О применении Закона Азербайджанской Республики «О бюджетной системе»


Release date: 31.10.2002

«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
    • həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • həmin Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş vahid büdcə təsnifatı haqqında qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş Dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
    • dövlət büdcəsinin tərtibi və icrası qaydalarını hazırlayıb Azərbaycan Respublikasının prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
    • öz səlahiyyətləri daxilində bu Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

    • «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 11.16-cı, 12.1-ci, 12.1.15-ci, 15.2-ci, 15.4-cü, 16.2-ci, 20.3-cü, 23.2-ci və 23.5-ci (ikinci halda), 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;
    • həmin Qanunun 20.1-ci və 20.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;
    • həmin Qanunun 6.4-cü, 11.3-cü (birinci halda), 11.5-ci və 11.15-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • həmin Qanunun 11.8-ci, 18.4-cü və 27.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;
    • həmin Qanunun 11.6-cı, 11.9.1-ci, 11.9.3-cü, 11.9.4-cü, 11.11-ci, 11.12-ci, 11.13-cü, 11.14-cü, 11.14.4-cü, 17.1-ci, 17.2-ci, 17-3-cü, 18.3-cü, 19.7-ci, 19.10-cu, 20-4-cü, 21.2-ci, 23.3-cü, 25.6-cı, 32.5-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 11.3-cü (ikinci halda) və 11.10-cu maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 23.5-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;
    • həmin Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»na Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları aid edilir.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə uyğun olaraq dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar üçün ilin əvvəlindən artan yekunla dövlət büdcəsinin gəlirlərinə dair aylıq və rüblük hesabat formalarını hazırlayıb iki ay müddətində təsdiq etsin.

4. Bu fərman 1 yanvar 2003-cü ildən qüvvəyə minir.

5. Bu fərmanın qüvvəyə mindiyi tarixdən «Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 22 iyul 1999-cu il tarixli 159 nömrəli fərmanı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV,

Bakı şəhəri, 31 oktyabr 2002-ci il

№ 809

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 605) («LegalActs» LLC).

© LegalActs LLC