On protection of rights and freedoms, state support to the development of language and culture of national minorities, small nations and ethnic groups, residing in the Azerbaijan Republic
Release date: 16.09.1992
Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının ərazisində milli azlıq, azsaylı xalq və etnik qrupların yaşadığını və onların sərbəst inkişafı üçün əlverişli şərait yaratmaq ehtiyacını nəzərə alaraq,
respublikada millətlərarası münasibətləri daha da təkmilləşdirmək və qurulmaqda olan hüquqi dövlət tələbləri səviyyəsinə qaldırmaq məqsədini açıqlayaraq,
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 19 maddəsini əsas götürərək,
ölkəmizdə milliyyətindən, irqindən və dinindən asılı olmayaraq şəxsiyyət azadlığını və bütün vətəndaşların hüquq bərabərliyinin dönmədən həyata keçirilməsi zəruriyyətini nəzərdə tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının nazirliklərinə və idarələrinə, yerli icra hakimiyyəti başçılarına:
- Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu Fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın.
- Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq nə heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərin baxılmasında və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın.
2. Azərbaycan Respublikası Prezidentinin aparatına, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası nazirliklərinə və idarələrinə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət yardımının və hökumət siyasətinin həyata keçirilməsi vəzifə kimi tapşırılsın:
- milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgünlüyünün qorunub saxlanılması və inkişaf etdirilməsi;
- milli ənənə və adətlərə əməl dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə olunması;
- milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi;
- bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması;
- əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası mədəniyyət, xalq təhsili, maliyyə və ədliyyə nazirliklərinə, şəhər, rayon icra hakimiyyəti başçılarına:
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün millətlərin öz mədəniyyət və dini müəssisələrini, cəmiyyətlərini təşkil etmək və fəaliyyət göstərmək hüququnun təmini üçün şərait yaratmaq və müvafiq qanuni tədbirlər görmək tapşırılsın.
- Belə müəssisələrə, cəmiyyət və birliklərə qanunvericilikdən irəli gələn dövlət yardımı göstərmək, o cümlədən bina, maddi ehtiyatlar və maliyyə vəsaiti ayırmaq məqsədəuyğun hesab edilsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquqları haqqında qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Dövlət Sərhədini Mühafizə Komitəsi bütün millətlərin nümayəndələrinin digər dövlətlərin ərazisində yaşayan soydaşları ilə sərbəst əlaqə saxlamaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədlərini sadələşdirilmiş qaydada keçmək hüququ haqqında qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, başqa əlaqədar nazirliklər və idarələr müvafiq dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələr bağlanılması haqqında təkliflər versinlər.
6. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi azsaylı xalqların sıx yaşadığı ərazidə orta məktəb proqramı üzrə, Bakı və Sumqayıt şəhərlərində isə fakültativ məşğələlər keçirmək yolu ilə həmin xalqların dili və ədəbiyyatının öyrənilməsi üçün tədbirlər hazırlayıb həyata keçirsin.
Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun Azərbaycan Dövlət Dillər İnstitutuna çevrilməsini nəzərə alaraq burada azsaylı xalqların filologiyası şöbəsi və müvafiq kafedra açılsın.
M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialında, M.Ə. Sabir adına Pedaqoji Məktəbin Qusar filialında Dağıstan türkləri, yerli əhali və azsaylı xalqlar üçün kadrlar hazırlansın.
Respublikanın dağlıq rayon sakinləri, azsaylı xalqların gəncləri və respublikadan kənarda yaşayan soydaşlarımız üçün ali və orta ixtisas məktəblərinə güzəştli qəbul haqqında müvafiq təkliflər hazırlanıb təqdim olunsun.
7. Azərbaycan Respublikası Elmlər Akademiyasında və M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetində Azərbaycanda (güney bölməsi daxil olmaqla) yaşayan bütün xalqların qadim köklərini, tarixi inkişafını, dil və ədəbiyyatının tədqiqini təmin etmək və onu dünya tələbləri səviyyəsinə çatdırmaq məqsədilə semitologiya, antik dillər, qafqazşünaslıq kafedraları və şöbələri açılsın, burada Şumer, Elam, Manna, Midiya, Albaniya, sakaiskit, hun, xəzər və başqa qədim etnosların tarixi və mədəni irsini araşdırmağa qadir olan mütəxəssislər hazırlansın. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunsun və xaricə, dünya əhəmiyyətli elm və tədris ocaqlarına tələbə, aspirant və elmi işçilər ezam edilsin, bütün xərclər dövlət büdcəsi hesabına ödənilsin.
8. Azərbaycan Respublikası xalq təhsili və mədəniyyət nazirlikləri azsaylı xalqların sənətkarlığını, bədii peşəkarlıq və özfəaliyyət yaradıcılığını, qədim sənətlərini yaşatmaq, milli mədəniyyət mərkəzlərində kitabxanaların, bədii özfəaliyyət kollektivlərinin, xalq incəsənəti studiyalarının və emalatxanaların yaradılmasına yardım göstərsinlər.
9. Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi azsaylı xalqların dillərində tədris, sorğu-məlumat və bədii ədəbiyyatın buraxılışına diqqət yetirsin.
Ölkəmizdə milli münasibətlər üzrə respublika əhəmiyyətli dövri mətbuat orqanının olmamasını nəzərə alaraq, bütün xalqların həyat və yaradıcılığını, əməyini, mənəvi dünyasını işıqlandırmaq, dil və mədəniyyətlərinin yayılmasına dövlət yardımı göstərmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşavir xidmətinin nəzdində «Elin səsi» adlı iriölçülü həftəlik respublika qəzeti buraxılsın.
10. Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların ədəbiyyatını, folklorunu, əmək və həyatını işıqlandıran teleradio-proqramlar təşkil etsin, habelə ləzgi, talış və kürd dillərində «Respublika yenilikləri» yerli radioqovşağı ilə azsaylı xalqların dillərində gündəlik verilişlər getməsini təmin etsin.
11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanda göstərilən xalqların dil və mədəniyyətinə dövlət yardımı tədbirlərinin maliyyələşdirilməsini təmin etsin.
12. Bakı, Sumqayıt, Lənkəran, Qusar, Zaqatala, Qəbələ icra hakimiyyəti başçıları bir ay müddətində slavyan, yəhudi, ləzgi, talış, avar, udin və başqa azsaylı xalqların və etnik qrupların milli mədəniyyət, mərkəzlərini bina, yaxud iş otağı ilə təmin etsinlər.
13. Azərbaycan Respublikası Prezidenti aparatında yaradılmış millətlərarası münasibətlər üzrə Məsləhət Şurasına bütün millətlərin mənafeyinin təmsil etməklə yanaşı, millətlərarası münasibətləri təkmilləşdirmək, habelə Prezident səlahiyyətinin həyata keçirilməsi, bu Fərmandan doğan əməli məsələlərin həlli üçün müvafiq tövsiyələr və tədbirlər hazırlanması tapşırılsın.
14. Azərbaycan Respublikası Baş prokuroruna, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tapşırılsın ki, milli əlamətə görə ayrı-seçkiliyə, milli müstəsnalığın, milli üstünlüyün bərqərar edilməsinə və ya milli düşmənçiliyin qızışdırılmasına yönəldilən hər hansı bir hərəkətin Qanunla müəyyən edilmiş qaydada qarşısı alınsın və günahkarlar qanuni məsuliyyətə cəlb olunsunlar.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 16 sentyabr 1992-ci il
№ 212.
© LegalActs LLC