İşsizlikdən sığorta haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

 

1-ci fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. İşsizlikdən sığortanın məqsədi və əhatə dairəsi

1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

1.2. Bu Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

1.3. Bu Qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

 

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;

2.0.2. işsizlikdən sığortanın subyektləri – sığortaçı, sığortaolunanlar və sığortaedənlər;

2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər;

2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər:

2.0.4.1. hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri;

2.0.4.2. dövlət orqanları;

2.0.4.3. fiziki şəxslər;

2.0.4.4. seçkili orqanların rəhbərləri;

2.0.5. sığortaçı – işsizlikdən sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal;

2.0.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği;

2.0.8. sığorta tarifi – sığorta haqqının hesablanması üçün əməkhaqqı fonduna və sığortaolunanın əməkhaqqına tətbiq edilən faiz dərəcəsi;

2.0.9. sığorta vəsaiti – bu Qanunun 21-ci maddəsində nəzərdə tutulan mənbələrdən formalaşan vəsait;

2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti;

2.0.11. sığortaolunanın sığorta stajı – sığorta ödənişinin ödənilməsi zamanı nəzərə alınan bu Qanunun 11-ci maddəsində müəyyən olunan müddət;

2.0.12. aktiv tədbirlər – bu Qanunun 19.0.2-ci maddəsində nəzərdə tutulan məşğulluq tədbirləri;

2.0.13. işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs;

2.0.14. işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

 

Maddə 3. İşsizlikdən sığortanın hüquqi əsasları

İşsizlikdən sığortanın hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

 

Maddə 4. İşsizlikdən sığortanın prinsipləri

4.0. İşsizlikdən sığortanın əsas prinsipləri aşağıdakılardır:

4.0.1. işsizlikdən sığortanın məcburiliyi;

4.0.2. işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi;

4.0.3. sığorta hadisələrinə səbəb olan halların yaranmaması üçün tədbirlərin görülməsi;

4.0.4. bu Qanunla müəyyən olunmuş qaydada işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı;

4.0.5. sığorta stajından və işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması;

4.0.6. işsizlikdən sığortanın idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.

 

2-ci fəsil

 

İŞSİZLİKDƏN SIĞORTANIN SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

Maddə 5. Sığortaolunanın hüquq və vəzifələri

5.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:

5.1.1. işsizlikdən sığorta etməyi sığortaedəndən tələb etmək;

5.1.2. sığortaedəndən və sığortaçıdan işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat, habelə məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət almaq;

5.1.3. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

5.1.4. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişi almaq;

5.1.5. əmək bazarında həyata keçirilən aktiv tədbirlərdə iştirak etmək;

5.1.6. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi nəqliyyatı istisna olmaqla) kompensasiyasını almaq;

5.1.7. sığortaedəndən və sığortaçıdan onun xeyrinə ödənilmiş sığorta haqqının məbləği və ödənilib-ödənilməməsi barədə məlumat almaq;

5.1.8. öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

5.1.9. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

5.2.1. sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək;

5.2.2. qanunla müəyyən olunmuş qaydada işə bərpa olunduqda məcburi işburaxma dövrü üçün ödənilmiş əməkhaqqından sığorta ödənişini qaytarmaq;

5.2.3. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 6. Sığortaedənin hüquq və vəzifələri

6.1. Sığortaedənin aşağıdakı hüquqları vardır:

6.1.1. özünün, habelə sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

6.1.2. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

6.1.3. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır:

6.2.1. sığortaedən kimi sığortaçıda qeydiyyata durmaq;

6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək;

6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək;

6.2.4. kollektiv müqavilələrdə, sazişlərdə və əmək müqavilələrində işsizlikdən sığorta ilə bağlı nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək;

6.2.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat vermək;

6.2.6. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək;

6.2.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat vermək;

6.2.8. sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişinin verilməsini tələb etmək;

6.2.9. sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək;

6.2.10. əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək;

6.2.11. sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək;

6.2.12. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 7. Sığortaçının hüquq və vəzifələri

7.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

7.1.1. sığortaedənlərdən öz işçilərini işsizlikdən sığorta etdirilməsini, sığorta haqlarının düzgün hesablanmasını, vaxtında və tam məbləğdə sığortaçıya ödənilməsini tələb etmək;

7.1.2. sığortaedənə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

7.1.3. sığortaedənlər və sığortaolunanlar tərəfindən işsizlikdən sığortanın həyata keçirilməsi ilə bağlı bu Qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət etmək;

7.1.4. məhkəmədə özünün qanuni hüquqlarını və mənafelərini müdafiə etmək;

7.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

7.2. Sığortaçının vəzifələri aşağıdakılardır:

7.2.1. işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;

7.2.2. sığorta ödənişinin vaxtında ödənilməsini təmin etmək;

7.2.3. sığortaolunanlara və sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat vermək;

7.2.4. məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə sığortaolunanlara peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət vermək;

7.2.5. işsizlikdən sığorta vəsaitlərinin bu Qanunla müəyyən edilmiş məqsədlər üçün və təyinatı üzrə istifadəsini təmin etmək;

7.2.6. işsizlikdən sığorta vəsaitlərini idarə etmək;

7.2.7. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək;

7.2.8. bu Qanunun 19-cu maddəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək;

7.2.9. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

3-cü fəsil

 

İŞSİZLİKDƏN SIĞORTA ÜZRƏ QEYDİYYAT, SIĞORTA HAQQININ VƏ ÖDƏNİŞİNİN TƏNZİMLƏNMƏSİ

 

Maddə 8. İşsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı

Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 9. Sığorta tarifləri

9.0. İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

9.0.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

9.0.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

 

Maddə 10. Sığorta haqqı və onun hesablanması

10.1. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır.

10.2. Sığorta haqları üzrə vəsaitlərin toplanmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

10.3. Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir.

 

Maddə 11. Sığorta stajının hesablanması

11.0. Bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajına aşağıdakı müddətlər daxildir:

11.0.1. bu Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət;

11.0.2. bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət.

 

Maddə 12. Sığorta ödənişinin növləri

12.0. Sığorta ödənişinin aşağıdakı növləri vardır:

12.0.1. əsas sığorta ödənişi;

12.0.2. sığorta ödənişinə əlavə;

12.0.3. minimum sığorta ödənişi.

 

Maddə 13. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti

13.1. Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.

13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:

13.2.1. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada;

13.2.2. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.

13.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış bu Qanunun 13.2.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.

13.4. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır.

13.5. İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır.

13.6. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.

13.7. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.

13.8. Sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.

 

Maddə 14. İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması

14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:

14.1.1. sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;

14.1.2. sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;

14.1.3. sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

14.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi ilə müəyyən edilir.

14.4. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

14.5. Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

 

Maddə 15. Əsas sığorta ödənişinə əlavənin hesablanması

15.1. Bu Qanunun 13.4-cü maddəsində nəzərdə tutulan şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

15.2. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin bu Qanunun 15.1-ci maddəsində müəyyən olunmuş əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.

 

Maddə 16. Minimum sığorta ödənişi

Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

 

Maddə 17. Sığorta ödənişinin ödənilməsi

17.1. Sığorta ödənişi almaq üçün sığortaolunan müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizənin forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.

17.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

17.3.1. ilk 2 təqvim ayı üçün – 100 faiz;

17.3.2. 3–4-cü təqvim ayları üçün – 80 faiz;

17.3.3. 5–6-cı təqvim ayları üçün – 70 faiz.

17.4. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

17.5. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi bu Qanunun 13.6-cı maddəsində müəyyən olunmuş müddətdə hər ay üçün bərabər məbləğdə ödənilir.

17.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

17.7. Sığorta ödənişini alan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına fərdi məşğulluq proqramının icrası barədə hesabatı şəxsən təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər.

17.8. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası, sığorta ödənişi alan şəxslərin işə düzəlmək üçün işəgötürənlərə müraciət etmələri və aktiv tədbirlərdə iştirakı barədə məlumatların da əks olunduğu hesabatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

17.9. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 18. Sığorta ödənişinin verilməsinin dayandırılması

18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır:

18.0.1. sığorta ödənişini alan şəxs işlə təmin edildikdə;

18.0.2. sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə;

18.0.3. sığorta ödənişini alan şəxs bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;

18.0.4. sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;

18.0.5. sığorta ödənişini alan şəxs ona təklif olunan iki münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə;

18.0.6. sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə;

18.0.7. sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;

18.0.8. sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;

18.0.9. sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunduqda;

18.0.10. sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda;

18.0.11. sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

18.0.12. sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;

18.0.13. sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;

18.0.14. sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qanuna uyğun olmayan məlumatlar aşkar olunduqda;

18.0.15. sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə.

 

4-cü fəsil

 

SIĞORTA VƏSAİTLƏRİNİN TOPLANMASI VƏ İDARƏ EDİLMƏSİ

 

Maddə 19. Sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlər

19.0. Sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlər aşağıdakılardır:

19.0.1. bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan sığorta ödənişləri;

19.0.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almış şəxslər üçün aşağıda nəzərdə tutulan aktiv tədbirlər:

19.0.2.1. peşə hazırlığı və əlavə təhsilin təşkili;

19.0.2.2. peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi;

19.0.2.3. haqqı ödənilən ictimai işlərin təşkili;

19.0.2.4. əmək yarmarkalarının və əmək birjalarının təşkili;

19.0.2.5. özünüməşğulluğa kömək göstərilməsi;

19.0.2.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığortaedənlərlə birlikdə sığortaolunanların əməkhaqqının maliyyələşdirilməsi;

19.0.2.7. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;

19.0.2.8. qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər;

19.0.3. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi nəqliyyatı istisna olmaqla) kompensasiya edilməsi;

19.0.4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş təqaüdlər;

19.0.5. müvafiq icra hakimiyyəti orqanının saxlanılma xərcləri.

19.0.6. Aktiv tədbirlər “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 20. Sığorta vəsaitləri

20.1. Sığorta vəsaitləri sığorta fondunda cəmləşdirilir və bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilir.

20.2. Bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan işsizlikdən sığorta fondunun büdcəsi hər il üçün qanunla təsdiq olunur.

 

Maddə 21. İşsizlikdən sığorta vəsaitlərinin mənbələri

21.0. İşsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

21.0.1. bu Qanunla müəyyən olunmuş qaydada ödənilən sığorta haqları;

21.0.2. bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;

21.0.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

21.0.4. bank kreditləri;

21.0.5. qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr.

 

Maddə 22. İşsizlikdən sığorta üzrə uçot və hesabat

22.1. Sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitlər növbəti ayın 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən işsizlikdən sığorta fonduna köçürülür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

22.2. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 23. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 24. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Maddə 25. Keçid müddəa

Bu Qanun qüvvəyə mindiyi günədək “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş işsizlik müavinətinin ödənişi həmin müavinətin ödənilməsi müddəti başa çatanadək davam etdirilir.

 

Maddə 26. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2017-ci il.

8 Avqust 2017, 10:08

http://www.azertag.net

1—10 / 5779

23 Oktyabr 2017, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

23 Oktyabr 2017, 09:10

Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

X.T.Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

Ş.S.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

N.H.Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ   ətraflı...

19 Oktyabr 2017, 09:10

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 790-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...