvvəyə mindiyi göstərilir.

3. Bu və ya digər Xüsusi Əlavəyə, yaxud onun Fəslinə (Fəsillərinə) uyğun üzərinə öhdəliklər götürən Razılığa gələn hər hansı Tərəf bu Maddənin 2-ci bəndinə uyğun Tövsiyə edilən qaydalara etdiyi istənilən qeyd-şərtlərinin geri götürülmə imkanını öyrənir və Razılığa gələn həmin Tərəf üçün bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən hesablanan hər bir üçillik dövrün sonunda Şuranın Baş katibini milli qanunvericiliyin, onun fikrincə, bu və ya digər qeyd-şərti (şərtləri) geri götürməyə imkan verməyən müddəalarını göstərməklə nəticələr barədə xəbərdar edir.

Müddəaların tətbiqi

Maddə 13

1. Razılığa gələn hər bir Tərəf qəbul etdiyi Baş Əlavə, Xüsusi Əlavələr və ya onların Fəsillərindəki Standartların tətbiqinə bu Razılığa gələn Tərəf üçün həmin Əlavələr və fəsillər qüvvəyə mindikdən sonra 36 aydan gec olmayaraq başlamalıdır.

2. Razılığa gələn hər bir Tərəf Baş Əlavədə qəbul etdiyi Keçid müddətli Standartların tətbiqinə həmin Razılığa gələn Tərəf üçün Baş Əlavənin qüvvəyə mindiyi tarixdən 60 aydan gec olmayaraq başlamalıdır.

3. Razılığa gələn hər bir Tərəf qəbul etdiyi Xüsusi Əlavələrin və ya onların Fəsillərinin Tövsiyə edilən qaydalarının tətbiqinə bu Razılığa gələn Tərəf üçün həmin Xüsusi Əlavələr və onların Fəsilləri qüvvəyə mindikdən sonra 36 aydan gec olmayaraq başlamalıdır, bir şərtlə ki, bu Tövsiyə edilən qaydalardan biri və ya daha çoxu barədə qeyd-şərtlər daxil edilməmiş olsun.

4.

(a) Bu Maddənin 1 və ya 2-ci bəndlərinin müddəaları ilə nəzərdə tutulmuş müddətlər Razılığa gələn hər hansı Tərəfin Baş Əlavənin müddəalarını tətbiq etməsi üçün praktiki olaraq kifayət etməzsə, Razılığa gələn həmin Tərəf bu Maddənin 1 və 2-ci bəndlərində müəyyən edilmiş müddətlər keçənədək İdarəedici Komitəyə bu müddətlərin uzadılması üçün müraciət edə bilər. Razılığa gələn bu Tərəf müraciətində Baş Əlavənin hansı müddəası (müddəaları) barədə uzadılmanın xahiş edildiyini, habelə bu cür müraciətin səbəblərini göstərir;

(b) müstəsna hallarda İdarəedici Komitə bu cür uzadılmaya dair qərar qəbul edə bilər. İstənilən müddət uzadılmasına dair İdarəedici Komitənin hər hansı qərarında onun qəbuluna əsas verən müstəsna hallara istinad edilməlidir, uzadılma müddəti isə istənilən halda bir ildən artıq ola bilməz. Uzadılma müddəti bitdikdən sonra Razılığa gələn Tərəf barəsində müddətin uzadıldığı müddəaların tətbiqi barədə depozitarini məlumatlandırmalıdır.

Mübahisələrin həlli

Maddə 14

1. Razılığa gələn iki, yaxud daha çox Tərəf arasında bu Konvensiyanın təfsiri, yaxud tətbiqi ilə bağlı istənilən mübahisələr, imkan daxilində, onlar arasında danışıqlar yolu ilə həll edilməlidir.

2. Danışıqlar prosesində həllini tapmayan istənilən məsələləri Razılığa gələn mübahisə edən Tərəflər İdarəedici Komitəyə verirlər, o da mübahisəyə baxır və onun həlli üzrə tövsiyələr verir.

3. Mübahisə edən Razılığa gələn Tərəflər əvvəlcədən razılığa gələ bilərlər ki, İdarəedici Komitənin tövsiyələri onlar üçün məcburi olacaqdır.

Konvensiyaya dəyişikliklər

Maddə 15

1. İdarəedici Komitənin 6-cı Maddənin 5-ci bəndinin (a)(I) və (a)(II) yarımbəndləri ilə nəzərdə tutulmuş qaydaya uyğun qəbul edilmiş qərarı ilə Razılığa gələn Tərəflərə tövsiyə edilən istənilən dəyişikliyin mətnini Şuranın Baş Katibi Razılığa gələn bütün Tərəflərə və Şuranın Razılığa gələn Tərəf olmayan üzvlərinə çatdırır.

2. Konvensiyanın Əsas mətninə dəyişikliklər, Razılığa gələn bütün Tərəflər üçün, İdarəedici Komitənin bu dəyişikliklərin tövsiyə edildiyi iclasında iştirak etmiş Razılığa gələn həmin Tərəflərin bu dəyişiklikləri qəbul etməsi barədə sənədlərin depozitariyə təhvil verildiyi tarixdən on iki ay keçdikdən sonra qüvvəyə minir, bir şərtlə ki, bu barədə bildiriş göndərildikdən on iki ay ərzində Razılığa gələn Tərəflərdən heç biri öz etirazını təqdim etməsin.

3. Baş Əlavəyə, yaxud Xüsusi Əlavələrə və ya onların Fəsillərinə tövsiyə edilən istənilən dəyişiklik onun Razılığa gələn Tərəflərə göndərildiyi tarixdən altı ay keçdikdən sonra bir şərtlə qəbul edilmiş hesab ediləcəkdir ki:

(a) Razılığa gələn Tərəflərdən heç biri, yaxud Xüsusi Əlavəyə və ya onun Fəslinə dəyişikliklər edildiyi halda, bu Xüsusi Əlavəni və ya onun Fəslini tətbiq edən Razılığa gələn Tərəflərdən heç biri etirazını təqdim etməmiş olsun;

b) Razılığa gələn Tərəflərdən heç biri tövsiyə edilən dəyişiklikləri qəbul etmək niyyətinin olduğu, lakin bunun üçün zəruri şərtlərin yerinə yetirilmədiyi barədə Baş katibi məlumatlandırmamış olsun.

4. Razılığa gələn hər hansı bir Tərəf Şuranın Baş katibinə bu Maddənin 3-cü bəndinin «b» yarımbəndi ilə nəzərdə tutulmuş bildiriş göndərirsə, o hələ Şuranın Baş katibini tövsiyə edilən dəyişikliklərin qəbul edilməsi barədə xəbərdar etmədiyinə görə, Razılığa gələn bu Tərəf bu Maddənin 3-cü bəndində müəyyən edilmiş altı aylıq müddət keçdikdən on səkkiz ay ərzində bu dəyişikliklər barədə öz etirazlarını bildirə bilər.

5. Tövsiyə edilən dəyişikliklər barədə etirazlar haqqında bu Maddənin 3-cü bəndinin «a» yarımbəndinə və ya 4-cü bəndinə uyğun olaraq bir bildiriş olduqda, müvafiq dəyişiklik qəbul edilməmiş sayılır və qüvvədə olmur.

6. Razılığa gələn Tərəflərdən heç olmasa biri bu Maddənin 3-cü bəndinin «b» yarımbəndi ilə nəzərdə tutulmuş bildirişi göndərmişsə, müvafiq dəyişiklik aşağıdakı iki tarixdən daha əvvəl olanından qəbul edilmiş sayılacaqdır.

(a) Bu cür bildirişləri göndərmiş Razılığa gələn bütün Tərəflərin tövsiyə edilən dəyişikliyi qəbul etdikləri barədə Şuranın Baş Katibinə bildirdikləri tarixdən, bir şərtlə ki, bütün göstərilən məlumatlar bu Maddənin 3-cü bəndində müəyyən edilmiş altı aylıq müddət keçənədək daxil olsun: həmin tarix göstərilən altı aylıq müddətin keçdiyi tarix kimi qəbul edilir;

(b) bu Maddənin 4-cü bəndində müəyyən edilən on səkkiz aylıq müddətin başa çatdığı tarixdən.

7. Baş Əlavəyə və ya Xüsusi Əlavələrə, yaxud onların Fəsillərinə edilən istənilən dəyişiklik ya onların qəbul edilmiş sayıldığı tarixdən sonra altı ay keçdikdən sonra, ya da tövsiyə edilən dəyişikliklərdə başqa müddət göstərilmişsə, onların qəbul edilmiş sayıldığı tarixdən başlayaraq bu müddət bitdikdən sonra qüvvəyə minir.

8. Şuranın Baş katibi mümkün qədər qısa müddətdə bu Maddənin 3-cü bəndinin «a» yarımbəndinə uyğun olaraq edilmiş, tövsiyə edilən dəyişikliyə dair istənilən etirazlar və bu Maddənin 3-cü bəndinin «b» yarımbəndində nəzərdə tutulmuş əsaslara görə alınmış istənilən məlumatlar haqqında bu Konvensiyanın Razılığa gələn Tərəflərini xəbərdar edir. Sonradan Şuranın Baş katibi Razılığa gələn Tərəfləri bu cür məlumatları göndərmiş Razılığa gələn Tərəfin və ya Tərəflərin tövsiyə edilən dəyişiklik barədə etirazlar təqdim etdiyi və ya onları qəbul etdiyi barədə məlumatlandırır.

Maddə 16

1. Bu Konvensiyanın 15-ci Maddəsində ifadə olunmuş dəyişiklik etmək qaydasından asılı olmayaraq, İdarəedici Komitə bu Konvensiyanın 6-cı Maddəsinə uyğun olaraq Tövsiyə edilən hər hansı qaydada dəyişiklik edilməsinə, yaxud istənilən Xüsusi Əlavəyə və ya onun Fəslinə yeni Tövsiyə edilən qaydalar daxil edilməsinə dair qərar qəbul edə bilər. Razılığa gələn hər bir Tərəf İdarəedici Komitənin iclasında Şuranın Baş Katibi tərəfindən məsələlərə baxılmasında iştirak etmək üçün dəvət olunur. Barələrində yuxarıda göstərilən qərar qəbul edilmiş istənilən dəyişikliyin və ya yeni Tövsiyə edilən qaydaların mətni Şuranın Baş katibi tərəfindən Razılığa gələn Tərəflərə və bu Konvensiyanın Razılığa gələn Tərəfləri olmayan Şura üzvlərinə göndərilir.

2. Barəsində bu Maddənin 1-ci bəndinə uyğun qərar qəbul edilmiş istənilən dəyişikliklər və ya daxil edilən yeni Tövsiyə edilən qayda Şuranın Baş katibi tərəfindən göndərildiyi tarixdən altı ay keçdikdən sonra qüvvəyə minir. Dəyişikliklər və ya yeni Tövsiyə edilən qaydanın daxil edildiyi həmin Xüsusi Əlavə və ya həmin Fəsil üzrə üzərinə öhdəliklər götürmüş Razılığa gələn hər bir Tərəf, əgər bu Konvensiyanın 12-ci Maddəsi ilə nəzərdə tutulmuş qaydaya uyğun qeyd-şərt etməzsə, bu dəyişiklikləri və ya yeni Tövsiyə edilən qaydanı qəbul etmiş hesab olunur.

Konvensiyanın qüvvədə olma müddəti

Maddə 17

1. Bu Konvensiya qeyri-məhdud qüvvədə olma müddətinə malikdir, lakin Razılığa gələn istənilən Tərəf bu Konvensiyanın 18-ci maddəsinə uyğun olaraq, Konvensiya qüvvəyə mindikdən sonra istənilən vaxt onda iştirakdan imtina edə bilər.

2. Ləğvetməyə dair ərizə depozitariyə göndərilən yazılı sənədlə rəsmiləşdirilir.

3. Ləğvetmə depozitari tərəfindən ləğvetməyə dair müvafiq qərar alındığı andan altı ay keçdikdən sonra qüvvəyə minir.

4. Bu Maddənin 2 və 3-cü bəndlərində müəyyən edilmiş qayda o Xüsusi Əlavələr və ya onların Fəsilləri barəsində tətbiq edilir ki, onlar üzrə istənilən Razılığa gələn Tərəf onlar qüvvəyə mindikdən sonra istənilən vaxt onların qəbul edilməsindən imtina edə bilər.

5. Konvensiyaya aid Baş Əlavənin qəbul edilməsindən imtina etmiş Razılığa gələn Tərəf bu Konvensiyadan imtina etmiş sayılır. Bu halda da 2 və 3-cü bəndlərdəki müddəalar tətbiq edilir.

V fəsil. Yekun müddəalar

Maddə 18. Konvensiyanın qüvvəyə minməsi

1. Bu Konvensiya onun 8-ci Maddəsinin 1 və 5-ci bəndlərində adı çəkilən subyektlərdən beşi bu Konvensiyanı ratifikasiyaya dair qeyd-şərtsiz imzaladıqdan və ya ratifikasiyaya, yaxud qoşulmaya dair sənədlərini saxlanma üçün təhvil verdiyi tarixdən üç ay keçdikdən sonra qüvvəyə minir.

2. Bu Konvensiya Razılığa gələn hər hansı Tərəf üçün, o, bu Konvensiyanın 8-ci Maddəsi ilə nəzərdə tutulmuş qaydaya uyğun Razılığa gələn Tərəf olduğu andan üç ay keçdikdən sonra qüvvəyə minir.

3. Bu Konvensiyaya istənilən Xüsusi Əlavə və ya onun Fəsli Razılığa gələn beş Tərəfin müvafiq Xüsusi Əlavəni və ya müvafiq Fəsli qəbul etdiyi andan qüvvəyə minir.

4. İstənilən Xüsusi Əlavə və ya onun Fəsli bu Maddənin 3-cü bəndinin müddəalarına uyğun olaraq qüvvəyə mindikdən sonra, bu Xüsusi Əlavə və ya onun Fəsli Razılığa gələn istənilən Tərəf üçün, Razılığa gələn həmin Tərəfdən onun qəbuluna dair bildiriş daxil olduqdan üç ay keçdikdən sonra qüvvəyə minir. Lakin Xüsusi Əlavələrdən və ya onların Fəsillərindən heç biri Razılığa gələn hər hansı Tərəf üçün, Razılığa gələn həmin Tərəf üçün bu Konvensiya qüvvəyə mindikdən əvvəl qüvvəyə minmir.

Maddə 19. Konvensiyanın depozitarisi

1. Bu Konvensiya, ratifikasiyaya dair qeyd-şərtlə, yaxud qeyd-şərtsiz bütün imzalar, o cümlədən ratifikasiya və ya qoşulmaya dair bütün sənədlər Şuranın Baş katibində saxlanılır.

2. Depozitari aşağıdakı funksiyaları yerinə yetirir:

(a) bu Konvensiyanın mətnlərinin əsllərini alır və saxlanma üçün qəbul edir;

(b) bu Konvensiyanın əsllərinin təsdiq edilmiş surətlərini hazırlayır və onları Razılığa gələn Tərəflərə, Şuranın Razılığa gələn Tərəfləri olmayan üzvlərinə, habelə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verir;

(c) ratifikasiyaya dair qeyd-şərt və onsuz, bu Konvensiyanın ratifikasiyası və ona qoşulmaya dair bütün imzaları alır, həmçinin bu Konvensiyanın qəbuluna dair istənilən sənədləri, bildirişləri və məlumatları alır və saxlanma üçün qəbul edir;

(ç) bu Konvensiyaya dair imzanın və ya hər hansı sənədin, bildirişin, yaxud məlumatın lazımi və düzgün formada olmasını yoxlayır və lazım gəldikdə məsələni sözügedən Razılığa gələn Tərəfin nəzərinə çatdırır;

(d) Razılığa gələn Tərəfləri, Şuranın Razılığa gələn Tərəf olmayan üzvlərini və Birləşmiş Millətlər Təşkilatının Baş Katibini aşağıdakılar barədə xəbərdar edir:

    • bu Konvensiyanın 8-ci Maddəsinə uyğun olaraq Əlavələrin və Fəsillərin imzalanması, ratifikasiyası, onlara qoşulma və qəbulu;
    • İdarəedici Komitənin bu Konvensiyaya daxil edilməsi tövsiyə olunan Baş Əlavələrin yeni Fəsilləri və yeni Xüsusi əlavələr, yaxud onların Fəsilləri;
    • bu Konvensiyanın 18-ci Maddəsinin müddəalarına uyğun olaraq bu Konvensiyanın, Baş Əlavənin və hər bir Xüsusi əlavənin və ya onun Fəslinin qüvvəyə minmə tarixi;
    • bu Konvensiyanın 8, 10, 11, 12 və 13-cü maddələrində nəzərdə tutulmuş əsaslar üzrə alınmış bildirişlər;
    • Əlavələrin və ya onların Fəsillərinin qəbulundan imtina haqqında Razılığa gələn Tərəflərin bildirişləri;
    • bu Konvensiyanın 17-ci Maddəsi ilə nəzərdə tutulmuş qaydada iştirakdan imtina;
    • bu Konvensiyanın 15-ci Maddəsinə uyğun qəbul edilmiş hər hansı dəyişiklik və onun qüvvəyə minməsi.

3. Razılığa gələn Tərəflərdən hər hansı biri ilə depozitari arasında sonuncunun funksiyalarının icrası ilə bağlı hər hansı fikir ayrılığı yarandıqda, depozitari və ya Razılığa gələn həmin Tərəf bu məsələni bu Konvensiyanı imzalamış Razılığa gələn digər Tərəflərin nəzərinə və ya şəraitdən asılı olaraq, İdarəedici Komitənin və ya Şuranın nəzərinə çatdırır.

Maddə 20. Konvensiyanın qeydiyyatdan keçirilməsi və mətnlərin autentikliyi

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci Maddəsinə uyğun olaraq, bu Konvensiya Şuranın Baş katibinin müraciəti ilə Birləşmiş Millətlər Təşkilatının Katibliyində qeydiyyatdan keçirilməlidir.

Bunun təsdiqi olaraq, lazımi qaydada müvəkkil edilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

Kiotoda min doqquz yüz yetmiş üçüncü ildə ingilis və fransız dillərində, hər iki mətn eyni dərəcədə autentik olmaqla, təsdiqlənmiş surətlərini bu Konvensiyanın 8-ci Maddəsinin 1-ci bəndində göstərilən bütün subyektlərə verən Şuranın Baş katibinə saxlanma üçün təhvil verilən bir nüsxədə icra edilmişdir.

Baş Əlavə

I fəsil. Ümumi müddəalar

1.1. Standart

Bu Əlavənin anlayışlarının tərifləri, Standartları və Keçid müddətli standartları bu Əlavədə verilən gömrük qaydalarına və prosedurlarına, habelə tətbiq edilə biləcəyi dərəcədə Xüsusi Əlavələrdə olan qaydalara və prosedurlara tətbiq edilir.

1.2. Standart

Bu Əlavədə, eləcə də Xüsusi Əlavələrdəki qaydalar və prosedurlar üçün yerinə yetirilən şərtlər və tamamlanan gömrük rəsmiyyətçilikləri milli qanunvericiliklə müəyyən edilməli və mümkün qədər sadə olmalıdır.

1.3. Standart

Gömrük xidməti əməkdaşlığın inkişafı və milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun ən effektiv iş metodlarının tətbiqində iştiraka kömək məqsədi ilə ticarət iştirakçıları ilə konsultativ xarakterli rəsmi münasibətlər yaradır və saxlayır.

II fəsil. Anlayışların tərifi

Bu Konvensiyada işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F23. «şikayət» — gömrük xidmətinin qərarı və ya hərəkətsizliyi ilə bilavasitə mənafeyinə toxunulan və bunun nəticəsində özünü ziyan çəkmiş hesab edən şəxsin bu ziyanın ödənilməsi barədə səlahiyyətli orqana müraciəti üzrə hərəkəti;

E2./F19. «rüsumların və vergilərin hesablanması» — ödənilməli olan rüsum və vergi məbləğlərinin təyin edilməsi;

E3./F4. «audit metodları əsasında nəzarət» — bəyanetməyə aidiyyəti olan şəxslərdə müvafiq hesabların uçotu kitablarını, sənədləri, uçot sənədləşməsini və kommersiya informasiyasını yoxlamaqla, mallara dair bəyannamələrin düzgün doldurulmasına və onlarda göstərilən məlumatların doğruluğuna əmin olmaq üçün gömrük xidmətinin tətbiq etdiyi tədbirlər toplusu;

E4./F15. «mallara dair bəyannamənin yoxlanması» — mallara dair bəyannamənin düzgünlüyünə və zəruri təsdiqedici sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğuna əmin olmaq üçün gömrük xidməti tərəfindən görülən tədbirlər;

E5./F9. «gömrük rəsmiləşdirməsinin başa çatması» — malların sərbəst dövriyyəyə buraxılması, onların ixrac edilməsi və ya digər gömrük rejimləri altına yerləşdirilməsi üçün lazım olan gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;

E6./F10. «gömrük xidməti» — gömrük qanunvericiliyinin tətbiqi və rüsumların və vergilərin alınması, habelə idxala, ixraca, malların keçirilməsi və ya saxlanmasına aid digər qanun və qaydaların tətbiqi üzrə məsul olan dövlət xidməti;

E7./F3. «gömrük nəzarəti» — gömrük qanunvericiliyinə riayət edilməsini təmin etmək məqsədi ilə gömrük xidmətinin tətbiq etdiyi tədbirlər toplusu;

E8./F 11. «gömrük rüsumları» — gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan mallar barəsində tətbiq edilən, gömrük tarifi ilə nəzərdə tutulmuş rüsumlar;

E9./F16. «gömrük rəsmiyyətçiliyi» — gömrük qanunvericiliyinin tələblərinə əməl etmək məqsədi ilə müvafiq şəxslər və gömrük xidmətləri tərəfindən həyata keçirilməli olan hərəkətlərin məcmusu;

E10./F18. «gömrük qanunvericiliyi» — tətbiqi və icrasının təmini birbaşa gömrük xidmətinin üzərinə qoyulan, malların idxalına, ixracına, keçirilməsinə və ya saxlanmasına dair qanunların və qanun qüvvəli aktların, eləcə də səlahiyyətləri daxilində gömrük xidməti tərəfindən nəşr edilən istənilən normativ təlimatlar toplusu;

E11./F2. «gömrük orqanı» — gömrük xidmətinin gömrük rəsmiyyətçiliyinin icraatına səlahiyyətləndirilmiş inzibati bölməsi, habelə səlahiyyətli orqanlar tərəfindən bu məqsədlər üçün təyin edilmiş binalar və tikililər və ya digər yerlər;

E12./F25. «gömrük ərazisi» — Razılığa gələn Tərəfin gömrük qanunvericiliyinin tətbiq edildiyi ərazi;

E13./F6. «qərar» — gömrük qanunvericiliyində nəzərdə tutulan məsələ üzrə gömrük xidmətinin qəbul etdiyi fərdi xarakterli akt;

E14./F7. «deklarant» — malların bəyan edilməsini icra edən və adından bu cür bəyanetmənin icra edildiyi istənilən şəxs;

E15 ./F5. «ödəniş müddəti» — rüsum və vergilərin ödənilməli olduğu tarix;

E16./F12. «rüsumlar və vergilər» — idxal zamanı rüsum və vergi və/yaxud ixrac zamanı rüsum və vergi;

E17./F27. «malların yoxlanması» — malların xarakterinin, mənşəyinin, sayının və dəyərinin mallara dair bəyannamədə göstərilən məlumatlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə gömrük xidməti tərəfindən malların faktiki yoxlanması üzrə əməliyyatlar;

E18./F13. «ixrac rüsumları və vergiləri» — gömrük xidməti tərəfindən və digər dövlət orqanının adından yığılan, miqdarı göstərilən xidmətlərin təqribi dəyəri ilə məhdudlaşdırılan istənilən yığımlar istisna olmaqla, malların ixracı zamanı və ya ixracı ilə bağlı ödənilməli olan gömrük və bütün digər rüsumlar, vergilər və ya yığımlar;

E19./F8. «mallara dair bəyannamə» — marağı olan şəxslərin mallar barədə tətbiq edilməli olan gömrük prosedurunu və bu prosedurun tətbiqi üçün gömrük xidmətinin tələb etdiyi məlumatları göstərdikləri, gömrük xidməti tərəfindən müəyyən edilmiş forma üzrə tərtib olunan bildiriş;

E20./F14. «idxal rüsumları və vergiləri» — gömrük xidməti tərəfindən və digər dövlət orqanlarının adından yığılan, miqdarı göstərilən xidmətlərin təqribi dəyəri ilə məhdudlaşdırılan istənilən yığımlar istisna olmaqla, malların idxalı zamanı və ya idxalı ilə bağlı ödənilməli olan gömrük və bütün digər rüsumlar, vergilər, yaxud yığımlar;

E21./F1. «qarşılıqlı inzibati yardım» — gömrük qanunvericiliyinin lazımi tətbiqi, eləcə də gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması və aradan qaldırılması məqsədləri ilə bir gömrük xidməti tərəfindən başqa gömrük xidmətinin adından və ya onunla birgə icra etdiyi hərəkətlər;

E22./F21. «hərəkətsizlik» — lazımi qaydada qarşısında qoyulmuş məsələ üzrə ağlabatan müddət ərzində gömrük qanunvericiliyinə uyğun olaraq gömrük xidməti üçün nəzərdə tutulmuş hərəkətin icra edilməməsi və ya qərarın qəbul edilməməsi;

E23./F22. «şəxs» — məzmundan başqa hal irəli gəlmirsə, fiziki və ya hüquqi şəxs;

E24./F20. «malların buraxılması» — marağı olan şəxslərə barələrində gömrük rəsmiləşdirilməsi həyata keçirilən mallar üzərində sərəncam vermək üçün gömrük xidməti tərəfindən icazə verilməsindən ibarət hərəkət;

E25./F24. «qaytarma» — mallara aid rüsumların və vergilərin, tam və ya qismən qaytarılması, yaxud hələ ödənilməyibsə, rüsumlardan və vergilərdən tam və ya qismən azadetmə;

E26./F17. «təminat» — gömrük xidməti qarşısındakı öhdəliklərin icrasının gömrük xidməti tərəfindən qəbul edilən təminatı. Bir neçə əməliyyat üzrə öhdəliklərin icrasını təmin etdikdə, təminat «baş» təminat adlanır;

E27./F26. «üçüncü tərəf» — malların gətirilməsi, aparılması, daşınması və ya saxlanması məsələləri üzrə başqa şəxsin mənafeyi üçün gömrük xidməti ilə bilavasitə qarşılıqlı fəaliyyətdə olan istənilən şəxs.

III fəsil. Gömrük rəsmiləşdirilməsi və digər gömrük rəsmiyyətçilikləri

Gömrük orqanları

3.1. Standart

Gömrük xidməti malların təqdim edildiyi və ya gömrük rəsmiləşdirilməsinin icra edildiyi gömrük orqanlarını təyin edir. Bu cür orqanların səlahiyyətləri və yerləşmə yerləri, iş saatları təyin edilərkən müəyyən amillər, o cümlədən ticarətin tələbatları nəzərə alınır.

3.2. Standart

Marağı olan şəxsin sorğusu əsasında və gömrük xidməti tərəfindən əsaslı hesab edilən səbəblərə görə, lazımi şərait olduqda, gömrük xidməti gömrük qaydalarının və prosedurlarının tətbiqi üçün zəruri olan funksiyaları gömrük orqanının müəyyən edilmiş iş yeri və vaxtından kənar həyata keçirə bilər. Bu zaman gömrük xidməti tərəfindən alınan bütün ödənişlər göstərilən xidmətlərin təqribi dəyəri ilə məhdudlaşdırılır.

3.3. Standart

Gömrük orqanları ümumi sərhəddəki buraxılış məntəqələrində yerləşdiyi hallarda, həmsərhəd gömrük xidmətləri gömrük orqanlarının iş saatlarını və səlahiyyətlərini uyğunlaşdırırlar.

3.4. Keçid müddətli Standart

Ümumi sərhəddəki buraxılış məntəqələrində həmsərhəd dövlətlərin gömrük xidmətləri mümkün olan bütün hallarda birgə gömrük nəzarəti həyata keçirirlər.

3.5. Keçid müddətli Standart

Əgər bir gömrük xidməti ümumi sərhəddəki buraxılış məntəqəsində yeni gömrük orqanı yaratmağı və ya mövcud olanı yenidən təşkil etməyi planlaşdırırsa, o, mümkün olan bütün hallarda birgə nəzarətin sadələşdirilməsi üçün birgə buraxılış məntəqəsi yaratmaq məqsədi ilə həmsərhəd gömrük xidməti ilə qarşılıqlı fəaliyyət göstərir.

Deklarant

(a) Deklarant kimi çıxış etməyə ixtiyarlı şəxslər

3.6. Standart

Milli qanunvericilik şəxsin deklarant kimi tanınması şərtlərini müəyyənləşdirir.

3.7. Standart

Mallar üzərində sərəncam vermək hüququna malik olan istənilən şəxs deklarant sayılır.

(b) Deklarantın məsuliyyəti

3.8. Standart

Deklarant bəyannamədə göstərilən məlumatların doğruluğuna və rüsumların və vergilərin ödənilməsinə görə gömrük orqanı qarşısında məsuliyyət daşıyır.

(c) Deklarantın hüquqları

3.9. Standart

Mallara dair bəyannamə verilməzdən əvvəl deklaranta gömrük xidməti tərəfindən təyin edilən şərtlərlə:

(a) malların yoxlanılmasını,

(b) nümunələrin götürülməsini icra etməyə icazə verilir.

3.10. Standart

Gömrük xidməti o şərtlə gömrük xidmətinin icazəsi ilə və nəzarəti altında götürülmüş nümunələr barəsində mallara dair ayrıca bəyannamə təqdim edilməsini tələb etmir ki, bu nümunələr müvafiq mal partiyasına aid mal bəyannaməsinə daxil edilsin.

Mal bəyannaməsi

(a) Mal bəyannaməsinin məzmunu və forması

3.11. Standart

Mal bəyannaməsinin məzmunu gömrük xidməti tərəfindən müəyyənləşdirilir. Bəyannamənin kağız formatı BMT-nin birtipli formatına uyğun olmalıdır. Avtomatlaşdırılmış gömrük rəsmiləşdirilməsi prosesi tətbiq edildiyi halda, elektron üsulla verilən mal bəyannaməsinin formatı, bu informasiya texnologiyaları üzrə Gömrük Əməkdaşlığı Şurasının Tövsiyələri ilə müəyyən edildiyi kimi, elektron məlumatlar mübadiləsinin beynəlxalq standartlarına əsaslanır.

3.12. Standart

Gömrük xidməti mal bəyannaməsinə daxil edilməli olan məlumatların siyahısını yalnız gömrük rüsumları və vergilərinin hesablanması və alınması, statistikanın formalaşdırılması və gömrük qanunvericiliyinin tətbiqi məqsədləri üçün zəruri sayılan məlumatlarla məhdudlaşdırır.

3.13. Standart

Gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə deklarant mal bəyannaməsinin doldurulması üçün bütün lazımi informasiyaya malik olmadığı hallarda, ilkin və ya natamam mal bəyannaməsinin verilməsinə o şərtlə icazə verilir ki, onda gömrük xidməti tərəfindən zəruri sayılan məlumatlar olsun və deklarant onu müəyyən edilmiş müddətdə tam doldurmağı öhdəsinə götürsün.

3.14. Standart

Gömrük xidməti ilkin və ya natamam mal bəyannaməsini qeydiyyatdan keçirdiyi hallarda bu mallara tətbiq edilən gömrük-tarif tənzimlənməsi tədbirləri ilk halda tam və lazımi qaydada doldurulmuş bəyannamə təqdim edilmiş olduğu halda tətbiq edilənlərdən fərqlənməməlidir.

Malların buraxılması ödənilməli olan rüsumların və vergilərin alınmasının təmini üçün zəruri təminatlar verilməsi şərti ilə ləngidilmir.

3.15. Standart

Gömrük orqanı mal bəyannaməsinin əslinin və yalnız minimum sayda lazımi surətlərinin təqdim edilməsini tələb edir.

(b) Mal bəyannaməsinə qoşulan sənədlər

3.16. Standart

Mal bəyannaməsinin təsdiqi üçün gömrük xidməti yalnız həmin əməliyyata nəzarət və gömrük qanunvericiliyinin bütün tələblərinin icrasının təmini üçün zəruri olan sənədləri tələb edir.

3.17. Standart

Ayrı-ayrı təsdiqedici sənədlər gömrük xidmətinin əsaslı hesab etdiyi səbəblərə görə mal bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, gömrük xidməti bu cür sənədlərin müəyyən vaxt dövrü ərzində verilməsinə icazə verir.

3.18. Keçid müddətli Standart

Gömrük xidməti təsdiqləyici sənədlərin elektron üsulla təqdim olunmasına icazə verir.

3.19. Standart

Gömrük xidməti mal bəyannaməsinin işlənməsi üçün lazım olduğu hallar istisna olmaqla, sənədlərdəki məlumatların tərcüməsini tələb etmir.

Mal bəyannaməsinin verilməsi, qeydiyyatı və yoxlanılması

3.20. Standart

Gömrük xidməti mal bəyannaməsinin istənilən səlahiyyətli gömrük orqanında verilməsinə icazə verir.

3.21. Keçid müddətli Standart

Gömrük xidməti mal bəyannaməsinin elektron üsulla verilməsinə icazə verir.

3.22. Standart

Mal bəyannaməsi gömrük xidmətinin müəyyənləşdirdiyi iş vaxtında verilir.

3.23. Standart

Milli qanunvericiliklə mal bəyannaməsinin verilməsi üçün müddətlər müəyyən edilmişsə, bu müddətlər deklaranta mal bəyannaməsini doldurmaq və tələb olunan təsdiqedici sənədləri almaq üçün kifayət etməlidir.

3.24. Standart

Deklarantın xahişi ilə və gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə, gömrük xidməti mal bəyannaməsinin verilməsi üçün müddətləri uzadır.

3.25. Standart

Milli qanunvericilikdə mallar gəlib çıxanadək mal bəyannaməsinin və təsdiqedici sənədlərin verilmə və qeydiyyatı və yoxlanılması qaydasını tənzimləyən müddəalar nəzərdə tutulur.

3.26. Standart

Gömrük xidməti mal bəyannaməsini qeydiyyatdan keçirə bilmədiyi hallarda, o, deklaranta bunun səbəblərini bildirir.

3.27. Standart

Gömrük xidməti deklaranta verilmiş mal bəyannaməsinə bu şərtlə dəyişikliklər etməyə icazə verir ki, bu cür sorğu alındığı anadək o, mal bəyannaməsini yoxlamağa və ya malların yoxlanmasına başlamasın.

3.28. Keçid müddətli Standart

Əgər sorğu mal bəyannaməsinin yoxlanılmasının başlanmasınadək alınmışsa, gömrük xidməti deklaranta verilmiş mal bəyannaməsinə o şərtlə dəyişikliklər etməyə icazə verir ki, deklarantın göstərdiyi səbəblər gömrük xidməti tərəfindən əsaslı sayılsın.

3.29. Keçid müddətli Standart

Deklarantın mal bəyannaməsini geri götürməyə və başqa gömrük rejiminin tətbiqi barədə xahişinə bir şərtlə icazə verilir ki, bu barədə xahiş gömrük xidmətinə mallar buraxılanadək verilsin, səbəblər də gömrük xidməti tərəfindən əsaslı sayılsın.

3.30. Standart

Mal bəyannaməsinin yoxlanılması mal bəyannaməsinin qeydiyyatdan keçməsi ilə eyni zamanda, yaxud mümkün qədər qısa müddətdə icra edilir.

3.31. Standart

Mal bəyannaməsini yoxlamaq məqsədi ilə gömrük xidməti yalnız gömrük qanunvericiliyinə əməl edilməsinə əmin olmaq üçün zəruri saydığı hərəkətləri edir.

Müvəkkil şəxslər üçün Xüsusi prosedurlar

3.32. Keçid müddətli Standartlar

Gömrük xidmətinin tələblərinə əməl etmə və kommersiya sənədləşməsinin aparılmasının qənaətbəxş sistemindən istifadə də daxil olmaqla, gömrük xidməti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən müvəkkil şəxslər üçün gömrük xidməti aşağıdakıları nəzərdə tutur.

    • malların eyniləşdirilməsi üçün lazım olan və sonradan yekun mal bəyannaməsini doldurmağa imkan verən minimum məlumatlar təqdim edilməklə malların buraxılması;
    • malların deklarantın obyektində və ya gömrük xidmətinin icazə verdiyi digər yerdə rəsmiləşdirilməsini;
    • və bundan əlavə imkan daxilində, digər xüsusi prosedurları, yəni;
    • eyni bir şəxs tərəfindən malların bir neçə dəfə idxal, yaxud ixrac edildiyi müddət ərzində bütün idxal və ixrac əməliyyatları üçün vahid bir mal bəyannaməsinin rəsmiləşdirilməsinə icazə verən;
    • ödəməli olduqları rüsumların və vergilərin müstəqil hesablanması və zəruri hallarda gömrük xidmətinin digər tələblərinə əməl etmənin təmini üçün bu cür müvəkkil şəxslər tərəfindən onların kommersiya sənədləşməsindən istifadəyə yol verən;
    • sonradan əlavə olaraq mal bəyannaməsi verilməklə müvəkkil şəxsin kommersiya sənədləşməsinə məlumatlar daxil edilməsi formasında mal bəyannaməsi verilməsinə icazə verən prosedurları.

Malların yoxlanılması

(a) Malların yoxlanılmasına ayrılan müddət

3.33. Standart

Gömrük xidməti bəyannamədə göstərilən malların yoxlanılmasına dair qərar qəbul etdiyi hallarda bu cür yoxlama mal bəyannaməsi qeydiyyatdan keçirildikdən sonra mümkün qədər qısa müddətdə aparılır.

3.34. Standart

Yoxlamalar planlaşdırılarkən canlı heyvanların və tez xarab olan malların, habelə gömrük xidməti tərəfindən təcili xarakterli sayılan malların yoxlanmasına üstünlük verilir.

3.35. Keçid müddətli Standart

Mallar digər səlahiyyətli orqanların nəzarətindən keçməli olduğu hallarda gömrük xidməti də yoxlama planlaşdırırsa, gömrük xidməti bu cür yoxlamaların əlaqələndirilməsini və imkan daxilində, onların eyni zamanda keçirilməsini təmin edir.

(b) Deklarantın malların yoxlanışında iştirakı

3.36. Standart

Gömrük xidməti malların yoxlanılmasında deklarantın iştirakına və ya təmsil edilməsinə dair xahişlərinə baxır. Müstəsna hallar yoxdursa, bu cür xahişlər təmin edilir.

3.37. Standart

Gömrük xidməti məqsədəuyğun sayırsa, yoxlama keçirilməsinin sadələşdirilməsi üçün ona hər hansı zəruri kömək göstərilməsi məqsədi ilə malların yoxlanılmasında deklarantın və ya onun nümayəndəsinin iştirakını tələb edir.

(v) Gömrük xidməti tərəfindən nümunələrin/probların götürülməsi

3.38. Standart

Nümunələr/problar yalnız o hallarda götürülür ki, bu, gömrük xidməti tərəfindən malların tarif mövqeyinin adının və/və ya bəyan edilən malların dəyərinin müəyyən edilməsi, yaxud da milli qanunvericiliyin digər müddəalarının tətbiqinin təmini məqsədləri üçün zəruri olsun. Götürülən nümunələr/problar minimal olmalıdır.

Səhvlər

3.39. Standart

Gömrük xidməti səhvlərin qəsdən və əvvəlcədən bilərəkdən yanıltma niyyəti ilə və ya kobud etinasızlıq nəticəsində edilmədiyinə əmin olduqda, səhvlərə görə əhəmiyyətli sanksiyalar tətbiq etmir. Gömrük xidməti bu cür səhvlərin təkrarlanmasının qarşısının alınmasını zəruri saydığı hallarda sanksiyalar bu məqsədə nail olmaq üçün gərəkli olduğundan çox olmayan həcmdə tətbiq edilə bilər.

Malların buraxılması

3.40. Standart

Mal bəyannaməsində göstərilən mallar bilavasitə gömrük xidməti tərəfindən onların yoxlanması keçirildikdən sonra və ya onların yoxlanılmasının keçirilməməsinə dair qərar qəbul edildikdən sonra buraxılır, bir şərtlə ki:

    • heç bir hüquqpozma aşkar edilməsin;
    • idxala və ya ixraca lisenziyalar, yaxud digər zəruri sənədlər təqdim edilsin;
    • konkret prosedura aid bütün icazələr təqdim edilsin;
    • bütün rüsumlar və vergilər ödənilmiş olsun və ya onların ödənilməsinin təmini üçün zəruri tədbirlər görülsün.

3.41. Standart

Gömrük xidməti gələcəkdə deklarantın gömrük rəsmiləşdirilməsinin başa çatması üçün bütün əməliyyatları yerinə yetirəcəyini güman etmək üçün yetərli əsaslara malikdirsə, o, malları deklarantın gömrük xidməti tərəfindən qəbul edilə bilən, müvafiq mal partiyası haqqında əsas məlumatlar olan kommersiya sənədi və ya rəsmi sənəd təqdim etməsi, zəruri hallarda isə tələb olunan rüsumların və vergilərin ödənilməsini təmin edən zəmanət təqdim etməsi şərti ilə buraxır.

3.42. Standart

Gömrük xidməti malların nümunələrinin/problarının laboratoriya analizinin keçirilməsi, müfəssəl texniki sənədləşmə və ya mütəxəssis rəyi təqdim edilməsinə dair qərar qəbul etdiyi hallarda, o, malları müvafiq tədqiqatların nəticələri alınanadək o şərtlə buraxır ki, bütün zəruri təminatlar verilmiş olsun və bu cür mallar hər hansı qadağa və məhdudiyyətlərin təsiri altına düşməsin.

3.43. Standart

Hüquqpozma aşkar edildikdə, gömrük xidməti bir şərtlə inzibati və ya məhkəmə prosedurlarının sonunu gözləmədən malların buraxılmasını həyata keçirir ki, mallar müsadirə altına düşməsin və ya gələcəkdə maddi sübut kimi tələb olunmasın, habelə deklarant gömrük rüsumları və vergilərini ödəsin və bütün əlavə rüsum və vergilərin, həmçinin qoyula bilən cərimə məbləğlərinin alınmasını təmin edən zəmanəti təqdim etsin.

Mallardan imtina və ya onların məhv edilməsi

3.44. Standart

Mallar hələ sərbəst dövriyyə üçün buraxılmadığı və ya digər gömrük rejimi altına yerləşdirilmədiyi hallarda və heç bir hüquqpozma aşkar edilməməsi şərti ilə aşağıdakı hallarda müvafiq şəxsə rüsumlar və vergilərin ödənilməsi tələbi qoyulmur və ya onun ödədiyi rüsum və vergilər geri qaytarılır:

    • əlaqədar şəxsin xahişi ilə bu cür mallar gömrük nəzarəti altında və gömrük xidmətinin icazəsilə dövlətə verilirsə və ya məhv edilirsə, yaxud da kommersiya dəyərini itirmə vəziyyətinə gətirilirsə, özü də bununla bağlı məsrəflər əlaqədar şəxsin hesabına aid edilir;
    • bu cür mallar qəza və ya fors-major hallar nəticəsində məhv olursa və ya həmişəlik itirilirsə, bir şərtlə ki, bu cür məhv olma və ya itirilmə gömrük lazımi və gömrük xidməti tərəfindən qəbul edilən üsulla müəyyən edilsin;
    • təbii aşınma və ya azalma, bir şərtlə ki, təbii aşınma və ya azalma gömrük xidməti üçün qənaətbəxş olan lazımi qaydada müəyyən edilsin.

Malların məhv edilməsi nəticəsində əmələ gəlmiş, istənilən tullantılar və ya qalıqlar, onlar daxili bazarda istifadə edildikdə və ya ixrac edildikdə, onlara görə bu vəziyyətdə gətirilən və aparılan bu cür tullantılara və ya qalıqlara tətbiq edilən rüsumlar və vergilər alınır.

3.45. Keçid müddətli Standart

Hüquqpozmaların aşkar edilməməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə bəyan edilməmiş, yaxud da buraxıla bilməyən mallar gömrük xidməti tərəfindən satıldığı hallarda, onların satışından daxilolmalar, müvafiq rüsumlar və vergilər və digər xərclər çıxılmaqla, onları almağa hüququ olan şəxslərin hesablarına köçürülür, bu, mümkün olmadıqda isə, onlar müəyyən olunmuş müddətdə həmin şəxslər üçün ehtiyatda saxlanılır.

IV fəsil. Rüsumlar və vergilər

A. Rüsum və vergilərin hesablanması, alınması və ödənilməsi

4.1. Standart

Rüsumların və vergilərin ödənilməsi üzrə öhdəliklər yaranmasının şərtləri milli qanunvericiliklə müəyyən edilir.

4.2. Standart

Tətbiq edilən rüsum və vergilərin hesablanmasının icra edilmə müddəti milli qanunvericiliklə müəyyən edilir. Hesablanma mal bəyannaməsi verildikdən və ya rüsum və vergilərin ödənilməsi vəzifəsi başqa cür yarandıqdan sonra mümkün qədər qısa müddətdə həyata keçirilir.

4.3. Standart

Rüsum və vergi məbləğlərinin hesablanma bazası olan elementlər və onların müəyyən edilmə şərtləri milli qanunvericiliklə müəyyən edilir.

4.4. Standart

Rüsum və vergi dərəcələri rəsmi nəşrlərdə dərc olunur.

4.5. Standart

Milli qanunvericilik rüsum və vergilərin dərəcələrinin müəyyənləşdirildiyi zaman təyin edir.

4.6. Standart

Milli qanunvericilik rüsum və vergilərin ödənilmə formasını müəyyən edir.

4.7. Standart

Milli qanunvericilik rüsum və vergilərin ödənilməsinə məsul olan şəxsi/şəxsləri müəyyən edir.

4.8. Standart

Milli qanunvericilik rüsum və vergilərin ödənilmə müddətini və yerini müəyyən edir.

4.9. Standart

Milli qanunvericilik rüsum və vergilərin mallar buraxıldıqdan sonra ödənilməsinin mümkünlüyünü nəzərdə tutduğu hallarda, onların ödənilmə müddəti bu cür buraxılmadan sonra 10 gündən az olmamalıdır. Mallar buraxıldığı andan müəyyən edilmiş ödənilmə müddətinədək olan dövr ərzində faizlər alınmır.

4.10. Standart

Milli qanunvericilik gömrük xidmətinin müəyyən edilmiş müddətdə ödənilməmiş rüsum və vergilərin alınması üzrə tədbirlər görə biləcəyi müddəti müəyyən edir.

4.11. Standart

Milli qanunvericilik vaxtında ödənilməmiş rüsum və vergilərin məbləğlərindən artıq tutulan ödənişlərin hesablanması üçün faiz dərəcələrini və onların tətbiqi şərtlərini müəyyən edir.

4.12. Standart

Ödənilmə faktı başqa cür təsdiq edilə bilməzsə, rüsumlar və vergilər ödənilərkən ödəyiciyə ödəniş barədə sənəd verilir.

4.13. Standart

Milli qanunvericilik rüsumlar və vergilərin ondan aşağı rüsum və vergilərin alınmayacağı minimal dəyərini və/və ya minimal məbləğini müəyyən edir.

4.14. Standart

Gömrük xidməti mal bəyannaməsində rüsumlar və vergilər hesablanarkən buraxılan səhvlərin rüsum və vergilərin qanunvericiliklə müəyyən edildiyindən daha az məbləğlərinin alınmasına və ya tutulmasına gətirib çıxara biləcəyini və ya gətirib çıxardığını aşkar etdiyi hallarda, o, səhvləri düzəldir və ödənilməmiş məbləğləri alır. Bununla belə, həmin məbləğlər milli qanunvericiliklə müəyyən edilmiş minimal hədlərdən aşağıdırsa, gömrük xidməti ödənilməmiş məbləğləri almır və ya tutmur.

B. Rüsum və vergilərin ödənilmə müddətinin uzadılması

4.15. Standart

Milli qanunvericilik rüsum və vergilərin ödənilmə müddətinin uzadılmasının mümkünlüyünü nəzərdə tutursa, o bu cür müddət uzadılmasının hansı şərtlər altında verildiyini müəyyən edir.

4.16. Standart

Rüsum və vergilərin ödənilmə müddəti uzadıldıqda, imkan dərəcəsində faizlər tutulmur.

4.17. Standart

Rüsum və vergilərin ödənilməsi üzrə uzadılan müddət on dörd gündən az olmur.

C. Rüsum və vergilərin qaytarılması

4.18. Standart

Rüsum və vergilərin qaytarılması, onların hesablanmasında edilmiş səhv nəticəsində rüsum və vergilərin artıq ödənilməsi hallarında həyata keçirilir.

4.19. Standart

Gətirilmə və ya aparılma anında mallarda qüsurlar aşkar edildiyi, yaxud hər hansı başqa şəkildə onların razılaşdırılmış xüsusiyyətlərə uyğun gəlmədiyi, onların mal göndərən şəxsə, yaxud onun göstərdiyi başqa şəxsə qaytarıldığı müəyyən edilmişsə, aşağıdakı şərtlərə əməl edildikdə, gətirilən və ya aparılan mallar barəsində rüsumların və vergilərin qaytarılması həyata keçirilir:

    • mallar idxal ölkəsində istifadə, təmir edilməyibsə və ağlabatan müddətdə təkrar ixrac edilmişsə;
    • mallar ixrac edildikləri ölkədə istifadə, təmir edilməyibsə və ağlabatan müddətdə təkrar idxal edilmişsə.

Bununla belə mallardan istifadə rüsum və vergilərin qaytarılmasına maneə törətmir, bir şərtlə ki, bu cür istifadə qüsurların və ya təkrar ixraca yaxud təkrar idxala səbəb olmuş digər halların aşkar edilməsi üçün vacib hesab edilsin.

Təkrar ixracın və təkrar idxalın alternativi kimi mallar gömrük nəzarəti altında və ya gömrük xidmətinin icazəsi ilə dövlətin xeyrinə verilə bilər və ya gələcək kommersiya istifadəsi üçün yararsız hala gətirilə bilər. Bu cür verilmə və ya məhv etmə dövlət üçün heç bir xərcə səbəb olmur.

4.20. Keçid müddətli Standart

Gömrük xidmətinin icazəsi ilə əvvəl bəyan edilmiş gömrük rejimi dəyişdirildiyi hallarda, mallar yeni seçilmiş gömrük rejimi altına yerləşdirilərkən, ödənilməli olan rüsum və vergilərin məbləğlərindən artıq olan rüsum və vergilərin qaytarılması həyata keçirilir.

4.21. Standart

Qaytarılmaya dair ərizələr üzrə qərarlar yazılı formada qəbul edilir və əlaqədar şəxslərə mümkün qədər qısa müddətdə bildirilir, artıq ödənilmiş məbləğlərin qaytarılması ərizənin əsaslılığı yoxlanıldıqdan sonra ən qısa müddətlərdə həyata keçirilir.

4.22. Standart

Artıq ödənilmiş məbləğlərin rüsum və vergilərin hesablanması zamanı gömrük xidmətinin səhvinin nəticəsi olduğu gömrük xidməti tərəfindən müəyyən edildiyi hallarda qaytarılma prioritet qaydada həyata keçirilir.

4.23. Standart

Keçdikdən sonra qaytarılmaya dair ərizənin təmin edilə bilməyəcəyi müddətlər müəyyən edildiyi halda, bu cür müddətlər yetərli olmalı və mövcud olduqları zaman rüsum və vergilər qaytarıla bilən hər bir halın fərqli xüsusiyyətlərini nəzərə almalıdırlar.

4.24. Standart

Tutulan məbləğ milli qanunvericiliklə müəyyən edilən minimum məbləğdən az olduqda qaytarılma həyata keçirilmir.

V fəsil. Təminatlar

5.1. Standart

Milli qanunvericilik təminatlar verilməsini tələb edən halları sadalayır və onların verilmə formalarını müəyyən edir.

5.2. Standart

Gömrük xidməti təminatların məbləğini müəyyən edir.

5.3. Standart

Təminat verməsi tələb olunan istənilən şəxsə gömrük xidməti üçün məqbul olması şərti ilə təminat formalarından birini seçməyə icazə verilir.

5.4. Standart

Milli qanunvericiliklə nəzərdə tutulduğu hallarda, gömrük xidməti onun qarşısında götürülmüş öhdəliyin yerinə yetiriləcəyinə əmindirsə, təminatlar verilməsini tələb etmir.

5.5. Standart

Gömrük prosedurlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin təmini üçün təminatlar verilməsi tələb olunduğu hallarda gömrük xidməti deklarantlardan, o cümlədən həmin gömrük ərazisindəki müxtəlif gömrük orqanlarında malları müntəzəm bəyan edən deklarantlardan baş təminatı qəbul edir.

5.6. Standart

Təminatlar verilməsi tələb edildiyi hallarda bu təminatların ümumi məbləği mümkün qədər minimal olur və rüsum və vergilərə münasibətdə zəruri halda tutulmalı olan məbləğdən artıq olmur.

5.7. Standart

Təminatlar verilmişsə, bu təminatlar üzrə öhdəliklərdən azadetmə, gömrük xidməti icrasının təmini üçün həmin təminatların verilmiş olduğu öhdəliklərin lazımi qaydada icra edildiyini yəqinləşdirdikdən sonra mümkün qədər qısa müddətdə həyata keçirilir.

VI fəsil. Gömrük nəzarəti

6.1. Standart

Gömrük ərazisinə gətirilən və oradan aparılan istənilən mallar, o cümlədən nəqliyyat vasitələri, gömrük rüsum və vergilərinin tutulma obyektləri olub-olmadıqlarından asılı olmayaraq, gömrük nəzarətindən keçməlidir.

6.2. Standart

Gömrük nəzarəti gömrük qanunvericiliyinə əməl edilməsinin təmini üçün gərəkli olan hədlə məhdudlaşır.

6.3. Standart

Gömrük nəzarəti formaları seçilərkən, riskin idarə edilməsi sistemindən istifadə olunur.

6.4. Standart

Gömrük xidməti yoxlanılmalı olan şəxslərin və malların, o cümlədən nəqliyyat vasitələrinin müəyyən edilməsi üçün risklərin və bu cür yoxlamanın dərəcəsinin təhlili metodunu tətbiq edir.

6.5. Standart

Gömrük xidməti riskin idarə olunması sisteminə dəstək vermək məqsədi ilə qanunvericiliyə əməl edilməsinin qiymətləndirilməsi üzrə strategiya qəbul edir.

6.6. Standart

Gömrük nəzarəti sisteminə audit metodları əsasında nəzarət daxil edilir.

6.7. Standart

Gömrük xidməti gömrük nəzarətinin təkmilləşdirilməsi məqsədi ilə digər gömrük xidmətləri ilə əməkdaşlığa və qarşılıqlı yardım haqqında sazişlər bağlamağa çalışır.

6.8. Standart

Gömrük xidməti gömrük qanunvericiliyinin təkmilləşdirilməsi üçün ticarət iştirakçıları ilə əməkdaşlığa və qarşılıqlı anlaşma haqqında Memorandumlar bağlamağa çalışır.

6.9. Keçid müddətli Standart

Gömrük xidməti gömrük nəzarətinin təkmilləşdirilməsi üçün, mümkün dərəcədə, informasiya texnologiyalarından və elektron rabitə vasitələrindən istifadə edir.

6.10. Standart

Gömrük xidmətinin tələbləri ilə uyğunlaşmanın təmin edilməsi məqsədi ilə gömrük xidməti ticarət iştirakçılarının gömrük əməliyyatlarına təsir edən elektron rabitə sistemlərini qiymətləndirir.

VII fəsil. İnformasiya texnologiyalarının tətbiqi

7.1. Standart

Gömrük əməliyyatlarına kömək etmək məqsədi ilə, gömrük xidməti informasiya texnologiyasından, onlar iqtisadi cəhətdən faydalı və gömrük xidmətləri və ticarət iştirakçıları üçün effektiv olduqda, istifadə edir. Gömrük xidməti onun tətbiqi üçün şərtləri müəyyən edir.

7.2. Standart

Kompüter sistemlərini tətbiq edərkən, gömrük xidməti müvafiq beynəlxalq standartları tətbiq edir.

7.3. Standart

İnformasiya texnologiyaları tətbiq edilərkən, mümkün dərəcədə, bilavasitə marağı olan bütün şəxslərlə maksimum geniş məsləhətləşmələr həyata keçirilir.

7.4. Standart

Yeni və ya yenidən baxılmış milli qanunvericilik aşağıdakıları nəzərdə tutmalıdır:

    • yazılı sənədlərin təqdim edilməsi tələbinə alternativ olaraq elektron informasiya mübadiləsi üsullarını;
    • elektron, həmçinin sənəd əsasında həqiqiliyin müəyyən edilməsi metodlarını;
    • gömrük məqsədləri ilə istifadə üçün və lazım gəldikdə, digər gömrük xidmətləri və bütün digər istifadəçilərlə informasiya mübadiləsi üçün, qanunla yol verilirsə, informasiya mübadiləsinin elektron üsullarının köməyi ilə gömrük xidmətinin informasiyanı özündə saxlamaq hüququnu.

VIII fəsil. Gömrük orqanı ilə üçüncü tərəflər arasında münasibətlər

8.1. Standart

Marağı olan şəxslər gömrük xidməti ilə qarşılıqlı münasibətlərini, öz seçimlərinə görə, şəxsən və ya onun adından fəaliyyət göstərən müvəkkil üçüncü şəxs vasitəsi ilə həyata keçirirlər.

8.2. Standart

Milli qanunvericilik gömrük xidməti ilə qarşılıqlı münasibətlərdə bir şəxsin digər şəxs üçün və ya onun adından fəaliyyət göstərməsi üçün şərtləri və rüsum və vergilərin ödənilməsinə, eləcə də hər hansı pozuntulara görə üçüncü tərəflərin gömrük xidməti qarşısında məsuliyyətini müəyyən edir.

8.3. Standart

Marağı olan şəxsin seçiminə görə, gömrük əməliyyatları onun tərəfindən öz adından həyata keçirildikdə, bu marağı olan şəxs üçün üçüncü şəxs tərəfindən gömrük əməliyyatları həyata keçirildiyi zaman yaradılan əlverişli şəraitdən və ya qoyulan tələblərdən daha sərt şərait yaradılmamalı və ya daha sərt tələblər qoyulmamalıdır.

8.4. Standart

Müvəkkil edilmiş üçüncü şəxs gömrük xidməti ilə qarşılıqlı münasibətlərdə onu öz mənafeyini təmsil etməyə müvəkkil etmiş şəxslə eyni hüquqlara malikdir.

8.5. Standart

Gömrük xidməti ticarət iştirakçıları ilə rəsmi məsləhətləşmələr keçirərkən üçüncü şəxslərin iştirak imkanını nəzərdə tutur.

8.6. Standart

Gömrük xidməti üçüncü şəxsin gömrük əməliyyatlarına hansı şərtlər əsasında buraxılmadığını müəyyən edir.

8.7. Standart

Gömrük xidməti yazılı surətdə üçüncü şəxsi həmin şəxsin gömrük əməliyyatlarında iştirakından imtinaya dair qərarı barədə xəbərdar edir.

IX fəsil. Gömrük xidmətinin informasiyası, qərarları və göstərişləri

A. Ümumi səciyyəli informasiya

9.1. Standart

Gömrük xidməti istənilən marağı olan şəxsin gömrük qanunvericiliyinin tətbiqi üzrə ümumi xarakterli bütün zəruri informasiya ilə maneəsiz tanış olmasını təmin edir.

9.2. Standart

Tanış olmaq imkanı təmin edilmiş informasiyada gömrük qanunvericiliyinin və ya inzibati tədbir və ya tələblərin üzündən düzəlişlər edilməsinə ehtiyac varsa, gömrük xidməti bu cür dəyişikliklər qüvvəyə minənədək, əvvəlcədən bildirmənin yolverilməz olduğu hallar istisna olmaqla, marağı olan şəxslərin bu dəyişiklikləri nəzərə ala bilməsi üçün yetərli olan müddətlərdə dəqiqləşdirilmiş informasiya ilə maneəsiz tanış olması imkanını təmin edir.

9.3. Keçid müddətli Standart

Gömrük xidməti informasiyanın təqdim olunmasını asanlaşdırmaq məqsədi ilə informasiya texnologiyalarını tətbiq edir.

B. Konkret məsələlər üzrə informasiya

9.4. Standart

Marağı olan şəxsin sorğusu əsasında gömrük xidməti mümkün qədər qısa müddətdə gömrük qanunvericiliyi ilə bağlı marağı olan şəxs tərəfindən qoyulmuş konkret məsələlər üzrə mümkün qədər dəqiq informasiya verir.

9.5. Standart

Gömrük xidməti təkcə sorğu edilən informasiyanı yox, həm də marağı olan şəxsin nəzərinə çatdırmağı məqsədəuyğun hesab etdiyi, işə aid olan istənilən digər informasiyanı verir.

9.6. Standart

İnformasiya verilərkən gömrük xidməti, bu cür yayılmanın milli qanunvericiliklə nəzərdə tutulduğu və ya sanksiyalaşdırıldığı hallar istisna olmaqla, gömrük xidmətinin və ya üçüncü şəxslərin mənafeyinə toxunan özəl və məxfi xarakterli məlumatların yayılmamasını təmin etməyə borcludur.

9.7. Standart

Gömrük xidməti informasiyanı pulsuz verə bilməzsə, hər hansı ödəniş göstərilmiş xidmətlərin təqribi dəyəri ilə məhdudlaşır.

C. Qərarlar və göstərişlər

9.8. Standart

Marağı olan şəxsin yazılı müraciəti əsasında gömrük xidməti qərarını yazılı formada və milli qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edir. Qərar marağı olan şəxs üçün əlverişsizdirsə, sonuncuya onun çıxarılma səbəbləri bildirilir və şikayətvermə hüququ izah edilir.

9.9. Standart

Marağı olan şəxsin xahişi ilə gömrük xidməti, bütün zəruri hesab etdikləri informasiyaya malik olduğu təqdirdə, icra üçün məcburi olan göstərişləri verir.

X fəsil. Gömrük məsələləri üzrə şikayətvermə

A. Müraciət etmə hüququ

10.1. Standart

Milli qanunvericilik gömrük məsələləri üzrə şikayətvermə hüququnu nəzərdə tutur.

10.2. Standart

Hüquqlarına və mənafeyinə bilavasitə gömrük xidmətinin qərarı və ya hərəkətsizliyi ilə toxunulan istənilən şəxsin şikayətvermə hüququ vardır.

10.3. Standart

Gömrük xidmətinin qərarı və ya hərəkətsizliyi ilə hüquqlarına və mənafeyinə toxunulan şəxsə, o, gömrük xidmətinə verdikdən sonra, sorğusuna görə və milli qanunvericiliklə müəyyən edilmiş müddətlərdə bu cür qərarın və ya hərəkətsizliyin səbəbi bildirilir. Bu, şikayətvermə ilə nəticələnə və ya nəticələnməyə bilər.

10.4. Standart

Milli qanunvericilik gömrük xidmətinə ilkin şikayətvermə hüququnu nəzərdə tutur.

10.5. Standart

Şikayət gömrük xidməti tərəfindən təmin olunmadan saxlanıldığı halda, şikayətverən gömrük xidmətindən asılı olmayan orqana sonradan şikayətvermə hüququna malikdir.

10.6. Standart

Sonuncu instansiyada şikayətverən şəxs məhkəmə orqanına müraciət etməyə haqlıdır.

B. Şikayətin forması və verilməsi üçün əsaslar

10.7. Standart

Şikayət yazılı formada verilməli və əsaslandırılmalıdır.

10.8. Standart

Gömrük xidmətinin qərarından verilən şikayət üçün elə müddətlər qoyulur ki, ərizəçinin şikayət verilən qərarı öyrənmək və şikayət ərizəsi hazırlamaq üçün kifayət qədər vaxtı olsun.

10.9. Standart

Gömrük orqanlarına şikayət verildiyi hallarda gömrük xidməti eyni zamanda hər hansı təsdiqedici sübutların təqdim edilməsini tələb etmir, lakin müvafiq hallarda bu cür sübutların təqdim edilməsi üçün yetərli vaxt ayırır.

C. Şikayətə baxılması

10.10. Standart

Gömrük xidməti şikayət üzrə qərar çıxarır və mümkün qədər qısa müddətdə ərizəçiyə müvafiq yazılı bildiriş göndərir.

10.11. Standart

Gömrük xidməti şikayətin təmin edilməsini rədd edirsə, o, səbəbləri yazılı formada göstərir və ərizəçini onun müvafiq inzibati və ya müstəqil orqana sonrakı şikayətvermə hüququ, habelə bu cür şikayətin verilməsi üçün ayrılmış müddət barədə məlumatlandırır.

10.12. Standart

Şikayət təmin olunursa, gömrük xidməti ən qısa müddətdə öz qərarını və ya müstəqil orqanın, yaxud məhkəmə orqanının qərarını, əgər o, bu qərarla bağlı şikayət verməzsə, icra edir.


Əlavə 3

Xüsusi əlavələr

A. Xüsusi əlavəsi

Malların gömrük ərazisinə gətirilməsi

I fəsil. Mal bəyannaməsi verilənədək gömrük rəsmiyyətçilikləri

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.1 «yük bəyannaməsi» — kommersiya təyinatlı nəqliyyat vasitəsi gəldikdən və ya yola düşdükdən əvvəl və ya bununla eyni anda təqdim edilən, gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan yük haqqında gömrük xidməti tərəfindən tələb olunan informasiyanı əks etdirən məlumatlar;

E.2/F.3 «daşıyıcı» — malların faktiki daşınmasını həyata keçirən və ya nəqliyyat vasitəsindən istifadəyə görə cavabdeh olan şəxs;

E.3/F2. «mal bəyannaməsi verilənədək gömrük rəsmiyyətçilikləri» — mallar gömrük ərazisinə gətirildiyi andan gömrük rejimi altına yerləşdirilənədək, marağı olan şəxs tərəfindən və gömrük xidməti tərəfindən həyata keçirilən bütün əməliyyatlar.

Prinsiplər

1. Standart

Mal bəyannaməsi verilənədək gömrük rəsmiyyətçilikləri bu Fəslin müddəaları ilə və tətbiq edilən dərəcədə Baş əlavənin müddəaları ilə tənzimlənir.

2. Tövsiyə edilən qayda

Mal bəyannaməsi verilənədək gömrük rəsmiyyətçilikləri malların mənşə ölkəsindən və ya göndərildiyi ölkədən asılı olmayaraq, eyni dərəcədə tətbiq edilməlidir.

Malların gömrük ərazisinə gətirilməsi

(a) Malların gömrük ərazisinə gətirilə biləcəyi yerlər

3. Standart

Milli qanunvericilik malların gömrük ərazisinə gətirilmə yerlərini müəyyən edir. Gömrük xidməti yalnız nəzarət məqsədləri üçün lazım bildiyi hallarda malların bilavasitə gömrük orqanına və ya gömrük xidməti tərəfindən müəyyən edilən digər yerə çatdırılma marşrutlarını müəyyən edir. Bu yerlərin və marşrutların təyin edilməsi üçün müəyyən amillər, o cümlədən ticarətin məxsusi tələbatları nəzərə alınır.

Bu Standart gömrük ərazisində yerləşən limanda və ya hava limanında dayanmadan həmin gömrük ərazisini keçən dəniz və ya hava gəmiləri ilə daşınan mallar barədə tətbiq edilmir.

(b) Daşıyıcının vəzifələri

4. Standart

Daşıyıcı bütün malların yük bəyannaməsində göstərilməsinə görə və ya onlar barədə informasiyanın gömrük xidmətinin nəzərinə istənilən digər icazə verilmiş üsulla çatdırılmasına görə gömrük xidməti qarşısında məsuliyyət daşıyır.

5. Standart

Malların gömrük ərazisinə gətirilməsi daşıyıcı üçün onların gecikdirilmədən bilavasitə gömrük orqanına və ya gömrük orqanı tərəfindən müəyyən edilmiş digər yerə, tələb olunan yerlərdə müəyyən edilmiş marşrutlarla getməklə çatdırmaq vəzifəsi yaradır. Bu zaman malların vəziyyətinin dəyişdirilməsinə və ya qablaşdırmalarının zədələnməsinə, habelə gömrük plomblarının zədələnməsinə yol verilmir.

Bu Standart gömrük ərazisində yerləşən limanda və ya hava limanında dayanmadan həmin gömrük ərazisini keçən dəniz və ya hava gəmiləri ilə daşınan mallar barədə tətbiq edilmir.

6. Standart

Əgər malların gömrük ərazisinə gətirildikləri yerdən səlahiyyətli gömrük orqanına və ya müəyyən edilmiş digər yerə çatdırılması qəza və ya fors-major halları nəticəsində dayandırılırsa, daşıyıcı mallardan icazəsiz istifadəyə yol verilməməsi və Gömrük xidmətinin və ya digər səlahiyyətli orqanların qəzanın xarakteri və ya malların çatdırılmasının kəsilməsinə səbəb olmuş digər hallar barədə məlumatlandırılması üçün bütün məqsədəuyğun tədbirləri görməyə borcludur.

Malların gömrük xidmətinə təqdim edilməsi

(a) Sənədlər

7. Tövsiyə edilən qayda

Malların təqdim edilməli olduğu gömrük orqanı malların gömrük ərazisinə gətirildikləri yerdə yerləşmirsə, gömrük xidməti yalnız nəzarət məqsədləri üçün bunu zəruri saydığı hallarda sənədlərin gətirilmə yerində verilməsini tələb etməlidir.

8. Standart

Gömrük xidməti sənədləri malların ona təqdim edilməsi ilə əlaqədar tələb etdiyi hallarda bu sənədlərdə olan informasiya yalnız malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi üçün lazım olan məlumatlarla məhdudlaşır.

9. Tövsiyə edilən qayda

Gömrük xidməti tələb olunan məlumatları daşıyıcının adi sənədlərində olan məlumatlarla məhdudlaşdırmalı və bu məqsədlər üçün nəqliyyat sahəsində beynəlxalq sazişlərdə nəzərdə tutulan tələblərə əsaslanmalıdır.

10. Tövsiyə edilən qayda

Gömrük xidməti adətən yük bəyannaməsini malların təqdimi üçün tələb olunan yeganə sənəd kimi qəbul etməlidir.

11. Tövsiyə edilən qayda

Malların təqdimi üçün tələb olunan sənədlərin qəbulu üzrə məsul olan gömrük orqanı, həmçinin mal bəyannaməsini də qəbul etməyə səlahiyyətləndirilməlidir.

12. Tövsiyə edilən qayda

Əgər gömrük xidmətinə təqdim edilən sənədlər bu məqsədlər üçün işlədilməsi şərtləndirilməmiş dildə, yaxud malların gətirildiyi ölkənin dili olmayan dildə tərtib olunmuşsa, gömrük xidməti əsasən bu sənədlərdə olan müfəssəl məlumatların tərcüməsini tələb etmir.

(b) Malların iş vaxtından kənar gətirilməsi

13. Standart

Gömrük xidməti gömrük orqanına iş vaxtından kənar gətirilmə halında mallardan gömrük ərazisində icazəsiz istifadənin qarşısının alınması üçün daşıyıcı tərəfindən görülən ehtiyat tədbirlərini müəyyən edir.

14. Tövsiyə edilən qayda

Daşıyıcının sorğusu əsasında və gömrük xidməti tərəfindən əsaslı hesab edilən səbəblərə görə, sonuncu, imkan daxilində, mal bəyannaməsi verilənədək olan gömrük rəsmiyyətçiliklərinin gömrük orqanının iş vaxtı xaricində yerinə yetirilməsinə icazə verməyə borcludur.

Malların boşaldılması

(a) Malların boşaldılma yerləri

15. Standart

Milli qanunvericilik malların boşaldılmasına icazə verilən yerləri müəyyənləşdirir.

16. Tövsiyə edilən qayda

Marağı olan şəxsin sorğusu əsasında və gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə, sonuncu, malların boşaldılmasının bu məqsədlər üçün müəyyən edilməmiş digər yerlərdə həyata keçirilməsinə icazə verməyə borcludur.

(b) Malların boşaldılmasına başlanılması

17. Standart

Yükün boşaldılmasına nəqliyyat vasitəsinin yük boşaltma yerinə gəlməsindən sonra ən qısa müddətdə icazə verilir,

18. Tövsiyə edilən qayda

Marağı olan şəxsin sorğusu əsasında və gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə, sonuncu, imkan daxilində malların gömrük orqanının iş vaxtından kənar keçirilməsinə icazə verməlidir.

Yığımlar

19. Standart

Aşağıdakılarla bağlı gömrük xidməti tərəfindən alınan yığımlar göstərilən xidmətlərin təqribi dəyəri ilə məhdudlaşır.

    • mal bəyannaməsi verilənədək gömrük rəsmiyyətçiliklərinin gömrük orqanının iş vaxtından kənar yerinə yetirilməsi ilə bağlı;
    • malların bu məqsədlər üçün müəyyən edilməmiş digər yerlərdə boşaldılması ilə bağlı və ya malların gömrük orqanının iş vaxtından kənar boşaldılması ilə bağlı.

II fəsil. Malların müvəqqəti saxlanması

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.1 «yük bəyannaməsi» — kommersiya təyinatlı nəqliyyat vasitəsi gəldikdən və ya yola düşdükdən əvvəl və ya bununla eyni anda təqdim edilən, gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan yük haqqında gömrük xidməti tərəfindən tələb olunan informasiyanı əks etdirən məlumatlar;

E.2/F.2 «malların müvəqqəti saxlanması» — mal bəyannaməsi verilməsini gözləyərkən gömrük xidməti tərəfindən müəyyən edilmiş ərazilərdə və hasarlanmış və ya hasarlanmamış açıq yerlərdə (müvəqqəti anbarlar adlanan) malların gömrük nəzarəti altında müvəqqəti saxlanması.

Prinsiplər

1. Standart

Malların müvəqqəti saxlanması bu Fəslin müddəaları və tətbiq edilə biləcəyi dərəcədə Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Standart

Gömrük xidməti ticarətin tələbatlarının ödənilməsinin təmini üçün zəruri saydığı bütün hallarda müvəqqəti saxlanc anbarları yaradılmasına icazə verir.

3. Tövsiyə edilən qayda

Miqdarından, mənşə ölkəsindən və ya göndərildiyi ölkədən asılı olmayaraq, bütün malların müvəqqəti saxlancına icazə verilməlidir. Bununla belə, təhlükəli mallar, başqa mallara ziyan vura bilən mallar, yaxud xüsusi saxlanma şəraiti tələb edən malların müvəqqəti saxlancına xüsusi təchiz edilmiş və səlahiyyətli orqanlar tərəfindən onların qəbulu üçün təyin edilmiş anbarlarda icazə verilməlidir.

Sənədlər

4. Standart

Malları müvəqqəti saxlanca yerləşdirmək üçün tələb olunan yeganə sənəd, bu malların təsviri olan və onlar gömrük xidmətinə təqdim edilərkən istifadə olunan sənəddir.

5. Tövsiyə edilən qayda

Gömrük xidməti yük bəyannaməsini və ya digər kommersiya sənədini malların müvəqqəti saxlanca qoyulması üçün lazım olan yeganə sənəd kimi qəbul etməyə bir şərtlə borcludur ki, bu yük bəyannaməsində və ya digər kommersiya sənədində adı çəkilən mallar müvəqqəti anbara yerləşdirilsin.

Müvəqqəti anbarların idarə edilməsi

6. Standart

Gömrük xidməti müvəqqəti anbarların qurulmasına, təchiz edilməsi və işinin təşkilinə aid tələbləri, habelə malların saxlanması, anbar uçotunun və hesabatının aparılması və gömrük nəzarətinin həyata keçirilməsi üçün şərtləri müəyyən edir.

İcazəli əməliyyatlar

7. Standart

Müvəqqəti saxlancda olan mallar barəsində gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə onların dəyişilməz şəkildə qorunmasının təmini üçün adi əməliyyatların həyata keçirilməsinə icazə verilir.

8. Tövsiyə edilən qayda

Müvəqqəti saxlancda olan mallar barəsində gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə onların müvəqqəti anbardan aparılmasının və sonrakı nəqlinin sürətləndirilməsi üçün zəruri olan adi əməliyyatların həyata keçirilməsinə icazə verilməlidir.

Müvəqqəti saxlancın müddəti

9. Standart

Milli qanunvericilik müvəqqəti saxlanc üçün məhdud müddət müəyyən edirsə, bu müddət idxalçının malların hər hansı başqa gömrük rejimi altında yerləşdirilməsi üçün zəruri rəsmiyyətçilikləri tam şəkildə yerinə yetirmək imkanına malik olması üçün kifayət etməlidir.

10. Tövsiyə edilən qayda

Marağı olan şəxsin sorğusu əsasında və gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə gömrük xidməti ilkin müəyyən edilmiş müddəti uzatmalıdır.

Yararsız hala düşmüş və ya zədələnmiş mallar

11. Tövsiyə edilən qayda

Müvəqqəti anbardan aparılanadək qəza və ya fors-major hallar nəticəsində yararsız hala düşmüş, xarab olmuş və ya zədələnmiş malların bir şərtlə yararsız, korlanmış və ya zədələnmiş halda gətirilmiş mallar barəsində olduğu kimi gömrük rəsmiləşdirilməsinə icazə verilir ki, yararsızlıq korlanma və ya zədələnmə gömrük xidməti üçün qənaətbəxş sayılan lazımi qaydada müəyyən edilsin.

Müvəqqəti anbardan aparma

12. Standart

Mallar üzərində sərəncam vermək hüququna malik olan istənilən şəxs, hər bir halda tətbiq edilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilməsi şərti ilə on-ları müvəqqəti anbardan aparmağa haqlıdır.

13. Standart

Mallar müvəqqəti anbardan müəyyən edilmiş müddətdə aparılmadıqda, milli qanunvericilik hansı qaydaya əməl etmək lazım olduğunu müəyyənləşdirir.


B. Xüsusi əlavəsi

İdxal

I fəsil. Sərbəst dövriyyə üçün buraxılış

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.3 «sərbəst dövriyyə üçün buraxılış» — ödənilməli olan bütün idxal rüsumları və vergilər ödənildikdən və bütün lazımi gömrük rəsmiyyətçilikləri yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə daxil olmasını nəzərdə tutan gömrük rejimi;

E.2/F.1 «sərbəst dövriyyədə olan mallar» — gömrük xidməti tərəfindən üzərində sərəncam verilməsinə məhdudiyyət qoyulmayan mallar.

Prinsiplər

1. Standart

Sərbəst dövriyyə üçün buraxılış bu Fəslin müddəaları ilə və tətbiq oluna biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Sənədlər

1. Tövsiyə edilən qayda

Milli qanunvericilik mal bəyannaməsinin standart formasına alternativ olan mal bəyanetmə formalarını nəzərdə tutmalıdır, bir şərtlə ki, onlar sərbəst dövriyyəyə buraxılış üçün nəzərdə tutulan mallara aid zəruri məlumatların təqdim edilməsini təmin etsin.

II fəsil. Təkrar idxal

Anlayışların tərifi

Bu fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.3 «sərbəst dövriyyə üçün buraxılış» — ödənilməli olan bütün idxal rüsumları və vergilər ödənildikdən və bütün lazımi gömrük rəsmiyyətçilikləri yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə daxil olmasını nəzərdə tutan gömrük rejimi;

E.2/F.3 «kompensasiya edən məhsullar» — barəsində gömrük ərazisində emal rejimindən istifadəyə icazə verilən, malların istehsalının, emalının və ya təmirinin nəticəsi olan məhsullar;

E.3/F.3 «geriyə qaytarmaq niyyəti elan edilməklə aparılan mallar» — deklarant tərəfindən təkrar idxal niyyəti göstərilən, dəyişilməz halda təkrar idxal edilməsinin təmini üçün barələrində gömrük xidməti tərəfindən eyniləşdirmə üzrə tədbirlər görülə bilən mallar;

E.4/F.1 «sərbəst dövriyyədə olan mallar» — gömrük xidməti tərəfindən üzərində sərəncam verilməsinə məhdudiyyət qoyulmayan mallar.

E.5/F.4 «eyni vəziyyətdə təkrar idxal» — elə gömrük rejimidir ki, ona uyğun olaraq əvvəllər aparılmış mallar bir şərtlə idxal gömrük rüsumları və vergilərindən azad edilməklə sərbəst dövriyyəyə buraxılır ki, onlar xaricdə istehsal, emal və ya təmir üzrə heç bir əməliyyata məruz qalmamış olsunlar və aparılma ilə bağlı verilmiş rüsumların və vergilərin qaytarılması və ya əvəzinin ödənilməsi, yaxud onlardan azad edilmə və ya istənilən subsidiyalar və ya digər ödəmələr nəticəsində tələb olunmalı bütün məbləğlər ödənilmiş olsun. Təkrar idxala sərbəst dövriyyədə olmuş və ya kompensasiya edən məhsullar olmuş mallar barəsində yol verilə bilər.

Prinsiplər

1. Standart

Eyni vəziyyətdə təkrar idxal bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Standart

Eyni vəziyyətdə təkrar idxala hətta o halda icazə verilir ki, aparılmış malların yalnız bir hissəsi qaytarılsın.

3. Standart

Əgər şərait əsas verirsə, eyni vəziyyətdə təkrar idxala hətta malların geriyə gətirilməsi onları aparmış şəxs yox, başqa şəxs tərəfindən həyata keçirildiyi halda da icazə verilir.

4. Standart

Eyni vəziyyətdə təkrar idxal o əsasa görə rədd edilməməlidir ki, mallar xaricdə olarkən istifadə olunmuş və ya zədələnmiş, yaxud da köhnəlmiş vəziyyətə düşmüşdür.

5. Standart

Eyni vəziyyətdə təkrar idxala o əsasa görə rədd cavabı verilməməlidir ki, xaricdə olarkən mallar, onların qorunması və saxlanması üçün lazım olan əməliyyatlara məruz qalmışlar, lakin bir şərtlə ki, bu cür əməliyyatlar malların aparılması anında onların dəyərinin artmasına səbəb olmasın.

6. Standart

Eyni vəziyyətdə təkrar idxal bilavasitə xaricdən gətirilən mallarla məhdudlaşmır, ona həmçinin artıq başqa gömrük rejimi altına yerləşdirilmiş mallar üçün də yol verilir.

7. Standart

Eyni vəziyyətdə təkrar idxal o əsasa görə rədd edilməməlidir ki, mallar onların geriyə gətirilməsi niyyəti barədə elan edilmədən aparılmışdır.

Eyni vəziyyətdə təkrar idxal üçün vaxt məhdudiyyəti

8. Standart

Elə bir müddət müəyyən edilmişsə ki, o keçdikdən sonra eyni vəziyyətdə təkrar idxala yol verilmir, onun davamiyyəti hər bir hala dair müxtəlif xüsusatları nəzərə almaq üçün kifayət etməlidir.

Səlahiyyətli gömrük orqanları

9. Standart

Gömrük xidməti yalnız o hallarda eyni vəziyyətdə təkrar idxal edilən malların aparıldıqları gömrük orqanında bəyan edilməsini tələb edir ki, bu cür bəyanetmə təkrar idxal rejiminə kömək etsin.

Mal bəyannaməsi

10. Standart

Malların beynəlxalq daşınması üçün istifadə edilən qablaşdırmaların, konteynerlərin, altlıqların və kommersiya təyinatlı nəqliyyat vasitələrinin təkrar idxalı üçün o halda yazılı mal bəyannaməsi tələb olunur ki, bu, qablaşdırılmaların, konteynerlərin, altlıqların və kommersiya təyinatlı nəqliyyat vasitələrinin aparılması zamanı sərbəst dövriyyədə olmaları gömrük xidməti üçün qənaətbəxş üsulla təsdiq edilsin.

Geriyə gətirilmək niyyəti bildirilməklə aparılan mallar

11. Standart

Deklarantın sorğusu ilə gömrük xidməti geriyə qaytarmaq niyyəti bildirilməklə malların aparılmasına icazə verir və onların təkrar idxalına kömək edən bütün lazımi tədbirləri görür.

12. Standart

Gömrük xidməti geriyə qaytarmaq niyyəti bildirilməklə aparılan malların eyniləşdirilməsinə aid tələbləri müəyyən edir. Bu, həyata keçirildikdə, malların xarakteri və toxunulan maraqların mühümlüyü lazımi qaydada nəzərə alınır.

13. Tövsiyə edilən qayda

Geriyə qaytarmaq niyyəti bildirilməklə aparılan mallara münasibətdə tətbiq edilə bilən ixrac rüsumları və vergilərindən şərti azadetmə tətbiq edilməlidir.

14. Standart

Hər bir halda tətbiq edilə bilən müvafiq şərtlər və rəsmiyyətçiliklərə əməl olunmuşsa, marağı olan şəxsin sorğusu ilə gömrük xidməti geriyə qaytarmaq niyyəti bildirilməklə malların aparılmasını birdəfəlik ixracla əvəz etməyə icazə verir.

15. Tövsiyə edilən qayda

Əgər eyni mal dəfələrlə geriyə qaytarmaq niyyəti bildirilməklə aparılırsa, deklarantın sorğusu ilə gömrük xidməti mal ilk dəfə aparılarkən verilən, geriyə qaytarmaq niyyəti elan edilməklə aparılmaya dair bəyannamənin təkrar idxalın sonrakı halları və bu malın müəyyən vaxt ərzində aparılması üçün etibarlı olmasına icazə verməyə borcludur.

III fəsil. İdxal rüsum və vergilərindən azad edilmə

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.2 «sərbəst dövriyyə üçün buraxılış» — ödənilməli olan bütün idxal rüsumları və vergilər ödənildikdən və bütün lazımi gömrük rəsmiyyətçilikləri yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə daxil olmasını nəzərdə tutan gömrük rejimi;

E.2/F.1 «idxal gömrük rüsum və vergilərindən azad edilmə» — mallar müəyyən şərtlər və müəyyən məqsədlərlə gətirilmişsə, adi tarif təsnifatından və ya ödənilməli olan gömrük rüsum və vergilərinin məbləğindən asılı olmayaraq, malların idxal gömrük rüsum və vergilərindən azad edilməklə sərbəst dövriyyəyə buraxılması.

Prinsiplər

1. Standart

Sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmiş mallar üzrə idxal gömrük rüsum və vergilərindən azad edilmə bu Fəslin müddəaları ilə tətbiq edilə biləcəyi dərəcədə Baş əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Standart

Milli qanunvericilik idxal gömrük rüsum və vergilərindən azad edilmə hallarının siyahısını müəyyən edir.

3. Standart

İdxal gömrük rüsum və vergilərindən azad edilmə bilavasitə xaricdən gətirilən mallarla məhdudlaşmır, ona həmçinin başqa gömrük rejimi altına yerləşdirilmiş mallar üçün də yol verilir.

4. Tövsiyə edilən qayda

İdxal gömrük rüsum və vergilərindən azad edilmə beynəlxalq müqaviləyə görə qarşılıqlılıq əsasında tətbiq edildiyi hallar istisna olmaqla, bu cür azad edilmə malların mənşə ölkəsindən və ya göndərilmə ölkəsindən asılı olmayaraq tətbiq edilməlidir.

5. Standart

Milli qanunvericilik idxal gömrük rüsum və vergilərindən azad edilmə üçün ilkin icazə tələb olunduğu halların siyahısını və bu cür icazəni verməyə səlahiyyətləndirilmiş orqanları müəyyən edir. Bu cür hallar mümkün qədər az olmalıdır.

6. Tövsiyə edilən qayda

Razılığa gələn Tərəflər, malların beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş idxal rüsum və vergilərindən azad olunması tətbiq edilərkən, onlarda qoyulmuş şərtləri nəzərə almalı, habelə bu cür beynəlxalq müqavilələrə qoşulma imkanını diqqətlə öyrənməlidirlər.

7. Tövsiyə edilən qayda

İdxal rüsum və vergilərindən və iqtisadi qadağa və məhdudiyyətlərdən azad edilmə, göstərilən şərtlər əsasında, həmçinin bu cür azadetmənin tətbiq edilməsi üçün milli qanunvericiliklə nəzərdə tutulmuş bütün digər tələblərə əməl edilməklə, aşağıdakı mallar üzrə tətbiq edilməlidir:

(a) səlahiyyətli orqanlar tərəfindən müvəkkil edilmiş təşkilatlar və ya laboratoriyalar üçün nəzərdə tutulmuş hallarda insan mənşəli müalicəvi preparatlar, qan və hüceyrə qruplarının təyin edilməsi üçün reaktivlər;

(b) gömrük xidməti tərəfindən çox cüzi dəyərə malik nümunələr kimi qiymətləndirilən və yalnız onlarla eyni növdən olan mallara sifarişlər alınması məqsədi ilə istifadə edilməli olan, kommersiya dəyəri olmayan nümunələr;

(c) kommersiya, sənaye və ya kənd təsərrüfatı təyinatlı qurğular və ya avadanlıqlardan başqa, şəxs tərəfindən bu ölkəyə daimi yaşayış yerinə köçmə məqsədi ilə, bu şəxslə birlikdə və ya ondan ayrıca ölkəyə gətirilən, həmin şəxs və ya onun ailə üzvləri tərəfindən şəxsi və peşə məqsədləri ilə istifadə üçün nəzərdə tutulmuş daşınan əmlak;

(ç) əvvəlki sahibi vəfat edən zaman gətirilmə ölkəsində əsas daimi yaşayış yeri olan şəxs tərəfindən miras alınmış əşyalar, bir şərtlə ki, bu şəxsi əmlak əşyaları vəfat etmiş sahibi tərəfindən şəxsi məqsədlər üçün istifadə edilmiş olsun;

(d) spirt, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, ümumi dəyərləri pərakəndə satış qiymətləri əsasında milli qanunvericiliklə müəyyən edilmiş məbləğdən artıq olmayan şəxsi hədiyyələr;

(e) müvəkkil xeyriyyəçilik və insansevərlik təşkilatı tərəfindən və onun nəzarəti altında ehtiyacı olan şəxslərə pulsuz paylanması üçün bu təşkilata hədiyyə kimi göndərilən, yeyinti məhsulları, dərmanlar, paltar və adyallar kimi mallar;

(ə) gömrük xidməti tərəfindən olunan təsdiqedici sənədlər təqdim edilmək şərti ilə, idxal ölkəsində daimi yaşayan şəxslərə mükafatlar;

(f) səlahiyyətli orqanların buna müvəkkil etdiyi təşkilatlar tərəfindən gətirilən, hərbi qəbiristanlıqların tikintisi, təmiri və tərtibatı üçün materiallar; tabutlar, dəfn urnaları və tərtibat üçün dəfn ləvazimatları;

(g) milli qanunvericiliklə müəyyən edilən, kommersiya dəyəri olmayan sənədlər, blanklar, nəşrlər, hesabatlar və sair predmetlər;

(ğ) dini sitayiş əşyaları; və

(h) testləşdirmə məqsədi ilə gətirilən məhsullar, bir şərtlə ki, bu məhsulların gətirilən miqdarı testləşdirmə üçün birmənalı şəkildə lazım olan miqdardan artıq olmasın və bu məhsullar testləşdirmə zamanı tam istifadə olunsun, yaxud qalmış məhsullar təkrar ixrac olunsun və ya gömrük xidmətinin nəzarəti altında kommersiya baxımından dəyərsiz vəziyyətə salınsın.


C. Xüsusi əlavəsi

İxrac

I fəsil. Birdəfəlik ixrac

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.1 «Birdəfəlik ixrac» — gömrük ərazisindən aparılan və daimi onun hüdudlarından kənarda qalmaq üçün nəzərdə tutulan, sərbəst dövriyyədə olan mallara tətbiq edilə bilən gömrük rejimi.

Prinsiplər

1. Standart

Birdəfəlik ixrac bu Fəslin müddəaları ilə, tətbiq edilə biləcəyi dərəcədə Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Sənədləşmə

2. Tövsiyə edilən qayda

Milli qanunvericilik malların mal bəyannaməsinin standart formasına alternativ olan bəyanetmə formalarını nəzərdə tutmalıdır, bu şərtlə ki, onlar birdəfəlik ixrac üçün nəzərdə tutulan mallara aid zəruri məlumatların təqdim edilməsini təmin etsinlər.

Təyinat məntəqəsinə gəlmənin təsdiqi

3. Standart

Gömrük xidməti malların xarici ölkəyə gəlməsi faktının təsdiqini məcburi qaydada tələb etmir.


Ç. Xüsusi əlavəsi

Gömrük anbarları və sərbəst zonalar

I fəsil. Gömrük anbarları

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.1 «gömrük anbarı rejimi» — elə gömrük rejimidir ki, ona uyğun olaraq gətirilən mallar gömrük nəzarəti altında bunun üçün müəyyən edilmiş yerdə (gömrük anbarında) idxal gömrük rüsumları və vergiləri ödənilmədən saxlanılır.

Prinsiplər

1. Standart

Gömrük anbarı rejimi bu Fəslin müddəaları ilə və tətbiq oluna biləcəyi dərəcədə Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Gömrük anbarlarının tipləri

2. Standart

Milli qanunvericilik mallar üzərində sərəncam vermək hüququ olan istənilən şəxslər üçün açıq olan gömrük anbarları (açıq gömrük anbarları) nəzərdə tutur.

3. Standart

Ticarətin spesifik tələbatlarını ödəmək üçün zəruri olduğu hallarda, milli qanunvericilik yalnız müəyyən şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulan gömrük anbarları (qapalı gömrük anbarları) nəzərdə tutur.

Yaradılması, işinin təşkili və nəzarət

4. Standart

Gömrük xidməti gömrük anbarlarının yaradılması, yararlılığı və işinin təşkilinə, habelə gömrük nəzarəti məqsədləri ilə görülən tədbirlərə aid tələbləri müəyyən edir.

Malların gömrük anbarlarında saxlanması, uçot və hesabat aparılması üzrə görülən tədbirlər gömrük xidməti ilə razılaşdırılmalıdır.

Malların saxlanca buraxılması

5. Tövsiyə edilən qayda

Açıq Gömrük anbarlarında aşağıdakı mülahizələrə əsasən müəyyən edilənlərdən başqa, idxal rüsumları və vergiləri tutulan və ya qadağalar və məhdudiyyətlər altına düşən, gətirilən malların bütün növlərinin saxlanmasına icazə verilməlidir:

    • ictimai əxlaq və ya asayiş, ictimai təhlükəsizlik, ictimai gigiyena və ya sağlamlıq, yaxud baytarlıq və ya fitosanitar qaydaları;
    • patentlərin, ticarət nişanlarının və müəllif hüquqlarının qorunması. Təhlükəli mallar, başqa mallara ziyan vura bilən mallar və ya xüsusi saxlanc şəraiti tələb edən mallar xüsusi olaraq bu cür malların saxlanması üçün nəzərdə tutulmuş gömrük anbarlarında saxlanmalıdır.

6. Standart

Gömrük xidməti qapalı gömrük anbarlarında saxlanmaya buraxılan malların növlərini təyin edir.

7. Tövsiyə edilən qayda

Barələrində ixrac zamanı idxal gömrük rüsumları və vergilərinin qaytarılması nəzərdə tutulan mallar, bu cür qaytarılma hüququ almaq üçün gömrük anbarlarına o şərtlə buraxıla bilər ki, onlar sonradan ixrac üçün nəzərdə tutulsunlar.

8. Tövsiyə edilən qayda

Müvəqqəti idxal rejimi altına yerləşdirilmiş mallar gömrük anbarlarına, onların sonradan ixracı və ya onlar üzərində digər icazəli sərəncamvermə məqsədləri ilə bu rejim üzrə öhdəliklər dayandırılmaqla və ya bitirilməklə buraxıla bilərlər.

9. Tövsiyə edilən qayda

İxrac üçün nəzərdə tutulmuş, daxili rüsumlar və vergilər tutulmalı olan və ya tutulmuş mallar bu cür daxili rüsumlar və vergilərdən azad edilmə və ya onların qaytarılması hüququnu almaq məqsədi ilə gömrük anbarlarına bir şərtlə buraxıla bilərlər ki, onlar sonradan ixrac üçün nəzərdə tutulmuş olsunlar.

İcazə verilən əməliyyatlar

10. Standart

Saxlancda olan mallar üzərində sərəncam vermək hüququ olan istənilən şəxsə, gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblər olduqda, aşağıdakılara icazə verilir:

(a) malları yoxlamağa;

(b) tətbiq edilə biləcəyi halda, idxal rüsumları və vergilərini ödəməklə nümunələr/problar götürməyə;

(c) malların salamatlığının təmini üçün lazım olan əməliyyatları icra etməyə; və

(ç) qablaşdırmaların və ya əmtəə keyfiyyətlərinin yaxşılaşdırılması üçün lazım olan mallarla adi rəftar formalarının, yaxud da partiyalara bölmə, qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidləmə, markalama və malların yenidən qablaşdırılması kimi onların göndərilməyə hazırlanması üçün digər adi əməliyyatları icra etməyə.

Saxlanc müddəti

11. Standart

Gömrük xidməti ticarətin tələbatlarını nəzərə almaqla malların gömrük anbarlarında saxlanması üçün icazə verilmiş maksimal müddətini müəyyən edir, xarab olmayan mallarla bağlı bu cür müddət bir ildən az olmamalıdır.

Sahiblik hüququnun ötürülməsi

12. Standart

Gömrük anbarında olan mallar üzərində sahiblik hüququnun ötürülməsinə icazə verilir.

Malların korlanması

13. Standart

Gömrük anbarı rejimi altında olduqları zaman və ya fors-major halları nəticəsində yararsız hala düşmüş və ya korlanmış mallar barədə, onların yararsız və ya korlanmış halda gətirilmiş olduqları halda olduğu kimi, sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilməsinə icazə verilir, bir şərtlə ki, bu yararsızlıq və ya korlanma gömrük xidməti üçün qənaətbəxş olan lazımi qaydada müəyyən edilmiş olsun.

Malların götürülməsi

14. Standart

Mallar üzərində sərəncam vermək hüququ olan istənilən şəxsə, hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilməklə, malları başqa gömrük orqanına və ya başqa gömrük rejimi altına yerləşdirmək üçün tamamilə və ya gömrük anbarından hissə-hissə götürməyə icazə verilir.

15. Standart

Milli qanunvericilik mallar gömrük anbarından müəyyən edilmiş müddətdə aparılmadığı halda hansı qaydaya əməl etmək lazım olduğunu müəyyən edir.

Gömrük anbarının bağlanması

16. Standart

Gömrük anbarı ləğv edildikdə, əlaqədar şəxslərə hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl etməklə, malları başqa gömrük anbarına keçirmək və ya başqa gömrük rejimi altına yerləşdirmək üçün yetərli vaxt verilməlidir.

II fəsil. Sərbəst zonalar

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.1 «sərbəst zona» — Razılığa gələn Tərəfin ərazisinin elə bir hissəsidir ki, onun hüdudları daxilində oraya yerləşdirilmiş mallar adətən idxal gömrük rüsumları və vergiləri barəsində gömrük ərazisinin hüdudlarından kənarda olan mallar hesab olunur.

Prinsiplər

1. Standart

Sərbəst zonalara tətbiq edilən gömrük qaydaları bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş əlavənin müddəaları ilə tənzimlənir.

Yaradılması və nəzarət

2. Standart

Milli qanunvericilik sərbəst zonaların yaradılmasına, bu cür zonalara buraxıla bilən malların kateqoriyalarına aid şərtləri müəyyən edir və sərbəst zonalarda olarkən malların məruz qala biləcəyi əməliyyatların xarakterini nəzərdə tutur.

3. Standart

Gömrük xidməti, sərbəst zonaların yararlılığına, qurulması və planlaşdırılmasına aid müvafiq tələblər daxil olmaqla, gömrük nəzarətinin həyata keçirilməsi üçün şərtləri müəyyən edir.

4. Standart

Gömrük xidməti istənilən vaxt sərbəst zonada olan mallar üzərində yoxlama həyata keçirməyə haqlıdır.

Malların buraxılması

5. Standart

Sərbəst zonaya təkcə bilavasitə xaricdən gətirilən mallar yox, həmçinin əlaqədar Razılığa gələn Tərəfin gömrük ərazisindən gətirilən mallar da buraxılır.

6. Tövsiyə edilən qayda

Xaricdən gətirilmiş malların sərbəst zonaya buraxılması, aşağıdakı mülahizələrə əsasən müəyyən edilmiş əsaslardan başqa, mənşə ölkəsindən, göndərilmə və ya təyinat ölkəsindən asılı olmayaraq, təkcə həmin malların qadağalar və ya məhdudiyyətlər altına düşməsi əsasında rədd edilməməlidir:

    • ictimai əxlaq və ya asayiş, ictimai təhlükəsizlik, ictimai gigiyena və ya sağlamlıq, yaxud da baytarlıq və ya fitosanitar qaydalar; və ya
    • patentlərin, ticarət nişanlarının və müəllif hüquqlarının qorunması. Təhlükəli mallar, başqa mallara ziyan vura bilən mallar və ya xüsusi saxlanc şəraiti tələb edən mallar bu cür malların saxlanması üçün xüsusi olaraq nəzərdə tutulmuş sərbəst zonalarda saxlanma üçün buraxılmalıdır.

7. Standart

Aparıldıqları zaman barələrində idxal rüsum və vergilərindən azad edilmə və ya onların qaytarılması nəzərdə tutulan, sərbəst zonaya buraxılan mallara, onlar sərbəst zonaya yerləşdirildikdən dərhal sonra bu cür azad edilmə, yaxud rüsum və vergilərin qaytarılması tətbiq edilir.

8. Standart

Aparıldıqları zaman barələrində daxili rüsum və vergilərdən azad edilmə və ya onların qaytarılması nəzərdə tutulan, sərbəst zonaya buraxılan mallara, onlar sərbəst zonaya yerləşdirildikdən sonra bu cür azad edilmə və ya rüsum və vergilərin qaytarılması tətbiq edilir.

9. Tövsiyə edilən qayda

Malları müşayiət edən sənədlərdə lazımi məlumatlar varsa, gömrük xidməti sərbəst zonaya bilavasitə xaricdən gətirilmiş mallara dair mal bəyannaməsi tələb etməməlidir.

Təminatlar

10. Tövsiyə edilən qayda

Gömrük xidməti malların sərbəst zonaya buraxılması üçün təminatlar tələb etməməlidir.

İcazə verilən əməliyyatlar

11. Standart

Sərbəst zonaya buraxılmış mallara münasibətdə onların salamatlığının təmini üçün əməliyyatların, habelə qablaşdırmalarının və ya əmtəə keyfiyyətlərinin yaxşılaşdırılması üçün mallarla adi rəftar formalarının, yaxud da partiyalara bölmə, qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidləmə, markalanma və malların yenidən qablaşdırılması kimi onların göndərilməyə hazırlanması üçün digər adi əməliyyatların icrasına icazə verilir.

12. Standart

Əgər səlahiyyətli orqanlar sərbəst zonada emal və ya istehsal üzrə əməliyyatların həyata keçirilməsinə yol verirlərsə, bu orqanlar mallar üzərində aparılan emal və ya istehsal əməliyyatlarının ümumi cəhətlərini və/və ya təfsilatların sərbəst zonanın bütün ərazisində tətbiq edilən qaydalarda, yaxud da bu əməliyyatları həyata keçirən təşkilata verilən icazədə müəyyən edirlər.

Sərbəst zona hüdudlarında istehlak olunan mallar

13. Standart

Milli qanunvericilik sərbəst zonada istehlak edilən malların rüsum və vergilərdən azad edilməklə sərbəst zonaya buraxıla biləcəyi halların siyahısını və əməl edilməli şərtləri müəyyən edir.

Sərbəst zonada olma müddəti

14. Standart

Malların sərbəst zonada olma müddəti yalnız müstəsna hallarda məhdudlaşdırılır.

Mülkiyyət hüquqlarının verilməsi

15. Standart

Sərbəst zonaya buraxılmış mallara mülkiyyət hüquqlarının verilməsinə yol verilir.

Malların aparılması

16. Standart

Sərbəst zonaya buraxılmış və ya orada istehsal edilmiş malların, hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilməklə, tamamilə və ya qismən başqa sərbəst zonaya aparılmasına və ya başqa gömrük rejimi altına yerləşdirilməsinə icazə verilir.

17. Standart

Sərbəst zonadan aparılma zamanı lazım olan yeganə bəyannamə, onları müəyyən edilmiş və tələb olunan gömrük rejimi altına yerləşdirmək üçün adətən tələb olunan mal bəyannaməsidir.

18. Tövsiyə edilən qayda

Əgər sərbəst zonadan aparıldıqdan sonra birbaşa xaricə göndərilən mallar barədə gömrük xidmətinə sənəd təqdim edilməlidirsə, gömrük xidməti artıq malları müşayiət edən sənədlərdə olan məlumatlardan artıq məlumatlar tələb etməməlidir.

Rüsum və vergilərin hesablanması

19. Standart

Sərbəst zonadan aparılarkən, sərbəst dövriyyə üçün buraxıla bilən malların dəyərinin və miqdarının təyin edilməsi məqsədi ilə nəzərə alınmalı olan zamanı, habelə şəraitdən asılı olaraq onlara tətbiq edilə bilən idxal və ya daxili rüsum və vergilərin dərəcələrini milli qanunvericilik müəyyən edir.

20. Standart

Milli qanunvericilik sərbəst zonada emal və ya istehsal üzrə əməliyyatlardan sonra sərbəst dövriyyə üçün buraxılan mallardan şəraitdən asılı olaraq, tutula bilən idxal və ya daxili rüsum və vergilərin məbləğinin müəyyən edilməsi üçün tətbiq edilən qaydaları müəyyən edir.

Sərbəst zonanın bağlanması

21. Standart

Sərbəst zona ləğv edildiyi halda əlaqədar şəxslərə, hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilməklə malların başqa sərbəst zonaya aparılması və ya hər hansı bir gömrük rejimi altına yerləşdirilməsi üçün yetərli vaxt verilməlidir.


D. Xüsusi əlavəsi

Tranzit

I fəsil. Gömrük tranziti

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E.1/F.4 «müvəkkil yük alan» — malları təyinat gömrük orqanına təqdim etmədən, onları bilavasitə öz ərazisində almağa gömrük xidməti tərəfindən müvəkkil edilmiş şəxs;

E2./F5. «müvəkkil yükgöndərən» — malları göndərən gömrük orqanına təqdim etmədən, bilavasitə öz ərazisindən göndərməyə gömrük xidməti tərəfindən müvəkkil edilmiş şəxs;

E3./F1. «nəzarət edən gömrük orqanı» — bir və ya daha çox müvəkkil yükgöndərənə və ya yükalana görə cavabdehlik daşıyan və bu baxımdan bütün gömrük tranzit əməliyyatları üçün xüsusi funksiya yerinə yetirən gömrük orqanı;

E4./F7. «gömrük tranziti» — elə gömrük rejimidir ki, ona uyğun olaraq mallar gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına nəql edilir;

E5./F6. «gömrük tranzit əməliyyatı» — malların gömrük tranziti rejimi altında göndərən gömrük orqanından təyinat gömrük orqanına nəqli;

E6./F. «göndərən gömrük orqanı» — gömrük tranziti əməliyyatının başlandığı istənilən gömrük orqanı;

E7./F. «təyinat gömrük orqanı» — gömrük tranziti əməliyyatının başa çatdığı istənilən gömrük orqanı;

E8./F. «nəqliyyat vahidi»:

(a) çıxarılan hissələri də daxil olmaqla, bir kub metr və daha çox daxili həcmə malik konteynerlər;

(b) yedəklər və yarımyedəklər daxil olmaqla, yol nəqliyyat vasitələri;

(c) dəmiryol sərnişin və ya yük vaqonları;

(ç) lixtlər, barjalar və digər gəmilər və

(d) təyyarələr.

Prinsiplər

1. Standart

Gömrük tranziti bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə Baş əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Standart

Gömrük xidməti malların öz ərazisində gömrük tranziti rejimi altında aşağıdakı daşınmalarına icazə verir:

(a) giriş məntəqəsindən çıxış məntəqəsinədək;

(b) giriş məntəqəsindən daxili gömrük orqanınadək;

(c) daxili gömrük orqanından çıxış məntəqəsinədək;

(ç) bir daxili gömrük orqanından digər daxili gömrük orqanınadək.

3. Standart

Gömrük tranziti rejimində daşınan mallardan gömrük xidməti tərəfindən müəyyən edilmiş şərtlərə əməl edilməklə və istənilən zəruri təminatlar verilməklə rüsum və vergilər tutulmur.

4. Standart

Milli qanunvericilik gömrük tranziti rejimindən irəli gələn öhdəliklərə əməl edilməsinə görə, o cümlədən malların təyinat gömrük orqanına gömrük xidməti tərəfindən müəyyən edilmiş şərtlərə uyğun olaraq dəyişməz halda təqvim edilməsinə görə gömrük xidməti qarşısında məsul olan şəxsləri müəyyən edir.

5. Tövsiyə edilən qayda

Gömrük xidməti əmin olduqda ki, gömrük xidməti tərəfindən müəyyən edilmiş şərtlərə əməl edilmişdir, şəxsləri müvəkkil yükgöndərənlər və ya müvəkkil yük alanlar kimi tanıyır.

Göndərən gömrük orqanındakı rəsmiyyətçiliklər

(a) Gömrük tranziti üçün mal bəyannaməsi

6. Standart

Lazımi məlumatların müfəssəl şəkildə ifadə edildiyi istənilən kommersiya və ya nəqliyyat sənədi gömrük tranziti üçün mal bəyannaməsinin təsviri hissəsi kimi qəbul edilir və bu qəbul edilmə bu cür sənəddə qeyd olunur.

7. Tövsiyə edilən qayda

Sənəd gömrük xidmətinin bütün tələblərinə cavab verirsə, gömrük xidməti müvafiq yükə aid istənilən kommersiya və ya nəqliyyat sənədini gömrük tranziti üçün mal bəyannaməsi kimi qəbul etməlidir. Bu qəbul etmə bu cür sənəddə qeyd olunur.

(b) Yükün plomblanması və eyniləşdirilməsi

8. Standart

Göndərən gömrük orqanı təyinat gömrük orqanının malı eyniləşdirə və istənilən icazəsiz müdaxiləni aşkara çıxara bilməsi üçün bütün lazımi tədbirləri görür.

9. Tövsiyə edilən qayda

Başqa beynəlxalq sazişlərlə nəzərdə tutulmayıbsa, gömrük xidməti adətən nəqliyyat vahidlərinin malların gömrük plombları altında nəqli üçün əvvəlcədən buraxılmasını tələb etməməlidir.

10. Standart

Yük nəqliyyat vahidində daşındığı və bu zaman gömrük xidməti tərəfindən plomblanmalı olduğu hallarda gömrük plombları bilavasitə nəqliyyat vahidinə vurulur, lakin bu nəqliyyat vahidi aşağıdakı qaydada qurulmalı və təchiz edilməlidir:

(a) gömrük plombları sadə və etibarlı üsulla qoyula bilməlidir;

(b) görünən açılma izləri qoymadan və ya gömrük plombu zədələnmədən nəqliyyat vahidinin plomblanmış hissəsindən heç bir mal götürülə və ya oraya qoyula bilməməlidir;

(c) malların gizlədilməsi üçün gizli yerlər olmamalıdır; və

(ç) mallar saxlana bilən bütün yerlər gömrük yoxlanması üçün əlverişli olmalıdır.

Gömrük xidməti nəqliyyat vahidinin gömrük tranzitinin məqsədləri üçün etibarlı olduğu barədə qərar verir.

11. Tövsiyə edilən qayda

Müşayiət edən sənədlər malları birmənalı şəkildə eyniləşdirməyə imkan verirsə, onların daşınması gömrük plombları və ya bərkidici ləvazimatlar qoyulmadan həyata keçirilməlidir. Lakin gömrük plombu və ya bərkidici ləvazimat aşağıdakı hallarda tələb oluna bilər:

    • göndərən gömrük orqanı riskin idarə edilməsini nəzərə alaraq bunu zəruri sayırsa;
    • bu, ümumiyyətlə gömrük tranziti əməliyyatının asanlaşdırılmasına kömək edirsə;
    • bu beynəlxalq sazişlə nəzərdə tutulmuşsa.

12. Standart

Yük prinsip etibarı ilə gömrük plombları altında daşınmalıdırsa, lakin nəqliyyat vahidini etibarlı şəkildə plomblamaq mümkün deyilsə, yükün eyniləşdirilməsinin və icazəsiz müdaxilənin tez aşkar edilməsinin təmini üçün aşağıdakı üsullardan istifadə olunur:

    • nəticələri tranzit sənədlərində müfəssəl şəkildə təsvir edilməklə, malların tam yoxlanması;
    • fərdi qablaşdırmalara gömrük plombları və ya bərkidici ləvazimatlar qoyulması;
    • nümunələrə, sxemlərə, şəkillərə, fotoşəkillərə və tranzit sənədlərinə qoşulan digər təfsilat vasitələrinə istinadla malların tam təsviri;
    • ciddi marşrutlar və müddətlərin qoyulması; və
    • gömrük müşayiəti.

Nəqliyyat vahidinin plomblanmasından imtinaya dair qərar müstəsna olaraq gömrük xidməti tərəfindən qəbul edilir.

13. Standart

Gömrük xidməti gömrük tranziti üçün müddət təyin edərsə, bu müddət tranzit əməliyyatının məqsədləri üçün kifayət etməlidir.

14. Tövsiyə edilən qayda

Marağı olan şəxsin xahişi ilə və gömrük xidməti tərəfindən əsaslı hesab edilən səbəblərə görə sonuncu əvvəlcədən müəyyən edilmiş müddəti uzatmalıdır.

15. Standart

Yalnız gömrük xidməti bu cür tədbirləri vacib saydığı hallarda, o aşağıdakıları tələb edir:

(a) malların əvvəlcədən göstərilən marşrutla nəqlini; və ya

(b) malların gömrük müşayiəti ilə nəqlini.

Gömrük plombları

16. Standart

Gömrük tranziti üçün istifadə olunan gömrük plombları və bərkidici ləvazimatlar bu Fəslə Əlavədə göstərilən minimum məcburi tələblərə cavab verməlidir.

17. Tövsiyə edilən qayda

Gömrük tranziti əməliyyatlarının məqsədləri üçün, aşağıdakı hallar istisna olmaqla, xarici gömrük xidmətinin gömrük plombları və eyniləşdirmə vasitələri tanınmalıdır:

    • onlar yetərli sayılmır;
    • onlar etibarsız sayılır;
    • gömrük xidməti mallara nəzarəti icra edir.

Xarici gömrük xidmətinin plombları və bərkidici ləvazimatları gömrük ərazisində tanındığı halda onlar bu ərazidə milli plomblar və bərkidici ləvazimatlarla eyni hüquqi müdafiə dərəcəsinə malik olmalıdırlar.

18. Tövsiyə edilən qayda

Müvafiq gömrük orqanları gömrük plomblarını və bərkidici vasitələri yoxladıqda və malların yoxlanmasını apardıqda, onlar bu cür yoxlamaların nəticələrini tranzit sənədində qeydə almalıdırlar.

Yolda əməl edilməli olan rəsmiyyətçiliklər

19. Standart

Gömrük xidməti tərəfindən əvvəlcədən razılaşdırmanın zəruri olduğu hallar istisna olmaqla, əvvəlcədən bildirmədən təyinat gömrük orqanının dəyişdirilməsinə yol verilir.

20. Standart

Mallar gömrük xidmətinin icazəsi olmadan bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yenidən yüklənə bilər, bir şərtlə ki, gömrük plombları və bərkidici ləvazimatlar qoparılmamış və ya zədələnməmiş olsun.

21. Tövsiyə edilən qayda

Gömrük xidməti gömrük tranziti rejimində malların eyniləşdirilməsinin mümkünlüyünə və gömrük xidməti tərəfindən müəyyən edilmiş tələblərin yerinə yetiriləcəyinə əmin olarsa, malların eyni zamanda başqa malları daşıyan nəqliyyat vahidində gömrük tranziti rejimində nəqlinə icazə verməlidir.

22. Tövsiyə edilən qayda

Gömrük xidməti gömrük tranziti əməliyyatına bilavasitə təsir edən qəza və ya digər gözlənilməz hadisələr barədə dərhal ən yaxın gömrük orqanına və ya başqa səlahiyyətli orqanlara xəbər verməyi əlaqədar şəxsdən tələb etməlidir.

Gömrük tranzitinin başa çatması

23. Standart

Milli qanunvericilik malların və müvafiq mal bəyannaməsinin hər hansı müəyyən edilmiş müddətlərdə təyinat gömrük orqanına təqdim edilməsindən başqa, gömrük tranzitinin başa çatması üçün heç bir digər şərt nəzərdə tutmur, bu zaman mallar heç bir dəyişikliyə məruz qalmamalı, istifadə olunmamalı və gömrük plombları, bərkidici ləvazimatlar və eyniləşdirmə vasitələri zədələnməməlidir.

24. Standart

Mal təyinat gömrük orqanının nəzarəti altına düşən kimi, bu orqan bütün lazımi şərtlərə əməl edildiyinə əmin olduqdan dərhal sonra gömrük tranziti əməliyyatlarını başa çatdırır.

25. Tövsiyə edilən qayda

Müəyyən edilmiş marşruta riayət olunmaması və ya müddətlərin gözlənilməməsi potensial olaraq ödənilməli olan rüsum və vergilərin tutulmasına səbəb olmur, bir şərtlə ki, gömrük xidməti bütün digər tələblərə əməl edildiyinə əmin olsun.

Gömrük tranzitinə aid beynəlxalq müqavilələr

26. Tövsiyə edilən qayda

Razılığa gələn Tərəflər gömrük tranzitinə aid beynəlxalq sazişlərə qoşulmaq imkanını dəqiq təhlil etməlidirlər. Bu cür beynəlxalq sazişlərə qoşulmaq mümkün olmursa, beynəlxalq gömrük tranzitinin təşkili məqsədi ilə ikitərəfli və ya çoxtərəfli sazişlər tərtib olunarkən onlar bu Fəsildə ifadə olunmuş Standartları və Tövsiyə edilən qaydaları rəhbər tutmalıdır.


Əlavə

Gömrük plomblarına və bərkidici ləvazimatlara dair irəli sürülən

Minimal tələblər

A. Gömrük plombları və bərkidici ləvazimatları aşağıdakı minimal tələblərə cavab verməlidir:

1. Plomblar və bərkidici ləvazimatlara aid ümumi tələblər.

Plomblar və bərkidici ləvazimatlar:

(a) möhkəm və aşınmaya davamlı olmalı;

(b) asan və tez üsulla vurulmaq imkanlarını təmin etməli;

(c) asan yoxlanmalarını və eyniləşdirilmələrini təmin etməli;

(ç) görünən qırılma və zədələnmə izləri qoymadan götürmənin qeyri-mümkünlüyünü təmin etməli;

(d) çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş plomblar (məsələn, elektron plomblar) istisna olmaqla, birdəfəlik istifadə üçün olmalı;

(e) elə quraşdırılmalıdır ki, surətlərinin çıxarılması və ya saxtalaşdırılmaları son dərəcə çətinləşsin.

2. Plombların fiziki xüsusiyyətləri:

(a) plombların forma və ölçüləri istənilən eyniləşdirmə markalanmasının ayırd edilməsini təmin etməli;

(b) plombdakı bütün deşiklər ölçüsünə görə istifadə olunan bərkidici ləvazimatlara uyğun gəlməli və elə yerləşdirilməlidir ki, plomb vurularkən bərkidici ləvazimat möhkəm bərkidilə bilsin;

(c) işlədilən material plombun təsadüfi qırılması imkanının, vaxtından əvvəl sıradan çıxmasının (hava şəraitinin, kimyəvi maddələrin və s. təsiri altında) və ya gözəçarpmaz zədələnmənin qarşısının alınması üçün yetərincə möhkəm olmalıdır;

(ç) işlədilən material tətbiq edilən plomblama sistemi nəzərə alınmaqla seçilməlidir.

3. Bərkidici ləvazimatların fiziki xüsusiyyətləri:

(a) bərkidici ləvazimat möhkəm, aşınmaya, hava şəraitinə və korroziyaya davamlı olmalıdır;

(b) istifadə olunan bərkidici ləvazimatın uzunluğu plomb və ya bərkidici ləvazimat zədələnmədən, yaxud digər aşkar açma cəhdlərinin izləri olmadan plomblanmış bağlayıcı qurğunun tam və ya qismən açılmasının qeyri-mümkünlüyünü təmin etməlidir;

(c) işlədilən material tətbiq edilən plomblama sistemi nəzərə alınmaqla seçilməlidir.

4. Eyniləşdirmə markalanması

Konkret hallardan asılı olaraq plomb və ya bərkidici ləvazimat:

(a) gömrük plombu olduğunu göstərmək üçün əsasən onun üzərində Şuranın rəsmi dillərindən birində (ingilis və ya fransız) «Gömrük» sözünün həkk olunması vasitəsi ilə;

(b) plombun vurulduğu ölkəni göstərmək üçün, əsasən, beynəlxalq daşınmalar zamanı avtonəqliyyat vasitələrinin qeydiyyat ölkəsinin bildirilməsi üçün istifadə olunan işarə şəklində;

(c) plombların hansı gömrük orqanı tərəfindən və ya onun göstərişi ilə vurulduğunun eyniləşdirilməsi imkanını təmin edən, məsələn, hərfli və ya rəqəmli kodların köməyi ilə, markalanmaya malik olmalıdır.

B. Gömrük tranziti məqsədləri ilə gömrük xidmətinin mənafeyi üçün təhlükəsizliyin təmini üçün müvəkkil yükgöndərənlər və ya digər müvəkkil şəxslər tərəfindən istifadə olunan plomblar və ya bərkidici ləvazimatlar gömrük xidməti tərəfindən vurulanlarla müqayisə oluna bilən fiziki təhlükəsizlik dərəcəsinə malik olmalı və tranzit sənədlərində göstərilən müvafiq rəqəmli kodlar vasitəsi ilə plombları vuran şəxsin müəyyən edilməsinə imkan verməlidir.

II fəsil. Yenidən yükləmə

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F4. «yenidən yükləmə» — elə gömrük rejimidir ki, ona uyğun olaraq mallar eyni zamanda gətirmə və aparma gömrük orqanı olan gömrük orqanının ərazisində, gömrük nəzarəti altında gətirilmə zamanı istifadə olunan nəqliyyat vasitəsindən aparılma zamanı istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənir.

Prinsiplər

1. Standart

Yenidən yükləmə bu Fəslin müddəaları ilə tətbiq edilə biləcəyi dərəcədə Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Standart

Yenidən yüklənməyə buraxılmış mallardan gömrük xidməti tərəfindən müəyyən edilmiş şərtlərə əməl edilirsə, rüsum və vergilər tutulmur.

3. Tövsiyə edilən qayda

Yenidən yükləməyə yalnız malların mənşə, göndərilmə və ya təyinat ölkəsinə əsasən rədd cavabı verilməməlidir.

Yenidən yüklənmə rejimi altına yerləşdirmə

(a) Bəyannamə

4. Standart

Yenidən yükləmə məqsədləri üçün yeganə mal bəyannaməsi tələb olunur.

5. Standart

Lazımi məlumatların müfəssəl ifadə olunduğu istənilən kommersiya və ya nəqliyyat sənədi yenidən yükləmə üçün mal bəyannaməsinin təsviri hissəsi kimi qəbul edilir və bu qəbul edilmə sənəddə qeyd olunur.

6. Tövsiyə edilən qayda

Gömrük xidməti yenidən yükləmə üçün yükə aid istənilən kommersiya və ya nəqliyyat sənədini, əgər həmin sənəd gömrük xidmətinin bütün tələblərinə cavab verirsə, mal bəyannaməsi kimi qəbul etməlidir. Bu qəbul edilmə sənəddə qeyd olunur.

(b) Malların yoxlanması və eyniləşdirilməsi

7. Standart

Gömrük xidməti lazım hesab edərsə, gətirmə zamanı o, yenidən yüklənmiş malların aparılarkən eyniləşdirilməsinin mümkünlüyünün təmini və istənilən icazəsiz müdaxilənin tez aşkarlanması üçün tədbirlər görür.

(c) Əlavə nəzarət tədbirləri

8. Standart

Gömrük xidməti yenidən yükləmə üçün bəyan edilən malların aparılması üçün müddət müəyyən edirsə, bu müddət yenidən yükləmənin icrası üçün kifayət etməlidir.

9. Tövsiyə edilən qayda

Marağı olan şəxsin sorğusu və gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə gömrük xidməti ilkin müəyyən edilmiş müddəti uzadır.

10. Tövsiyə edilən qayda

Müəyyən edilmiş müddətlərə əməl edilməməsi potensial surətdə ödənilməli olan rüsum və vergilərin tutulmasına səbəb olmur, bir şərtlə ki, gömrük xidməti bütün digər tələblərə əməl edildiyinə əmin olsun.

(ç) İcazə verilən əməliyyatlar

1. Tövsiyə edilən qayda

Marağı olan şəxsin sorğusu ilə gömrük xidməti maksimum mümkün həcmdə gömrük xidmətinin müəyyən edə biləcəyi şərtlərlə yenidən yüklənən mallarla, onların aparılmasına köməklik göstərən əməliyyatlara icazə verməlidir.

III fəsil. Malların kabotaj daşınması

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F1. «malların kabotaj daşınması rejimi» — elə gömrük rejimidir ki,

(a) sərbəst dövriyyədə olan mallar; və

(b) bəyan edilmədən gətirilən mallar, bir şərtlə ki, bu mallar gömrük ərazisinə gətirildikləri gəmi ilə yox, başqa gəmi ilə nəql edilmiş olsunlar,

gömrük ərazisindəki bir məntəqədə gəmiyə yüklənir və həmin gömrük ərazisindəki başqa məntəqəyə daşınır və sonradan orada boşaldılır.

Prinsiplər

1. Standart

Malların kabotaj daşınması rejimi bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Standart

Gömrük xidməti malların başqa mallarla birlikdə gəminin bortunda kabotaj daşınma rejimində daşınmasına bir şərtlə icazə verir ki, o, bu malların eyniləşdirilə biləcəyinə və digər tələblərin yerinə yetiriləcəyinə əmin olsun.

3. Tövsiyə edilən qayda

Gömrük xidməti, nəzarət məqsədləri üçün lazımi hesab etdikdə, sərbəst dövriyyədə olan malların kabotaj daşınma rejimində gəmi bortunda olan digər mallardan ayrıca daşınmasını tələb etməlidir.

4. Tövsiyə edilən qayda

Marağı olan şəxsin sorğusu əsasında və gömrük xidmətinin zəruri saydığı şərtlərə əməl edilməklə, gömrük xidməti, malların kabotaj səfər zamanı xarici limanda dayanacaq edən gəminin bortunda kabotaj daşınma rejimində daşınmasına icazə verməlidir.

5. Tövsiyə edilən qayda

Gömrük ərazisinin hüdudlarından kənardakı bir və ya bir neçə məntəqədə dayanmalı olan gəmiyə malların kabotaj daşınmasına icazə verilmişsə, yalnız marağı olan şəxsin sorğusu əsasında və ya bu malların götürülməsinin, yaxud dərhal aşkar edilə bilməyən malların əlavə olaraq yerləşdirilməsinin qeyri-mümkünlüyünü təmin etmək üçün gömrük xidməti tərəfindən zəruri saydığı halda bu mallara plomb qoyulmalıdır.

6. Tövsiyə edilən qayda

Kabotaj daşıma rejimində mal daşıyan gəmi planlaşdırılmış kursdan kənara çıxması üzündən gömrük ərazisinin hüdudlarından kənarda olan məntəqədə dayanacaq edirsə, gömrük xidməti bu malları kabotaj rejimi altında qalan mallar saymalıdır, bir şərtlə ki, o, bu malların əvvəlcədən məhz bu rejim altına yerləşdirilmiş həmin mallar olduğuna əmin olsun.

Yükləmə və boşaltma

7. Standart

Milli qanunvericilik kabotaj daşıma rejimi altına yerləşdirilmiş malların yükləmə və boşaldılması üçün təsdiq olunmuş yerləri, habelə bu yükləmə və boşaltmanın icra edildiyi vaxtı müəyyən edir.

8. Tövsiyə edilən qayda

Gəminin bortunda yalnız sərbəst dövriyyədə olan mallar daşındığı halda marağı olan şəxsin sorğusu əsasında gömrük xidməti kabotaj daşıma rejimi altına yerləşdirilmiş malların istənilən yerdə və istənilən vaxtda yüklənməsinə və boşaldılmasına icazə verməlidir.

9. Tövsiyə edilən qayda

Marağı olan şəxsin sorğusu əsasında gömrük xidməti kabotaj daşınma rejimi altına yerləşdirilmiş malların, hətta gəmi həm də bəyan edilmədən gətirilən mallar və ya başqa gömrük rejimi altına yerləşdirilmiş malları daşıdığı hallarda belə, adətən bu məqsədlər üçün nəzərdə tutulmuş məntəqədə yox, başqa məntəqədə də yüklənməsinə və ya boşaldılmasına icazə verməlidir. Bu zaman tutulan bütün yığımlar göstərilmiş xidmətlərin təqribi dəyəri ilə məhdudlaşır.

10. Tövsiyə edilən qayda

Kabotaj daşıma rejimi altında mal daşıyan gəmi reys zamanı kursundan kənara çıxırsa, gömrük xidməti əlaqədar şəxsin sorğusu ilə bu malların ilkin planlaşdırılmış məntəqədə yox, başqa məntəqədə kabotaj daşıma rejimində boşaldılmasına icazə verməlidir. Bu zaman alınan istənilən yığımlar göstərilmiş xidmətlərin təqribi dəyəri ilə məhdudlaşır.

11. Standart

Kabotaj daşıma rejimində malların daşınması qəza və ya fors-major hallar nəticəsində dayandırılırsa, gömrük xidməti kapitandan və ya digər əlaqədar şəxsdən mallarla icazəsiz davranmanın mümkünlüyünün qarşısının alınması və daşımanın dayandırılmasına səbəb olmuş bu cür qəza və ya digər hallar barədə gömrük xidmətinin və ya digər səlahiyyətli orqanların məlumatlandırılması üçün məntiqi ehtiyat tədbirləri görülməsini tələb edir.

12. Standart

Kabotaj daşıma rejimində mal daşıyan gəminin bortunda bəyan edilməmiş gətirilən mallar və ya digər gömrük rejimi altına yerləşdirilmiş mallar varsa, gömrük xidməti malların kabotaj rejimi altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və ya boşaltma yerinə gəldikdən sonra ən qısa müddətdə icazə verir.

Sənədləşdirmə

13. Standart

Gömrük xidməti kapitandan və ya digər əlaqədar şəxsdən gəmi haqqında məlumatlar, kabotaj daşıma rejimində malların siyahısı və malların boşaldılmasının icra ediləcəyi, gömrük ərazisində yerləşən limanın və ya limanların adı olan yeganə sənədin təqdim edilməsini tələb edir. Gömrük xidməti tərəfindən təsdiq edildikdə bu sənəd malların kabotaj daşıma rejimində daşınmasına icazə kimi qəbul olunur.

14. Tövsiyə edilən qayda

Gömrük xidməti müəyyən limanlar arasında müntəzəm ticarət reysləri yerinə yetirən gəmilərə malların kabotaj daşınması rejimi altında daşınmasına baş icazə verməlidir.

15. Tövsiyə edilən qayda

Mallar baş icazəsi olan gəmiyə yüklənməzdən əvvəl gömrük xidməti yalnız kabotaj rejimi altında daşınma üçün nəzərdə tutulmuş malların siyahısının təqdim edilməsini tələb etməlidir.

16. Tövsiyə edilən qayda

Birdəfəlik icazəsi olan gəmidən boşaldılan mallar barədə gömrük xidməti kapitandan və ya digər əlaqədar şəxsdən həmin limanda boşaldılmasına icazə verilmiş malların siyahısı olan icazənin yalnız bir surətini tələb etməlidir. Baş icazəyə malik gəmilərlə bağlı hallarda yalnız boşaldılan malların siyahısı tələb olunmalıdır.

Təminatlar

17. Standart

Yalnız gömrük xidmətinin zəruri saydığı halda o, aparıldıqları zaman ixrac rüsum və vergiləri tutulan və ya aparılmaları qadağan edilən və ya məhdudlaşdırılan sərbəst dövriyyədə olan, kabotaj daşıma rejimində daşınan mallar barədə təminatlar verilməsini tələb edir.


E. Xüsusi əlavəsi

Emal

I fəsil. Gömrük ərazisində emal

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F3. «kompensasiyaedici məhsullar» — barələrində gömrük ərazisində emal rejimindən istifadəyə icazə verilmiş malların istehsalının, emalının və ya təmirinin nəticəsi olan məhsullar;

E2./F1. «ekvivalent mallar» — əvəz etdikləri, gömrük ərazisində emal üzrə əməliyyatlar üçün gətirilmiş mallarla təsvirinə, keyfiyyətinə və texniki xarakteristikalarına görə eyni olan yerli və ya idxal olunan mallar;

E3./F2. «gömrük ərazisində emal» — elə gömrük rejimidir ki, ona uyğun olaraq müəyyən mallar, istehsal, emal və ya təmir və sonradan aparılma üçün nəzərdə tutulmuşlarsa, gömrük ərazisinə idxal rüsum və vergilərindən şərti azad edilməklə gətirilə bilər.

Prinsiplər

1. Standart

Gömrük ərazisində emal bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Standart

Gömrük ərazisində emala buraxılmış mallar idxal rüsum və vergilərindən şərti olaraq tam azad edilməlidirlər. Lakin idxal rüsum və vergiləri, ixrac edilməmiş və ya kommersiya cəhətdən yararsız hala salınmamış, gömrük ərazisində emal üçün buraxılmış malların emalı və ya istehsalı nəticəsində əmələ gəlmiş istənilən məhsullardan, o cümlədən tullantılardan da tutula bilər.

3. Standart

Gömrük ərazisində emal bilavasitə xaricdən gətirilən mallarla məhdudlaşmır, ona, həmçinin artıq başqa gömrük rejimi altına yerləşdirilmiş mallar üçün də icazə verilir.

4. Tövsiyə edilən qayda

Gömrük ərazisində emala yalnız malların mənşə, göndərilmə və ya təyinat ölkəsi əsas götürülməklə, rədd cavabı verilməməlidir.

5. Standart

Malların gömrük ərazisində emalı hüququndan istifadə edən şəxslərin dairəsi gətirilən malların sahibi ilə məhdudlaşmır.

6. Tövsiyə edilən qayda

Xarici şəxslə bağlanmış kontraktın icrası çərçivəsində emal edilməli olan mallar həmin şəxs tərəfindən göndərildiyi hallarda təsvirinə, keyfiyyətinə və texniki xarakteristikalarına görə idxal ölkəsinin gömrük ərazisində onlarla eyniyyət təşkil edən malların mövcud olduğuna görə gömrük ərazisində emala rədd cavabı verilə bilməz.

7. Tövsiyə edilən qayda

Kompensasiyaedici məhsullarda idxal edilmiş malların olmasını müəyyən etmənin mümkünlüyü aşağıdakı hallarda gömrük ərazisində emal üçün zəruri şərt kimi qəbul edilməməlidir.

(a) mallar aşağıdakı qaydada eyniləşdirilirsə:

    • ehtiyatlar və kompensasiyaedici məhsulların istehsal texnologiyası haqqında müfəssəl məlumatlar təqdim edilməsi; və ya
    • emal üzrə əməliyyatlar keçirilərkən, gömrük nəzarətinin həyata keçirilməsi yolu ilə

və ya

(b) emal nəticəsində alınmış, təsvirinə, keyfiyyətinə və texniki xarakteristikalarına görə gömrük ərazisində emala buraxılmış mallarla eyni olan malların aparılması ilə rejim başa çatırsa.

Malların gömrük ərazisində emal rejimi altına yerləşdirilməsi

(a) Gömrük ərazisində emala icazə verilməsi

8. Standart

Milli qanunvericilik hansı şərtlər olduqda, gömrük ərazisində emal üçün ilkin icazə tələb olunduğunu və bu cür icazəni verməyə səlahiyyətləndirilmiş orqanları müəyyən edir.

9. Standart

Gömrük ərazisində emala icazədə gömrük ərazisində emal rejimi altında icazəli əməliyyatların hansı üsullara uyğun həyata keçirildiyi göstərilir.

Gömrük ərazisində emala buraxılmış mallara mülkiyyət hüququnun keçməsi o halda məcburi şərt deyil ki, gömrük ərazisində emala icazə verilmiş şəxs göstərilən əməliyyatların həyata keçirildiyi bütün müddət ərzində icazədə ifadə olunmuş şərtlərə əməl edilməsinə görə gömrük xidməti qarşısında məsul şəxs kimi qalsın.

19. Standart

Nəzərdə tutulur ki, kompensasiyaedici məhsullar gömrük ərazisində emal rejimi altına yerləşdirilmiş malların gətirildikləri gömrük orqanı vasitəsi ilə yox, başqa gömrük orqanı vasitəsi ilə aparıla bilər.

Gömrük ərazisində emal rejiminin başa çatması

(a) Aparılma

20. Standart

Nəzərdə tutulur ki, gömrük ərazisində emal rejimi kompensasiyaedici məhsulların bir və ya bir neçə partiya şəklində aparılması yolu ilə başa çata bilər.

21. Standart

Əlaqədar şəxsin sorğusu əsasında səlahiyyətli orqanlar malların gətirildikləri vəziyyətdə geriyə aparılmasına icazə verir və bununla da gömrük ərazisində emal rejimini başa çatdırırlar.

(b) Rejimin başa çatdırılmasının digər üsulları

22. Tövsiyə edilən qayda

Hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilmişsə, gətirilən malların və ya emal məhsullarının başqa gömrük rejimi altına yerləşdirilməsi yolu ilə gömrük ərazisində emal rejiminin dayandırılması və ya başa çatdırılması üçün şərt nəzərdə tutulmalıdır.

23. Tövsiyə edilən qayda

Milli qanunvericilik kompensasiyaedici məhsullar çıxarılmadığı halda tətbiq edilən idxal rüsum və vergilərinin məbləğinin gömrük ərazisində emal üçün gətirilmiş mallar barədə tətbiq edilən idxal rüsum və vergilərindən artıq olmadığını nəzərdə tutmalıdır.

24. Standart

Nəzərdə tutulur ki, gömrük ərazisində emal rejimi bu malların xarakteri üzündən itirilmiş mallar barəsində, kompensasiyaedici məhsullar ixrac edilənədək başa çatır, bir şərtlə ki, bu cür itirilmə faktı gömrük xidməti üçün qənaətbəxş sayılan lazımi qaydada müəyyən edilmiş olsun.

25. Tövsiyə edilən qayda

Ekvivalent malların emalı nəticəsində alınmış məhsullar bu Fəslin tətbiqi məqsədləri üçün kompensasiyaedici məhsullar sayılır (ekvivalent mallarla əvəzləşdirmə).

26. Tövsiyə edilən qayda

Ekvivalent mallarla əvəzləşdirməyə yol verilirsə, gömrük xidməti əvəzləşdirici məhsulların mallar gömrük ərazisində emal üçün gətirilənədək aparılmasına icazə verməlidir.

II fəsil. Gömrük ərazisindən kənarda emal

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F2. «kompensasiyaedici məhsullar» — xaricdə alınmış və barələrində gömrük ərazisindən kənarda emal rejimindən istifadəyə icazə verilmiş malların istehsalının, emalının və ya təmirinin nəticəsi olan məhsullar;

E2./F1. «gömrük ərazisindən kənarda emal» — elə gömrük rejimidir ki, ona uyğun olaraq gömrük ərazisində sərbəst dövriyyədə olan mallar xaricdə istehsal, emal və ya təmir üçün müvəqqəti aparıla və ya gələcəkdə idxal rüsum və vergilərindən tam və ya qismən azad edilməklə, geriyə gətirilə bilər.

Prinsiplər

1. Standart

Gömrük ərazisindən kənarda emal bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Tövsiyə edilən qayda

Yalnız malların müəyyən ölkədə istehsal, emal və ya təmir edilməli olduğu əsas götürülərək, gömrük ərazisindən kənarda emala rədd cavabı verilməməlidir.

3. Standart

Malların gömrük ərazisindən kənarda emal üçün müvəqqəti aparılması, bu malların mülkiyyətçisi olmayan şəxs tərəfindən həyata keçirilə bilər.

Malların gömrük ərazisindən kənarda emal rejimi altına yerləşdirilməsi

(a) Malların müvəqqəti aparılmasınadək olan rəsmiyyətçiliklər

4. Standart

Milli qanunvericilik gömrük ərazisindən kənarda emal üçün ilkin icazə tələb olunduğu halların siyahısını və bu cür icazəni verməyə müvəkkil edilmiş orqanları müəyyənləşdirir. Bu cür hallar mümkün qədər az olmalıdır.

5. Tövsiyə edilən qayda

Gömrük ərazisindən kənarda müntəzəm emal əməliyyatları həyata keçirən şəxslərə, onların sorğuları əsasında bu cür əməliyyatlar üçün baş icazə verilməlidir.

6. Tövsiyə edilən qayda

Səlahiyyətli orqanlar, bunu zəruri sayarlarsa və bu həmin əməliyyatın həyata keçirilməsinə kömək edərsə, gömrük ərazisindən kənarda emal əməliyyatları nəticəsində alınan məhsulun çıxış normasını müəyyən etməlidirlər. Müxtəlif kompensasiyaedici məhsulların təsviri, keyfiyyəti və miqdarı çıxış norması müəyyən edildikdən sonra dəqiq təyin olunur.

(b) Eyniləşdirmə tədbirləri

7. Standart

Gömrük ərazisindən kənarda malların eyniləşdirilməsinə dair tələblər gömrük xidməti tərəfindən müəyyən edilir. Onlar müəyyən edilərkən, malların xarakteri, həyata keçirilən əməliyyatlar və toxunulan maraqların mühümlüyü lazımi qaydada nəzərə alınır.

Malların gömrük ərazisindən kənarda qalması

8. Standart

Gömrük xidməti hər bir konkret halda gömrük ərazisindən kənarda emal müddətini müəyyənləşdirir.

9. Tövsiyə edilən qayda

Əlaqədar şəxsin sorğusu ilə və gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə sonuncu ilkin müəyyən edilmiş müddəti uzatmağa borcludur.

Kompensasiyaedici malların gətirilməsi

10. Standart

Nəzərdə tutulur ki, kompensasiyaedici məhsullar, gömrük ərazisindən kənarda emal rejimi altına yerləşdirilmiş malların müvəqqəti ixrac edildikləri gömrük orqanı vasitəsi ilə yox, başqa gömrük orqanı vasitəsi ilə gətirilə bilərlər.

11. Standart

Nəzərdə tutulur ki, kompensasiyaedici məhsullar bir və ya bir neçə partiya şəklində gətirilə bilər.

12. Standart

Marağı olan şəxsin sorğusu əsasında səlahiyyətli orqanlar, dəyişməz halda qaytarılmaq şərti ilə, gömrük ərazisindən kənarda emal üçün müvəqqəti ixrac edilən malların idxal rüsum və vergilərindən azad edilməklə, geriyə gətirilməsinə icazə verirlər.

Bu azadetmə malların gömrük ərazisindən kənarda emal üçün müvəqqəti ixracı ilə bağlı qaytarılması və ya azad edilmə nəzərdə tutulmuş idxal rüsum və vergiləri ilə əlaqədar tətbiq edilə bilməz.

13. Standart

Nəzərdə tutulur ki, milli qanunvericiliyin gömrük ərazisindən kənarda emal üçün müvəqqəti ixrac edilmiş malların təkrar idxalını tələb etdiyi hallar istisna olmaqla, hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilməklə, gömrük ərazisindən kənarda emal rejimi mallar son ixraca bəyan edilməklə, başa çatdırıla bilər.

Kompensasiyaedici məhsullar barədə tətbiq edilə bilən rüsumlar və vergilər

14. Standart

Milli qanunvericilik kompensasiyaedici məhsullar gömrük ərazisində sərbəst dövriyyə üçün buraxıldığı zaman tətbiq edilən idxal rüsum və vergilərindən azadetmənin dərəcəsini və onun hesablanma üsullarını müəyyən edir.

15. Standart

Kompensasiyaedici məhsullar üçün nəzərdə tutulmuş idxal rüsum və vergilərindən azadetmə, malların gömrük ərazisindən kənarda emal üçün müvəqqəti ixracı ilə bağlı onların əvəzləşdirilməsi və ya onlardan azadetmə tətbiq edilmiş rüsumlar və vergilər barədə tətbiq edilmir.

16. Tövsiyə edilən qayda

Nəzərdə tutulur ki, xaricdə pulsuz təmir edilmiş, gömrük ərazisindən kənarda emal üçün müvəqqəti ixrac edilmiş mallar milli qanunvericilikdə müəyyən edilmiş əsaslarla idxal rüsum və vergilərindən tam azad edilməklə, təkrar idxal edilə bilər.

17. Tövsiyə edilən qayda

Sərbəst dövriyyə üçün bəyan edilənədək, kompensasiyaedici məhsullar başqa gömrük rejimi altına yerləşdirildikləri halda, idxal rüsum və vergilərindən azadetmə tətbiq edilməlidir.

18. Tövsiyə edilən qayda

Kompensasiyaedici mallar üzərində mülkiyyət hüququ mallar sərbəst dövriyyə üçün buraxılanadək üçüncü şəxsə keçdiyi halda, idxal rüsum və vergilərindən azadetmə tətbiq edilməlidir.

III fəsil. Qaytarma

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F2. «qaytarma» — qaytarma rejiminə əsasən qaytarılan idxal rüsum və vergilərinin məbləği;

E2./F3. «qaytarma rejimi» — mallar aparılarkən, bu mallar, yaxud aparılan mallarda olan məhsullar və ya onların istehsalı prosesində işlənmiş məhsullar üçün ödənilmiş idxal rüsum və vergilərinin qaytarılmasını (tam və ya qismən) nəzərdə tutan gömrük rejimi;

E3./F1. «ekvivalent mallar» — əvəz etdikləri, qaytarma rejimi altına yerləşdirilmiş mallarla təsvirinə, keyfiyyətinə və texniki xarakteristikalarına görə eyni olan yerli və ya idxal olunmuş mallar.

Prinsiplər

1. Standart

Qaytarma rejimi bu Fəslin müddəaları ilə tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Standart

Milli qanunvericilik qaytarma rejiminin bəyan edilə biləcəyi halların siyahısını müəyyənləşdirir.

3. Tövsiyə edilən qayda

Milli qanunvericilik barələrində idxal rüsum və vergiləri ödənilmiş malların, aparılan malların istehsalı üçün istifadə olunmuş ekvivalent mallarla əvəz edildiyi qaytarma rejiminin tətbiqi şərtlərini nəzərdə tutmalıdır.

Yerinə yetirilməli şərtlər

4. Standart

Gömrük xidməti yalnız idxalçının malların sərbəst dövriyyəyə buraxılmaq üçün gətirildiyi hallarda, aparılma zamanı qaytarma niyyətini bəyan etmədiyini əsas götürərək, qaytarmanın ödənilməsini dayandırmır. Eynilə, idxal zamanı bu cür bəyanetmə verildikdə, ixrac məcburi xarakter daşımır.

Malların gömrük ərazisində qalma müddəti

5. Tövsiyə edilən qayda

Malların aparılması üçün elə müddət müəyyən edilmişsə ki, o keçdikdən sonra gömrük ödənişlərinin qaytarılmasına yol verilmir, bu müddət, bu barədə sorğuya əsasən, gömrük xidməti tərəfindən əsaslı sayılan səbəblərə görə uzadılmalıdır.

6. Tövsiyə edilən qayda

Keçdikdən sonra qaytarmaya dair iddianın artıq qəbul edilmədiyi müddət müəyyən olunmuşsa, bu müddətin kommersiya səbəblərinə və ya gömrük xidməti tərəfindən əsaslı sayılan digər səbəblərə görə uzadılması nəzərdə tutulur.

Qaytarmanın həyata keçirilməsi

7. Standart

Qaytarma, ərizənin əsaslılığı yoxlandıqdan sonra mümkün qədər tez həyata keçirilməlidir.

8. Tövsiyə edilən qayda

Milli qanunvericilik qaytarmanın həyata keçirilməsi üçün elektron vasitələrdən istifadəni nəzərdə tutmalıdır.

9. Tövsiyə edilən qayda

Qaytarma, həmçinin mallar gömrük anbarına və ya sərbəst zonaya yerləşdirilərkən, həyata keçirilməlidir, bir şərtlə ki, onlar sonradan aparılmaq üçün nəzərdə tutulmuş olsunlar.

10. Tövsiyə edilən qayda

Sorğuya əsasən, gömrük xidməti müəyyən vaxt dövrü ərzində aparılmış mallar barədə dövri olaraq qaytarmanı həyata keçirməlidir.

IV fəsil. Malların sərbəst dövriyyə üçün emalı

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F1. «malların sərbəst dövriyyə üçün emalı» — elə gömrük rejimidir ki, ona uyğun olaraq gətirilmiş mallar sərbəst dövriyyəyə buraxılanadək və gömrük nəzarəti altında o dərəcəyədək istehsala, emala və ya işlənməyə məruz qala bilərlər ki, bu cür alınmış mallara tətbiq edilə bilən idxal rüsum və vergilərinin məbləği gətirilmiş mallara tətbiq edilə bilən məbləğdən az olsun.

Prinsiplər

1. Standart

Malların sərbəst dövriyyə üçün emalı bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Standart

Malların sərbəst dövriyyə üçün emalı rejimi aşağıdakı şərtlər əsasında verilir:

    • gömrük xidməti sərbəst dövriyyə üçün olan malların emalı zamanı əmələ gəlmiş məhsulların gətirilmiş mallardan alındığına əmin ola bilməsi; və
    • istehsal olunduqdan, emal edildikdən, ya işləndikdən sonra malların əvvəlki halının iqtisadi cəhətdən sərfəli olaraq bərpa edilə bilməməsi.

Tətbiq sahəsi

3. Standart

Milli qanunvericilik sərbəst dövriyyə üçün emal olunan malların kateqoriyalarını və emal üçün icazə verilən əməliyyatları müəyyən edir.

4. Standart

Sərbəst dövriyyə üçün malların emalı bilavasitə xaricdən gətirilən mallarla məhdudlaşmır, ona, həmçinin artıq başqa gömrük rejimi altına yerləşdirilmiş mallar üçün də icazə verilir.

5. Standart

Malların sərbəst dövriyyə üçün emalı hüququndan istifadə edən şəxslərin dairəsi gətirilən malların sahibi ilə məhdudlaşmır.

6. Tövsiyə edilən qayda

Sərbəst dövriyyə üçün malların emalı üzrə müntəzəm əməliyyatlar həyata keçirən şəxslərə, onların sorğusu əsasında bu cür əməliyyatlara baş icazə verilməlidir.

Malların sərbəst dövriyyə üçün emalı üzrə əməliyyatların başa çatması

7. Standart

Sərbəst dövriyyə üçün malların emalı üzrə əməliyyatlar emal zamanı əmələ gəlmiş məhsulların sərbəst dövriyyə üçün gömrük rəsmiləşdirilməsi ilə başa çatır.

8. Standart

Şərait bunu tələb etdikdə və əlaqədar şəxsin sorğusu əsasında gömrük xidməti, hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilməsi şərti ilə, istehsal, emal və ya işlənmə nəticəsində əmələ gəlmiş məhsullar başqa gömrük rejimi altına yerləşdirildikdən sonra rejimin başa çatması ilə razılaşır.

9. Standart

Sərbəst dövriyyə üçün malların emalı nəticəsində əmələ gəlmiş tullantı və qalıqlar sərbəst dövriyyə üçün gömrük rəsmiləşdirilməsindən keçdikləri halda, onlara bu vəziyyətdə gətirilən bu cür tullantı və qalıqlara tətbiq edilən idxal rüsum və vergiləri tətbiq edilir.


Ə. Xüsusi əlavəsi

Müvəqqəti idxal

I fəsil. Müvəqqəti idxal

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F1. «müvəqqəti idxal» — elə gömrük rejimidir ki, ona uyğun olaraq müəyyən mallar gömrük ərazisinə şərti olaraq tam və ya qismən idxal rüsum və vergilərindən azad edilməklə, gətirilə bilər; bu cür mallar müəyyən məqsədlər üçün gətirilməli və istifadələri nəticəsində adi köhnəlmə istisna olmaqla, müəyyən edilmiş müddət ərzində heç bir dəyişiklik olmadan geriyə aparılma üçün nəzərdə tutulmalıdırlar.

Prinsiplər

1. Standart

Müvəqqəti idxal bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Tətbiq sahəsi

2. Standart

Milli qanunvericilik müvəqqəti idxala icazə verilən halların siyahısını müəyyən edir.

3. Standart

Milli qanunvericilikdə azadetmənin yalnız qismən ola biləcəyi nəzərdə tutulduğu hallar istisna olmaqla, müvəqqəti gətirilmiş mallar idxal rüsum və vergilərindən şərti olaraq tam azad edilməlidirlər.

4. Standart

Müvəqqəti idxal malları bilavasitə xaricdən gətirilən mallarla məhdudlaşmır, ona, həmçinin artıq başqa gömrük rejimi altına yerləşdirilmiş mallar üçün də icazə verilir.

5. Tövsiyə edilən qayda

Müvəqqəti idxala icazə malların mənşə, göndərilmə və ya təyinat ölkəsindən asılı olmayaraq verilməlidir.

6. Standart

Müvəqqəti gətirilmiş mallar, gömrük ərazisində olduqları zaman salamat halda saxlanılmalarının təmini üçün lazım olan əməliyyatlara məruz qala bilərlər.

Müvəqqəti idxala icazə verildikdən əvvəl həyata keçirilən rəsmiyyətçiliklər

7. Standart

Milli qanunvericilik müvəqqəti idxal üçün ilkin icazə tələb olunduğu halların siyahısını və bu cür icazəni verməyə müvəkkil edilmiş orqanları müəyyən edir. Belə hallar mümkün qədər az olmalıdır.

8. Tövsiyə edilən qayda

Gömrük xidməti yalnız müvəqqəti idxala kömək edəcəyi hallarda malların konkret gömrük orqanına təqdim edilməsini tələb edir.

9. Tövsiyə edilən qayda

Gömrük xidməti, bu malların sonradan geriyə aparılması barədə heç bir şübhə olmadığı hallarda, yazılı mal bəyannaməsi olmadan malların müvəqqəti idxalına icazə verməlidir.

10. Tövsiyə edilən qayda

Razılığa gələn Tərəflər müvəqqəti idxala dair beynəlxalq müqavilələrə qoşulmaq imkanını diqqətlə nəzərdən keçirməlidir ki, bu da onlara milli gömrük sənədləri və təminatlarının əvəzinə beynəlxalq təşkilatlar tərəfindən verilmiş sənədləri və təminatları qəbul etməyə imkan verəcəkdir.

Eyniləşdirmə tədbirləri

11. Standart

Malların müvəqqəti idxalına gömrük xidmətinin müvəqqəti idxalın başa çatması anında bu malları eyniləşdirə biləcəyinə əmin olması şərti ilə yol verilir.

12. Tövsiyə edilən qayda

Müvəqqəti gətirilmiş malların eyniləşdirilməsi üçün gömrük xidməti yalnız eyniləşdirmənin kommersiya üsulları kifayət etmədiyi hallarda, malların eyniləşdirilməsi üzrə öz tədbirlərini görməlidir.

Geriyə aparılma müddəti

13. Standart

Gömrük xidməti hər bir konkret halda müvəqqəti idxal müddətini müəyyənləşdirir.

14. Tövsiyə edilən qayda

Maraqlı şəxsin sorğusu üzrə və gömrük orqanının əsaslı hesab etdiyi səbəblərə görə gömrük orqanı ilkin olaraq müəyyənləşdirilmiş müddəti uzatmalıdır.

15. Tövsiyə edilən qayda

Özəl şəxslərin iddiası üzrə həbs qoyulma halları istisna olmaqla, barələrində müvəqqəti idxala icazə verilmiş mallar onlar üzərində həbs qoyulması nəticəsində geriyə aparıla bilmədiyi hallarda, geriyə aparılmaya dair öhdəliyin qüvvəsi həbs müddətinə dayandırılmalıdır.

Müvəqqəti idxal hüququnun verilməsi

16. Tövsiyə edilən qayda

Gömrük xidməti sorğu üzrə müvəqqəti idxal rejimindən istifadə hüququnun hər hansı digər şəxsə verilməsinə icazə verməlidir, bir şərtlə ki, həmin şəxs:

(a) müəyyən edilmiş şərtlərə cavab versin; və

(b) ilk olaraq müvəqqəti idxal hüququndan istifadə etmiş şəxsin öhdəliklərini öz üzərinə götürsün.

Müvəqqəti idxal rejiminin başa çatması

17. Standart

Nəzərdə tutulur ki, müvəqqəti gətirilmiş mallar müvəqqəti gətirildikləri gömrük orqanı yox, başqa gömrük orqanı vasitəsi ilə geriyə aparıla bilər.

18. Standart

Nəzərdə tutulur ki, müvəqqəti idxal edilən mallar bir, yaxud bir neçə partiya şəklində geriyə aparıla bilər.

19. Tövsiyə edilən qayda

Nəzərdə tutulur ki, hər bir halda tətbiq edilə bilən şərtlərə və rəsmiyyətçiliklərə əməl edilmişsə, müvəqqəti idxal gətirilmiş malların başqa gömrük rejimi altına yerləşdirilməsi yolu ilə dayandırıla və ya başa çatdırıla bilər.

20. Tövsiyə edilən qayda

Müvəqqəti idxal anında qüvvədə olmuş qadağalar və ya məhdudiyyətlər müvəqqəti idxal sənədinin qüvvədə olma müddəti ərzində ləğv edilmişsə, gömrük xidməti malları sərbəst dövriyyə üçün buraxmaq yolu ilə malların müvəqqəti idxalının başa çatmasına dair sorğunu təmin etməlidir.

21. Tövsiyə edilən qayda

Nəzərdə tutulur ki, əgər təminat pul vəsaitlərinin depozitə qoyulması formasında verilmişsə, onların qaytarılması, hətta mallar onların geriyə aparıldığı gömrük orqanı vasitəsi ilə gətirilmiş olmadıqları halda belə, həmin orqan tərəfindən həyata keçirilir.

Müvəqqəti idxal halları

(a) İdxal rüsum və vergilərindən tam şərti azad etməklə müvəqqəti idxal

22. Tövsiyə edilən qayda

Rüsum və vergilərdən tam şərti azad olunmaqla müvəqqəti idxala icazə Müvəqqəti İdxal haqqında 26 iyun 1990-cı il tarixli Konvensiyaya edilən aşağıdakı Əlavələrdə (İstanbul Konvensiyası) nəzərdə tutulan mallar barədə verilməlidir.

1) B. 1 Əlavəsinə uyğun olaraq «Sərgi, yarmarka, konfrans, yaxud bu kimi tədbirlərdə nümayiş, yaxud istifadə olunmaq üçün nəzərdə tutulan mallar haqqında»;

2) B. 2 Əlavəsinə uyğun olaraq «Peşə avadanlıqları haqqında»;

3) B. 3 Əlavəsinə uyğun olaraq «Konteynerlər, altlıqlar, bağlamalar, nümunələr və kommersiya əməliyyatı ilə bağlı olaraq gətirilən digər mallar haqqında»;

4) B. 5 Əlavəsinə uyğun olaraq «Təhsil, elm və mədəniyyət məqsədləri üçün gətirilən mallar haqqında»;

5) B. 6 Əlavəsinə uyğun olaraq «İdman məqsədləri üçün gətirilən sərnişinlərin şəxsi əşyaları və mallar haqqında»;

6) B. 7 Əlavəsinə uyğun olaraq «Turizm reklamı üçün materiallar haqqında»;

7) B. 8 Əlavəsinə uyğun olaraq «Sərhədyanı ticarət çərçivəsində gətirilən mallar haqqında»;

8) B. 9 Əlavəsinə uyğun olaraq «Humanitar məqsədlər üçün gətirilmiş mallar haqqında»;

9) C. Əlavəsinə uyğun olaraq «Nəqliyyat vasitələri haqqında»;

10) Ç. Əlavəsinə uyğun olaraq «Heyvanlar haqqında».

(b) İdxal rüsum və vergilərindən qismən şərti azad edilməklə müvəqqəti idxal

23. Tövsiyə edilən qayda

Tövsiyə edilən 22-ci qaydada nəzərdə tutulmayan mallar və Tövsiyə edilən 22-ci qaydada nəzərdə tutulan, lakin tam şərti azadetmə üçün şərtlərə cavab verməyən mallar barədə idxal rüsum və vergilərindən ən azı qismən şərti azadetmə ilə müvəqqəti idxala icazə verilməlidir.


F. Xüsusi əlavəsi

Hüquqpozmalar

I fəsil. Gömrük hüquqpozmaları

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F2. «gömrük hüquqpozmasının inzibati tənzimlənməsi» — milli qanunvericiliklə nəzərdə tutulmuş elə prosedurdur ki, ona uyğun olaraq gömrük xidməti gömrük hüquqpozmasını, ona dair qərar çıxarılması yolu ilə və ya kompromis əsasında tənzimləməyə səlahiyyətləndirilmişdir;

E2./F3. «kompromis əsasında tənzimləmə» — elə razılaşmadır ki, ona uyğun olaraq gömrük xidməti, buna dair səlahiyyət almış olaraq, gömrük hüquqpozmasına aidiyyəti olan şəxslər barəsində, əgər həmin şəxslər müəyyən şərtlərə əməl etməyə razıdırlarsa, prosessual hərəkətlərdən imtina edir;

E3./F1. «gömrük hüquqpozması» — gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulması və ya pozulmasına cəhd.

Prinsiplər

1. Standart

Gömrük xidməti tərəfindən gömrük hüquqpozmalarının təhqiq edilməsi, müəyyən olunması və inzibati tənzimlənməsi bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Standart

Milli qanunvericilik gömrük hüquqpozmalarını müəyyən edir və onların təhqiq edilə, müəyyənləşdirilə və lazım gəldikdə, inzibati tənzimləmə obyekti ola biləcəyinə dair şərtləri təyin edir.

Tətbiq sahəsi

3. Standart

Milli qanunvericilik gömrük hüquqpozması törədilməsi ilə bağlı məsuliyyətə cəlb edilə bilən şəxsləri müəyyənləşdirir.

4. Standart

Milli qanunvericilik gömrük hüquqpozmasına görə məsuliyyətə cəlb edilmə müddətini və bu müddətin başlanma tarixini müəyyən edir.

Gömrük hüquqpozmalarının təhqiqatı və müəyyən edilməsi

5. Standart

Milli qanunvericilik aşağıdakıları həyata keçirmək üçün ixtiyarlı olduğu şərtləri müəyyən edir:

    • malları və nəqliyyat vasitələrini yoxlamaq;
    • sənədləri və ya yazışmanı təqdim etməyi tələb etmək;
    • avtomatlaşdırılmış məlumat bazalarına daxil olmaq;
    • şəxslərin və binaların axtarışını aparmaq; və
    • sübutlar əldə etmək.

6. Standart

Gömrük məqsədləri üçün şəxsi yoxlama yalnız qaçaqmalçılıq və ya ciddi hesab edilən digər gömrük hüquqpozmalarının törədilməsindən şübhələnmək üçün əsaslı səbəblər olduğu hallarda keçirilir.

7. Standart

Gömrük xidməti, qaçaqmalçılıq və ya ciddi hesab edilən digər gömrük hüquqpozmaları törədilməsindən şübhələnmək üçün əsaslı səbəblər olduğu hallar istisna olmaqla, binaların yoxlanılmasını keçirmir.

8. Standart

Gömrük xidməti ən qısa müddətdə əlaqədar şəxsi törədilməsi şübhə doğuran hüquqpozmanın xarakteri, qanunvericiliyin pozulmuş ola bilən müddəaları və lazım gəldikdə, mümkün sanksiyalar barədə məlumatlandırır.

Gömrük hüquqpozması aşkar edildiyi halda əməl olunan prosedur

9. Standart

Milli qanunvericilik gömrük hüquqpozmasının baş verdiyi aşkar olunduqdan sonra gömrük xidmətinin əməl etməli olduğu proseduru və bu halda görə biləcəyi tədbirləri müəyyənləşdirir.

10. Tövsiyə edilən qayda

Gömrük xidməti gömrük hüquqpozmalarına və görülmüş tədbirlərə dair müfəssəl məlumatlar olan protokol və ya inzibati hesabatları tərtib edir.

Həbs qoyulması, yaxud malların və ya nəqliyyat vasitələrinin saxlanılması

11. Standart

Gömrük xidməti yalnız aşağıdakı hallarda mallar və/və ya nəqliyyat vasitələrinin üzərinə həbs qoyur:

    • onlar inzibati və ya məhkəmə qaydasında müsadirə edilməlidir; və ya
    • iş üzrə icraatın sonrakı mərhələlərində onların maddi sübutlar kimi təqdim edilməsi tələb oluna bilər.

12. Standart

Gömrük hüquqpozması yalnız yükün bir hissəsinə aiddirsə, yükün məhz bu hissəsi həbs və ya saxlanma obyekti olur, bir şərtlə ki, gömrük xidməti yükün qalan hissəsinin hüquqpozmanın törədilməsində birbaşa və ya dolayısı ilə istifadə edilmədiyinə əmin olsun.

13. Mallar və/və ya nəqliyyat vasitələri üzərinə həbs qoyulduqda və ya onlar saxlandıqda, gömrük xidməti marağı olan şəxsə aşağıdakıları göstərən sənəd verir:

    • həbs və ya saxlanma obyekti olan malların və ya nəqliyyat vasitələrinin təsviri və miqdarı;
    • həbs qoyulması və ya saxlanmanın səbəbi;
    • hüquqpozmanın xarakteri.

14. Tövsiyə edilən qayda

Gömrük xidməti həbs və ya saxlanma obyekti olmuş malların yetərli təminat altında buraxılmasını bir şərtlə həyata keçirməlidir ki, bu mallar hər hansı qadağa və ya məhdudiyyətlər altına düşməsin, yaxud iş üzrə icraatın sonrakı mərhələlərində maddi sübutlar kimi tələb oluna bilməsin.

15. Tövsiyə edilən qayda

Gömrük xidməti gömrük hüquqpozmasının törədilməsində istifadə olunmuş nəqliyyat vasitələrini həbsdən və ya saxlanmadan aşağıdakılara əmin olduqda azad etməlidir:

    • nəqliyyat vasitələri malların gizlədilməsi məqsədi ilə hər hansı bir şəkildə quraşdırılmamış, uyğunlaşdırılmamış, yenidən düzəldilməmiş və ya təchiz edilməmişdir; və
    • nəqliyyat vasitələri iş üzrə icraatın sonrakı mərhələlərində maddi sübutlar kimi təqdim olunmaq üçün tələb olunmayacaqlar; və
    • zərurət olduqda, yetərli təminat verilə bilər.

16. Tövsiyə edilən qayda

Nəqliyyat vasitələri yalnız aşağıdakı hallarda inzibati və ya məhkəmə qaydasında müsadirə olunurlar:

    • nəqliyyat vasitəsinin mülkiyyətçisinin, idarə edən və ya ona görə məsul olan başqa şəxsin hüquqpozma anında gömrük hüquqpozmasına aidiyyəti olmuşsa və ya onun barəsində xəbəri olmuşsa, yaxud o, hüquqpozma törədilməsinin qarşısının alınması üçün bütün məntiqi tədbirləri görməmişsə;
    • nəqliyyat vasitələri malların gizlədilməsi məqsədi ilə hər hansı bir şəkildə xüsusi olaraq quraşdırılmış, uyğunlaşdırılmış, yenidən düzəldilmiş və ya təchiz edilmişdir;
    • xüsusi olaraq yenidən düzəldilmiş və ya uyğunlaşdırılmış nəqliyyat vasitələrinin əvvəlki halına qaytarılması mümkün deyildir.

17. Tövsiyə edilən qayda

Tez xarab olan mallar olduğuna və ya xarakterinə görə gömrük xidmətinin malların saxlanmasını həyata keçirə bilmədiyi hallar istisna olmaqla, onların inzibati və ya məhkəmə qaydasında müsadirəsinə və ya dövlətə verilmələrinə dair qərar qüvvəyə minənədək, üzərinə həbs qoyulmuş və ya saxlanmış mallar gömrük xidməti tərəfindən satış və ya digər üsulla sərəncam verilmə obyekti olmamalıdır.

Şəxslərin saxlanması

18. Standart

Milli qanunvericilik gömrük xidmətinin şəxslərin saxlanması üzrə səlahiyyətlərini və bu cür saxlanma şərtlərini, o cümlədən keçdiyi təqdirdə saxlanmaya dair qərarın məhkəmə orqanı tərəfindən baxılmalı olduğu müddəti müəyyən edir.

Gömrük hüquqpozmalarının inzibati tənzimlənməsi

19. Standart

Gömrük xidməti gömrük hüquqpozması aşkar edildikdən sonra, tətbiq oluna bilən halda, mümkün qədər qısa müddətdə aşağıdakıları təmin etmək üçün zəruri tədbirlər görür.

    • bu hüquqpozmanın inzibati tənzimlənməsinin başlanması; və
    • əlaqədar şəxsin bu tənzimləmənin şərtləri, şikayətvermə qaydası və şikayətvermə müddətləri barədə məlumatlandırılması.

20. Tövsiyə edilən qayda

Gömrük rəsmiləşdirilməsi zamanı əhəmiyyətsiz sayılan gömrük hüquqpozması aşkar edildikdə, bu hüquqpozmanın onu aşkar etmiş gömrük orqanı tərəfindən inzibati qaydada tənzimlənməsi üçün imkan yaradılmalıdır.

21. Tövsiyə edilən qayda

Sərnişin tərəfindən əhəmiyyətsiz sayılan gömrük hüquqpozması törədildikdə, onu aşkar etmiş gömrük orqanı tərəfindən bu hüquqpozmanın dərhal inzibati qaydada tənzimlənməsi üçün imkan yaradılmalıdır.

22. Standart

Milli qanunvericilik inzibati tənzimləmə predmeti ola bilən hər bir gömrük hüquqpozma kateqoriyası barədə tətbiq edilə bilən sanksiyaları və bu sanksiyaların tətbiqinə səlahiyyətləndirilmiş gömrük orqanlarını müəyyənləşdirir.

23. Standart

Gömrük hüquqpozmasının inzibati qaydada tənzimlənməsi zamanı tətbiq edilə bilən sanksiyaların ciddiliyi və ya həcmi törədilmiş gömrük hüquqpozmasının ciddiliyindən və ya əhəmiyyətliliyindən və gömrük xidməti ilə bağlı olan əlaqədar şəxsin keçmiş fəaliyyətindən asılıdır.

24. Standart

Mal bəyannaməsində düzgün olmayan məlumatlar göstərildiyi və deklarantın təqdim edilən məlumatların doğruluğunun təmini üçün bütün lazımi tədbirləri gördüyünü sübut edə biləcəyi hallarda, sanksiyalar tətbiq edilməsi məsələsinə baxılarkən, gömrük xidməti bu xüsusatı nəzərə alır.

25. Standart

Gömrük hüquqpozmasının fors-major və ya əlaqədar şəxsin nəzarətindən kənar başqa hallar nəticəsində baş verdiyi və onun tərəfindən aldatmaya yönəlmiş qəsd və ya etinasızlıq göstərilməsi olmadığı hallarda sanksiyalar tətbiq edilmir, bir şərtlə ki, bu faktlar gömrük xidmətini qane edən lazımi qaydada müəyyən edilmiş olsun.

26. Standart

Üzərlərinə həbs qoyulmuş və ya saxlanmış mallar, yaxud onların satışından əldə edilən qazanc, bütün rüsumlar, vergilər, habelə bütün yığımlar və xərclər çıxılmaqla:

    • gömrük hüquqpozmasının qəti tənzimlənməsindən sonra ən qısa müddətlərdə onları almaq hüququ olan şəxsə qaytarılmalı; və ya
    • bu mümkün olmadığı hallarda, həmin şəxslərin xeyrinə müəyyən müddətə ehtiyatda saxlanmalıdır,
    • bir şərtlə ki, həmin malların inzibati və ya məhkəmə qaydasında müsadirə edilmələri barədə qərar çıxarılmamış və ya onlar tənzimləmə nəticəsində dövlətə verilməmiş olsun.

Şikayət vermə hüququ

27. Standart

İnzibati qaydada tənzimlənməli olan gömrük hüquqpozmasına aidiyyəti olan istənilən şəxs, bu şəxsin kompromis əsasında tənzimlənmə ilə razılaşdığı hallar istisna olmaqla, gömrük xidmətindən asılı olmayan orqana şikayət vermək hüququna malikdir.


G. Xüsusi əlavəsi

Xüsusi rejimlər

I fəsil. Sərnişinlər

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F2. «ikikanallı sistem» — gömrük nəzarətinin gələn sərnişinlərə iki kanaldan birini seçərək, bəyanetməni icra etməyə imkan verən sadələşdirilmiş sistemi. Onlardan biri, yaşıl rəngli simvollarla işarələnən, miqdarı və ya dəyəri rüsumsuz idxal altına düşən malların miqdar və dəyərindən artıq olmayan və idxal zamanı qadağan və məhdudiyyətlər altına düşməyən malları keçirən sərnişinlər üçün nəzərdə tutulmuşdur. Qırmızı rənglə işarələnən digəri — başqa sərnişinlər üçündür;

E2./F4. «şəxsi istifadə üçün nəqliyyat vasitələri» — marağı olan şəxs tərəfindən şəxslərin pullu daşınması və ya malların pullu və ya pulsuz kommersiya daşınması üçün deyil, yalnız şəxsi istifadə üçün gətirilən və ya aparılan avtonəqliyyat vasitələri və yedəklər, katerlər və hava gəmiləri, onlara aid ehtiyat hissələri və onların adi ləvazimatları və avadanlıqları ilə birlikdə;

E3./F5. «sərnişin»

1) daimi yaşamadığı ölkənin ərazisinə müvəqqəti gələn («qeyri-rezident») və ya bu ərazidən gedən hər hansı şəxs; və

2) daimi yaşadığı ölkənin ərazisindən gedən («gedən rezident») və ya bu əraziyə qayıdan («qayıdan rezident») hər hansı şəxs;

E4./F 3. «şəxsi əşyalar» — səfərin bütün halları nəzərə alınmaqla, lakin kommersiya məqsədləri üçün gətirilən və ya aparılan hər hansı mallar istisna olmaqla, sərnişinin səfər zamanı şəxsi istifadə üçün məntiqi tələbatı ola bilən istənilən əşyalar (yeni və ya işlənmiş);

E5./F1. «müvəqqəti idxal» — elə gömrük rejimidir ki, ona uyğun olaraq bəzi mallar idxal rüsum və vergilərindən şərti azad edilməklə gömrük ərazisinə gətirilə bilər; bu cür mallar müəyyən məqsəd üçün gətirilməli və istifadələri nəticəsində adi köhnəlmə istisna olmaqla, heç bir dəyişiklik olmadan müəyyən edilmiş müddət ərzində geri aparılmaq üçün nəzərdə tutulmalıdırlar.

Prinsiplər

1. Standart

Fiziki şəxslər barəsində tətbiq edilə bilən gömrük güzəştləri bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Standart

Bu Fəsildə nəzərdə tutulan gömrük güzəştləri sərnişinlərə vətəndaşlığından/milliyyətindən asılı olmayaraq tətbiq edilir.

Tətbiq sahəsi

3. Standart

Gömrük xidməti sərnişinlərə aid gömrük rəsmiyyətçiliklərinin yerinə yetirilə bildiyi gömrük orqanlarını müəyyənləşdirir. Bu orqanların səlahiyyətləri, iş yerləri və saatları müəyyənləşdirilərkən, gömrük xidməti, xüsusilə coğrafi vəziyyəti və mövcud sərnişin axınının həcmlərini nəzərə alır.

4. Standart

Gömrük nəzarətinin müvafiq prosedurlarına əməl edilməsi şərti ilə şəxsi istifadə üçün öz nəqliyyat vasitələrində ölkəyə gələn və ölkədən gedən sərnişinlərə yerdəyişmə üçün istifadə etdikləri nəqliyyat vasitələrini tərk etmədən bütün lazımi gömrük rəsmiyyətçiliklərini yerinə yetirməyə icazə verilir.

5. Tövsiyə edilən qayda

Kommersiya təyinatlı avtonəqliyyat vasitəsində və ya qatarda ölkəyə gələn və ya ölkədən gedən sərnişinlərə yerdəyişmə üçün istifadə etdikləri nəqliyyat vasitələrini tərk etmədən bütün zəruri gömrük rəsmiyyətçiliklərini yerinə yetirməyə icazə verilməlidir.

6. Tövsiyə edilən qayda

İkikanallı sistem sərnişinlərin gömrük nəzarəti və daşıdıqları malların, habelə, müvafiq hallarda onların şəxsi istifadə üçün olan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün istifadə olunmalıdır.

7. Tövsiyə edilən qayda

Gömrük xidməti istifadə olunan nəqliyyat növündən asılı olmayaraq, öz məqsədləri üçün sərnişinlərin və ya onların daşıdığı baqaj əşyalarının ayrıca siyahısını tələb etməməlidir.

8. Tövsiyə edilən qayda

Gömrük xidməti, digər xidmətlərlə və ticarət iştirakçıları ilə qarşılıqlı fəaliyyət göstərərək, mümkün olan hallarda sərnişinlərə gömrük nəzarətinin və onların daşıdıqları malların rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün sərnişinlər haqqında unifikasiya edilmiş beynəlxalq standartlara uyğun gələn ilkin informasiyadan istifadə etməyə çalışmalıdır.

9. Tövsiyə edilən qayda

Sərnişinlərə daşıdıqları malları şifahi bəyan etməyə icazə verilməlidir. Bununla belə, gömrük xidməti, sərnişinlərin daşıdıqları kommersiya xarakterli idxal və ya ixrac obyekti olan, yaxud dəyərləri və miqdarları milli qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərdən artıq olan mallara dair yazılı və ya elektron üsulla tərtib olunmuş bəyannamə tələb edə bilər.

10. Standart

Gömrük məqsədləri üçün sərnişinlərin şəxsi yoxlanması müstəsna hallarda və qaçaqmalçılıq və ya digər hüquqpozmaların törədilməsindən şübhələnmək üçün tutarlı əsaslar olduqda aparılır.

11. Standart

Sərnişinlərin daşıdıqları mallar müvafiq gömrük rejiminə uyğun rəsmiləşdirilənədək, geriyə aparılanadək və ya milli qanunvericiliyə uyğun olaraq başqa üsulla sərəncam verilənədək, aşağıdakı hallarda gömrük xidməti tərəfindən müəyyən edilmiş şərtlərlə anbara alınmalı və ya saxlanmalıdır:

    • sərnişinin sorğusu əsasında;
    • malların dərhal rəsmiləşdirilməsi mümkün olmadıqda; və ya
    • mallar barədə bu Fəslin digər müddəaları tətbiq edilə bilmədiyi halda.

12. Standart

Müşayiət olunmayan baqajın (sərnişin gələnədək və ya gedənədək və ya bundan sonra gətirilən və ya aparılan baqajın) rəsmiləşdirilməsi müşayiət olunmayan baqaj barədə tətbiq edilə bilən prosedurlara, yaxud digər sadələşdirilmiş gömrük prosedurlarına uyğun icra edilir.

13. Standart

İstənilən səlahiyyətli şəxsə sərnişinin adından müşayiət olunmayan baqajı rəsmiləşdirmək üçün təqdim etməyə icazə verilir.

14. Tövsiyə edilən qayda

Sərnişinlər üçün gömrük güzəştlərinə uyğun olaraq sərbəst dövriyyə üçün bəyan edilən mallar barəsində rüsumlar və vergilərin vahid tarif dərəcələri ilə hesablanması sistemi tətbiq edilməlidir, bir şərtlə ki, malların gətirilməsi kommersiya xarakteri daşımasın və bu malların ümumi dəyəri və ya miqdarı milli qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərdən artıq olmasın.

15. Tövsiyə edilən qayda

Mümkün olduğu hər yerdə gömrük xidməti tərəfindən göstərilmiş xidmətlərə görə, eləcə də rüsum və vergilərin ödənilməsi üçün kredit kartlarından və ya bank kartlarından istifadəyə icazə verilməlidir.

Gəliş

16. Tövsiyə edilən qayda

Sərnişinlərə idxal rüsum və vergiləri ödənilmədən gətirilməsinə icazə verilən tütün məmulatlarının, şərabın, tünd spirtli içkilərin və ətirlərin miqdar məhdudiyyətləri aşağıdakılardan az olmamalıdır:

a) 200 siqaret və ya 50 siqar, yaxud 250 qram tütün və ya bu məmulatlar ümumi çəkisi 250 qramdan artıq olmamaqla bir yerdə;

b) 2 litr şərab və 1 litr tünd spirtli içkilər;

c) 0,25 litr ətirli su və 50 qram ətir.

Lakin tütün məmulatları və alkoqollu içkilər barəsində nəzərdə tutulmuş gömrük güzəştləri müəyyən yaş həddinə çatmış şəxslərə verilə bilər və sərhədi tez-tez keçən və ya ölkədə 24 saatdan az müddətdə olmayan şəxslərə verilə bilməz, yaxud da məhdud miqdarda verilə bilər.

17. Tövsiyə edilən qayda

İdxal rüsum və vergilərindən azad edilməklə, miqdar məhdudiyyətləri çərçivəsində gətirilmələrinə icazə verilən istehlak mallarından başqa, sərnişinlərə idxal rüsum və vergilərindən azad edilməklə, ümumi dəyəri 75 xüsusi iqtibas hüququndan (XİH) az olmayan sırf qeyri-kommersiya xarakterli malları gətirməyə icazə verilməlidir. Bu ümumi dəyər yaşı müəyyən yaşdan az olan və sərhədi tez-tez keçən, yaxud 24 saatdan az müddətdə ölkədə olmayan şəxslər üçün azaldıla bilər.

18. Standart

Ölkəyə qayıdan rezidentlərə idxal rüsum və vergiləri ödəmədən ölkədən gedərkən götürdükləri və bu ölkədə sərbəst dövriyyədə olan şəxsi əşyaları və nəqliyyat vasitələrini gətirməyə icazə verilir.

19. Standart

Gömrük xidməti aşağıdakı hallar istisna olmaqla, qeyri-rezidentlərin şəxsi əşyalarının müvəqqəti gətirilməsi üçün gömrük sənədi və ya təminatı tələb etmir:

    • həmin əşyaların dəyəri və yaxud miqdarı milli qanunvericilikdə müəyyən edilən məhdudiyyətlərdən artıqdır; yaxud
    • gömrük xidməti hesab edir ki, həmin əşyalar dövlət büdcəsinin gəliri üçün müəyyən risk daşıyır.

20. Standart

Şəxsi xarakterli geyimdən, tualet ləvazimatlarından və əşyalardan başqa, xüsusilə aşağıdakılar, qeyri-rezidentlərin şəxsi əşyaları sayılır:

    • şəxsi zərgərlik əşyaları;
    • məntiqi sayda foto, kino, videolent və onlara aid ləvazimatlarla birlikdə fotoaparatlar, kino və videokameralar;
    • məntiqi sayda diapozitiv və ya kino lenti ilə birlikdə daşınar video- və kinoproyektorlar və onların ləvazimatları;
    • binokllar;
    • daşınar musiqi alətləri;
    • daşınar səsyazan qurğular, o cümlədən maqnitofonlar, kompakt disklər və lent, vallar və disklərlə bərabər diktofonlar;
    • daşınar radioqəbuledicilər;
    • sellülar və ya mobil telefonlar;
    • daşınar televizorlar;
    • daşınar yazı makinaları;
    • daşınar şəxsi kompüter və müvafiq ləvazimatlar;
    • daşınar hesablayıcılar;
    • adi və gəzinti üçün nəzərdə tutulan uşaq arabaları;
    • əlil arabaları;
    • idman ləvazimatları.

21. Standart

Qeyri-rezidentlərin şəxsi əşyaları üçün müvəqqəti idxala bəyannamə vermək lazım olduğu hallarda, müvəqqəti idxal müddəti sərnişinin ölkədə olma davamiyyətinə istinadən müəyyən edilir, bir şərtlə ki, bu müddət milli qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərdən artıq olmasın.

22. Standart

Sərnişinin sorğusu əsasında və gömrük xidmətinin əsaslı hesab etdiyi səbəblərə görə gömrük xidməti qeyri-rezidentin şəxsi əşyalarının müvəqqəti idxalı üçün ilkin müəyyənləşdirilən müddəti bir şərtlə uzadır ki, həmin müddət milli qanunvericilikdə müəyyənləşdirilmiş müddətdən artıq olmasın.

23. Standart

Qeyri-rezidentlər onların şəxsi istifadə təyinatlı nəqliyyat vasitələri üzrə müvəqqəti idxal hüququndan istifadə edirlər.

24. Standart

Şəxsi istifadə xarakterli nəqliyyat vasitəsinin adi çənlərindəki yanacaq idxal rüsum və vergilərindən azad edilərək gətirilir.

25. Standart

Nəqliyyat vasitələri barədə verilən güzəştlər qeyri-rezidentlərə məxsus, onların icarəyə və ya müvəqqəti götürdüyü, sərnişinin gəlişi ilə eyni zamanda, yaxud gəlişinədək, yaxud da ondan sonra gətirilmiş şəxsi istifadə üçün nəqliyyat vasitələrinə şamil edilir.

26. Tövsiyə edilən qayda

Gömrük xidməti qeyri-rezidentlərin şəxsi istifadə təyinatlı nəqliyyat vasitələrinin müvəqqəti idxalı üzrə gömrük sənədi və ya hər hansı təminat tələb etməməlidir.

27. Tövsiyə edilən qayda

Qeyri-rezidentlərin şəxsi istifadə təyinatlı nəqliyyat vasitələrinin müvəqqəti idxalı üçün hər hansı gömrük sənədi və ya təminat tələb edildikdə, gömrük xidməti standart beynəlxalq sənəd və təminatları qəbul etməlidir.

28. Standart

Qeyri-rezidentin şəxsi istifadə təyinatlı nəqliyyat vasitələrinin müvəqqəti idxalı üzrə bəyannamə təqdim etmək zərurəti yarandığı hallarda, müvəqqəti idxal müddəti qeyri-rezidentin ölkədə olma müddətinə əsasən belə bir şərtlə müəyyənləşdirilir ki, həmin müddət milli qanunvericilikdə göstərilən məhdudiyyətlərdən artıq olmasın.

29. Standart

Maraqlı şəxsin sorğusuna əsasən və gömrük xidmətinin əsaslı hesab etdiyi səbəblərə görə gömrük xidməti qeyri-rezidentin şəxsi istifadə təyinatlı nəqliyyat vasitəsinin müvəqqəti idxalı üçün müəyyənləşdirilən ilkin müddəti bir şərtlə uzadır ki, həmin müddət milli qanunvericilikdə göstərilən məhdudiyyətlərdən artıq olmasın.

30. Standart

Müvəqqəti idxal hüququ ölkədə müvəqqəti olan şəxsi istifadə üçün nəqliyyat vasitəsinin təmiri üçün lazım olan əvəz olunan hissələr barədə verilir.

Geriyə aparılma

31. Standart

Gömrük xidməti qeyri-rezidentlərin müvəqqəti gətirdikləri malların gətirildikləri gömrük orqanı olmayan başqa gömrük orqanı vasitəsi ilə geriyə aparılmasına icazə verir.

32. Standart

Gömrük xidməti qeyri-rezidentlərin qəza və ya fors-major halları nəticəsində zədələnmiş şəxsi istifadə üçün nəqliyyat vasitələrinin və ya şəxsi əşyalarının geriyə aparılmasını tələb etmir.

Gediş

33. Standart

Çıxıb gedən sərnişinlərlə bağlı tətbiq olunan gömrük rəsmiyyətçilikləri mümkün qədər sadələşdirilməlidir.

34. Standart

Lazımi şərtlərə və rəsmiyyətçiliklərə əməl edilməsi və ödənilməli olan idxal rüsum və vergilərinin ödənilməsi şərti ilə, sərnişinlərə kommersiya məqsədləri üçün lazım olan malları aparmağa icazə verilir.

35. Standart

Ölkədən çıxıb gedən rezidentlərin sorğusu üzrə gömrük xidməti o hallarda ayrı-ayrı əşyaların eyniləşdirilməsi üzrə tədbirlər görür ki, bu, rüsum və vergilər ödənilmədən onların geriyə gətirilməsinə kömək etsin.

36. Standart

Gömrük xidməti yalnız müstəsna hallarda, ölkədən çıxan rezidentə məxsus olan şəxsi istifadə təyinatlı əşya və nəqliyyat vasitələrinin müvəqqəti aparılması üçün sənəd tələb edir.

37. Tövsiyə edilən qayda

Təminat nağd pul depoziti formasında verilmişsə, geriyə aparılma gömrük orqanında, hətta bu orqan malların gətirilmiş olduğu gömrük orqanı olmasa belə, onun qaytarılması şərti nəzərdə tutulmalıdır.

Tranzit sərnişinlər

38. Standart

Tranzit zonasını tərk etməyən sərnişinlərin gömrük nəzarətindən keçməsi tələb olunmur. Bununla belə, gömrük xidmətinə tranzit zonalarında ümumi müşahidə aparmaq və gömrük hüquqpozmasının törənməsi şübhəsi olduqda, istənilən zəruri tədbirlər görməyə icazə verilir.

Sərnişinlər barədə tətbiq edilən gömrük güzəştləri haqqında məlumat

39. Tövsiyə edilən qayda

Sərnişinlər barədə tətbiq edilən gömrük güzəştləri barədə informasiya əlaqədar ölkənin bir və ya bir neçə rəsmi dilində və faydalı sayılan hər hansı başqa dildə təqdim edilməlidir.

II fəsil. Poçt göndərişləri

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F1. «CN22/23» — Ümumdünya Poçt İttifaqının qüvvədə olan aktlarında təsviri verilən poçt göndərişləri üçün xüsusi bəyannamə forması;

E2./F3. «Poçt göndərişləri ilə bağlı gömrük rəsmiyyətçilikləri» — marağı olan tərəf və gömrük xidməti tərəfindən poçt göndərişləri ilə bağlı həyata keçirilən bütün əməliyyatlar;

E3./F2. «Poçt göndərişləri» — Ümumdünya Poçt İttifaqının qüvvədə olan aktlarında ifadə olunduğu kimi, poçt xidməti tərəfindən və ya onun üçün daşınan məktub və bağlamalar;

E4./F5. «Poçt xidməti» — hökumət tərəfindən Ümumdünya Poçt İttifaqının qüvvədə olan aktları əsasında tənzimlənən beynəlxalq xidmətləri göstərmək səlahiyyəti verilmiş dövlət və ya özəl orqan;

E5./F4. «Ümumdünya Poçt İttifaqı» — 1874-cü ildə Birləşmiş Poçt İttifaqı kimi Bern Müqaviləsinə uyğun olaraq təsis edilmiş, 1878-ci ildə adı dəyişdirilərək, Ümumdünya Poçt İttifaqı olan və 1948-ci ildən etibarən BMT-nin xüsusi idarəsi olan hökumətlərarası təşkilat.

Prinsiplər

1. Standart

Poçt göndərişləri barədə gömrük rəsmiyyətçilikləri bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Sazişin müddəaları ilə tənzimlənir.

2. Standart

Milli qanunvericilik gömrük xidmətinin və poçt xidmətinin poçt göndərişləri barədə gömrük proseduru ilə bağlı müvafiq məsuliyyətlərini və vəzifələrini müəyyənləşdirir.

Poçt göndərişlərinin rəsmiləşdirilməsi

3. Standart

Poçt göndərişlərinin rəsmiləşdirilməsi ən qısa müddətdə həyata keçirilir.

a) Malların gömrük statusu

4. Standart

Malların poçt göndərişlərində aparılmasına, onların sərbəst dövriyyə üçün buraxılış və hər hansı digər gömrük rejimi altına yerləşdirmə üçün nəzərdə tutulmalarından asılı olmayaraq icazə verilir.

5. Standart

Malların poçt göndərişlərində gətirilməsinə, onların sərbəst dövriyyə üçün buraxılış və hər hansı digər gömrük rejimi altına yerləşdirmək üçün nəzərdə tutulmalarından asılı olmayaraq icazə verilir.

b) Gömrük xidmətinə təqdim etmə

6. Standart

Gömrük xidməti poçt xidmətinin gömrük nəzarəti məqsədləri üçün ona təqdim edilməli olan poçt göndərişləri, habelə bu cür təqdimetmənin üsulları barədə xəbərdar edir.

7. Standart

Gömrük xidməti, içərisində aşağıdakı malların olmadığı, aparılan poçt göndərişlərinin gömrük məqsədləri üçün ona təqdim edilməsini tələb etmir:

    • aparılmaları təsdiq edilməli olan mallar;
    • ixracı qadağalar və ya məhdudiyyətlər altına düşən, yaxud ixrac gömrük rüsumları və vergiləri tutulan mallar;
    • dəyəri milli qanunvericiliklə müəyyən edilmiş məbləğdən artıq olan mallar;
    • seçmə və ya təsadüfi əsasda gömrük nəzarəti üçün seçilmiş mallar.

8. Tövsiyə edilən qayda

Gömrük xidməti, bir qayda olaraq, idxal edilən poçt göndərişlərinin aşağıdakı kateqoriyalarını ona təqdim etməyi tələb etməməlidir:

(a) poçt kartları və sırf şəxsi xarakterli məktublar;

(b) korlar üçün ədəbiyyat;

(c) idxal rüsum və vergiləri tətbiq edilməyən çap nəşrləri.

CN22, yaxud CN 23 formasından, yaxud mal bəyannaməsindən istifadə etməklə aparılan rəsmiləşdirmə.

9. Standart

Gömrük xidməti tərəfindən tələb edilən bütün məlumatlar CN22 və ya CN23 formasında və təsdiqedici sənədlərdə varsa, aşağıdakı hallar istisna olmaqla, CN22 və CN23 forması mal bəyannaməsi hesab edilir:

    • dəyəri milli qanunvericiliklə müəyyən edilmiş məbləğdən artıq olan mallar;
    • qadağa və ya məhdudiyyətlər altına düşən və ya ixrac rüsum və vergiləri tutulan mallar;
    • aparılması təsdiq edilməli olan mallar;
    • sərbəst dövriyyə üçün buraxılış deyil, başqa gömrük rejimi altına yerləşdirmək üçün nəzərdə tutulmuş gətirilən mallar.

Bu hallarda ayrıca mal bəyannaməsi tələb olunur.

Tranzit poçt göndərişləri

10. Standart

Tranzit poçt göndərişlərinə gömrük rəsmiyyətçilikləri tətbiq olunmur. Rüsum və vergilərin tutulması

11. Standart

Gömrük xidməti poçt göndərişlərində olan mallar barədə rüsum və vergilər tutulmasının mümkün qədər sadələşdirilməsi üçün tədbirləri nəzərdə tutur.

III fəsil. Kommersiya təyinatlı nəqliyyat vasitələri

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F2. «kommersiya təyinatlı nəqliyyat vasitələrinə tətbiq edilə bilən gömrük rəsmiyyətçilikləri» — gömrük ərazisinə gəliş və ya ondan gediş zamanı, habelə gömrük ərazisində olduqları zaman kommersiya təyinatlı nəqliyyat vasitələri barədə əlaqədar şəxs və gömrük xidməti tərəfindən həyata keçirilən bütün əməliyyatlar;

E2./F1. «gəliş bəyannaməsi» və ya «gediş bəyannaməsi» — kommersiya təyinatlı nəqliyyat vasitəsi müvafiq olaraq gələrkən və ya gedərkən, bu kommersiya təyinatlı nəqliyyat vasitəsinə görə məsul olan şəxs tərəfindən tərtib olunmuş və gömrük xidmətinə təqdim edilmiş, kommersiya təyinatlı nəqliyyat vasitəsi, onun marşrutu, yük, ehtiyatlar, ekipaj və ya sərnişinlər haqqında zəruri məlumatlara malik istənilən bəyannamə;

E3./F3. «kommersiya təyinatlı nəqliyyat vasitələri» — adi ehtiyat hissələri, ləvazimatları və avadanlıqları, habelə kommersiya təyinatlı nəqliyyat vasitələri ilə birgə daşındığı zaman onların adi çənlərində olan sürtkü yağları və yanacaqla birlikdə şəxslərin pullu daşınması üçün beynəlxalq daşımalarda, yaxud malların pullu və ya pulsuz kommersiya və ya sənaye daşınmaları üçün istifadə olunan istənilən gəmi (özügedən və özügetməyən lixterlər və barjalar, habelə sualtı qanadları olan gəmilər daxil olmaqla), hava yastıqlı gəmi, təyyarə, avtonəqliyyat vasitələri (yedəklər, yarım yedəklər və kombinə edilmiş nəqliyyat vasitələri daxil olmaqla).

Prinsiplər

1. Standart

Kommersiya təyinatlı nəqliyyat vasitələrinə tətbiq oluna bilən gömrük rəsmiyyətçilikləri bu Fəslin müddəaları və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Tövsiyə edilən qayda

Kommersiya təyinatlı nəqliyyat vasitələrinə tətbiq edilə bilən gömrük rəsmiyyətçilikləri bu nəqliyyat vasitələrinin qeydiyyat ölkəsindən, mülkiyyətçisinin olduğu yerdən, yola salınma və ya təyinat ölkəsindən asılı olmayaraq, eyni dərəcədə tətbiq edilməlidir.

Kommersiya təyinatlı nəqliyyat vasitələrinin müvəqqəti idxalı

3. Tövsiyə edilən qayda

Yüklü və boş kommersiya təyinatlı nəqliyyat vasitələrinin gömrük ərazisinə idxal rüsum və vergilərindən şərti azad olunmaqla, müvəqqəti idxal edilməsinə bir şərtlə icazə verilməlidir ki, bu kommersiya təyinatlı nəqliyyat vasitələrindən müvəqqəti idxal ölkəsinin gömrük ərazisində daxili daşımalar üçün istifadə olunmasınlar. Onlar istismar nəticəsində adi köhnəlmədən, sürtkü yağlarının və yanacağın adi istehlakından, habelə zəruri təmir edilmədən başqa heç bir dəyişikliyə məruz qalmadan geriyə aparılmaq üçün nəzərdə tutulmalıdır.

4. Standart

Xaricdə lazımi qaydada qeydiyyatdan keçmiş kommersiya təyinatlı nəqliyyat vasitələrinin müvəqqəti idxalına dair zəmanət (təminat) və ya sənəd gömrük xidməti tərəfindən, yalnız gömrük nəzarəti məqsədləri üçün əhəmiyyətli dərəcədə zəruri sayıldıqda, tələb olunur.

5. Standart

Gömrük xidməti kommersiya təyinatlı nəqliyyat vasitələrinin geriyə aparılması üçün müddət təyin etdiyi hallarda, o, güman edilən nəqliyyat əməliyyatları ilə bağlı bütün halları nəzərə alır.

6. Tövsiyə edilən qayda

Maraqlı şəxsin sorğusu üzrə və gömrük xidmətinin əsaslı hesab etdiyi səbəblərə görə gömrük orqanı müəyyənləşdirilən ilkin müddəti uzatmalıdır.

Ehtiyat hissələri və avadanlığın müvəqqəti idxalı

7. Standart

Kommersiya təyinatlı nəqliyyat vasitələri ilə birgə gətirilən və kommersiya təyinatlı nəqliyyat vasitələrindən ayrıca istifadə oluna biləcəyindən və ya bilməyəcəyindən asılı olmayaraq, onlarla geriyə aparılmaq üçün nəzərdə tutulan, yüklərin yüklənməsi, boşaldılması, işlənməsi və qorunması üçün xüsusi avadanlığın idxal rüsum və vergilərindən şərti azad edilməklə, gömrük ərazisinə müvəqqəti idxalına icazə verilməlidir.

8. Tövsiyə edilən qayda

Kommersiya təyinatlı nəqliyyat vasitəsinə qoyulmuş və ya onda istifadə olunan hissələrin və avadanlığın əvəz edilməsi məqsədi ilə təmir və ya texniki xidmət zamanı istifadə üçün nəzərdə tutulmuş, artıq gömrük ərazisinə gətirilmiş ehtiyat hissələrin və avadanlığın bu əraziyə idxal rüsum və vergilərindən şərti azad edilməklə, müvəqqəti gətirilməsinə icazə verilməlidir.

Gəliş

9. Standart

Kommersiya təyinatlı nəqliyyat vasitəsi gələrkən, gömrük xidmətinə gəliş bəyannaməsi verilməsi tələb olunursa, bu bəyannamədə göstərilən məlumat gömrük qanunvericiliyinə riayət olunmasının təmini üçün lazım olan minimum məlumatla məhdudlaşmalıdır.

10. Standart

Gömrük xidməti, ona təqdim edilməli olan gəliş bəyannaməsinin nüsxələrinin sayını mümkün dərəcədə azaltmalıdır.

11. Standart

Kommersiya təyinatlı nəqliyyat vasitələrinin gəlişi ilə bağlı kommersiya təyinatlı nəqliyyat vasitələrinin gəldiyi ölkənin xarici nümayəndələri tərəfindən gömrük orqanına verilən və ya təqdim edilən sənədlərin leqallaşdırılması, təsdiqi, əslliyinin təsdiqi və ya əvvəlcədən baxılması tələb olunmur.

Gömrük ərazisində dayanmalar

12. Standart

Kommersiya təyinatlı nəqliyyat vasitələri başqa ölkədə arada dayanmalar etmədən gömrük ərazisində sonrakı məntəqələrdə dayanacaqlar edirsə, tətbiq edilə bilən gömrük rəsmiyyətçilikləri artıq görülmüş gömrük nəzarəti tədbirləri nəzərə alınmaqla, mümkün qədər sadələşdirilməlidir.

Gediş

13. Standart

Kommersiya təyinatlı nəqliyyat vasitələri gömrük ərazisindən gedərkən, tətbiq edilə bilən gömrük rəsmiyyətçilikləri aşağıdakıları təmin edən tədbirlərlə məhdudlaşır:

a) lazım olduqda, gediş bəyannaməsinin səlahiyyətli gömrük orqanına müəyyən edilmiş qaydada verilməsi;

b) lazım gəldikdə, gömrük plombları vurulması;

c) nəzarət məqsədləri üçün lazım olduğu hallarda gömrük xidməti tərəfindən əvvəlcədən göstərilən marşrutlarla gediş;

ç) kommersiya təyinatlı nəqliyyat vasitələrinin icazəsiz yubanmalar olmadan gedə bilməsi.

14. Tövsiyə edilən qayda

Gömrük xidməti, gediş üçün istifadə olunduqları dəqiq göstərilmək şərti ilə, gəliş bəyannaməsi üçün müəyyən edilmiş formalarla eyni olan gediş bəyannaməsi formalarından istifadəyə icazə verməlidir.

15. Standart

Kommersiya təyinatlı nəqliyyat vasitələrinin gəldikləri gömrük orqanı olmayan gömrük orqanı vasitəsi ilə gedişinə icazə verilir.

IV fəsil. Ehtiyatlar

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F6. «daşıyıcı» — nəqliyyat vasitəsindən istifadəyə görə məsuliyyət daşıyan, yaxud malların daşınmasını faktiki olaraq həyata keçirən şəxs;

E2./F1. «ehtiyatlara tətbiq edilə bilən gömrük rəsmiyyətçilikləri» — gömrük xidməti və marağı olan şəxs tərəfindən ehtiyatlar barədə həyata keçirilən bütün əməliyyatlar;

E3./F5. «ehtiyatlarla bağlı gömrük proseduru» — ehtiyatlara tətbiq edilə bilən bütün gömrük güzəştləri və rəsmiyyətçilikləri;

E4./F2. «ehtiyatlar»:

    • istehlak üçün ehtiyatlar; və
    • satış üçün ehtiyatlar.

E5./F3. «istehlak üçün ehtiyatlar»:

    • satılıb-satılmamasından asılı olaraq gəmilərin və təyyarələrin bortunda və qatarlarda sərnişinlər və ekipaj üzvləri tərəfindən istehlak üçün nəzərdə tutulmuş mallar; və
    • ehtiyat hissələri və avadanlığı istisna olmaqla, yanacaq və sürtkü materialları daxil olmaqla, yaxud qatarların istismarı və texniki xidməti üçün lazım olan mallar;
    • bu mallar gəlib çıxarkən sərnişinlərin pullu daşınmaları üçün beynəlxalq daşımalarda, yaxud malların pullu və ya pulsuz sənaye və ya kommersiya daşınmaları üçün istifadə edilən və ya istifadəsi güman olunan gəmilərdə, təyyarələrdə, yaxud qatarlarda olan, yaxud da onların bortuna onlar gömrük ərazisində olarkən götürülən mallardır;

E6./F4. «satış üçün ehtiyatlar» — gəmilərin və təyyarələrin sərnişinlərinə və ekipaj üzvlərinə çıxarılıb satılmaq üçün nəzərdə tutulmuş mallar, bu mallar gələrkən onların bortunda olur və ya gömrük ərazisində olarkən sərnişinlərin pullu daşınmaları üçün beynəlxalq daşımalarda, yaxud malların pullu və ya pulsuz sənaye və ya kommersiya daşınmaları üçün istifadə edilən və ya istifadəsi güman edilən gəmilərin və təyyarələrin bortuna çatdırırlar.

Prinsiplər

1. Standart

Ehtiyatlara dair gömrük proseduru bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Tövsiyə edilən qayda

Ehtiyatlar barədə gömrük proseduru gəmilərin, təyyarələrin, yaxud qatarların qeydiyyat ölkəsindən və ya milli mənsubiyyətindən asılı olmayaraq, eyni şərtlərlə tətbiq edilməlidir.

Gələn gəmilərdə, təyyarələrdə, yaxud qatarlarda olan ehtiyatlar

a) İdxal rüsum və vergilərindən azad olunma

3. Standart

Gömrük ərazisinə daxil olan gəmidə və ya təyyarədə daşınan ehtiyatlar, onların orada qalması şərti ilə idxal rüsum və vergilərindən azad olunur.

4. Tövsiyə edilən qayda

Beynəlxalq ekspress-qatarlarda ərzaq məhsulları kimi gətirilən, sərnişinlər və ekipaj üzvlərinin istehlakı üçün olan ehtiyatlar aşağıdakı şərtlərdən biri olduqda, idxal rüsum və vergilərindən azad olunmalıdırlar.

a) bu mallar yalnız bu beynəlxalq qatarın keçdiyi ölkələrdə alınmışdır; və

b) bu mallara görə ödənilməli olan rüsum və vergilər onlar alındıqları ölkədə ödənilmişdir.

5. Standart

Gəmilərin, təyyarələrin, yaxud qatarların işləməsi və təmiri üçün zəruri olan və gömrük ərazisinə gələn bu nəqliyyat vasitələrinin bortunda olan istehlak üçün ehtiyatlar, bu nəqliyyat vasitələri gömrük ərazisində olduqda onların bortunda qalmaları şərti ilə idxal rüsum və vergilərindən azad olunurlar.

b) Sənədlər

6. Standart

Gömrük xidməti gömrük ərazisinə gələn gəmilərdə, təyyarələrdə, yaxud qatarlarda olan ehtiyatlara dair bəyannamə tələb edirsə, bu bəyannamədə göstərilməli olan informasiya gömrük nəzarəti üçün lazım olan minimum məlumatlarla məhdudlaşır.

7. Tövsiyə edilən qayda

Gəmi gömrük ərazisinə gəldikdən sonra gömrük xidmətinə təqdim edilən ehtiyatlara dair bəyannamədə gəminin bortunda olan ehtiyatlardan gömrük xidmətinin icazəsi ilə verilən ehtiyatların miqdarı nəzərə alınmalıdır; bu zaman həmin ehtiyatlar barədə gömrük xidmətinə ayrıca forma verilməsi məcburi deyil.

8. Tövsiyə edilən qayda

Gömrük xidməti tərəfindən tələb olunan, ehtiyatlara dair bəyannamədə gömrük ərazisində olduqları zaman gəmilərə çatdırılmış ehtiyatların miqdarı nəzərə alınmalıdır.

9. Standart

Gömrük xidməti təyyarələrin bortundakı ehtiyatlar üçün ayrıca bəyannamə tələb etmir.

c) İstehlak üçün ehtiyatların verilməsi

10. Standart

Gömrük xidməti gəmi gömrük ərazisində olarkən, bortda olan istehlak üçün ehtiyatların, sərnişinlərin və ekipaj üzvlərinin sayını, habelə gəminin gömrük ərazisində olma müddətini nəzərə almaqla, əsaslı saydığı miqdarda verilməsinə icazə verir.

11. Tövsiyə edilən qayda

Gömrük xidməti gəmi dokda və ya tərsanədə təmir edilərkən, bortda olan ekipaj üzvlərinin istehlakı üçün ehtiyatların verilməsinə bir şərtlə icazə verməlidir ki, onun dokda və ya tərsanədə olması əsaslı sayılsın.

12. Standart

Təyyarə gömrük ərazisindəki bir və ya bir neçə hava limanında planlaşdırılmış qaydada enməli olduqda, gömrük xidməti bortda olan istehlak üçün ehtiyatların təyyarə bu cür aralıq hava limanlarında dayandığı zaman və onlar arasında uçuş zamanı icazə verməlidir.

ç) Gömrük nəzarəti

13. Standart

Gömrük xidməti daşıyıcıdan, zərurət olduqda möhürlənməsi də daxil olmaqla, ehtiyatlardan istənilən icazəsiz istifadənin qarşısının alınması üçün lazımi tədbirlər görülməsini tələb edir.

14. Standart

Gömrük xidməti nəqliyyat vasitələri gömrük ərazisində olarkən, ehtiyatların gəminin və təyyarənin bortunda və ya qatardan başqa yerdə saxlanmaları üçün çıxarılmasını yalnız bu tədbiri zəruri saydığı hallarda tələb edir.

Ehtiyatların rüsum və vergilərdən azad edilməklə tədarükü

15. Xaricdəki son təyinat məntəqəsinə yola düşən gəmilərə və təyyarələrə rüsum və vergilərdən azad olunmaqla aşağıdakıları borta götürməyə icazə verilir:

a) sərnişinlərin və ekipaj üzvlərinin sayı, reys və ya uçuşun müddəti, habelə artıq bortda olan bu cür ehtiyatların miqdarı nəzərə alınmaqla, gömrük xidmətinin əsaslı saydığı miqdarda ehtiyatlar; və

b) reys və uçuş zamanı əsaslı sayılan miqdarda istismarları və texniki xidmətlərinin təmini üçün, reys və ya uçuş zamanı istismar və texniki xidmət üçün, habelə artıq bortda olan bu cür ehtiyatların miqdarı nəzərə alınmaqla istehlak üçün ehtiyatlar.

16. Standart

Gömrük ərazisinə gəlmiş və gömrük ərazisində son təyinat məntəqəsinə getmək üçün öz ehtiyatlarını tamamlamaq ehtiyacı olan gəmilər və təyyarələr tərəfindən ehtiyatların tamamlanmasına rüsum və vergilərdən azad edilməklə yol verilir.

17. Standart

Gömrük xidməti gömrük ərazisində olduqları zaman gəmilərə və təyyarələrə gətirilmiş istehlak üçün ehtiyatların verilməsinə bu Fəsildə gəldikləri zaman artıq gəmilərin və təyyarələrin bortunda olan istehlak üçün ehtiyatlara tətbiq edilən şərtlərlə icazə verilir.

Yola düşmə

18. Tövsiyə edilən qayda

Gəmilər gömrük ərazisindən yola düşərkən ehtiyatlara dair bəyannamə tələb olunmur.

19. Standart

Gömrük xidməti gömrük ərazisindən yola düşən gəmilərin və təyyarələrin bortuna yüklənmiş ehtiyatlara dair bəyannamə tələb edirsə, bu bəyannamədə göstərilməli olan informasiya gömrük nəzarəti üçün zəruri olan minimum məlumatlarla məhdudlaşır.

Ehtiyatlarla digər əməliyyatlar

20. Standart

Gömrük ərazisinə gəlmiş gəmilərin və təyyarələrin bortunda, habelə qatarlarda olan ehtiyatların:

a) hər bir halda tətbiq edilə bilən şərtlərlə rəsmiyyətçiliyə əməl edilmişsə, gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılmasına və ya başqa gömrük rejimi altına yerləşdirilməsinə; və ya

b) gömrük xidmətinin əvvəlcədən icazəsi ilə, müvafiq olaraq beynəlxalq daşımalar üçün istifadə olunan başqa gəmilərə, təyyarələrə və ya qatarlara yüklənməsinə icazə verilir.

V fəsil. Yardım yükləri

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E1./F1. «yardım yükləri»:

    • təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım şəklində göndərilən mallar, o cümlədən avtomobillər və sair nəqliyyat vasitələri, yeyinti məhsulları, dərmanlar, geyim, örtüklər, çadırlar, yığma evlər, suyun təmizlənməsi və saxlanması üçün qurğular, yaxud digər ilk tələbat malları; və
    • missiyalarının müddəti ərzində təbii fəlakət ərazisində vəzifələrinin yerinə yetirilməsi, yaşayışlarının və işlərinin təmini üçün təbii fəlakətlərin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyət üçün bütün avadanlıqlar, avtomobillər və digər nəqliyyat vasitələri, xüsusi öyrədilmiş heyvanlar, yeyinti məhsulları, ehtiyatlar, şəxsi əşyalar və digər mallar.

Prinsiplər

1. Standart

Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

2. Standart

Yardım yüklərinin aparılma, tranzit, müvəqqəti idxal və müvəqqəti ixrac üçün gömrük rəsmiləşdirilməsi prioritet qaydada həyata keçirilməlidir.

Tətbiq sahəsi

3. Standart

Yardım yüklərinə münasibətdə gömrük xidməti aşağıdakıları nəzərdə tutur:

    • müəyyən müddət ərzində bəyannaməni tamamlamaq şərti ilə sadələşdirilmiş mal bəyannaməsinin və ya müvəqqəti, yaxud natamam mal bəyannaməsinin verilməsini;
    • mallar gələnədək mal bəyannaməsinin və müşayiət edən sənədlərin verilməsini, qeydiyyatını və ya yoxlanmasını və gəldikdən sonra onların buraxılmasını;
    • bununla bağlı bütün yığımlardan azad edilməklə iş vaxtından kənar və ya gömrük orqanlarının iş yerlərindən kənar gömrük rəsmiləşdirməsini;
    • yalnız müstəsna hallarda, malların yoxlanmasını və/və ya nümunələr götürülməsini.

4. Tövsiyə edilən qayda

Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi onların mənşə, göndərilmə, yaxud təyinat ölkəsindən asılı olmayaraq həyata keçirilməlidir.

5. Tövsiyə edilən qayda

Yardım yükləri barədə aparılmaya dair iqtisadi xarakterli qadağalar və ya məhdudiyyətlər, habelə digər hallarda ödənilməli olan ixrac rüsum və vergiləri tətbiq olunmamalıdır.

6. Tövsiyə edilən qayda

Müvəkkil orqanlar tərəfindən hədiyyə şəklində alınmış və bu təşkilatlar tərəfindən və ya onların nəzarəti altında istifadə üçün, yaxud onlar tərəfindən və ya onların nəzarəti altında pulsuz paylanma üçün nəzərdə tutulmuş yardım yükləri idxal rüsum və vergiləri tutulmadan qəbul edilməli və idxala dair iqtisadi xarakterli qadağa və məhdudiyyətlərdən azad edilməlidirlər.


Ğ. Xüsusi əlavəsi

Mənşə

I fəsil. Malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E 1./F 4. «malların mənşə ölkəsi» — gömrük tarifinin, miqdar məhdudiyyətlərinin və ya ticarətlə bağlı hər hansı tədbirlərin tətbiqi məqsədləri üçün müəyyən edilmiş meyarlara əsasən malların istehsal edildiyi və ya düzəldildiyi ölkə;

E 2./F 3. «malların mənşə ölkəsi»nin müəyyən edilməsi qaydaları» — milli qanunvericilik və ya beynəlxalq sazişlərlə müəyyən edilmiş prinsiplər («malların mənşəyinin müəyyən edilmə meyarları») əsasında işlənib hazırlanmış, malların mənşəyinin təyini üçün bu və ya digər ölkə tərəfindən tətbiq edilən konkret müddəalar;

E 3./F 1. «əhəmiyyətli dərəcədə dəyişmə meyarı» — elə meyardır ki, ona uyğun olaraq malların mənşəyi təyin edilərkən, onların mənşə ölkəsi kimi o ölkə tanınır ki, orada mallara əsas xarakteristikalar verilməsi üçün yetərli sayılan, bu malların istehsalı və ya emalı üzrə son mühüm əməliyyat yerinə yetirilmişdir.

Prinsiplər

1. Standart

Mallar gətirilərkən və aparılarkən gömrük xidməti tərəfindən tətbiq edilməli olan tədbirlərin həyata keçirilməsi üçün zəruri olan malların mənşə ölkəsinin müəyyənləşdirilməsi qaydaları bu Fəslin müddəalarına və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə müəyyən edilir.

Malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları

2. Standart

Tamamilə müəyyən ölkədə istehsal edilmiş malların mənşə ölkəsi həmin ölkə sayılır. Tamamilə müəyyən bir ölkədə istehsal edilmiş mallara yalnız aşağıdakı mal kateqoriyaları daxil ola bilər:

(a) həmin ölkədə yerin təkindən, ərazi sularından, yaxud dənizin dibindən çıxarılan faydalı qazıntılar;

(b) bu ölkədə yetişdirilən, yaxud yığılan bitki mənşəli məhsullar;

(c) bu ölkədə doğulmuş və bəslənmiş heyvanlar;

(ç) həmin ölkədə əldə edilən heyvan mənşəli məhsullar;

(d) bu ölkənin ovçuluq və ya balıqçılıq sənayesi məhsulları;

(e) bu ölkənin dəniz balıq vətəgəçiliyi məhsulları və bu ölkənin gəmisi tərəfindən vətəgəçilik nəticəsində alınmış dəniz mənşəli digər məhsullar;

(ə) bu ölkənin balıq emalı gəmisində yalnız yuxarıdakı (e) bəndində sadalanan məhsul növlərindən alınan məhsullar;

(f) göstərilən ölkənin bu cür dəniz dibinin və ya təkinin mənimsənilməsinə müstəsna hüququ olması şərti ilə, bu ölkənin ərazi sularından kənarda dəniz dibindən və ya təkindən alınmış mallar;

(g) istehsal və emal nəticəsində qırıntı və tullantıları, habelə bu ölkədə toplanmış və yalnız xammal emalı üçün məqbul sayılan işlənmiş məmulatlar;

(ğ) bu ölkədə müstəsna olaraq, (a)-(g) bəndlərində göstərilən məhsullardan hazırlanmış məhsullar.

3. Tövsiyə edilən qayda

Malların istehsalının minimum iki ölkənin iştirakı ilə həyata keçirildiyi hallarda həmin malların mənşəyi mühüm dərəcədə emal meyarlarına uyğun olaraq müəyyənləşdirilməlidir.

4. Tövsiyə edilən qayda

Mühüm dərəcədə emal meyarı tətbiq edilərkən, Malların təsviri və kodlaşdırılması üzrə Uzlaşdırılmış Sistem haqqında Beynəlxalq Konvensiyadan istifadə edilməlidir.

5. Tövsiyə edilən qayda

Əhəmiyyətli dərəcədə dəyişmə meyarı malların ümumi dəyərinə faiz nisbətində ifadə edildiyi hallarda nəzərə alınması lazım gələn dəyər qiymətlərinə aşağıdakılar daxil olur:

    • gətirilən mallarla olan halda — gətirilmə anında rüsum tutulan qiymət, yaxud müəyyən edilməmiş mənşəli materiallar halında — hazırlandıqları ölkənin ərazisində onlar üçün ödənilmiş ilk sənədlə təsdiqlənmiş qiymət; və
    • istehsal olunmuş mallarla olan halda — franko-zavod qiyməti, yaxud milli qanunvericiliyin müddəalarına uyğun olaraq aparılma anında qiymət.

6. Tövsiyə edilən qayda

Malların əsas xarakteristikaları və ya xassələrinin əldə edilməsini təmin etməyən, yaxud onları cüzi dərəcədə təmin edən əməliyyatlar, o cümlədən aşağıdakı siyahıdan bir və ya bir neçə əməliyyatı daxil edən əməliyyatlar malların istehsalı və ya emalı üzrə mühüm əməliyyatlar sayılmamalıdırlar:

(a) daşınma və ya saxlanma zamanı malların salamatlığının təmini üçün lazım olan əməliyyatlar;

(b) dənəvər yüklərin hissələrə bölünməsini, qablaşdırmaların qruplaşdırılmasını, çeşidlənməsi və təsnifi, təkrar qablaşdırılmasını daxil edən, malların qablaşdırmasının və ya kommersiya yararlığının yaxşılaşdırılması, yaxud onların daşınmaya hazırlanması üzrə əməliyyatlar;

(c) on sadə yığma əməliyyatları;

(ç) müxtəlif mənşəli malların qarışdırılması, bir şərtlə ki, əldə olunmuş məhsulların xarakteristikaları əsasən qarışdırılan malların xarakteristikalarından fərqlənməsin.

Malların mənşəyinin müəyyənləşdirilməsinin xüsusi halları

7. Tövsiyə edilən qayda

Maşınlarda, qurğularda, aqreqatlarda və ya nəqliyyat vasitələrində istifadə olunan ləvazimatlar, ehtiyat hissələri adı çəkilən maşınlarla, qurğularla, aqreqat və ya vasitələrlə o şərtlə eyni mənşəyə malik olan sayılırlar ki, onlar adı çəkilən maşınlarla, qurğularla, aqreqat və ya vasitələrlə bir yerdə gətirilsinlər və satılsınlar və onlar komplektləşməsinə və miqdarlarına görə adətən istifadə olunan ləvazimatlara, ehtiyat hissələrinə və qurğulara uyğun gəlsinlər.

8. Tövsiyə edilən qayda

Nəqliyyat və ya istehsal xarakterli səbəblərə görə bir partiya şəklində gətirilmələrinin məqsədəuyğun olmaması üzündən ən azı iki partiya ilə gətirilən quraşdırılmamış və ya sökülmüş əmtəə məmulatı idxalçının sorğusu əsasında mənşəyinin müəyyən edilməsi məqsədi üçün vahid bir məmulat sayılmalıdır.

9. Tövsiyə edilən qayda

Gömrük tarifi tutulması məqsədi ilə idxal ölkəsinin milli qanunvericiliyi ayrıca bəyan edilmələrini nəzərdə tutduğu hallar istisna olmaqla, mənşənin təyin edilməsi baxımından qablaşdırmalar onların içərisindəki mallarla eyni mənşəyə malik hesab edilirlər. Gömrük tarifi tutulduğu halda qablaşdırmaların mənşəyi mallardan ayrı müəyyən edilir.

10. Tövsiyə edilən qayda

Qablaşdırmalar mallarla eyni mənşəyə malik olduğu hallarda malların mənşəyinin müəyyən edilməsi məqsədləri üçün, xüsusilə faiz nisbəti metodu tətbiq edildiyi hallarda, yalnız o qablaşdırmaları nəzərə almaq lazımdır ki, bu mallar pərakəndə ticarət müəssisələri tərəfindən adətən həmin qablaşdırmalarda satılsın.

11. Standart

Malların mənşəyini müəyyənləşdirmək məqsədi ilə həmin malların istehsalı və ya emalı üçün istifadə olunan enerji, maşın və qurğuların mənşəyi nəzərə alınmır.

Birbaşa daşınma qaydası

12. Tövsiyə edilən qayda

Malların mənşə ölkəsindən birbaşa daşınması barədə müəyyən edilmiş qaydalar mövcud olduğu hallarda, onlardan kənara çıxmağa icazə verilir. Bu cür kənaraçıxmalar coğrafi səbəblərə görə (məsələn, hər tərəfi quru ilə əhatə olunmuş ölkələr olduğu halda), habelə üçüncü ölkələrdə gömrük nəzarəti altında olan mallar olduğu halda (məsələn, yarmarkalarda və ya sərgilərdə nümayiş etdirilən, yaxud gömrük anbarlarında mallar olduğu halda) mümkündür.

Malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları haqqında məlumat

13. Standart

Malların mənşəyinin müəyyən edilməsi qaydalarında və ya onların tətbiqi qaydasında edilən dəyişikliklər yalnız marağı olan şəxslərə həm ixrac bazarlarında, həm də malların tədarükçü ölkələrində yeni müddəalarla tanış olmağa imkan verən lazımi bildiriş göndərildikdən sonra qüvvəyə minir.

II fəsil. Malların mənşəyini təsdiq edən sənədlər

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E 1./F 1. «mənşə sertifikatı» — malların təsviri olan xüsusi blankdır. Bu blankda onu verməyə səlahiyyətləndirilmiş dövlət təşkilatı və ya orqanı təsdiq edir ki, göstərilən şəhadətnamə ilə rəsmiləşdirilmiş mallar mənşəcə müəyyən ölkədəndir. Bu şəhadətnaməyə hazırlayanın, istehsalçının, mal göndərənin, ixrac edənin və ya digər səlahiyyətli şəxsin bəyannaməsi daxil ola bilər;

E 2./F 2. «malların mənşəyi haqqında təsdiq edilmiş bəyannamə» — müvafiq səlahiyyətlər verilmiş dövlət təşkilatının təsdiqlədiyi «malların mənşəyi haqqında bəyannamə»;

E 3./F 4. «malların mənşəyi haqqında bəyannamə» — malların aparılması ilə bağlı hazırlayan, istehsalçı, malgöndərən, ixrac edən və ya digər səlahiyyətli şəxs tərəfindən kommersiya invoysunda, yaxud adı çəkilən mallara aidiyyəti olan istənilən başqa sənəddə malların mənşəyi haqqında verilmiş müvafiq bildiriş;

E 4./F 5. «malların mənşəyini təsdiq edən sənəd» — mənşə sertifikatı, malların mənşəyi haqqında təsdiq edilmiş bəyannamə və ya malların mənşəyi haqqında bəyannamə;

E 5./F 3. «regional ad haqqında şəhadətnamə» — dövlət təşkilatı və ya səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmiləşdirilmiş, onda təsvir olunan malların konkret region üçün səciyyəvi tərifə cavab verdiyini (məs., şampan şərabı, portveyn, parmezan pendiri) təsdiq edən şəhadətnamə.

Prinsiplər

1. Standart

Malların mənşəyini təsdiq edən sənədlər üzrə sorğuların rəsmiləşdirilməsi, həmin sənədlərin tərtib edilməsi və verilməsi qaydaları bu Fəslin və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Malların mənşəyini təsdiq edən sənədlər üzrə sorğuların rəsmiləşdirilməsi

2. Tövsiyə edilən qayda

Malların mənşəyini təsdiq edən sənədlərin təqdimi yalnız o hallarda məcburidir ki, bu, güzəştli gömrük rüsumlarının, birtərəfli qaydada ikitərəfli və ya çoxtərəfli sazişlərə uyğun görülən iqtisadi və ya ticarət xarakterli tədbirlərin, yaxud da əhalinin sağlamlığının və ya ictimai asayişin təmini məqsədləri ilə görülən tədbirlərin tətbiqi üçün lazım olsun.

3. Tövsiyə edilən qayda

Malların mənşəyini təsdiq edən sənədlərin təqdim edilməsi aşağıdakı kateqoriyalara aid mallar üçün tələb olunmamalıdır:

(a) özəl şəxslərin ünvanına kiçik partiyalarla göndərilən və ya fiziki şəxslərin baqajında aparılan mallar, bir şərtlə ki, gətirilən bu mallar qeyri-kommersiya xarakterli olsun, onların ümumi dəyəri isə 100 ABŞ dollarından artıq olmasın;

(b) ümumi dəyəri 60 ABŞ dollarından artıq olmayan kommersiya təyinatlı mal partiyaları;

(c) müvəqqəti idxal obyekti olan mallar;

(ç) gömrük tranziti rejimində daşınan mallar;

(d) regional ad barədə şəhadətnaməsi olan mallar, habelə bu mallar barədə ikitərəfli və ya çoxtərəfli sazişlərə uyğun olaraq tədarükçü ölkələr tərəfindən əməl edilməli olan elə şərtlər vardır ki, malların mənşəyini təsdiq edən sənədlərin təqdiminin tələb olunmasına ehtiyac yoxdur.

(a) və (b) bəndlərində sadalanan bir neçə mal partiyası, eyni zamanda eyni üsulla, eyni mal alana eyni mal göndərən tərəfindən göndərildiyi hallarda onların ümumi dəyəri bu mal partiyalarının ümumi dəyərinə bərabər götürülür.

4. Tövsiyə edilən qayda

Malların mənşəyini təsdiq edən sənədlərin təqdimedilmə zərurətini müəyyən edən qaydalar birtərəfli qaydada müəyyənləşdirildiyi hallarda, onların qəbul olunduqları iqtisadi və kommersiya şəraitində baş verən dəyişikliklər baxımından adekvatlıq dərəcəsini təyin etmək üçün onlara ən azı üç ildə bir dəfə yenidən baxılmalıdır.

5. Tövsiyə edilən qayda

Malların mənşəyini təsdiq edən sənədlərin bu malların mənşə ölkəsinin səlahiyyətli orqanları tərəfindən təqdim edilməsi yalnız idxal ölkəsinin gömrük xidmətində dələduzluqdan şübhələnmək üçün əsaslar olduğu hallarda məcburi sayılır.

Malların mənşəyini təsdiq edən müxtəlif sənədlərin tətbiq üsulları və formaları

(a) Mənşə sertifikatı

Forması və məzmunu

6. Tövsiyə edilən qayda

Mənşə sertifikatlarının qüvvədə olan blanklarına yenidən baxıldıqda və ya yeni blanklar işlənib hazırlandıqda, Razılığa gələn Tərəflər II Əlavədəki Qeydlərə uyğun olaraq və III Əlavədəki Qaydalar nəzərə alınmaqla, bu Fəslə I Əlavədə verilmiş nümunədən istifadə etməlidirlər.

Bu Fəslə I Əlavədə verilmiş nümunəyə uyğun olaraq öz mənşə sertifikatlarının blanklarını tərtib etmiş Razılığa gələn Tərəflər bu barədə Şuranın Baş katibini xəbərdar etməlidirlər.

İstifadə edilən dillər

7. Tövsiyə edilən qayda

Mənşə sertifikatlarının blankları idxal ölkəsinin dil(lər)ində çap edilməli və nə fransız, nə də ingilis dili bu ölkənin dili olmadığı halda həmin blanklar, həmçinin ingilis və ya fransız dilində çap edilməlidir.

8. Tövsiyə edilən qayda

Mənşə sertifikatı idxal ölkəsinin dili olmayan bir dildə tərtib edildiyi hallarda bu ölkənin gömrük xidməti, bir qayda olaraq, malların mənşəyi haqqında şəhadətnamədə göstərilən məlumatların tərcüməsini tələb etməməlidir.

Mənşə sertifikatları vermək səlahiyyətinə malik olan dövlət təşkilatları və digər orqanlar

9. Standart

Bu Fəslin müddəalarını qəbul edən Razılığa gələn Tərəflər qəbul etmək haqqında bildirişlərində və ya sonradan, mənşə sertifikatlarını verməyə müvəkkil edilmiş dövlət təşkilatlarını və ya orqanlarını göstərməlidirlər.

10. Tövsiyə edilən qayda

Mallar mənşə ölkələrindən birbaşa idxal edilmədən üçüncü ölkənin ərazisi ilə göndərildiyi hallarda bu malların mənşə sertifikatının, adı çəkilən üçüncü ölkədə bu cür sertifikatlar verməyə müvəkkil edilmiş dövlət təşkilatları və ya orqanları tərəfindən həmin malların mənşə ölkəsində əvvəllər verilmiş mənşə sertifikatları əsasında rəsmiləşdirilməsinə icazə verilməlidir.

11. Tövsiyə edilən qayda

Mənşə sertifikatlarını verməyə müvəkkil edilmiş dövlət təşkilatları və ya orqanlar mənşə sertifikatlarına dair ərizələri, yaxud adı çəkilən sertifikatların nəzarət üçün nüsxələrini ən azı iki il ərzində saxlamalıdırlar.

(b) mənşə sertifikatlarından fərqli olan malların mənşəyini təsdiq edən sənədlər

12. Tövsiyə edilən qayda

Malların mənşəyini təsdiq edən sənədlərin təqdim edilməsi məcburi olduğu hallarda həmin malların mənşəyi haqqında bəyannamələr aşağıda sadalanan mal kateqoriyaları barədə qəbul edilməlidir:

(a) kiçik partiyalarla ayrı-ayrı şəxslərin ünvanına göndərilən, yaxud sərnişinlərin baqajında aparılan mallar; bir şərtlə ki, həmin idxal edilən mallar qeyri-kommersiya xarakterli olsun, onların ümumi dəyəri isə 500 ABŞ dollarından artıq olmasın;

(b) ümumi dəyəri 300 ABŞ dollarından artıq olmayan kommersiya təyinatlı mal partiyaları.

(a) və (b) bəndlərində sadalanan bir neçə mal partiyası, eyni zamanda eyni üsulla, eyni malalana eyni malgöndərən tərəfindən göndərildiyi hallarda onların ümumi dəyəri bu mal partiyalarının ümumi dəyərinə bərabər tutulur.

Sanksiyalar

13. Standart

Malların mənşəyini təsdiq edən sənədi almaq məqsədi ilə düzgün olmayan məlumatları əks etdirən sənəd hazırlayan və ya bu cür sənədin hazırlanmasını təşkil edən istənilən şəxs barədə sanksiyaların tətbiq edilməsi üçün şərtlər nəzərdə tutulmalıdır.


1-ci əlavə

1. Malgöndərən (adı, ünvanı və ölkəsi)

2. Nömrəsi

Mənşə sertifikatı

3. Malalan (adı, ünvanı və ölkəsi)

4. Nəqliyyat vasitəsi haqqında məlumat (lazım gələrsə)

5. Qeydlər və nömrələmə: qablaşdırmaların miqdarı və növü:

6. Brutto çəkisi

7. Malların təsviri

8. Digər məlumatlar

Bununla təsdiq edilir ki, yuxarıda adı çəkilən malların mənşə ölkəsi aşağıdakı ölkədir:

______________________________________

Təsdiq edən orqan

______________________________________

Verildiyi yer və tarix

______________________________________

Səlahiyyətli şəxsin imzası

Ştamp


2-ci əlavə

Qeydlər

1. Sertifikat Beynəlxalq Standartlaşdırma Təşkilatı (BST) tərəfindən hazırlanmış A4 formatlı beynəlxalq nümunəli blankda (210x297 mm, 8,27x11,69 düym) tərtib olunmalıdır. Blankın yuxarı haşiyəsi 10 mm və tikilmə üçün saxlanmış sol haşiyəsi 20 mm olmalıdır. İntervalın hündürlüyü 4,24 mm-ə (1/6 düymə) bölünən, eni isə 2,54 mm-ə (1/10) düymə bölünən olmalıdır. Materialın tərtibi I Əlavədə verilən Avropa üçün Avropa Komissiyasının (AAK) birtipli nümunəsinə uyğun olmalıdır. Blankı tərtib edən ölkənin spesifik şəraiti ilə bağlı olduqda, məsələn, metrik sistemdən fərqli ölçü sisteminin mövcud olması, ölkədə fəaliyyət göstərən sənədlərin yeknəsəq tərtibi sisteminin xüsusiyyətləri və s. hallarda standart ölçüdən cüzi kənaraçıxmalara yol verilir.

2. Mənşə sertifikatı sorğular tərtib edilməsini təmin etmək lazım olduqda, onların, eyni zamanda tərtib olunmasını təmin etmək üçün sorğu blankı ilə şəhadətnamə blankı bir-birinə uyğun olmalıdır.

3. Ölkələr blankların hazırlanması üçün istifadə olunan bir kvadrat metr kağızın standart çəkisini müəyyənləşdirə və onun üzərində saxtalaşdırmanın qarşısını almaq məqsədi ilə xüsusi fon işarələri tətbiq edə bilərlər.

4. Mənşə sertifikatının tərtibi qaydaları, istifadəçilərin bilməsi üçün onun arxa tərəfində çap edilə bilər.

5. Qarşılıqlı inzibati yardım göstərilməsi barədə Sazişə uyğun olaraq əvvəlki tarixdə yoxlama keçirilməsinə dair sorğular verildiyi hallarda sertifikatın arxa tərəfində müvafiq qeydlər üçün boş yer saxlanıla bilər.

6. Birtipli blankın xanaları üzrə qeydlər aşağıda göstərilmişdir:

Xana № 1: «İxracçı» termini «Mal göndərən», «İstehsalçı», «Tədarükçü» və s. terminləri ilə əvəz edilə bilər.

Xana № 2: Mənşə sertifikatı yalnız bir əsl nüsxədə tərtib olunmalı, bu zaman sənədin başlığının yanında «Əsli» sözü göstərilməlidir. Mənşə sertifikatı itirilmiş əslinin əvəzinə verilirsə, əvəz edən sertifikatın başlığının yanında «Dublikat» sözü göstərilir. Şəhadətnamənin əslinin və ya dublikatının surətlərində «surət» sözü göstərilir.

Bu xana, eyni zamanda sertifikatı verən dövlət təşkilatının adını (loqotipini, emblem və s.) göstərmək üçün nəzərdə tutulmuşdur və burada rəsmi xarakterli digər məlumatların qeyd edilməsi üçün yer saxlanılmalıdır.

Xana № 3: Bu xanada göstərilən məlumatlar «təyin etmək» sözləri ilə və mümkün olduqda təyinat ölkəsi ilə əvəz edilə bilər.

Xana № 4: Bu xana, məsələn, sertifikatı rəsmiləşdirən dövlət təşkilatının mülahizəsinə görə nəqliyyat vasitəsi, marşrut və s. haqqında əlavə məlumat daxil edilməsi üçün istifadə oluna bilər.

Xana № 5: «Məmulatın nömrəsini» göstərmək lazımdırsa, onun qrafanın haşiyələrində və ya qrafanın hər bir sətrinin əvvəlində göstərilməsi məqsədəuyğundur. «Qeydlər və nömrələmə» sütunu «Miqdar və qablaşdırmaların növü» və «Malların təsviri» sütunlarından şaquli cizgi ilə ayrıla bilər. Belə cizgi olmadıqda, bu məlumatlar müvafiq intervallarla ayrıla bilər. Malların təsviri, əsasən sütunun sağ hissəsində Harmonik Sistemin tətbiq edilə bilən bəndin nömrəsi əlavə olunmaqla tamamlana bilər. Malların mənşəyinin təyini meyarlarına dair məlumatlar, lazım olsa, bu qrafada göstərilməli və başqa informasiyadan şaquli xətlə ayrılmalıdır.

Xana № 6: Adətən, brutto çəkisinin göstərilməsi malların eyniləşdirilməsi üçün kifayət etməlidir.

Xana № 7. Bu xana doldurulmur və istənilən əlavə məlumatların, məsələn, qabaritlərin və ya başqa sənədlərə (məsələn, kommersiya invoyslarına) istinadların daxil edilməsi üçün nəzərdə tutulmuşdur.

6 və 7 №-li xanalar: Malların eyniləşdirilməsinə kömək məqsədi ilə ixracçının göstərə biləcəyi digər kəmiyyət göstəriciləri şəraitdən asılı olaraq 6-cı və ya 7-ci qrafada verilir.

Xana № 8: Bu qrafa sertifikatın səlahiyyətli orqan tərəfindən təsdiqi barədə məlumatlar (təsdiqedici yazılar, ştamplar, imzalar, verilmə tarixləri və yerləri və s.) üçün saxlanılır. Dəqiq ifadələr və s. sertifikatı rəsmiləşdirən dövlət təşkilatının sərəncamında saxlanılır. Birtipli blankda istifadə olunan ifadələr yalnız nümunə kimi verilir. Bu qrafa, həmçinin ixracçının (yaxud tədarükçünün yaxud istehsalçının) yazılı ərizəsi üçün də istifadə oluna bilər.


3-cü əlavə

Mənşə sertifikatının tərtib edilməsi qaydaları

Mənşə sertifikatının (lazım gəldikdə, bu cür sertifikatların tərtib olunmasına dair sorğuların) rəsmiləşdirilmə qaydaları yuxarıdakı Qeydləri lazımi qaydada nəzərə alınmaqla milli dövlət orqanlarının mülahizəsinə görə müəyyən edilir. Bununla belə, o cümlədən aşağıdakı müddəalara əməl edilməsinin təmin olunması lazım gələ bilər:

1. Blanklar istənilən üsulla doldurula bilər, bu zaman yazılar silinən olmamalı və aydın olmalıdır;

2. Sertifikatlarda (yaxud sorğularda) qeydlərə və ya düzəlişlərə yol verilmir. Dəyişikliklər edilməsi üçün əvvəlcə düzgün olmayan məlumatların üstündən xətt çəkmək və sonra zəruri əlavələr etmək lazımdır. Bu cür dəyişikliklər onları daxil etmiş şəxs tərəfindən təsdiq edilməli və müvafiq dövlət təşkilatı və ya orqanı tərəfindən təsdiq edilməlidir.

3. Doldurulmamış xanaları, onlara sonradan əlavələr edilməməsi üçün xətləmək lazımdır.

4. Əgər bu, ixrac ticarət tələblərindən irəli gəlirsə, əsl nüsxəyə əlavə olaraq bir və ya bir neçə nüsxə rəsmiləşdirilə bilər.

III fəsil. Malların mənşəyini təsdiq edən sənədlərin yoxlanılması

Anlayışların tərifi

Bu Fəsildə işlədilən anlayışlar aşağıdakıları bildirir:

E 1./F 1. «mənşə sertifikatı» — malların təsviri olan elə xüsusi blankdır ki, onda dövlət təşkilatı və ya adı çəkilən blankı verməyə müvəkkil edilmiş orqan birmənalı surətdə təsdiq edir ki, həmin blankın rəsmiləşdirildiyi mallar mənşəcə müəyyən ölkədəndir. Bu sertifikat, həmçinin hazırlayıcının, istehsalçının, tədarükçünün, ixracçının və ya digər səlahiyyətli şəxsin bəyannaməsini də daxil edə bilər;

E 2./F 2. «malların mənşəyi haqqında təsdiq edilmiş bəyannamə» — dövlət təşkilatı və ya müvafiq səlahiyyətlər verilmiş orqan tərəfindən təsdiqlənmiş «malların mənşəyi haqqında bəyannamə»;

E 3./F 3. «malların mənşəyi haqqında bəyannamə» — aparılmaları ilə bağlı hazırlayıcı, istehsalçı, tədarükçü, ixracçı və ya digər səlahiyyətli şəxs tərəfindən kommersiya hesabında və ya adı çəkilən mallara aid istənilən digər sənəddə malların mənşəyi haqqında edilmiş müvafiq bildiriş;

E 2./F 2. «malların mənşəyini təsdiq edən sənəd» — mənşə sertifikatı, malların mənşəyi haqqında təsdiq edilmiş bəyannamə və ya malların mənşəyi haqqında bəyannamə.

Prinsiplər

1. Standart

Malların mənşəyini təsdiq edən sənədlərin yoxlanılmasında inzibati yardım göstərilməsi qaydası bu Fəslin müddəaları ilə və tətbiq edilə biləcəyi dərəcədə, Baş Əlavənin müddəaları ilə tənzimlənir.

Qarşılılıq prinsipi

2. Standart

Razılığa gələn Tərəfin yoxlama aparılmasına dair sorğu alan səlahiyyətli orqanı o halda onu yerinə yetirməyə borclu deyil ki, sorğu göndərən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı, Tərəflər yerlərini dəyişdiyi təqdirdə, bu cür yardımı göstərməyə qabil olmazdı.

Yoxlama aparmaq üçün verilən sorğular

3. Tövsiyə edilən qayda

Razılığa gələn Tərəfin bu Fəslin müddəalarını qəbul etmiş gömrük idarəsi bu Fəslin müddəalarını qəbul etmiş və ərazisində malların mənşəyini təsdiq edən sənədin rəsmiləşdirilmiş olduğu Razılığa gələn Tərəfin səlahiyyətli orqanına bu sənədin yoxlanmasına dair sorğu ilə aşağıdakı hallarda müraciət edə bilər:

(a) sənədin əsl olmadığından şübhələnmək üçün yetərli əsaslar olduqda;

(b) sözügedən sənəddə verilmiş məlumatların doğru olmadığından şübhələnmək üçün yetərli əsaslar olduqda;

(c) seçmə üsulu ilə yoxlama aparmaq üçün.

4. Standart

Yuxarıdakı 3(c) bəndində tövsiyə edilən qaydada nəzərdə tutulmuş seçmə yoxlamalar aparılmasına dair sorğular bu cür müəyyən olunmalı və yoxlamaların adekvatlığının təmin olunması üçün zəruri minimuma endirilməlidir.

5. Standart

Yoxlama aparılmasına dair sorğular:

(a) bu cür sorğunu göndərmiş gömrük idarəsinin təqdim edilən sənədin əsl olmadığından və ya ondakı məlumatların doğru olmadığından hansı səbəblərə görə şübhələndiyini göstərməlidir; seçmə üsulu ilə yoxlama aparılmasına dair sorğular istisna təşkil edir;

(b) lazım gəldikdə, idxal ölkəsində mallar barədə tətbiq edilə bilən malların mənşəyinin müəyyən edilmə qaydaları və bu ölkədə sorğulanan hər hansı əlavə məlumat göstərməlidir;

(c) malların mənşəyini təsdiq edən yoxlanmalı sənədlə və ya onun kserosurəti ilə və lazım gəldikdə, hesablar, yazışmalar və s. kimi yoxlama aparılmasına kömək edə bilən istənilən digər sənədlərlə müşayiət olunmalıdır.

6. Standart

Bu Fəslin müddəalarını qəbul etmiş Razılığa gələn Tərəfdən yoxlama aparılmasına dair sorğu alan hər hansı səlahiyyətli orqan bu sorğuya müstəqil lazımi yoxlamalar aparıldıqdan və ya digər inzibati orqanlar, yaxud bu məqsədlə səlahiyyət verilmiş təşkilatlar tərəfindən lazımi yoxlamalar aparıldıqdan sonra cavab verməlidir.

7. Standart

Yoxlama aparılmasına dair sorğu alan orqan sorğu göndərən Gömrük idarəsi tərəfindən qoyulmuş suallara cavab verməyə və sözügedən sorğuya aid hesab etdiyi istənilən digər məlumatı verməyə borcludur.

8. Standart

Yoxlama aparılmasına dair sorğulara cavablar altı aydan çox olmayan müəyyən olunmuş müddət ərzində verilməlidir. Sorğunu alan orqan ona altı ay ərzində cavab verə bilmirsə, o, bu barədə sorğu göndərən Gömrük idarəsini xəbərdar etməlidir.

9. Standart

Yoxlama aparılmasına dair sorğular, fövqəladə halları çıxmaqla, sorğu edilən sənəd sorğu göndərmiş Razılığa gələn Tərəfin gömrük məntəqəsinə təqdim edildiyi tarixdən etibarən bir illik müddəti keçməyən müəyyən olunmuş müddət ərzində göndərilməlidirlər.

Malların buraxılması

10. Standart

Yoxlama aparılmasına dair sorğu malların buraxılmasına mane olmamalıdır, bir şərtlə ki, onlar gətirilməsi qadağan edilən və ya məhdudlaşdırılan mallar olmasınlar və saxtakarlıq törədilməsinə dair heç bir şübhə olmasın.

Müxtəlif müddəalar

11. Standart

Bu Fəslin müddəalarına uyğun olaraq, verilən istənilən məlumat məxfi sayılmalı və yalnız gömrük məqsədləri üçün istifadə olunmalıdır.

12. Standart

Səlahiyyətli orqanlar və ya səlahiyyətləndirilmiş təşkilatlar tərəfindən verilmiş, malların mənşəyini təsdiq edən sənədlərin yoxlanılması üçün lazım olan sənədlər, malların mənşəyini təsdiq edən sənədlərin verildiyi tarixdən ən azı iki il təşkil etməli olan adekvat müddət ərzində onlarda saxlanıla bilər.

13. Standart

Bu Fəslin müddəalarını qəbul edən Razılığa gələn Tərəflər yoxlamalar aparılmasına dair sorğuları qəbul etməyə səlahiyyət verilmiş orqanları göstərməli və onların ünvanlarını Şuranın Baş katibinə bildirməlidir, o da bu informasiyanı bu Fəslin müddəalarını qəbul etmiş digər Razılığa gələn Tərəflərin nəzərinə çatdırmalıdır.

Gömrük Əməkdaşlıq Şurasının Baş katibi təsdiq edir ki, bu, Gömrük Əməkdaşlıq Şurasının arxivlərində saxlanılan əslin həqiqi nüsxəsidir.

Brüssel, 27 avqust 1999-cu il


© LegalActs LLC