“ADA” Universitetinin NİZAMNAMƏ

                                                                           Azərbaycan Respublikası Prezidentinin

                                                                           2014-cü il 8 iyul tarixli Fərmanı ilə

                                                                            təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. “ADA” Universiteti (bundan sonra – Universitet) Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamı ilə yaradılmışdır.

1.2. Universitet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin hüquqi varisidir. Universitet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərir.

1.3. Universitet ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsidir.

1.4. Universitet hüquqi şəxsdir, onun müstəqil balansı, mülkiyyətində və istifadəsində olan əmlakı, xəzinə və bank hesabları, bayrağı, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampları, fərdi emblemi və blankları vardır.

1.5. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.6. Universitet, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, kadrların seçilməsində və yerləşdirilməsində, tədris, elmi, maddi-texniki və digər sahələrdə fəaliyyətin həyata keçirilməsində müstəqildir.

1.7. Universitetin müqavilələr bağlamaq, təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq hüququ vardır.

1.8. Universitet Bakı şəhərində yerləşir.

2. Universitetin strukturu və idarə olunması

2.1. Universitet öz strukturunu müstəqil surətdə təşkil edir və tərkibində müxtəlif struktur bölmələrini yaradır. Universitetin tərkibinə institutlar, filiallar, fakültələr, kafedralar, tədris şöbələri, kitabxanalar, tədqiqat və innovasiya mərkəzləri, laboratoriyalar, tələbə yataqxanaları, idman mərkəzləri, qonaq evləri, yeməkxanalar və digər struktur bölmələri daxildir. Universitet öz profilinə uyğun istehsal müəssisələri, eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələri təsis edə bilər.

2.2. Universitetin hüquqi şəxs olmayan struktur bölmələrinin səlahiyyətləri Universitet rektorunun (bundan sonra - Rektor) təsdiq etdiyi əsasnamələrlə müəyyən olunur.

2.3. Universitetin strukturunu Universitet Senatının təqdimatı ilə Rektor təsdiq edir. Universitetin struktur bölmələrinin və filiallarının rəhbərlərini Rektor vəzifəyə təyin edir.

2.4. Universitet tədris proqramlarının hazırlanmasında, tədqiqat işlərinin aparılmasında və onlara qiymət verilməsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn dövlət təhsil standartları çərçivəsində müstəqildir.

2.5. Universitetin ali idarəetmə orqanı Universitet Senatıdır (bundan sonra - Senat). Senat Universitetin ümumi və elmi-tədris fəaliyyətinə nəzarət edir, bu fəaliyyətlə bağlı istiqamətləri müəyyən edir.

Senatın əsas səlahiyyət dairəsinə Universitetin elm, tədris, tədqiqat və beynəlxalq fəaliyyətinin müəyyən edilməsi, strateji və illik fəaliyyət planının təsdiqi, kitabxana və informasiya texnologiyaları xidmətlərinin əsaslarının işlənib hazırlanması, adlı və məqsədli təqaüdlərin təsdiqi, tələbə-karyera hazırlığı və məzunlarla işin təşkili qaydalarının müəyyən edilməsi, elmi dərəcələrə və elmi adlara təqdimetmə, Universitetin fəxri professoru (doktoru) adının verilməsi daxildir. Senat, eyni zamanda, Rektorun və dekanların illik hesabatlarını dinləyir, Universitetin nizamnaməsinə əlavə və dəyişikliklər təklif edir.

Senatın üzvləri iki il müddətinə seçilir.

2.6. Universitetin ali məşvərətçi orqanı Universitetin Qəyyumlar Şurasıdır (bundan sonra - Qəyyumlar Şurası). Qəyyumlar Şurası Universitetin strateji fəaliyyəti və onun istiqamətləri barədə məsləhətlər verir.

Qəyyumlar Şurasının tərkibi 9 nəfərdən az olmamaqla müəyyənləşdirilir.

Qəyyumlar Şurası daimi və seçilən üzvlərdən ibarətdir. Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının təhsil naziri və Universitetin Rektoru Qəyyumlar Şurasının daimi üzvləridir. Qəyyumlar Şurasının digər üzvləri onun illik iclasında 2 il müddətinə seçilir. Qəyyumlar Şurasının səlahiyyətləri, fəaliyyət istiqamətləri və fəaliyyətinin təşkili qaydası onun iclasında qəbul olunmuş və Rektor tərəfindən təsdiq edilmiş “Universitetin Qəyyumlar Şurası haqqında Əsasnamə” ilə müəyyən olunur.

2.7. Qəyyumlar Şurası:

2.7.1. Universitetin strateji inkişaf istiqamətlərinə dair təkliflər verir, Universitetə əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının təkmilləşdirilməsinə dəstək verir;

2.7.2. Universitetin daimi maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir əldə edilməsi ilə bağlı təkliflər verir;

2.7.3. Universitetin illik büdcəsi və onun icrası, Universitetin fəaliyyəti, əmlakından istifadə olunması və Universitetin illik audit nəticələrinə dair Rektorun hesabatlarını dinləyir;

2.7.4. təhsil sahəsində qabaqcıl meyillərin Universitetdə tətbiqi ilə bağlı təşəbbüslər irəli sürür, Universitetin beynəlxalq əlaqələrini möhkəmləndirir, onun brendinin formalaşdırılmasına və inkişafına kömək edir.

2.8. Universitetin fəaliyyətinə rəhbərliyi Rektor həyata keçirir.

Rektor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Rektor olmadıqda Universitetin fəaliyyətinə rəhbərliyi Rektorun səlahiyyət verdiyi prorektor həyata keçirir.

2.9. Rektor:

2.9.1. Universitetin elm, təlim, tədris, tədqiqat, istehsal, maliyyə, təsərrüfat və digər fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;

2.9.2. Universiteti dövlət orqanları və təşkilatları, digər yerli və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir;

2.9.3. Universitet adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təsisatlarında hesablar açır;

2.9.4. icrası məcburi olan əmr, sərəncam və digər yazılı göstərişlər verir;

2.9.5. Senatın qərarlarını təsdiq edir və Qəyyumlar Şurasının məsləhətlərini həyata keçirir;

2.9.6. işçilərlə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin əməyinin ödənilməsini və onların peşəkar inkişafını təşkil edir;

2.9.7. Universitetin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir, prorektorları vəzifəyə təyin edir, dekanları isə Senatın təqdimatı əsasında vəzifəyə təsdiq edir, işçilərin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;

2.9.8. Universitetin struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri və daxili intizam qaydalarını təsdiq edir;

2.9.9. Universitetdə maddi vəsaitlərin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, maliyyə və vergi orqanlarına təqdim olunacaq hesabatları imzalayır, öz səlahiyyəti çərçivəsində Universitetin əmlakına və vəsaitlərinə dair sərəncam verir;

2.9.10. Universitetin daimi maliyyə fonduna və onun fəaliyyətinin bütün istiqamətlərinə nəzarət edir;

2.9.11. Universitetin beynəlxalq münasibətlərini müəyyən edir, onun təşkilat və birliklərə üzvlüyünə, xaricdəki fəaliyyətinə və ya təmsilçiliyinə nəzarət edir;

2.9.12. Universitetin fəaliyyəti ilə bağlı digər məsələləri həll edir.

2.10. Universitetin idarə olunması bu Nizamnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq kadr hazırlığı, Universitetin beynəlxalq nüfuzunun gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsi, Universitetə xarici tələbələrin cəlb olunması və digər məsələlərlə bağlı Universitetə təkliflər verə bilər. Universitetin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə münasibətləri müqavilə əsasında müəyyən edilir.

2.11. Universitetin əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, daimi maliyyə fondları, tədqiqat və innovasiya mərkəzləri yaratmaq, belə fond və mərkəzləri azad bazar prinsipləri əsasında idarə etmək hüququ vardır.

2.12. Universitetdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

3. Fəaliyyət istiqamətləri

3.1. Universitetin hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq, həmin müqavilələrə uyğun olaraq ödənişli əsaslarla xidmətlər göstərmək hüququ vardır.

3.2. Universitet aşağıdakı istiqamətlər üzrə fəaliyyət və xidmətlər (o cümlədən ödənişli əsaslarla) göstərir:

3.2.1. müxtəlif ixtisaslar üzrə təhsil proqramlarının təsisi, tədrisi və mütəхəssislərin hazırlanması;

3.2.2. elm sahələri üzrə fundamental və tətbiqi elmi tədqiqatlar aparılması, elmi-pedaqоji kadrlar hazırlanması;

3.2.3. xarici dillərin tədrisi, ixtisasartırma və digər istiqamətlərdə əlavə təhsilin həyata keçirilməsi;

3.2.4. pedaqogika, fərdin inkişafı və təhsilin idarə olunması sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparılması. Bu məqsədlə müasir tələblərə cavab verən məktəbəqədər və ümumi təhsil proqramlarının təsis olunması və eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrində təlim və tədrisinin həyata keçirilməsi;

3.2.5. tədqiqat və innovasiya mərkəzinin yaradılması, həmin mərkəzdə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi, bu mərkəz vasitəsilə elmin və təhsilin təkmilləşdirilməsi, əqli mülkiyyət hüquqlarının əldə olunması;

3.2.6. mühəndislik, informasiya texnologiyaları, biznesin və təhsilin idarə olunması, ictimai və beynəlxalq münasibətlər və Universitetin profilinə uyğun olan digər sahələrdə konsaltinq və marketinq xidmətlərinin göstərilməsi;

3.2.7.     dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin, beynəlxalq təşkilatların maliyyələşdirdiyi məqsədli proqram və layihələrin həyata keçirilməsi;

3.2.8. mədəni və maarif xidmətlərinin göstərilməsi;

3.2.9. Universitetin işçiləri, professor-müəllim heyəti və tələbələrinə tibbi-profilaktik xidmət göstərilməsi;

3.2.10. idman və bədən tərbiyəsi xidməti göstərilməsi;

3.2.11. elmi konfrans, seminar, simpozium və forumların keçirilməsi;

3.2.12. çap, nəşriyyat, audio, video, multimedia işinin təşkili, idarə olunması və xidmət kimi təklifi;

3.2.13. xaricdə fəaliyyət göstərən fondlar və tədqiqat mərkəzləri vasitəsilə universitetin beynəlxalq nüfuzunun və fəaliyyətinin gücləndirilməsi, Universitetə əcnəbi tələbələrin cəlb olunması, Universitet tələbələrinin xaricdə iş təcrübəsinin təşkili, beynəlxalq təhsil müəssisələri ilə tələbə və müəllim mübadiləsi, birgə nəşrlərin və tədbirlərin təşkil olunması;

3.2.14. təhsilalanlar üçün yataqxana, Universitetin qonaqları üçün mehmanxana, inzibati və müəllim heyəti üçün mənzil xidmətinin təşkili və idarə olunması;

3.2.15. yeməkxana xidmətinin təşkili və idarə olunması;

3.2.16. təsərrüfat xidmətlərinin təşkili;

3.2.17. digər qanuni xidmətlərin göstərilməsi.

4. Universitetə qəbul

4.1. Universitetə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

4.2. Universitetə Azərbaycan Respublikası vətəndaşlarının qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada və sahənin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

4.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Universitetə qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə Universitetlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq həyata keçirilir.

4.4. Universitet qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir. Universitetə qəbul planını Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya müəyyən edir.

4.5. Universitet əlavə təhsilə qəbul planını sərbəst müəyyən edir.

4.6. Universitetdə təhsil ödənişli əsaslarla həyata keçirilir.

5. Tədris fəaliyyəti və təhsilin təşkili

5.1. Universitetdə elm, təlim və tədris aşağıdakı məqsədlərə xidmət edir:

5.1.1. fərdin intellektual, mədəni və mənəvi dəyərlərə olan ehtiyacını elm və təhsil vasitəsilə ödəmək;

5.1.2. dövlətin və cəmiyyətin ali təhsilli, yüksəkixtisaslı və müasir tələblərə cavab verən kadrlara olan ehtiyacını ödəmək;

5.1.3. mənəvi, mədəni və elmi dəyərləri qorumaq, təbliğ etmək və artırmaq;

5.1.4. təhsilalanların müxtəlif ixtisaslar üzrə nəzəri və praktik biliyini artırmaq, tədqiqat və analitik qabiliyyətini gücləndirmək, onlara xarici dilə yiyələnmək imkanı yaratmaq, onlarda karyera hazırlığı, ünsiyyət və digər bacarıqlar aşılamaq;

5.1.5. təhsilalanların və işçilərin vətənpərvərlik, vətəndaşlıq və sosial məsuliyyət hissini gücləndirmək;

5.1.6. xarici vətəndaşlara yüksək səviyyəli təhsil almaq, Azərbaycanın intellektual, mədəni, mənəvi irsi və dəyərləri ilə tanış olmaq imkanı vermək, onların ixtisasının artırılmasına kömək etmək;

5.1.7. Universitetin profilinə uyğun olan elmi-pedaqoji kadrlar hazırlamaq, onların elmi potensialını və peşəkarlığını daim artırmaq.

5.2. Bu Nizamnamənin 5.1-ci bəndində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün Universitet təhsili aşağıdakı yollarla təşkil edir:

5.2.1. bakalavriat, magistratura və doktorantura üzrə üç səviyyədən ibarət müxtəlif ixtisaslar üzrə proqramları təsis və tədris edir;

5.2.2. ixtisasartırma və digər ömürboyu təhsil məqsədləri üçün əlavə təhsil proqramlarını təsis və tədris edir;

5.2.3. Universitet nəzdində fəaliyyət göstərən eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrində məktəbəqədər və ümumi təhsil proqramlarını təsis və tədris edir.

5.3. Universitet bütün təhsil pillələri və proqramları üzrə aşağıdakı qərarları verməkdə və onları icra etməkdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn dövlət təhsil standartları çərçivəsində sərbəstdir:

5.3.1. təhsilin bütün səviyyələri üzrə müddətini müəyyən etmək;

5.3.2. tədris proqramı, prosesi, dərslik və vasitələrini təşkil etmək, onları vaxtaşırı təkmilləşdirmək və monitorinqini həyata keçirmək;

5.3.3. tədris proqramını, imtahan və testlərin illik cədvəlini müəyyən etmək;

5.3.4. tədrisin forma, metodologiya və vasitələrini müəyyən etmək;

5.3.5. təhsilin yekunlarına görə tələbə və dinləyicilərin biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək;

Universitetdə təhsil pillələri, ixtisaslar və proqramlar üzrə bu Nizamnamənin 5.3-cü bəndində nəzərdə tutulmuş qərarlar Senat tərəfindən hazırlanmış və Rektor tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir.

5.4. Universitetdə tədris Azərbaycan və ingilis dillərində aparılır. Universitetdə digər xarici dillərin tədrisi mümkündür. Təhsil proqramı və ya fənn üzrə tədris dili müvafiq fakültənin təqdimatı əsasında Universitetin Senatı tərəfindən müəyyən edilir.

5.5. Ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə Universiteti bitirməsi barədə dövlət nümunəli sənəd - diplom verilir. Həmin diploma əlavədə təhsilalanların mənimsədiyi fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.

5.6. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir.

6. Elmi fəaliyyət

6.1. Universitetdə mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.

6.2. Elmi tədqiqat işlərinin mövzu üzrə planı və onlara dair hesabat elmi bölmə və fakültələrin elmi şuraları tərəfindən təsdiq olunur.

6.3. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir.

6.4. Universitetdə aparılan elmi araşdırmalar dövlət büdcəsi, müxtəlif fondlar, Universitetin büdcədənkənar və sifarişlər əsasında daxil olan vəsaitləri, eləcə də qrant və ianələr hesabına həyata keçirilir.

6.5. Universitetdə elmi və elmi-pedaqoji kadrların hazırlanması doktoranturada, həmçinin elmi dərəcə almaq istəyənlərin elmi tədqiqat institutlarına təhkim edilməsi, dissertasiyalar üzərində işi tamamlamaq üçün yaradıcılıq məzuniyyətlərinin verilməsi vasitəsilə aparılır.

6.6. Universitetdə elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə reallaşdırılır. Universitetin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, dosent və professor elmi adları verilir.

6.7. Universitetin fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi meyarlarını və qaydalarını Rektor təsdiq edir. Fəxri professor (doktor) adının verilməsi haqqında qərar Senat tərəfindən qəbul edilir.

7. Maliyyə-təsərrüfat fəaliyyəti

7.1. Universitet aşağıdakı mənbələrdən maliyyələşdirilir:

7.1.1. dövlət vəsaiti;

7.1.2. ödənişli təhsildən əldə olunan vəsait;

7.1.3. Universitetin bu Nizamnamənin 3-cü bölməsinə uyğun olaraq göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait;

7.1.4. Universitetin yaratdığı fondlardan ayrılan illik subsidiyalar;

7.1.5. hüquqi və fiziki şəxslərin, o cümlədən xarici hüquqi və fiziki şəxslərin və beynəlxalq təşkilatların qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri, sponsorluq və digər yardımları;

7.1.6. Universitetin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız digər əmlakın satışından və icarəsindən əldə edilən vəsait;

7.1.7. digər qanuni vəsaitlər.

7.2. Universitetin əmlakı dövlət və bələdiyyə tərəfindən onun istifadəsinə, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, həmçinin fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından və digər qanuni əmlakdan ibarətdir.

Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Rektor həyata keçirir.

Universitet göstərdiyi xidmətlər nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və digər qanuni əmlak əldə edə bilər.

Universitetin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər və ya ianələr hesabına əldə etdiyi əmlak onun mülkiyyətinə daxil edilir.

7.3. Universitetin əldə etdiyi gəlir və vəsaitlər elmin və təhsilin inkişafına, daimi maliyyə fondunun, kitabxanaların və kitabxana vəsaitlərinin yaradılmasına, təqaüd şəklində tələbələrə ayrılan maddi yardıma, elmi-pedaqoji və inzibati kadrların professional inkişafına və onların maddi həvəsləndirilməsinə yönəldilir.

Universitet əldə etdiyi gəlir və vəsaitlərin xərclənməsi istiqamətlərini sərbəst müəyyən edir. Universitet işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini müəyyən edir və işçilərin sosial müdafiəsinə yönəldilmiş fond yarada bilər.

7.4. Universitet öz məqsəd və vəzifələrini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində və xaricdə fondlar yarada bilər. Fondların məqsədi Universitetin dövlət büdcəsindən maliyyə müstəqilliyini və gələcəkdə maliyyə sabitliyini təmin etməkdir.

Fondların əmlakı ianələr, qrantlar və digər qanuni mənbələr hesabına formalaşır. Universitetin əldə etdiyi gəlir və vəsaitlər birbaşa bu fondlara köçürülə bilər. Fondların əldə etdiyi gəlir və vəsaitlərdən yalnız Universitetin məqsədləri üçün istifadə edilir.

7.5. Universitet öz maddi-texniki bazasında tədqiqat və innovasiya mərkəzləri yarada bilər. Tədqiqat və inkişaf məqsədi daşıyan bu mərkəzlər elmin və təhsilin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi tədqiqatların aparılması, yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi, ölkədə elmin və təhsilin təkmilləşdirilməsi, əqli mülkiyyət hüquqlarının əldə olunması istiqamətində fəaliyyət göstərir.

Tədqiqat və innovasiya mərkəzləri əldə etdiyi gəlir və vəsaitləri yalnız Universitetin məqsədləri üçün istifadə edir.

7.6. Universitet əlavə gəlir əldə etmək məqsədi ilə bu Nizamnamədə və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

7.7. Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

8. Universitetin təhsil sahəsində beynəlxalq əlaqələri

8.1. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət istiqamətlərinə uyğun olaraq, xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

8.2. Universitetin beynəlxalq və birgə təhsil proqramlarını həyata keçirmək hüququ vardır. Həmin təhsil proqramları üzrə mütəxəssis hazırlığı müqavilələrə və bu Nizamnaməyə uyğun olaraq tənzimlənir.

8.3. Universitet Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunmuş şərtlərə əməl etməklə, Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda filial və nümayəndəliklər, hüquqi şəxs statuslu tədqiqat mərkəzləri, fondlar, yarada bilər. Universitet xarici ölkələrdə tədqiqat mərkəzləri və fondlar yaratmaqda sərbəstdir. Universitet bu kimi tədqiqat mərkəzləri və fondların maliyyələşməsi üçün öz büdcəsindən vəsait ayıra bilər. Universitetin xarici ölkələrdə filialları və nümayəndəlikləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra açılır.

8.4. Universitetin xaricdəki filialları və nümayəndəlikləri öz funksiyalarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmayıbsa, həmin ölkənin qanunvericiliyinə əsasən və Universitetin təsdiq etdiyi filial və nümayəndəlik haqqında əsasnaməyə uyğun həyata keçirirlər.

9. Universitetin yenidən təşkili və ləğvi

9.1. Universitetin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

9.2. Universitet ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

9 İyul 2014, 09:07

http://www.azertag.net

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...