О полномочном представителе Азербайджанской Республики при Европейском суде по правам человека


Дата релиза: 23.05.2018

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi haqqında

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulması ilə əlaqədar olaraq və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının mənafelərinin səmərəli müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram:

1. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi vəzifəsi təsis edilsin.

2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin fəaliyyətinin təminatı məsələlərinin həlli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə tapşırılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, hər il Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsi hazırlanarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 8 noyabr 2003-cü il

№ 3

«Azərbaycan» qəzetində dərc edilmişdir (9 noyabr 2003-cü il, № 260) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2003-cü il, № 11, maddə 633) («LegalActs» LLC).

23 may 2018-ci il tarixli, 91 nömrəli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 8 noyabr tarixli,
3 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi haqqında
Əsasnamə

I. Ümumi müddəalar

1. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin (bundan sonra — «Səlahiyyətli nümayəndə») təyinatı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra — «Məhkəmə») qarşısında təmsil etməkdən ibarətdir. Azərbaycan Respublikası ilə Məhkəmə arasında əlaqələr Səlahiyyətli nümayəndə vasitəsi ilə həyata keçirilir.

2. Ali hüquq təhsilli, insan hüquqlarının müdafiəsi məsələləri üzrə təcrübəyə malik olan, Avropa Şurasının rəsmi dillərindən birini (ingilis və ya fransız) bilən Azərbaycan Respublikasının vətəndaşı Səlahiyyətli nümayəndə təyin edilə bilər.

3. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

4. Səlahiyyətli nümayəndə vəzifələrini yerinə yetirə bilmədikdə, Məhkəmə qarşısında işin müdafiəsi üçün Səlahiyyətli nümayəndənin təklifi əsasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Səlahiyyətli nümayəndənin təmsilçisi təyin edilir.

5. Səlahiyyətli nümayəndənin hüquqi və təşkilati-texniki təminatını Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektoru həyata keçirir.

6. Səlahiyyətli nümayəndə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin daxili reqlamentini və bu Əsasnaməni əsas tutur.

7. Səlahiyyətli nümayəndə xidməti vəzifələrini icra etmək məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxdıqda diplomatik pasportla təmin edilir.

8. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş, vəzifəsi Azərbaycan dili ilə yanaşı Avropa Şurasının rəsmi dillərində yazılmış blanka malikdir.

II. Səlahiyyətli nümayəndənin funksiya və səlahiyyətləri

9. Səlahiyyətli nümayəndə aşağıdakı funksiyaları həyata keçirir:

9.1. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və ona əlavə Protokollara əsasən (bundan sonra — «Konvensiya») Azərbaycan Respublikasına qarşı qaldırılan işlərə, habelə Azərbaycan Respublikasının qaldırdığı işlərə Məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının mənafelərinin müdafiəsi;

9.2. Konvensiyadan irəli gələn öhdəliklərə Azərbaycan Respublikası tərəfindən riayət olunmasına dair Məhkəmə və Avropa Şurası Nazirlər Komitəsi qərarlarının icrasının təmin edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

9.3. Konvensiyanın tərəfi olan dövlətlər haqqında Məhkəmənin çıxardığı qərarların hüquqi nəticələrinin öyrənilməsi və Məhkəmənin presedent hüququnu nəzərə alaraq qanunvericiliyin və hüququn tətbiqi təcrübəsinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması.

10. Bu funksiyalara uyğun olaraq Səlahiyyətli nümayəndə aşağıdakı səlahiyyətləri həyata keçirir:

10.1. Məhkəmədə Azərbaycan Respublikasına qarşı qaldırılmış işlərdə, habelə digər dövlətlər tərəfindən Konvensiyanın pozulması ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən qaldırılmış işlərdə Azərbaycan Respublikasının nümayəndəsi qismində çıxış edir;

10.2. Məhkəmədə Azərbaycan Respublikasına qarşı və ya Azərbaycan Respublikası tərəfindən qaldırılmış iddialar, habelə bu iddialarla bağlı işlərin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;

10.3. Səlahiyyətlərinə aid məsələlərin həllinə dair işçi və ekspert qrupları yaradır, mütəxəssisləri, alimləri və ekspertləri bu qrupa cəlb edir. İşçi qrupların tərkibi və fəaliyyət müddəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən müəyyən edilir;

10.4. Məhkəmədə Azərbaycan Respublikasının tərəf olduğu işlərin səmərəli müdafiəsi üçün yerli və xarici vəkilləri və ekspertləri (o cümlədən müqavilə əsasında) cəlb edə bilər;

10.5. Məhkəmə qarşısında Azərbaycan Respublikası ilə bağlı baxılan işlərdə mübahisənin barışıq sazişi yolu ilə nizamlanması məqsədi ilə danışıqlar aparır;

10.6. Konvensiyanın pozulması ilə əlaqədar Azərbaycan Respublikasının qaldıra biləcəyi iddiaların mümkünlüyünü və məqsədəmüvafiqliyini araşdırır, habelə bu barədə dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin təkliflərinə baxır. Azərbaycan Respublikasının qaldıra biləcəyi iddia ilə bağlı məsələni Səlahiyyətli nümayəndə öz təşəbbüsü ilə də qaldıra bilər;

10.7. Azərbaycan Respublikasının qaldıra biləcəyi iddianın məqsədəmüvafiqliyi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə nazirliklərinin və digər əlaqədar dövlət orqanlarının rəylərini ala bilər;

10.8. Azərbaycan Respublikasına aid işlərə baxılması ilə əlaqədar Məhkəmədən daxil olmuş sorğulara cavab verir, bu işlərlə bağlı Məhkəməyə yazılı qeyd və şərhləri təqdim edir;

10.9. Məhkəmədə baxılan işin faktiki və hüquqi əsaslarının araşdırılması, Məhkəmənin göndərdiyi sorğulara cavab verilməsi, şərhlərin və qeydlərin hazırlanması, işin Məhkəmə qarşısında səmərəli müdafiə edilməsi üçün müvafiq dövlət orqanlarından lazımi məlumat əldə edir. Bu orqanlar tələb olunan məlumatı Səlahiyyətli nümayəndənin göstərdiyi müddətdə təqdim edirlər;

10.10. Məhkəmədə işlərə baxılması ilə əlaqədar müvafiq dövlət orqanlarından tələb olunan sənədlərin hazırlanmasına kömək göstərir;

10.11. İddiaçıya pul kompensasiyasının ödənilməsi və ya pozulmuş hüquq və azadlıqların bərpa olunması haqqında Məhkəmə tərəfindən qərar qəbul edildiyi halda, Məhkəmə qərarının tam və vaxtında icra edilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına məlumat verir;

10.12. Məhkəməyə və Avropa Şurasının Nazirlər Komitəsinə Məhkəmə qərarlarının Azərbaycan Respublikası tərəfindən icra edilməsi barədə məlumat verir;

10.13. Məhkəmənin çıxardığı qərarların hüquqi nəticəsini nəzərə alaraq normativ hüquqi aktları Konvensiyanın tələblərinə uyğunlaşdırmaq və onların tətbiqi ilə bağlı Konvensiyanın tələblərinin pozulması hallarının qarşısını almaq üçün təkliflər verir.

11. Səlahiyyətli nümayəndə həmçinin ad hoc əsaslarla Azərbaycan Respublikasını insan hüquqları sahəsində ixtisaslaşmış digər təsisatlar qarşısında təmsil edə bilər.


© LegalActs LLC