2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 sentyabr 2015-ci il tarixli 11 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Rüstəmov Elxan Əvdil oğlu 25 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyi 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Səmədbəyli Arzu Həbib oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış araşdırma prosesinə dəvət edilmiş, o, araşdırmada və Komissiyanın iclasında iştirak etmişdir.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi E.Ə.Rüstəmov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə A.H.Səmədbəylinin namizədliyi 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmiş, işçi qrupunun protokolunun surətini və rəyi səlahiyyətli nümayəndəyə təqdim etməmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş A.H.Səmədbəylinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, aidiyyəti dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlər əsasında müəyyən edilmişdir ki, imza vərəqələrinə daxil edilmiş 547 seçicinin 153 nəfərinin şəxsiyyət vəsiqəsi əsasında imza vərəqələrində qeyd edilmiş məlumatları qeyri-düzgündür. Belə ki, imza vərəqələrində adları qeyd olunan 48 nəfərin respublika ərazisində ümumiyyətlə qeydiyyatı yoxdur, 103 seçicinin şəxsiyyət vəsiqəsinin nömrəsi imza verən şəxslərə məxsus deyil, 1 nəfər isə 18.08.2013-cü ildə vəfat etmişdir. Yerdə qalan seçici imzası yoxlanılmaqla etibarlılığı müəyyən edilsə belə o, namizədin qeydə alınması üçün kifayət etmədiyindən həmin məlumatların yoxlanılması prosesi dayandırılmışdır.
Ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri sənədlərin yoxlanılması, dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, habelə, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsinə dair iddialar öz təsdiqini tapmamışdır.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 27 sentyabr 2015-ci il tarixli protokol və rəydən görünür ki, imza vərəqələrinə daxil edilmiş 547 seçicidən şəxsiyyətini təsdiq edən məlumatları qeyri-düzgün olan 117-nin imzası etibarsız hesab edilmişdir.
Seçki Məcəlləsinin 59.7-ci və 59.7.1-ci maddələrinə görə müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərilən seçicilərin imzaları qeyri-düzgün imza hesab edilir.
Seçki Məcəlləsinin 59.12-ci maddəsinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Bununla da dairə seçki komissiyası Seçki Məcəlləsinin 59.12-ci maddəsinə uyğun olaraq, A.H.Səmədbəylinin namizəd kimi qeydə alınmasından imtina edərkən düzgün nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının A.H.Səmədbəylinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 23 sentyabr 2015-ci il tarixli 18/3 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Rüstəmov Elxan Əvdil oğlunun 25 sentyabr 2015-ci il tarixli 11 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və namizədliyi 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Səmədbəyli Arzu Həbib oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 23 sentyabr 2015-ci il tarixli 18/3 saylı qərarı qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 Sentyabr 2015, 09:0924 İyul 2023, 12:07
Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 İyul 2023, 15:07
M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 İyul 2023, 14:07
“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI ətraflı...
8 İyul 2023, 14:07
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 İyun 2023, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2023, 14:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2023, 14:06
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...