Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOS subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” (bundan sonra – Agentlik) ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir;
2.2. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılsın və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçirilsin;
2.3. Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır;
2.4. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır;
2.5. Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir;
2.6. Agentliyin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir;
2.7. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
3.1.2. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş funksiyaları yerinə yetirən struktur bölmələrinin (qurumlarının) ləğv edilməsini və onların maddi-texniki bazasının Agentliyin balansına verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
5.2. bu Fərmanın 4.4-cü bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün tədbirlər görsün;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
8. Bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulan dövlət orqanları Agentliyin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2017-ci il.
29 Dekabr 2017, 10:127 Yanvar 2015, 09:01
1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə ətraflı...
7 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası"nın təsdiqedilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
7 Yanvar 2015, 09:01
"Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"in və "Yoxlama haqqında şəhadətnamənin forması"nın təsdiq edilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə ətraflı...
7 Yanvar 2015, 09:01
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması iləəlaqədar əlavə tədbirlər haqqında ətraflı...
6 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 128 saylı müraciətə baxılması barədə ətraflı...
6 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 119 saylı müraciətə baxılması barədə ətraflı...