Об утверждении Положения о Национальном фонде поддержки предпринимательства Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 1992-ci il, № 23) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 oktyabr 1992-ci il, № 19 (872), maddə 867)
Release date: 11.10.2001Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında iqtisadi islahatları sürətləndirmək, sahibkarlığın inkişafına kömək və dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində sahibkarların səmərəli iştirakını həvəsləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında yaradılan Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti ilə bağlı lazımi tədbirlər görsün.
3. Bu Fərmanın icrasına nəzarət strateji proqramlar üzrə Dövlət müşaviri xidmətinə tapşırılsın.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 12 oktyabr 1992-ci il
№ 269
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 1992-ci il, № 23) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 oktyabr 1992-ci il, № 19 (872), maddə 867) («LegalActs» LLC).
11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli Fərmana əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).
27 avqust 2002-ci il tarixli, 779 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).
Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 12 oktyabr tarixli
269 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondu haqqındaa
Əsasnamə
I. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (bundan sonra «Fond» adlandırılacaq) Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin yanında yaradılır.
1.2. Fond İqtisadi İnkişaf Nazirliyinin xüsusi struktur bölməsi olub hüquqi şəxsdir, onun ayrıca əmlakı, müstəqil balansı, banklarda hesabları, üstündə öz adı olan möhürü və ştampları vardır.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini və bu Əsasnaməni rəhbər tutur.
1.4. Fondun yerləşdiyi ünvan: Azərbaycan Respublikası Bakı şəhəri.
II. Fondun məqsəd və vəzifələri
2.1. Fondun məqsədi sahibkarlıq fəaliyyətinə kömək etmək, respublika iqtisadiyyatının öncül inkişaf sahələrində əhalinin işgüzarlıq fəallığını gücləndirmək və dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində sahibkarların səmərəli iştirakını həvəsləndirməkdir.
2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:
- sahibkarlığa kömək Proqramının üstün istiqamətlərinə müvafiq surətdə, sahibkarlığın sürətli inkişafına kömək göstərmək;
- sahibkarlıq fəaliyyətinə geniş meydan açan bazar infrastrukturunun inkişafına yardım etmək;
- investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin müsabiqə yolu ilə maliyyələşdirilməsi vasitəsilə sağlam sahibkarlıq mühitinin formalaşmasına kömək etmək;
- kiçik sahibkarlığın inkişafı üçün əlverişli şərait yaratmaq;
- yeni iqtisadi strukturlar üçün idarəetmə kadrları hazırlanmasında, sahibkarlıq fəaliyyətinin elmi-metodiki və informasiya təminatında iştirak etmək;
- özəlləşdirmə prosesində güzəştli maliyyələşdirmə yolu ilə sahibkarlıq fəaliyyətinin üstün istiqamətlərinin inkişafına kömək etmək.
2.3. Fondun ona həvalə edilmiş vəziflərə müvafiq surətdə aşağıdakı hüquqları vardır:
- istər Azərbaycan Respublikasında, istərsə də xaricdə hüquqi və fiziki şəxslərlə sövdələşmələr aparmaq;
- Fondun səlahiyyətinə daxil olan məsələlər üzrə müəssisələrlə, təşkilatlarla, birliklə, banklarla, firmalarla, assosiasiyalarla, habelə onların nümayəndələri ilə müəyyən edilmiş qaydada münasibətlər yaratmaq;
- istər Azərbaycan Respublikasında, istərsə də xaricdə Fondun struktur bölmələrini yaratmaq;
- öz əmlakına sahiblik etmək, onlardan istifadə etmək və onlar barəsində sərəncam vermək;
- öz səlahiyyətləri daxilində xarici iqtisadi fəaliyyətlə məşğul olmaq;
- kommersiya məsələlərinə, elmi-texniki və başqa məsələlərə dair danışıqlarda iştirak etmək üçün, habelə təhsil almaq və təcrübə mübadiləsi keçirmək üçün mütəxəssisləri və işçiləri xaricə ezam etmək;
- öz vəzifələrinin həyata keçirilməsi məqsədilə təsisçi kimi çıxış etmək;
- Fondun səlahiyyətinə daxil olan məsələlərə dair beynəlxalq konfranslar, simpoziumlar, konqreslər təşkil etmək və onlarda iştirak etmək;
- öz vəzifələrinin yerinə yetirilməsi məqsədilə müstəqil ekspertiza keçirmək üçün ekspertlər dəvət etmək;
- ictimai, dövlət və digər təşkilatlarla müqavilə münasibətləri yaratmaq, habelə Fondun məqsəd və vəzifələrinə uyğun surətdə başqa işlər görmək;
- qüvvədə olan qanunvericiliyə zidd olmayan başqa fəaliyyət növlərini həyata keçirmək.
III. Fondun fəaliyyətinə ümumi rəhbərlik
3.1. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.
3.2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyii;
- Fondun fəaliyyət istiqamətlərini müəyyənləşdirir və proqramlarını təsdiq edir;
- Fondun vəsaitlərinin bölüşdürülməsinə sərəncam verir;
- Fondun təşkilat strukturunu, ştatlarını və smeta xərclərini, o cümlədən əməyin ödənilməsi fondunu təsdiq edir;
- Fondun inkişafı məsələlərinə dair dövlət hakimiyyəti və idarəetmə orqanlarına təkliflər verir;
- Fondun illik planlarını və maliyyə-təsərüfat fəaliyyəti haqqında hesabatlarını təsdiq edir;
- Fondun təklifləri üzrə qərarlar qəbul edir;
- Fondun fəaliyyətini təftiş edir;
- Fondun icraçı direktorunu, onun müavinini və baş mühasibi vəzifəyə təyin edir və vəzifədən azad edir;
IV. Fondu idarə edən orqanlar
4.1. Fondu idarə edən orqan onun direktorluğudur. O, Fondun cari işinə rəhbərlik edir və Fondun vəzifələrinin yerinə yetirilməsi üçün tam məsuliyyət daşıyır.
4.2. Direktorluq Fondun icraçı direktorundan və onun müavinlərindən ibarətdir.
4.3.Fondun icraçı direktoru öz səlahiyyəti çərçivəsində:
- Fondun fəaliyyətini təşkil edir;
- struktur bölmələrinin təkmilləşdirilməsinə və Fondun yenidən təşkil edilməsinə dair təkliflər hazırlayır;
- istər Azərbaycan Respublikasında, istərsə də xaricdə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Fondun mənafeyini təmsil edir;
- hər cür sövdələşmələr və digər hüquqi aktları bağlayır, etibarnamələr verir, banklarda Fondun zəruri hesablaşma hesablarını açır;
- Fondun adından etibarnaməsiz iş görür;
- Fonda işçilər götürür və onları işdən azad edir, fərqlənən işçiləri mükafatlandırır;
- maliyyə ilə başa çatdıqdan ən geci bir ay sonra Fondun illik hesabatını və illik balansını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə təqdim edir;
- Fondun maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri üçün məsuliyyət daşıyır.
4.4. Fondun vəsaitinin səmərəli bölüşdürülməsi üçün Müsabiqə komissiyası təyin edilir.
4.5. Müsabiqə komissiyası sədrdən, onun müavinindən və komissiyanın üzvlərindən ibarət olur. Müsabiqə komissiyasının say və şəxsi tərkibini Azərbaycan Respublikasının Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi təsdiq edir.
4.6. Müsabiqə Komissiyası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.
V. Fondun vəsaitinin formalaşdırılması və bölüşdürülməsi
5.1. Fondun vəsaitini formalaşdırma mənbələri aşağıdakılardır:
- həcmi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müəyyən edilən və Azərbaycan Respublikasının büdcəsindən ayrılan təxsisatlar;
- Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinin könüllü verdikləri haqlar və ianələr;
- dövlət müəssisələrinin özəlləşdirilməsi hesabına daxil olan vəsaitlər;
- xarici dövlətlərin və beynəlxalq təşkilatların kreditləri və yardımı;
- Azərbaycan Respublikasının Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin fəaliyyətindən əldə edilən vəsait;
- Fondun öz fəaliyyəti hesabına daxil olan vəsait;
- qanuna zidd olmayan digər mədaxillər.
5.2. Fondun vəsaiti əsasən müsabiqə yolu ilə bölüşdürülür. Fondun vəsaitlərinin bölüşdürülməsi prinsip və meyarları Müsabiqə Komissiyası haqqında əsasnamə ilə müəyyən edilir. Müsabiqə komissiyasının qərarı Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
Fondun vəsaitinin bir hissəsi Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin təsdiq etdiyi konkret proqramlar əsasında bölüşdürülə bilər.
5.3. Fondun vəsaitinin yaranması və işlədilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə ilə müəyyənləşdirilir.
5.4. Vəsaiti yığıb saxlamaq və əməliyyatları maliyyələşdirmək üçün Fond İqtisadi İnkişaf Bankı təsis edir.
5.5. Öz vəzifələrini həyata keçirmək məqsədi ilə Fond sığorta şirkəti yaradır.
VI. Fondun maliyyə fəaliyyətinə nəzarət
6.1. Fondun fəaliyyətinə müvafiq dövlət orqanları, habelə təftiş komissiyası nəzarət edir.
Təftiş komissiyasının say və şəxsi tərkibini Azərbaycan Respublikasının Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi təsdiq edir.
6.2. Təftiş komissiyası Fondun fəaliyyətini Azərbaycan Respublikasının Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin tapşırığı ilə və ya öz təşəbbüsü ilə yoxlayır.
6.3. Təftiş komissiyası apardığı yoxlamaların nəticələrini Azərbaycan Respublikasının Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə göndərir.
VII. Uçot və hesabat
7.1. Fond öz fəaliyyətinin yekunları üzrə operativ mühasibat və statistika uçotunu aparır.
7.2. Fondun əməliyyat ili yanvarın 1-dən başlanıb, dekabrın 31-də qurtarır. Əməliyyat ili başa çatanda hesabat hazırlanır.
VIII. Fondun ləğv edilməsi və yenidən təşkil olunması
8.1. Fondun fəaliyyətinə onun yenidən təşkil olunması və ya ləğv edilməsi yolu ilə xitam verilir.
8.2. Fond aşağıdakı əsaslarla ləğv edilə bilər:
- Azərbaycan Respublikası Prezidentinin qərarı ilə;
- məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı əsasında.
8.3. Fond qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ləğv edilir.
© LegalActs LLC