2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 oktyabr 2015-ci il tarixli 111 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Əli Nadir oğlu və digərləri 28 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Ülvi Zahid oğlunun qanunsuz seçkiqabağı təşviqat aparması ilə əlaqədar verilmiş şikayət üzrə dairə seçki komissiyasının 26 oktyabr 2015-ci il tarixli 27/65 saylı qərarını mübahisələndirmiş, həmin qərarın və Ü.Z.Quliyevin namizəd kimi qeydiyyatının ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Ərizəçilər müraciəti onunla əsaslandırmışlar ki, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Ü.Z.Quliyevin həmin seçki dairəsinin 10 və 11 saylı seçki məntəqələri üzrə yayılan təşviqat materialında tiraj, çap tarixi, sifarişçinin adı və onu çap edən mətbəənin rekvizitləri göstərilməmiş, A.M.Şərifzadə küçəsi 203 “V” ünvanında yerləşən 138 nömrəli poçt şöbəsinin inzibati binasının ön şüşəsində namizədin təşviqat materialı yapışdırılmış və namizəd 19 oktyabr 2015-ci il tarixdə 4 saylı seçki məntəqəsində seçicilərlə görüş keçirmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlərlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, onların Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin seçki dairəsi üzrə qeydə alınmış namizədlər Ə.Əliyev və N.Mehdiyevin eyni xarakterli müraciətləri 23 və 25 oktyabr 2015-ci il tarixlərində dairə seçki komissiyasına daxil olmuş, komissiya həmin müraciətlərə müəyyən edilmiş qaydada və müddətdə baxmış, müraciətdə iddia olunan qanun pozuntuları araşdırma zamanı öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Təqdim edilmiş materialların araşdırılması zamanı müəyyən edilmişdir ki, 15 saylı Yasamal birinci seçki dairəsinin 10 və 11 saylı seçki məntəqələri üzrə Ü.Z.Quliyevin yayılmış təşviqat materialında bu materialı hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialın tirajı və buraxılış tarixi barədə məlumatın olmaması barədə iddialar öz təsdiqini tapmamışdır.
Namizəd çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və onların nümunələrini, bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumatları əvvəlcədən dairə seçki komissiyasına təqdim etmişdir.
Dairə seçki komissiyası sədrinin, 138 saylı poçt şöbəsinin rəisi İ.Kələntərovun və namizəd Ü.Z.Quliyevin izahatlarından görünür ki, həmin poçt şöbəsinin inzibati binasının ön şüşəsində Ü.Z.Quliyevin təşviqat materialının yerləşdirilməsi barədə namizəd xəbər tutduqdan dərhal sonra dairə seçki komissiyasına müraciət etmiş, komissiya həmin təşviqat materialının oradan çıxarılması üçün müvafiq tədbir görmüşdür.
Seçki Məcəlləsinin 87.3-cü və 87.4-ü maddələrinə görə, seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır və çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir.
Araşdırma ilə müəyyən edilmişdir ki, 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində mövcud olan 2 saylı Baza Tibb Kollecinin inzibati binasında həmin dairənin 4 saylı seçki məntəqəsi yerləşir. Həmin seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri S.S.Zeynalova, komissiya üzvləri G.Ə.Cəfərova, A.B.Vəkilova, C.A.Muradova, M.N.Kərimova və N.Q.Ələsgərovanın izahatlarından və iş üzrə təqdim edilmiş digər materiallardan görünür ki, namizəd Ü.Z.Quliyev həmin seçki məntəqəsində seçicilərlə görüş keçirməmiş və sosial şəbəkədə yayılmış foto və videogörüntülər isə namizədin digər yerdə seçicilərlə keçirdiyi görüşə aiddir.
Seçki Məcəlləsinin 86.3-cü və 86.4-cü maddələrinə görə, seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer (otaq, bina) qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyaların blokuna, seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi qeydə alınmış digər namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna eyni istifadə şərtləri ilə həmin yeri (otağı, binanı) verməkdən imtina edə bilməz. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.
Müəyyən edilmişdir ki, dairə seçki komissiyası mübahisələndirilən qərarı qəbul edərkən düzgün hüquqi nəticəyə gəlmiş, həmin qərarın və Ü.Z.Quliyevin namizəd kimi qeydiyyatının ləğv edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının 26 oktyabr 2015-ci il tarixli 27/65 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 86-cı, 87-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Əli Nadir oğlu və digərlərinin 28 oktyabr 2015-ci il tarixli 111 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 26 oktyabr 2015-ci il tarixli 27/65 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 Oktyabr 2015, 09:1027 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli... ətraflı...
27 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
25 Noyabr 2013, 09:11
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Noyabr 2013, 09:11
V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
21 Noyabr 2013, 09:11
Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə ətraflı...
21 Noyabr 2013, 09:11
Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman ətraflı...
21 Noyabr 2013, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
21 Noyabr 2013, 09:11
M.X.Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2013, 08:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2013, 08:11
Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...