Об утверждении Правил организации оплачиваемых общественных работ


Release date: 20.05.2022

Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə

Qərar № 84

Bakı şəhəri, 24 may 2002-ci il

«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 321) («LegalActs» LLC).

22 fevral 2008-ci il tarixli, 50 nömrəli; 17 fevral 2011-ci il tarixli, 30 nömrəli; 10 may 2011-ci il tarixli, 76 nömrəli; 28 dekabr 2017-ci il tarixli, 605 nömrəli; 15 oktyabr 2018-ci il tarixli, 449 nömrəli; 7 mart 2019-cu il tarixli, 79 nömrəli; 14 mart 2019-cu il tarixli, 96 nömrəli; 9 iyul 2019-cu il tarixli, 296 nömrəli; 25 fevral 2021-ci il tarixli, 44 nömrəli; 5 mart 2021-ci il tarixli, 63 nömrəli; 20 may 2022-ci il tarixli, 202 nömrəli Qərarlara əsasən dəyişikliklərlə ( «LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 24 may tarixli
84 nömrəli qərarı ilə
təsdiq edilmiş
«Haqqı ödənilən ictimai işlərin
təşkili Qaydaları»na
əlavə

Təsdiq edirəm:

Dövlət Məşğulluq Xidmətinin rəisi

_________________________________

(soyadı, adı, atasının adı)

«____» _______________ 200____ il

Ərazi məşğulluq proqramına uyğun _________ rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq
Arayış

Obyektlərin adlı siyahısı

Görülmüş işərin adlı siyahısı

İşin həcmi (müvafiq ölçü vahidi ilə)

Ümumi işin tərkibində əmək haqqı xərci (manatla)

Məşğulluq mərkəzləri tərəfindən ödənilməli olan vəsaitin məbləği (manatla)

Ümumi işin həcmində dotasiyanın ödənilən hissəsi

məbləğ (manatla)

Faiz

1

2

3

4

5

6

7

8

Məşğulluq mərkəzinin rəhbəri

İctimai işlərə cəlb edən işəgötürən

_________________________________

(soyadı, adı, atasının adı)

M.Y.

_________________________________

(soyadı, adı, atasının adı)

M.Y.

İşlər müdiri

A. HACIYEV


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 24 may tarixli
84 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Haqqı ödənilən ictimai işlərin təşkili
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması ilə bağlı məsələləri tənzimləyir.

1.2. Haqqı ödənilən ictimai işlər (bundan sonra — ictimai işlər) — müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

1.3. İctimai işlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (bundan sonra—şəhər, rayon Məşğulluq mərkəzlərində) işaxtaran və ya işsiz kimi qeydiyyatda olan vətəndaşların yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə təşkil edilir.

2. İctimai işlərin təşkili

2.1. Bu Qaydaların 1.1-ci bəndində göstərilən işsiz və işaxtaran şəxslərin (bundan sonra — işsiz və işaxtaran) müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları (bundan sonra — yerli qurumlar) və «DOST» mərkəzləri (bundan sonra — mərkəzlər) tərəfindən təşkil edilir.

2.2. İşsizlərin və işaxtaranların müvəqqəti işlə təmin olunmasına kömək göstərilməsi məqsədi ilə əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozu əsasında şəhər, rayon yerli qurumlar və mərkəzlər ictimai işlərin görülməsi üçün sosial əhəmiyyətli sahələr, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq konkret müəssisə, idarə və təşkilatlar (bundan sonra—müəssisələr) haqqında təkliflər hazırlayır və məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrində müzakirə edildikdən sonra ərazi məşğulluq proqramına daxil edilir.

Ərazi məşğulluq proqramı yerli icra hakimiyyəti orqanları tərəfindən hər il üçün təsdiq edilir.

2.3. İctimai işlər ərazi məşğulluq proqramında nəzərdə tutulan müəssisə və şəhər, rayon yerli qurumlar və ya mərkəzlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

Müqavilədə ictimai işlərə göndəriləcək işsiz və işaxtaran şəxslərin sayı, görüləcək işin yeri, adı, həcmi, yerinə yetirilmə müddəti, ümumi əmək haqqı məbləği, bu məbləğin ödənilməsinin müəssisə və şəhər, rayon yerli qurum və ya mərkəz arasında bölgüsü, habelə tərəflərin digər öhdəlikləri göstərilir.

Ərazi məşğulluq proqramında nəzərdə tutulmayan müəssisələrdə ictimai işlər yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının qərarı ilə təşkil edilə bilər.

2.4. İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:

    • şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;
    • yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;
    • yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;
    • kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;
    • təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;
    • qocalara, əlilliyi olan şəxslərə qulluq;
    • digər sosial əhəmiyyətli işlər.

2.5. İşsiz və işaxtaran şəxslərin ictimai işlərə göndərilməsi onların razılığı əsasında qüvvədə olan əmək qanunvericiliyi normalarına və bu Qaydalara əməl edilməklə şəhər, rayon yerli qurumlar və mərkəzlər tərəfindən həyata keçirilir və bu zaman təklif olunan iş növləri və fəaliyyət sahəsinə uyğun olaraq onların peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraiti nəzərə alınmalıdır. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, işsiz və işaxtaran şəxsin ictimai işlərdə iştirakdan imtina etməsi onun münasib işdən imtina etməsi kimi sayıla bilməz.

2.6. İctimai işlər bir qayda olaraq 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və şəhər, rayon yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər.

2.7. İctimai işlərdə iştirak etmək istəyən işsiz və işaxtaran şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz və işaxtaran şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.

Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilik, habelə işsizlik müavinəti almaq hüququ ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir.

2.8. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz və işaxtaran şəxs daimi iş yeri ilə təmin olunmadıqda şəhər, rayon yerli qurumlar və mərkəzlər işsiz və işaxtaran şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər.

2.9. Məşğulluq haqqında qanunvericiliyə, əməyin ödənilməsi, mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına, işçilərin əməyindən səmərəli istifadəyə görə məsuliyyəti ictimai işlərin yerinə yetirilməsi üçün müddətli əmək müqavilələri bağlayan müəssisələr daşıyır.

2.10. İctimai işlərdə məşğul olan işçinin işlədiyi müddət haqqında müvafiq qaydada əmək kitabçasında qeydiyyat aparılır. İşçilərin ictimai işlərdə iştirak etdiyi müddət ümumi əmək stajına daxil edilir. Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.

2.11. İctimai işlərdə çalışan işçilərə iş vaxtının müddəti qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq təyin edilir.

3. İctimai işlərin maliyyələşdirilməsi

3.1. İctimai işlər bu işləri gördürən müəssisələrin vəsaiti hesabına və ya «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti, habelə qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

3.2. Şəhər, rayon məşğulluq mərkəzlərinə müvafiq dotasiyaların məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müəyyən edilir.

3.3. «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti, habelə qanunla qadağan edilməyən digər mənbələr hesabına ictimai işlərin maliyyələşdirilməsi şəhər, rayon yerli qurum tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

    • görüləcək işlərin xüsusiyyəti, iş rejimi, əməyin ödənilməsi forması və işçi qüvvəsinə olan tələbat haqqında müəssisənin şəhər, rayon yerli quruma və ya mərkəzə müraciət məktubu;
    • şəhər, rayon yerli qurum və ya mərkəz və müəssisə arasında bağlanmış müqavilə;
    • ictimai işə cəlb edilən işsiz və işaxtaran şəxslərin şəhər, rayon yerli qurumlar və müəssisə tərəfindən təsdiq edilmiş siyahısı.

3.4. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz və işaxtaran şəxslərin əməyinin ödənişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Bu zaman işçilər tərəfindən vəzifə funksiyalarının yerinə yetirilməsi seçilmiş əməyin ödənilməsi sistemindən asılı olaraq, müvafiq sənədlə təsdiq olunur.

3.5. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 16.1.1-ci maddəsinə uyğun olaraq, yerli özünüidarəetmə orqanları öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil edə bilərlər.


© LegalActs LLC