"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 54

Bakı şəhəri, 3 mart 2015-ci il

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmişdir

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi

QAYDASI

 1.   Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları (bundan sonra - əməkdaşlar) tərəfindən preventiv tədbirlərin həyata keçirilməsi məsələlərini tənzimləyir.

1.2. Əməkdaşlar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərlə preventiv tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarını, habelə digər normativ hüquqi aktları və bu Qaydanı rəhbər tutur.

1.3. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərlə preventiv tədbirlərin həyata keçirilməsi təcrübəsi - cinayətin səbəblərinin və törədilməsinə şərait yaradan halların aşkar edilərək aradan qaldırılması, hüquqazidd davranışa meyilli şəxslərin (hazırda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş) cinayət əməllərinin qarşısının alınması məqsədi ilə belə şəxslərə və onlara yaxın təmasda olanlara fərdi profilaktik təsirin göstərilməsidir.

1.4. Preventiv tədbirlərin həyata keçirilməsi fəaliyyəti dövlətin, cəmiyyətin və eləcə də ayrı-ayrı fərdlərin cinayətkar qəsdlərdən qorunması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi zamanı cəmiyyətdə baş verən qanunazidd proseslərlə mübarizə, bu sahədə cinayətkarlığın qarşısının alınması və azaldılaraq aradan qaldırılması məqsədi ilə həyata keçirilir.

 2.   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlər

2.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı aşağıdakı preventiv tədbirlər həyata keçirilir:

2.1.1. narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilmiş, eləcə də müvafiq cinayətlərə görə cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin polis orqanlarında qeydiyyata götürülməsi, onların islah olunması istiqamətində maarifləndirici və profilaktik işlərin aparılması;

2.1.2. narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətmiş şəxslərin, habelə inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ətrafında əməliyyat-profilaktik tədbirlərin keçirilməsi;

2.1.3. narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması;

2.1.4. aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə narkotik vasitələrdən istifadənin insan orqanizminə mənfi təsiri və onların yaratdığı təhdidlərlə bağlı maarifləndirmə və təbliğat işinin aparılması, müvafiq seminar və konfransların təşkil edilməsi;

2.1.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərin sağlam həyat tərzinə qaytarılması və yenidən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələrinin və televiziya kanallarının imkanlarından istifadə olunması.

 3. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsinin təşkili

3.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı həyata keçirilən preventiv tədbirlərin təşkili sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları:

3.1.1. preventiv tədbirlərin əsas istiqamətlərini müəyyənləşdirir və cinayətin qarşısının alınması yönümündə fəaliyyətin metodiki təminatını həyata keçirir;

3.1.2. öz səlahiyyətləri çərçivəsində preventiv tədbirlərin həyata keçirilməsi mexanizminə nəzarət etməklə, ərazi polis orqanlarına əməli və metodiki köməklik göstərilməsini təmin edirlər;

3.1.3. cinayətkarlığın sosial vəziyyətini təhlil edir, cinayətin kriminogen vəziyyətini uzunmüddətli proqnozlaşdırır, əməliyyat şəraitinə təxirəsalınmadan reaksiya verilməsi üçün təklif və tövsiyələr hazırlayır, kompleks proqramlar işləyir, cinayətin qarşısının alınması problemləri üzrə beynəlxalq təcrübəni öyrənir (Baş Narkotiklərlə Mübarizə İdarəsi);

3.1.4. cinayətin kriminoloji vəziyyətinin təhlilindən irəli gələn və əməliyyat şəraiti baxımından daha mürəkkəb vəziyyəti olan ərazi polis orqanlarında kompleks və məqsədyönlü profilaktik tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin edirlər (Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İctimai Təhlükəsizlik İdarəsi);

3.1.5. aidiyyəti icra hakimiyyəti orqanları, idarə, müəssisə, təşkilat, ictimai və dini qurumlarla birgə müvafiq normativ hüquqi aktların hazırlanmasında iştirak edir;

3.1.6. göstərilən məsələlər üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsini təmin edir.

 4. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi

4.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

4.1.1. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində baş vermiş cinayətlərin törədilməsinin səbəb və şəraitinin aşkarlanması, təhlili və aradan qaldırılması üzrə tədbirlərin görülməsini;

4.1.2. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayət törətməyə meyilli şəxslərin müəyyənləşdirilərək, onların profilaktik qeydiyyata götürülməsini;

4.1.3. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayət törədilməsinə hazırlıq görən və yaxud buna cəhd göstərən şəxslərin aşkar olunaraq, həmin şəxslərin qanunazidd əməllərinin qarşısının alınmasını;

4.1.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayətlərin qarşısının alınması üzrə əməli fəaliyyətə beynəlxalq təşkilatların, vətəndaşların və ictimai birliklərin cəlb edilməsini;

4.1.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində:

4.1.5.1. ilk dəfə cinayət törətmiş şəxslərə;

4.1.5.2. residiv cinayət törətmiş şəxslərə;

4.1.5.3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-240-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxslərə;

4.1.5.4. yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslərə;

4.1.5.5. cinayət törətmiş əlil şəxslərə;

4.1.5.6. cinayət törətmiş qadınlara;

4.1.5.7. cinayət törətmiş əcnəbi vətəndaşlara qarşı cinayətkarın sosial vəziyyəti nəzərə alınmaqla, preventiv tədbirlərin tətbiqi vasitəsilə gələcəkdə belə hüquqpozmaların qarşısının alınmasını;

4.1.6. avaralıqla məşğul olan, daimi yaşayış yeri olmayan, yaşayış üçün nəzərdə tutulmayan yerlərdə gecələyən və eləcə də hər hansı bir cinayət əməlinə görə əvvəllər məhkum olunmuş şəxslərin aşkarlanaraq, onlarla preventiv-profilaktik tədbirlərin həyata keçirilməsini təmin edir.

4.2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi və şəhər, rayon polis orqanları:

4.2.1. tabeliklərində olan xidmətlərin, ərazi polis orqanlarının cinayətlərin qarşısının alınması üzrə vəzifələrinin icrasına, bu sahədə fəaliyyətlərinin həyata keçirilməsinə nəzarət edirlər;

4.2.2. aylıq, rüblük, yarımillik və illik təhlil və əməliyyat şəraitinin proqnozu əsasında preventiv tədbirlərin həyata keçirilməsi işinin təkmilləşdirilməsinə yönəldilmiş qərarlar qəbul edir, kompleks profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təmin edirlər;

4.2.3. ərazi polis orqanlarının təşkilati-inspektor qurumları digər xidmət sahələri ilə birlikdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində cinayətkarlığın vəziyyətini təhlil edir, bu sahədə kriminogen durumun proqnozlarını hazırlayır, əməliyyat şəraitinə təxirəsalınmadan reaksiya verilməsinə dair təkliflər verir, preventiv tədbirlərin təşkili üzrə kompleks proqramların işlənilib hazırlanmasında iştirak edir, kriminoloji tədqiqatların təşkilini həyata keçirir, preventiv tədbirlərin təşkili üzrə qanunvericiliyin öyrənilməsini təmin edirlər;

4.2.4. cinayətkarlığın profilaktikası işində planların hazırlanmasını və həyata keçirilməsini təmin edirlər;

4.2.5. preventiv tədbirlərin həyata keçirilməsi üzrə digər dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, idarə, beynəlxalq və yerli təşkilatlar, ictimai birliklər və vətəndaşlarla qarşılıqlı əlaqə yaradırlar;

4.2.6. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, idarə və təşkilatlara cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması istiqamətində təkliflər hazırlayıb göndərirlər;

4.2.7. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, idarə, təşkilat, habelə ictimai qurumlarla birlikdə vətəndaşların preventiv tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyətə cəlb edilməsi üçün tədbirlər görürlər;

4.2.8. daxili işlər orqanları haqqında ictimai fikrin müsbət yönümdə formalaşdırılması üçün kütləvi informasiya vasitələrindən istifadə etməklə, əhalini bu kimi cinayət əməllərindən qorunmağın yolları barədə məlumatlandırırlar.

4.3. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində şəhər, rayon polis orqanları:

4.3.1. xidməti ərazidə əməliyyat şəraitinin aylıq təhlilini aparırlar;

4.3.2. preventiv tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşların işini kompleks şəkildə qiymətləndirir və fəaliyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə tədbirlər görürlər;

4.3.3. xidməti ərazidə yerləşən yerli özünüidarəetmə orqanlarını, habelə idarə, təşkilat və müəssisələri bu kimi cinayətlərin törədilməsinə şərait yaradan hallar və onların aradan qaldırılması yolları haqqında məlumatlandırırlar;

4.3.4. müvafiq dövlət və bələdiyyə orqanları, idarə, təşkilat və müəssisələrlə, eləcə də ictimai birliklərlə qarşılıqlı əlaqə yaradırlar;

4.3.5. preventiv tədbirlərin gücləndirilməsi və əməliyyat şəraitinin yaxşılaşdırılması üzrə kompleks və məqsədyönlü əməliyyat-profilaktik tədbirlər həyata keçirirlər;

4.3.6. əldə edilmiş əməliyyat məlumatlarına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi zəminində vətəndaşların həyatına, sağlamlığına və əmlakına cinayətkar qəsd təhlükəsi yaranan zaman onların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görürlər;

4.3.7. cinayət törətməyə meyilli şəxsləri müəyyən edir, onlara qarşı preventiv tədbirlərin həyata keçirilməsini təmin edərək, onları qeydiyyata almaqla profilaktik nəzarətdə saxlayırlar;

4.3.8. azadlıqdan məhrumetmə yerlərindən qayıtmış şəxslərin yenidən qanunazidd əməllər törətməsinin qarşısının alınması üçün preventiv tədbirləri həyata keçirirlər;

4.3.9. ictimai birlikləri preventiv tədbirlərin həyata keçirilməsi fəaliyyətinə cəlb edirlər.

4.4. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində polis sahə inspektorları:

4.4.1. xidməti ərazidə əməliyyat və preventiv tədbirlərin həyata keçirilməsi şəraitinin aylıq təhlilini aparır, həmçinin şəhər, rayon polis orqanının rəhbərliyinə profilaktik işin effektliliyinin artırılması, eləcə də digər tədbirlərin həyata keçirilməsi üçün təkliflər verirlər;

4.4.2. müəssisə və təşkilat rəhbərləri tərəfindən bu kimi cinayətlərin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün müvafiq preventiv tədbirlərin vaxtında görülməsinə nəzarət edirlər;

4.4.3. xidməti ərazidə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlayan, əldə edən, satan, həkim təyinatı olmadan qəbul edən, belə vasitələrdən istifadəni təbliğ edən və həmçinin narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan şəxsləri müəyyən edir, yaranmış vəziyyət barədə müvafiq əməliyyat orqanlarını xəbərdar edir və səlahiyyətləri çərçivəsində belə şəxslərə qarşı müvafiq tədbirlər görürlər;

4.4.4. narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün iaşə müəssisələri təşkil edən, əxlaqsızlıq yuvaları saxlayan, yetkinlik yaşına çatmayanları bu kimi cinayət fəaliyyətinə və cəmiyyətdə birgəyaşayış normalarına zidd hərəkətlərə və avaralıqla məşğul olmağa cəlb edən şəxsləri müəyyən edirlər;

4.4.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi kimi həyat və sağlamlığın əleyhinə olan cinayətlərə qarşı qabaqlayıcı preventiv tədbirlər görürlər;

4.4.6. rübdə azı bir dəfə olmaqla, bu kimi cinayətlərlə əlaqədar hüquqi vəziyyət və preventiv tədbirlər sahəsində görülmüş işlər haqqında xidməti ərazidə yaşayan sakinləri məlumatlandırırlar;

4.4.7. ildə azı bir dəfə olmaqla, xidməti ərazidə daxili işlər orqanlarının digər hissələri, icra hakimiyyəti və yerli idarəetmə orqanları ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin saxlandığı obyektlərin yoxlanılmasında iştirak edir, onların mühafizəsinin təmin edilməsi üzrə preventiv tədbirlər görürlər;

4.4.8. xidməti ərazidə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan əcnəbi, həmçinin qeydiyyatı və vətəndaşlığı olmayan şəxslərə qarşı preventiv tədbirləri həyata keçirirlər;

4.4.9. xidməti ərazidə yaşayan əhalini, ictimai birliklərdə və digər mülki mühafizə müəssisələrində çalışan şəxsləri bu kimi cinayətlərin qarşısının alınması işinə cəlb edirlər;

4.4.10. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi kimi cinayətlərin residivinə yol vermiş şəxslərin təkrar bu kimi cinayət törətməsinin qarşısının alınması məqsədi ilə müvafiq preventiv tədbirləri həyata keçirirlər.

4.5. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili xidmətinin əməkdaşları:

4.5.1. xidməti ərazidə qeydiyyatda olan və yaşayan yetkinlik yaşına çatmayanlarla iş proqramından irəli gələn tələbləri nəzərə almaqla, ildə bir dəfədən az olmayaraq, aidiyyəti orqanların məlumatlandırılması üçün analitik materiallar hazırlayırlar;

4.5.2. yetkinlik yaşına çatmayanları belə cinayət fəaliyyətinə sövq və təhrik edən şəxsləri müəyyən edir, onlar barəsində tədbirlərin görülməsi üçün təkliflər verirlər;

4.5.3. yetkinlik yaşına çatmayanlar tərəfindən bu cür cinayət əməllərinin törədilməsinin qarşısını almaq məqsədi ilə preventiv tədbirlər həyata keçirirlər;

4.5.4. həkim təyinatı olmadan narkotik vasitələr və psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanları belə maddələrin istehlakına cəlb və təhrik edən şəxsləri müəyyənləşdirir, yetkinlik yaşına çatmayanların bu məqsədlə toplandıqları əraziləri, eləcə də narkotik maddələrin mümkün satışı, əldə olunma və istehlak yerlərini aşkarlayır və müvafiq tədbirlərin görülməsi üçün təklif verirlər;

4.5.5. xidməti ərazidə yaşayan sakinlərlə görüşlər keçirir, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində yetkinlik yaşına çatmayanlar arasında preventiv məqsədli mövzularla çıxışlar edir, əhalidə daxili işlər orqanlarının bu yönümdə fəaliyyəti barədə müsbət ictimai fikir yaradırlar.

4.6. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində post-patrul xidmətinin əməkdaşları:

4.6.1. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi kimi əməllərin qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsi məqsədi ilə narkotik vasitələrin qanunsuz nəql edilməsində istifadə olunan marşrutları, bu cür cinayətləri törətməyə meyilli şəxslərin gizlənə biləcəkləri ehtimal edilən yerləri aldığı məlumat əsasında yoxlayırlar;

4.6.2. ictimai yerlərdə narkotik vasitələrin və psixotrop maddələrin istehlakı ilə bağlı vətəndaşlar tərəfindən törədilən qanunazidd halların qarşısını alırlar;

4.6.3. avaralıqla məşğul olan və qeyri-sağlam həyat tərzi keçirən, baxımsız və nəzarətsiz qalmış, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında toksik sərxoşluq vəziyyətində olan yetkinlik yaşına çatmayanları müəyyən edir, yaranmış vəziyyətin aradan qaldırılması üçün preventiv tədbirlər həyata keçirirlər;

4.6.4. narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında toksik sərxoşluq vəziyyətində köməksiz qalan, həyat və sağlamlığı təhlükə altında olan şəxslərə lazımi köməklik göstərirlər;

4.6.5. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən onların satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsində daxili işlər orqanlarının digər xidmətləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər;

4.6.6. səlahiyyətləri çərçivəsində şərti məhkum və azad olunan şəxslər tərəfindən küçə və digər ictimai yerlərdə bu kimi cinayət əməllərinin törədilməsinin qarşısının alınması üçün preventiv tədbirləri həyata keçirirlər;

4.6.7. yaşayış üçün nəzərdə tutulmayan sahələrdə yaşayan və avaralıqla məşğul olanları müəyyən edir, onlara qarşı preventiv tədbirlərin həyata keçirilməsini təmin edirlər.

4.7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində dövlət yol polisi xidmətinin əməkdaşları:

4.7.1. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və təbliğinə dair materialların daşınması hallarının aşkar edilməsi məqsədi ilə əməliyyat məlumatı əsasında nəqliyyat vasitələrini saxlayır, onların sahiblərinin və sərnişinlərinin yoxlanılması üçün preventiv tədbirlər həyata keçirirlər.

4.8. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində mühafizə xidmətinin əməkdaşları:

4.8.1. mühafizəyə dair xidməti vəzifə borclarının yerinə yetirilməsi ilə yanaşı, post və marşrutlarda bu kimi cinayət əməllərinə məruz qalan vətəndaşların təhlükəsizliyinin təmin olunması və digər hüquqazidd əməllərin qarşısının alınması üçün preventiv tədbirlər həyata keçirirlər.

4.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində istintaq orqanlarının əməkdaşları:

4.9.1. yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilmiş bu kimi cinayət faktlarının ibtidai araşdırılması və istintaqı zamanı onları cinayətkar fəaliyyətə sövq və təhrik edən şəxslərin müəyyənləşdirilərək, məsuliyyətə cəlb edilmələri üçün tədbirlər görürlər.

4.10. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində cinayət-axtarış xidmətinin əməkdaşları:

4.10.1. vətəndaşların, xüsusilə yetkinlik yaşına çatmayanların narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olmalarının qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.

4.11. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları:

4.11.1. elmi tədqiqat müəssisələrinin mütəxəssislərinin iştirakı ilə insanların sağlamlığı əleyhinə yönəldilmiş əməllərə, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müvafiq monitorinq həyata keçirirlər;

4.11.2. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində kompleks profilaktik və preventiv tədbirlərin təşkili və həyata keçirilməsində iştirak edirlər.

4.12. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində nəqliyyatda polis orqanlarının əməkdaşları:

4.12.1. dəmiryol və avtobus vağzallarında, qatarlarda və stansiyalarda, platformalarda və dayanacaq məntəqələrində, hava və dəniz limanlarında, gəmilərdə və təyyarələrdə, ərazi aidiyyəti üzrə xətlərdə, eləcə də digər nəqliyyat obyektlərində bu kimi cinayətlərin və hüquqpozmaların qarşısının alınması, baş verə biləcək neqativ halların aradan qaldırılması üçün preventiv tədbirlər həyata keçirirlər;

4.12.2. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz olaraq bütün növ nəqliyyat vasitələri ilə daşınmasının qarşısının alınması istiqamətində preventiv tədbirlər görürlər.

4.13. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşları:

4.13.1. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və onun nəticələrinə dair məlumatların kütləvi informasiya vasitələri ilə yayımını təmin edirlər;

4.13.2. daxili işlər orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə bu kimi cinayətlərin qarşısının alınması üçün müvafiq tələblərinə uyğun olaraq, görüşlər, dəyirmi masalar, mətbuat konfransları, brifinqlər və monitorinqlərin keçirilməsini təşkil edirlər.

4.14. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin əməkdaşları:

4.14.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin razılığı əsasında, daxili işlər orqanlarında xidmət edən orta və kiçik rəis heyətinin peşə və döyüş hazırlığı, eləcə də əsasnamələrinə uyğun olaraq, ilkin, ixtisasartırma və yenidən hazırlıq, eləcə də əyani və qiyabi şöbələrdə ali təhsil alan əməkdaşların təlim-tədris prosesinin həyata keçirilməsində istifadə edilən tədris proqramlarına, tematik planlara preventiv tədbirlərin həyata keçirilməsi haqqında beynəlxalq təcrübədən irəli gələn tələb, təklif və tövsiyələri daxil edirlər;

4.14.2. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı beynəlxalq təcrübə nəzərə alınmaqla, preventiv tədbirlərin həyata keçirilməsi məsələlərini əhatə edən aktual mövzuların elmi tədqiqat baxımından araşdırılmasını, müzakirəsini və tədrisini təşkil edirlər;

4.14.3. qeyd edilən məsələ ilə əlaqədar beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məqsədi ilə təcrübəli və savadlı əməkdaşların xarici ölkələrə ezam edilmələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi qarşısında təkliflə çıxış edirlər;

4.14.4. əldə edilmiş nəticələri elmi tədqiqat yanaşmasının köməyi ilə analiz edərək, yekun müddəalar hazırlayır və illik iş planına uyğun olaraq hesabat məruzələrinə əlavə edirlər.

6 Mart 2015, 09:03

http://cabmin.gov.az/

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...