О применении Закона Азербайджанской Республики «Об увековечении памяти погибших за Родину»
Release date: 06.12.2017
«Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
2. Müəyyən edilsin ki:
- «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci və beşinci hissələrində, 6-cı maddəsinin 1-ci hissəsində, 7-ci maddəsinin birinci və altıncı hissələrində və 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
- həmin Qanunun 9-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayarkən «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununda göstərilən tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq xərcləri nəzərdə tutsun.
4. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər görsün.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 14 may 1999-cu il
№ 134
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 may 1999-cu il, № 114) («LegalActs»).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 may 1999-cu il, № 5, maddə 304) («LegalActs»).
9 yanvar 2004-cü il tarixli, 12 nömrəli; 6 dekabr 2017-ci il tarixli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs»).
© LegalActs