Nağdsız hesablaşmalar haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Nağdsız hesablaşmaların məqsədi

 

Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

 

Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik

 

Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir.

 

2-ci fəsil

 

Nağdsız hesablaşmaların tənzimlənməsi

 

Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar

 

3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

3.4.8. təhsil haqlarının ödənilməsi;

3.4.9. turagentlərə ödəmələr.

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;

3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

 

Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət

4.1. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4.2. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

26 Dekabr 2016, 10:12

http://www.azertag.net

9771—9780 / 10511

10 İyul 2014, 09:07

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1001-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 999-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

“ADA” Universitetinin NİZAMNAMƏSİ   ətraflı...

9 İyul 2014, 09:07

“ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

H.M.Paşayevin “ADA” Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

Göyçay rayonunun Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

9 İyul 2014, 09:07

F.N.Əzizova “Əməkdar Dövlət Qulluqçusu”fəxri adının verilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...