Об утверждении Правил организации оплачиваемых общественных работ
Release date: 07.03.2019
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə
Qərar № 84
Bakı şəhəri, 24 may 2002-ci il
«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 321) («LegalActs» LLC).
22 fevral 2008-ci il tarixli, 50 nömrəli; 17 fevral 2011-ci il tarixli, 30 nömrəli; 10 may 2011-ci il tarixli, 76 nömrəli; 28 dekabr 2017-ci il tarixli, 605 nömrəli; 15 oktyabr 2018-ci il tarixli, 449 nömrəli; 7 mart 2019-cu il tarixli, 79 nömrəli Qərarlara əsasən dəyişikliklərlə ( «LegalActs» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 24 may tarixli
84 nömrəli qərarı ilə
təsdiq edilmiş
«Haqqı ödənilən ictimai işlərin
təşkili Qaydaları»na
əlavə
Təsdiq edirəm: Dövlət Məşğulluq Xidmətinin rəisi _________________________________ (soyadı, adı, atasının adı) «____» _______________ 200____ il |
Ərazi məşğulluq proqramına uyğun _________ rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq
Arayış
№ |
Obyektlərin adlı siyahısı |
Görülmüş işərin adlı siyahısı |
İşin həcmi (müvafiq ölçü vahidi ilə) |
Ümumi işin tərkibində əmək haqqı xərci (manatla) |
Şəhər (rayon) məşğulluq mərkəzləri tərəfindən ödənilməli olan vəsaitin məbləği (manatla) |
| |
|
| ||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
|
Şəhər (rayon) məşğulluq mərkəzinin rəhbəri |
İctimai işlərə cəlb edən işəgötürən |
_________________________________ (soyadı, adı, atasının adı) M.Y. |
_________________________________ (soyadı, adı, atasının adı) M.Y. |
İşlər müdiri
A. HACIYEV
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 24 may tarixli
84 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Haqqı ödənilən ictimai işlərin təşkili
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hazırlanmışdır və haqqı ödənilən ictimai işlərin təşkili qaydalarını müəyyən edir.
1.2. Haqqı ödənilən ictimai işlər (bundan sonra—ictimai işlər) işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb edilməyən müvəqqəti əmək fəaliyyətidir.
1.3. İctimai işlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (bundan sonra—şəhər, rayon Məşğulluq mərkəzlərində) işaxtaran və ya işsiz kimi qeydiyyatda olan vətəndaşların yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə təşkil edilir.
2. İctimai işlərin təşkili
2.1. İctimai işlər yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları tərəfindən şəhər, rayon məşğulluq mərkəzlərinin təklifi və iştirakı ilə təşkil olunur.
2.2. İşaxtaranların müvəqqəti işlə təmin olunmasına kömək göstərilməsi məqsədi ilə əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozu əsasında şəhər, rayon məşğulluq mərkəzləri ictimai işlərin görülməsi üçün sosial əhəmiyyətli sahələr, mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq konkret müəssisə, idarə və təşkilatlar (bundan sonra—müəssisələr) haqqında təkliflər hazırlayır və yerli əlaqələndirmə komitələrində müzakirə edildikdən sonra ərazi məşğulluq proqramına daxil edilir.
Ərazi məşğulluq proqramı yerli icra hakimiyyəti orqanları tərəfindən hər il üçün təsdiq edilir.
2.3. İctimai işlər ərazi məşğulluq proqramında nəzərdə tutulan müəssisə və şəhər, rayon məşğulluq mərkəzləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Müqavilədə ictimai işlərə göndəriləcək işaxtaran vətəndaşların sayı, görüləcək işin yeri, adı, həcmi, yerinə yetirilmə müddəti, ümumi əmək haqqı məbləği, bu məbləğin ödənilməsinin müəssisə və şəhər, rayon məşğulluq mərkəzi arasında bölgüsü, habelə tərəflərin digər öhdəlikləri göstərilir.
Ərazi məşğulluq proqramında nəzərdə tutulmayan müəssisələrdə ictimai işlər yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının qərarı ilə təşkil edilə bilər.
2.4. İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:
- şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;
- yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;
- yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;
- kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;
- təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;
- qocalara, əlilliyi olan şəxslərə qulluq;
- digər sosial əhəmiyyətli işlər.
2.5. İşaxtaran vətəndaşların ictimai işlərə göndərilməsi onların razılığı əsasında qüvvədə olan əmək qanunvericiliyi normalarına və bu Qaydalara əməl edilməklə şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən həyata keçirilir və bu zaman təklif olunan iş növləri və fəaliyyət sahəsinə uyğun olaraq onların peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraiti nəzərə alınmalıdır. Vətəndaşın ictimai işlərdə iştirakdan imtina etməsi onun münasib işdən imtina etməsi kimi sayıla bilməz.
2.6. İctimai işlər bir qayda olaraq 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və şəhər, rayon məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər.
2.7. İctimai işlərə cəlb olunan vətəndaşlarla işəgötürənlər arasında müddətli əmək müqaviləsi bağlanılır. Şəhər, rayon məşğulluq mərkəzlərində işsiz kimi qeydə alınmış, lakin işsizlikdən sığorta ödənişi almayan işsiz vətəndaşlar belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.
Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilik, habelə işsizlik müavinəti almaq hüququ ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir.
2.8. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində vətəndaş daimi iş yeri ilə təmin olunmadıqda şəhər, rayon məşğulluq mərkəzləri vətəndaşı yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər.
2.9. Məşğulluq haqqında qanunvericiliyə, əməyin ödənilməsi, mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına, işçilərin əməyindən səmərəli istifadəyə görə məsuliyyəti ictimai işlərin yerinə yetirilməsi üçün müddətli əmək müqavilələri bağlayan müəssisələr daşıyır.
2.10. İctimai işlərdə məşğul olan işçinin işlədiyi müddət haqqında müvafiq qaydada əmək kitabçasında qeydiyyat aparılır. İşçilərin ictimai işlərdə iştirak etdiyi müddət ümumi əmək stajına daxil edilir. Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.
2.11. İctimai işlərdə çalışan işçilərə iş vaxtının müddəti qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq təyin edilir.
3. İctimai işlərin maliyyələşdirilməsi
3.1. İctimai işlər bu işləri gördürən müəssisələrin vəsaiti hesabına və ya «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr hesabına maliyyələşdirilir.
3.2. Şəhər, rayon məşğulluq mərkəzlərinə müvafiq dotasiyaların məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müəyyən edilir.
3.3. «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr hesabına ictimai işlərin maliyyələşdirilməsi şəhər, rayon məşğulluq mərkəzi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:
- görüləcək işlərin xüsusiyyəti, iş rejimi, əməyin ödənilməsi forması və işçi qüvvəsinə olan tələbat haqqında müəssisənin şəhər, rayon məşğulluq mərkəzinə müraciət məktubu;
- şəhər, rayon məşğulluq mərkəzi və müəssisə arasında bağlanmış müqavilə;
- ictimai işə cəlb edilən vətəndaşların şəhər, rayon məşğulluq mərkəzləri və müəssisə tərəfindən təsdiq edilmiş siyahısı.
3.4. Müəssisələr ictimai işlərə cəlb edilmiş vətəndaşların faktiki gördükləri işlər haqqında bu Qaydalara əlavə edilmiş formada arayış təqdim etdikdən sonra şəhər, rayon məşğulluq mərkəzləri müvafiq vəsaiti müəssisənin hesabına köçürürlər.
© LegalActs LLC