About state registration of legal entities


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1997-ci il, № 1, maddə 4)

Release date: 06.02.1996

Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında

Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. Qanunun təyinatı

Bu Qanun təşkilati-hüquqi, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasında yaradılan hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı hüquqi şəxslərə hüquqi şəxs statusunun, onlara və xarici hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsidir.

Maddə 3. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı haqqında qanunvericilik

Azərbaycan Respublikasında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, «Müəssisələr haqqında», «Səhmdar cəmiyyəti haqqında» Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir.

II fəsil. Dövlət qeydiyyatı orqanları

Maddə 4. Dövlət qeydiyyatı orqanları

Azərbaycan Respublikasında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin vahid dövlət qeydiyyatını bu Qanunla müəyyən edilmiş qaydada ədliyyə orqanları həyata keçirirlər.

Maddə 5. Dövlət qeydiyyatı orqanlarının vəzifələri

Dövlət qeydiyyatı orqanları aşağıdakı vəzifələri yerinə yetirirlər:

    • hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı haqqında qərarlar qəbul edirlər;
    • qanunda göstərilən hallarda hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatından imtina barədə qərarlar qəbul edirlər;
    • hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması, yaxud qanunla müəyyən edilmiş hallarda onların ləğv edilməsi barədə müvafiq dövlət orqanlarına məlumat verirlər.

Maddə 6. Dövlət qeydiyyatı orqanlarının statusu

Dövlət qeydiyyatını aparan orqanlar hüquqi şəxslərdir. Onlar Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş, öz adı yazılmış möhürə malikdir və dövlət büdcəsindən maliyyələşdirilirlər.

III fəsil. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı qaydası

Maddə 7. Dövlət qeydiyyatına alınmaq üçün müraciət edilməsi

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət edilməlidir.

Ərizə təsisçinin (təsisçilərdən birinin), yaxud onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır.

Maddə 8. Hüquqi şəxsin dövlət qeydiyyatı üçün ərizəyə əlavə edilən sənədlər

Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

    • hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi);
    • fərdi (ailə) müəssisələri istisna olmaqla, hüquqi şəxslərin yaradılması haqqında qərar və ya təsis müqaviləsi;
    • müvafiq məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
    • təsisçinin hüquqi (təsisçi fiziki şəxs olduqda — poçt) ünvanı haqqında sənəd.

Təsisçilər (təsisçilərdən biri) fiziki şəxslər olduqda, onların təsis müqaviləsi notarial qaydada təsdiq edilməlidir.

Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün bu maddədə göstərilməyən sənədlər yalnız Azərbaycan Respublikasının müvafiq qanununda belə sənədlərin təqdim edilməsi nəzərdə tutulduqda və onlar hüquqi şəxsin təsis edilməsi ilə bağlı olduqda ərizəyə əlavə olunur.

Maddə 9. Ərizəyə baxılması

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün müraciət edildikdə dövlət qeydiyyatı orqanı:

    • sənədləri baxılmaq üçün qəbul edir;
    • dövlət qeydiyyatı üçün müraciət edənə 10 gün müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verir;
    • dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə yol verilmiş çatışmazlıqlar aradan qaldırıldıqda həmin sənədləri baxılmaq üçün qəbul edir və dövlət qeydiyyatına almaq barədə 5 gün müddətində qərar qəbul edir.

Maddə 10. Xarici investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatının xüsusiyyətləri

Xarici investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu Qanunun 7-ci və 8-ci maddələrində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər təqdim olunmalıdır:

    • xarici təsisçi hüquqi şəxs olduqda onun yerləşdiyi ölkədə Azərbaycan Respublikasının, yaxud bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində (belələri olmadıqda müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq dövlət orqanında) müəyyən edilmiş qaydada təsdiq edilmiş ticarət reyestrindən çıxarışı;
    • xarici təsisçi fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənəd və vətəndaşı olduğu, yaxud daimi yaşadığı ölkədə Azərbaycan Respublikasının, yaxud bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində (belələri olmadıqda müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq dövlət orqanında) müəyyən edilmiş qaydada təsdiq edilmiş onun təsərrüfat fəaliyyəti ilə məşğul olması haqqında sənəd.

Maddə 11. Xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatının xüsusiyyətləri

Xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmış ərizədən başqa aşağıdakı sənədlər təqdim olunmalıdır:

    • filialın (nümayəndəliyin) yaradılması haqqında hüquqi şəxsin (fərdi (ailə) müəssisəsi istisna olmaqla) qərarı;
    • hüquqi şəxsin müvafiq qaydada təsdiq olunmuş nizamnaməsi;
    • filialın və ya nümayəndəliyin əsasnaməsi;
    • müvafiq məbləğdə dövlət qeydiyyatı rüsumunun ödənilməsi haqqında sənəd.

Maddə 12. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olma qaydası

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər.

Maddə 13. Dövlət qeydiyyatına alınma barədə qeyd

Dövlət qeydiyyatına alınan hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri üçün dövlət statistika orqanından identifikasiya kodu alınır və onlar müvafiq say altında dövlət qeydiyyatı orqanında aparılan dövlət qeydiyyatı kitabına daxil edilirlər.

Dövlət qeydiyyatı üçün təqdim olunmuş bütün sənədlər müvafiq saylı sənədlər toplusunda (işdə) saxlanılır.

Maddə 14. Dövlət qeydiyyatı barədə sənəd

Hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə dövlət qeydiyyatı orqanları tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə (bu Qanuna 1 saylı əlavə) verilir.

Dövlət qeydiyyatı haqqında şəhadətnamə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin möhür, ştamp, firma blanklarının və əmtəə nişanlarının hazırlanması, bank hesablarının açılması, habelə vergi orqanlarında uçota alınmaları üçün əsas sənəddir.

Maddə 15. Dövlət qeydiyyatına almaqdan imtina edilməsi

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin yaradılmasının qanunla müəyyən edilmiş qaydasının pozulması və ya onların təsis sənədlərinin qanunvericiliyə uyğun olmaması hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatına almaqdan imtana edilməsinə əsasdır.

hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onları dövlət qeydiyyatına almaqdan imtina edilməsinə yol verilmir.

Maddə 16. Dövlət qeydiyyatı barədə məlumatlandırma

Dövlət qeydiyyatı orqanları statistika, vergi, kadastr və digər reyestrləri aparan orqanlara müəyyən edilmiş qaydada və formada hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı haqqında ayda bir dəfə məlumat verirlər.

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı haqqında məlumat dövlət qeydiyyatı orqanları tərəfindən kütləvi informasiya vasitələrində ayda bir dəfə dərc olunur.

IV fəsil. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin ləğvi və dövlət qeydiyyatı

Maddə 17. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin ləğvinin dövlət qeydiyyatına təsiri

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun ləğv edilməsi onların dövlət qeydiyyatı kitabından çıxarılmasına əsasdır.

Maddə 18. Dövlət qeydiyyatında dəyişikliklər edilməsi

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin təşkilati-hüquqi forması dəyişdikdə və ya qanunda nəzərdə tutulan digər hallarda onlar 10 gün müddətində dövlət qeydiyyatı orqanında yenidən dövlət qeydiyyatından keçməlidirlər.

Maddə 19. Dövlət qeydiyyatı kitabından çıxarılma və bu barədə məlumatlandırma

hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı kitabından çıxarılması onlardan dövlət qeydiyyatı haqqında şəhadətnamənin geri alınmasından, dövlət qeydiyyatı sayının ləğv edilməsindən, Azərbaycan Respublikasının dövlət uçot vahidləri reyestrindən çıxarılmasından, qeydiyyatdan çıxarılma haqqında müvafiq dövlət orqanlarına məlumat verilməsindən ibarətdir.

Dövlət qeydiyyatı kitabından çıxarılma əmək mülkiyyətçisinin (mülkiyyətçilərinin) və ya onun (onların) vəkil etdiyi orqanın hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin ləğvi barədə qərarından, yaxud məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra dövlət qeydiyyatı orqanı tərəfindən 5 gün müddətində aparılır.

Hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri qanunla müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə, dövlət qeydiyyatı orqanları bu barədə müvafiq orqanlara məlumat verirlər.

V fəsil. Əlavə müddəalar

Maddə 20. Dövlət qeydiyyatı ilə əlaqədar mübahisələrin həlli qaydası

Dövlət qeydiyyatı orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən və qərarlarından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 22. Keçid müddəası

Bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 fevral 1996-cı il

№ 17-IQ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1997-ci il, № 1, maddə 4) ( «LegalActs» LLC).

12 dekabr 2003-cü il tarixli, 560-IIQ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


«Hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında»
Azərbaycan Respublikasının Qanununa
1 saylı əlavə

_________________________________________________________________________

(dövlət qeydiyyatına alınan hüquqi şəxs, filial və ya nümayəndəlik)

Dövlət qeydiyyatı haqqında
Şəhadətnamə
№ ________

______________________________________

(qeydiyyatın aparıldığı yer)

______________________________________

(tarix)

1. ____________________________________________________________________________

(hüquqi şəxsin və ya filialın yaxud nümayəndəliyin tam adı)

______________________________________________________________________________

(identifikasiya kodu)

2. ____________________________________________________________________________

(dövlət qeydiyyatnın aparıldığı tarix)

3. ____________________________________________________________________________

(dövlət qeydiyyatını aparan orqanın tam adı)

4. ____________________________________________________________________________

(əsas fəaliyyət növləri)

5. ____________________________________________________________________________

(mülkiyyət forması)

6. ____________________________________________________________________________

(təşkilati-hüquqi forması)

7. ____________________________________________________________________________

(yerləşdiyi ərazi və poçt ünvanı)

M.Y.

________________________________________________________

(qeydiyyata məsul vəzifəli şəxsin sayadı, adı, atasının adı)

___________________

(imza)


© LegalActs LLC