2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 oktyabr 2015-ci il tarixli 111 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Əli Nadir oğlu və digərləri 28 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Ülvi Zahid oğlunun qanunsuz seçkiqabağı təşviqat aparması ilə əlaqədar verilmiş şikayət üzrə dairə seçki komissiyasının 26 oktyabr 2015-ci il tarixli 27/65 saylı qərarını mübahisələndirmiş, həmin qərarın və Ü.Z.Quliyevin namizəd kimi qeydiyyatının ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Ərizəçilər müraciəti onunla əsaslandırmışlar ki, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Ü.Z.Quliyevin həmin seçki dairəsinin 10 və 11 saylı seçki məntəqələri üzrə yayılan təşviqat materialında tiraj, çap tarixi, sifarişçinin adı və onu çap edən mətbəənin rekvizitləri göstərilməmiş, A.M.Şərifzadə küçəsi 203 “V” ünvanında yerləşən 138 nömrəli poçt şöbəsinin inzibati binasının ön şüşəsində namizədin təşviqat materialı yapışdırılmış və namizəd 19 oktyabr 2015-ci il tarixdə 4 saylı seçki məntəqəsində seçicilərlə görüş keçirmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlərlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, onların Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin seçki dairəsi üzrə qeydə alınmış namizədlər Ə.Əliyev və N.Mehdiyevin eyni xarakterli müraciətləri 23 və 25 oktyabr 2015-ci il tarixlərində dairə seçki komissiyasına daxil olmuş, komissiya həmin müraciətlərə müəyyən edilmiş qaydada və müddətdə baxmış, müraciətdə iddia olunan qanun pozuntuları araşdırma zamanı öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Təqdim edilmiş materialların araşdırılması zamanı müəyyən edilmişdir ki, 15 saylı Yasamal birinci seçki dairəsinin 10 və 11 saylı seçki məntəqələri üzrə Ü.Z.Quliyevin yayılmış təşviqat materialında bu materialı hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialın tirajı və buraxılış tarixi barədə məlumatın olmaması barədə iddialar öz təsdiqini tapmamışdır.
Namizəd çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və onların nümunələrini, bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumatları əvvəlcədən dairə seçki komissiyasına təqdim etmişdir.
Dairə seçki komissiyası sədrinin, 138 saylı poçt şöbəsinin rəisi İ.Kələntərovun və namizəd Ü.Z.Quliyevin izahatlarından görünür ki, həmin poçt şöbəsinin inzibati binasının ön şüşəsində Ü.Z.Quliyevin təşviqat materialının yerləşdirilməsi barədə namizəd xəbər tutduqdan dərhal sonra dairə seçki komissiyasına müraciət etmiş, komissiya həmin təşviqat materialının oradan çıxarılması üçün müvafiq tədbir görmüşdür.
Seçki Məcəlləsinin 87.3-cü və 87.4-ü maddələrinə görə, seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır və çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir.
Araşdırma ilə müəyyən edilmişdir ki, 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində mövcud olan 2 saylı Baza Tibb Kollecinin inzibati binasında həmin dairənin 4 saylı seçki məntəqəsi yerləşir. Həmin seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri S.S.Zeynalova, komissiya üzvləri G.Ə.Cəfərova, A.B.Vəkilova, C.A.Muradova, M.N.Kərimova və N.Q.Ələsgərovanın izahatlarından və iş üzrə təqdim edilmiş digər materiallardan görünür ki, namizəd Ü.Z.Quliyev həmin seçki məntəqəsində seçicilərlə görüş keçirməmiş və sosial şəbəkədə yayılmış foto və videogörüntülər isə namizədin digər yerdə seçicilərlə keçirdiyi görüşə aiddir.
Seçki Məcəlləsinin 86.3-cü və 86.4-cü maddələrinə görə, seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer (otaq, bina) qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyaların blokuna, seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi qeydə alınmış digər namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna eyni istifadə şərtləri ilə həmin yeri (otağı, binanı) verməkdən imtina edə bilməz. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.
Müəyyən edilmişdir ki, dairə seçki komissiyası mübahisələndirilən qərarı qəbul edərkən düzgün hüquqi nəticəyə gəlmiş, həmin qərarın və Ü.Z.Quliyevin namizəd kimi qeydiyyatının ləğv edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının 26 oktyabr 2015-ci il tarixli 27/65 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 86-cı, 87-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Əli Nadir oğlu və digərlərinin 28 oktyabr 2015-ci il tarixli 111 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 26 oktyabr 2015-ci il tarixli 27/65 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 Oktyabr 2015, 09:1019 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası)–“Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil... ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
19 Noyabr 2013, 09:11
“2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Noyabr 2013, 09:11
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında məşvərətçi səs ... ətraflı...
13 Noyabr 2013, 09:11
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Mərkəzi Seçki Komissiyasının 16 oktyabr və 17 oktyabr 2013-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Oktyabr 2013, 08:10
Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında ətraflı...