Об основах финансов муниципалитетов
«Azərbaycan» qəzetində dərc olunmuşdur (28 dekabr 1999-cu il, № 297). «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 690).
Release date: 23.11.2001Bələdiyyələrin maliyyəsinin əsasları haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Qanunun tə`yinatı
Bu Qanun bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini, yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.
Maddə 2. Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanunvericilik
Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla, «Bələdiyyələrin statusu haqqında», «Dövlət büdcəsi haqqında», «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir.
Maddə 3. Bələdiyyə maliyyəsinin iqtisadi əsasları və formalaşması prinsipləri
1. Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.
2. Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır.
Maddə 4. Yerli büdcə
1. Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti.
Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil.
2. Bələdiyyələrin bu Qanuna müvafiq olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır.
3. Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur.
4. Büdcə ili yanvarın 1-də başlanır və dekabrın 31-də qurtarır.
Maddə 5. Yerli büdcənin müstəqilliyi
1. Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə tə`min edilir.
2. Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, yol verilmir.
3. Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir.
4. Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir.
Maddə 6. Büdcələrarası və dövlət hakimiyyəti orqanları ilə münasibətlər
1. Yerli büdcələrin müstəqilliyinə dövlət zəmanət verir və onun öhdəliklərinə məs`uliyyət daşımır. Dövlət zəmanəti aşağıdakılara əsaslanır:
1.1. investisiya və pul-kredit siyasəti əsasında istehsal sferasının inkişafına şərait yaratmaq;
1.2. yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda, yerli büdcə kəsirini ödəmək üçün dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrinin müəyyən edilməsi və ya dövlət büdcəsindən dotasiya və subvensiyaların ayrılması.
2. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə, onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə tə`min edirlər.
3. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə uyğun, azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.
4. Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına dair mə`lumatı statistika orqanlarına təqdim edir.
Maddə 7. Yerli büdcənin gəlirləri
1. Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir:
1.1. fiziki şəxslərdən torpaq vergisi;
1.2. fiziki şəxslərdən əmlak vergisi;
1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mə`dən vergisi;
1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;
1.5. küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;
1.6. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli ödənişlər;
1.7. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar;
1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotoreyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;
1.9. fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
1.10. dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti.
2. Bu maddənin 1.1—1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin aşağı və yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.
3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bu maddənin 1.6-cı yarımbəndində göstərilən yerli ödənişlər, habelə könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli tə`yinatı üzrə istifadə olunur.
Maddə 8. Yerli büdcələrin xərcləri
1. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
2. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.
Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.
3. Dövlət büdcəsindən dotasiya alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin proqnozlaşdırılması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz.
4. Dotasiyanın maksimum həddinin hesablanmasında dövlət büdcəsinin proqnozunda xərc normativləri və ərazinin respublika maliyyə resurslarının formalaşmasında xüsusi çəkisi nəzərə alınır.
5. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyətləri tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca sətrlə göstərilir.
6. Xərclərinin öz gəlirləri ilə tə`min olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.
Maddə 9. Yerli büdcənin tərtibi
1. Yerli büdcənin layihələri müəssisələrin cari və perspektiv təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi ilə bələdiyyələrin ərazi sosial-iqtisadi proqnozları və məqsədli proqramlar əsasında formalaşdırılır.
2. Bələdiyyələr dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcə layihəsini tərtib edərkən müvafiq icra hakimiyyəti orqanına
[Azərbaycan Respublikasının Maliyyə Nazirliyi] mayın 1-dək lazımi hesablamalar verirlər.Maddə 10. Yerli büdcənin müzakirəsi və təsdiqi
1. Yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi qaydası bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.
2. Növbəti maliyyə ili üçün dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcənin layihəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq bələdiyyənin qərarı şəklində təsdiq edilir.
3. Təsdiq edilmiş yerli büdcə bələdiyyənin qərarı ilə dəqiqləşdirilə bilər.
Maddə 11. Yerli büdcənin icrası
1. Bələdiyyər dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər istisna olmaqla, yerli büdcənin icrası prosesində mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər apara bilərlər.
2. Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqdan sonra bir ay ərzində başa çatdırılır. Bu müddət ərzində istifadə olunmayan vəsait Azərbaycan Respublikasının qanunvericiliyinin dəyişdirilməsi halları istisna olmaqla bələdiyyələrin sərəncamında qalır.
3. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında hesabatı təsdiq edir və öz əhalisinə çatdırırlar.
Maddə 12. Yerli büdcənin tarazlaşdırılması
Əgər bələdiyyə büdcəsinin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri üzrə məxaricin mütənasib surətdə azaldılmasından ibarətdir.
Maddə 13. Yerli büdcəyə nəzarət
1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb etmək hüququna malikdir.
2. Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər.
Maddə 14. Bələdiyyələrin maliyyə-kredit və sığorta təşkilatları ilə qarşılıqlı əlaqəsi
1. Bələdiyyələr öz maliyyəsinin təşkili işini həm müvafiq bələdiyyə ərazisində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının rezidenti olan kredit təşkilatları ilə qarşılıqlı əlaqədə yerinə yetirirlər.
2. Bələdiyyələrlə kredit və sığorta təşkilatları arasında qarşılıqlı münasibətlər müqavilə əsasında həyata keçirilir.
3. Bələdiyyələrin qanunvericiliklə müəyyən edilmiş qaydada:
3.1. özünün hesablaşma və kassa əməliyyatlarının aparılması üçün müvəkkil bankı seçmək və xəzinadarlığı yaratmaq;
3.2. Azərbaycan Respublikasının rezidenti olan banklardan və digər kredit təşkilatlarından qısamüddətli və uzunmüddətli kreditlər almaq;
3.3. bələdiyyə mülkiyyətində olan obyektlərin, bələdiyyə qulluqçularının sığortalanması haqqında qərar qəbul etmək hüququ vardır.
4. Kredit təşkilatları qarşısında bələdiyyələrin öhdəlikləri üzrə dövlət məs`uliyyət daşımır.
Maddə 15. Keçid müddəaları
Bələdiyyələrin vergi xidməti orqanları formalaşanadək bu Qanunun 7-ci maddəsinin 1-ci bəndində göstərilən vergi və ödənişlərin yığılması və yerli büdcələrə köçürülməsi bələdiyyələrin müraciəti əsasında bağlanılan müqavilə ilə dövlət vergi xidməti orqanları tərəfindən həyata keçirilir.
2000-ci ildə yerli büdcələrə dotasiyalar «Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında» Qanunun 11-ci maddəsinə uyğun olaraq verilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 7 dekabr 1999-cu il.
№ 772-IQ.
«Azərbaycan» qəzetində dərc olunmuşdur (28 dekabr 1999-cu il, № 297) («LegalActs» LLC).
23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli qanuna əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC