"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 10

Bakı şəhəri, 16 yanvar 2015-ci il

"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 may tarixli 170 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin

N İ Z A M N A M Ə S İ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi (bundan sonra - Məktəb) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir. Bu Nizamnamə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə uyğun olaraq hazırlan­mışdır və Məktəbin fəaliyyətini tənzimləyir.

1.2. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azər­baycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respub­likasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra - DSX) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, DSX rəisinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

1.3. Məktəbin yaradılması, yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

1.4. Məktəbin əsas məqsədi DSX-nin xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil almaq üçün namizədləri hazırlamaqdır.

1.5. Məktəbdə təhsil pulsuzdur.

1.6. Məktəbdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.7. Məktəbdə təhsilalanların (bundan sonra - kursantların) pul, əşya-geyim, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir. Kursantların geyim forması və fərqlənmə nişanları DSX hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları ilə eyni qaydada təsdiq olunur.

1.8. Məktəbdə tədris dili dövlət dili - Azərbaycan dilidir.

1.9. Məktəbin maddi-texniki bazası və təhsil infrastrukturu müəyyən edilmiş normativlərə uyğun olmalıdır.

1.10. Məktəb qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq, təhsil birliklərinə və asso­siasiyalarına üzv olmaq hüququna malikdir.

1.11. Məktəb hüquqi şəxsdir, qanunvericiliyə uyğun sərəncamında olan dövlət və hərbi əmlaka, xəzinə hesabına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, DSX-nin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.12. Məktəb mövcud qanunvericilik çərçivəsində DSX rəisinin müəyyən etdiyi qaydada inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

1.13. Məktəbin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.14. Məktəb öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

1.15. Məktəb dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.16. Məktəb qanunauyğun olaraq statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə DSX-yə hesabat verir.

1.17. Məktəb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir.

2. Məktəbin strukturu

2.1. Məktəbin strukturu, ştat sayı və ştat cədvəli DSX-nin rəisi tərəfindən təsdiq edilir.

2.2. Məktəbin strukturuna rəhbərlik, şöbələr, kursant bölmələri və digər bölmələr daxil edilir.

2.3. Məktəbin rəhbərliyi rəisdən və 4 müavindən ibarətdir.

2.4. Məktəbin daimi heyətinə daxil olan şəxslərin vəzifə borcları DSX rəisinin əmr və sə­rəncamlarına, bu Nizamnaməyə və digər hüquqi aktlara uyğun olaraq müəyyən edilir və Məktəbin rəisi tərəfindən təsdiq olunur.

2.5. Məktəbdə təhsil müddəti 7 (yeddi) ildir və ümumi orta (V - IX siniflər), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.

2.6. Məktəbdə siniflər (taqımlar) kursantların sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Məktəbdə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə (taqımlarda) kur­santların sayı 30 nəfərdən çox olmamalıdır.

3. Məktəbin fəaliyyətinin əsasları

3.1. Məktəb irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziy­yətindən, mənşəyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına ümumi təhsil almaq imkanını təmin edir.

3.2. Məktəbdə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənə­nələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafina xidmət edir.

3.3. Məktəbin vəzifəsi kursantların meyil, maraq və potensial imkanları, fərdi xüsusiy­yətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnmələrini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünya­görüşlü şəxsiyyət kimi formalaşmalarını, DSX-nin xüsusi təyinatlı ali təhsil müəssisəsi üçün hazırlanmalarını təmin etməkdən ibarətdir.

3.4. Ümumi orta təhsil kursantların yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin güclən­dirilməsini, ölkənin tarixini, ədəbiyyatını, incəsənətini, mədəniyyətini, sosial-iqtisadi infra­strukturunu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərin genişləndiril­mə­si­ni, onlarda informatik-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təh­sillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyər­lərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.

3.5. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə almaqla, kursantlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi tə­fəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiya­larından sərbəst istifadə etmələri, xarici dillərdən birində (bir neçəsində) ünsiyyət saxlamaları, vətənə və dövlətçiliyə sadiq, fiziki cəhətdən sağlam, cəsur, mətin və intizamlı olmaları təmin edilir.

3.6. Məktəb dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodiki tədbirlərin həyata keçirilməsində müstəqildir.

3.7. Məktəbdə əyani təhsilalma forması tətbiq olunur.

3.8. Məktəbin məzunlarının istənilən ali və ya orta-ixtisas təhsili müəssisəsində təhsil almaq hüququ məhdudlaşdırıla bilməz.

4. Məktəbdə təlim-tərbiyə prosesinin təşkili

4.1. Məktəbdə təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.

4.2. Məktəbdə təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.

4.3. Pedaqoji prosesin "müəllim-kursant" əməkdaşlığı üzərində qurulması, müasir tə­lim stra­tegiyalarının çevik qiymətləndirilmə mexanizmlərinin məqsədyönlü tətbiqi, kur­santların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlim-tərbiyə­nin keyfiyyətinin yüksəldilməsində əsas istiqamətlərdən hesab olunur.

4.4. Məktəbin V sinfinə həmin ildə 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan ümumtəhsil məktəbinin IV sinfini bitirmiş oğlanlar qəbul edilirlər.

4.5. Məktəbə qəbul məktəbdə yaradılan komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir.

4.6. Məktəbə qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

4.6.1. tərcümeyi-hal;

4.6.2. doğum haqqında şəhadətnamənin surəti;

4.6.3. sağlamlıq barədə müəyyən edilmiş nümunədə arayış;

4.6.4. 2 ədəd 3 x 4 sm ölçüdə və 2 ədəd 4,5 x 6 sm ölçüdə fotoşəkil (başıaçıq, anfas).

4.7. Təhsil alanların Məktəbə qəbul və Məktəbdən xaric edilməsi Məktəb rəisinin vəsatəti əsasında DSX rəisinin əmri ilə həyata keçirilir.

4.8. Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanılmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

4.9. Məktəbə qəbul planı DSX-nin rəisi tərəfindən müəyyən olunur.

4.10. Məktəbdə dərs məşğələlərinin başlaması və başa çatması tarixləri, dərs ilində tətillərin müddətləri və tarixləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq müəyyən edilir.

4.11. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

4.12. Məktəbdə dərslər və dərsdənkənar məşğələlər Məktəbin rəisi tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.

4.13. Dərs məşğələsinin müddəti 45 dəqiqə müəyyən edilir.

4.14. Məktəbdə təhsil verənlərin və kursantların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

4.15. Məktəbdə tədris proqramlarının davamlı yerinə yetirilməməsinə (ilin yekunlarına görə üç və daha çox fəndən "qeyri kafi" qiymət almaqla) görə kursantların təkrar sinifdə saxlanılmasına yol verilmir, onlar Pedaqoji Şuranın əsaslandırılmış qərarı ilə əvvəl oxuduqları və ya valideyninin arzusu ilə digər məktəbə köçürülməklə Məktəbdən xaric edilirlər.

4.16. Dövlətlər arasında bağlanılmış müqavilələrə uyğun olaraq, xarici öl­kələrin tam orta hərbi təhsil müəssisələrində DSX-yə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Məktəbin kursantları öz istəkləri, valideynlərinin və ya digər qanuni nüma­yəndələrinin razılığı əsa­sında həmin ölkəyə ezam oluna bilərlər.

4.17. Kursantlar aşağıda göstərilən hallarda Məktəbdən xaric edilirlər:

4.17.1. valideynlərin, digər qanuni nümayəndələrin və ya kursantların öz arzusu ilə;

4.17.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

4.17.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;

4.17.4. bir təlim-tədris ilində dərslərin müddətinin 30 faizdən çoxunda hər hansı sə­bəbdən iştirak etmədiyinə görə;

4.17.5. intizamsızlığına görə;

4.17.6. hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə.

4.18. Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam edilmiş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyət­sizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, Məktəbdən də eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların Məktəbdə təhsil alması məsələsinə Məktəbin Pedaqoji Şurasında baxılır.

4.19. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"nin tələblərini və növbətçiliyin xüsusiyyətlərini aşılamaq məqsədi ilə kursantlar müəyyən edilmiş qay­dada Məktəbin daxilində növbələrə təyin edilə bilərlər.

4.20. Məktəbdə təlim-tərbiyə işləri planlaşdırılarkən, kursantların meyil və marağına uyğun dər­nək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onla­rın milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəldilmiş tədbir­lərin həyata keçi­rilməsinə, onlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir.

4.21. Məktəbdə kursantların təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qa­nun­vericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.

5. Məktəbin idarə olunması

5.1. Məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.

5.2. Məktəbdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab olunur. Pedaqoji Şura Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"yə uyğun olaraq fəaliyyət göstərir.

5.3. Məktəbin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsə­di ilə Məktəbdə valideyn şuraları yaradıla bilər.

5.4. Məktəbin rəisi DSX-nin rəisi tərəfindən vəzifəyə təyin və ya azad edilir.

5.5. Məktəbin rəisi aşağıdakı vəzifələri həyata keçirir:

5.5.1. konkret iş sahələri əhatə olunmaqla, Məktəbin fəaliyyət istiqamətlərini müəy­yən­ləşdirir, il ərzində görüləcək işləri planlaşdırır, onların həyata keçirilməsinə nəzarət edir;

5.5.2. Məktəbdə günün nizam-intizam qaydalarını təsdiq edir və icrasına nəzarət edir;

5.5.3. Məktəbin strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı DSX-nin rəhbərliyi qarşısında vəsatət qaldırır;

5.5.4. təhsilin inkişafı ilə bağlı qanunvericiliyə əsasən vəzifələrin yerinə yetiril­məsi üçün məsuliyyət daşıyır;

5.5.5. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi Məktəbi və onun mənafeyini təmsil edir;

5.5.6. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbir­lərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yük­səldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;

5.5.7. Məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilə­rin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtə­rəfli şəraitin yaradılmasını təmin edir;

5.5.8. kursantların təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə rəhbərlik qarşısında vəsatət qaldırır.

5.6. Məktəbin rəisi aşağıdakı hüquqlara malikdir:   

5.6.1. Məktəbə dövlət qulluqçusu olmayan mülki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və ya işdən azad edilməsi barədə DSX-nin rəisi qarşısında vəsatət qaldırır;

5.6.2. Məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisa­sının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən hərbi qulluqçuların (işçilərin) vəzifədən azad edilməsi barədə DSX-nin rəisi qarşısında vəsatət qaldırır, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələr­dən istifadə edir;

5.6.3. DSX rəisinin müəyyən etdiyi qaydada və hədlərdə maliyyə-təsərrüfat fəaliyyətini təşkil edir;

5.6.4. bu Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə Məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır;

5.6.5. Məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetiril­məsinə istiqamətləndirilmiş müvafiq əmrlər verir.

5.7. Məktəbin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış vəzifə təlimatları ilə müəyyən edilir.

6. Məktəbin vəzifələri və hüquqları

6.1. Məktəbin vəzifələri aşağıdakılardır:

6.1.1. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

6.1.2. təhsil haqqında attestatlar, habelə təhsilə dair digər sənədlər vermək;

6.1.3. tədris prosesinin maddi-texniki təminatını, bina və otaqların mövcud norma və tələblərə uyğun qurulmasını həyata keçirmək;

6.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, kursantların intellektual və mədəni inkişafını təmin etmək, onlarda yüksək ideya, mənəvi və peşəkar xüsusiyyətləri for­malaşdırmaq;

6.1.5. Məktəbə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;

6.1.6. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodiki, köməkçi materiallar hazır­lamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

6.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

6.2. Məktəb aşağıdakı hüquqlara malikdir:

6.2.1. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

6.2.2. tədris və metodiki fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

6.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

6.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;

6.2.5. Məktəbin hərbi qulluqçularına və işçilərinə fəxri adların, digər dövlət təltiflərinin və mükafatlarının verilməsi üçün DSX-nin rəisi qarşısında vəsatət qaldırmaq;

6.2.6. qanuna uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

6.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

7. Məktəb üzrə təhsil prosesinin iştirakçıları

7.1. Məktəb üzrə təhsil prosesinin iştirakçıları olan təhsil verənlər və digər işçilər aşağıdakı heyətə daxildirlər:

7.1.1. daimi heyətə müəllimlər, tərbiyəçilər, psixoloqlar, dərnək rəhbərləri, bölük (ta­qım) ko­mandirləri, kurs rəisləri, tədris şöbəsinin zabitləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər daxildir;

7.1.2. dəyişən heyətə kursantlar daxildir.

7.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqla yanaşı, yüksək mə­nəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyət arasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.

7.3. Məktəbin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçiril­məsi, sosial müdafiəsi, stimullaşdırılması və ya intizam məsuliyyətinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

8. Kursantların hüquq və vəzifələri

8.1. Kursantların hüquqları aşağıdakılardır:

8.1.1. sinifdənkənar məşğuliyyəti sərbəst keçmək;

8.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

8.1.3. Məktəbin mövcud infrastrukturundan (tədris laboratoriyaların-dan, emalatxanalardan, kitabxa­nadan, idman qurğularından və s.) istifadə etmək, dərsliklərlə pulsuz təmin olunmaq;

8.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;

8.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.1.7. məktəbin ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək;

8.1.8. təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl və gümüş medallarla təltif olunmaq;

8.1.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

8.2. Məktəbdə qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

8.3. Kursantların vəzifələri aşağıdakılardır:

8.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

8.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.3.3. bu Nizamnamənin və digər müvafiq sənədlərin tələblərinə riayət etmək;

8.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək;

8.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etmək;

8.3.6. dövlət əmlakının qorunmasına məsuliyyətlə yanaşmaq;

8.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

9. Təhsilverənlərin hüquq və vəzifələri

9.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

9.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;

9.1.2. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

9.1.3. tədrisin formasını, metodlarını və vasitələrini müasir tədris tələblərinə uyğun seçmək;

9.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

9.1.5. Məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

9.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;

9.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;

9.1.8. sağlamlıq üçün təhlükəsiz və zərərsiz iş şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;

9.1.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

9.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

9.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

9.2.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

9.2.3. kursantlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbay­cançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və DSX-nin xüsusi təyinatlı ali hərbi təhsil müəssisəsində təhsilə hazırlamaq;

9.2.4. şəxsi nümunəsi ilə kursantlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusi­yasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiy­yətə, ətraf mühitə hör­mət və qayğı hissləri aşılamaq;

9.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

9.2.6. kursantların şərəf və ləyaqətinə hörmət etmək;

9.2.7. kursantları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vər­dişlərdən çəkindirmək;

9.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər, sinifdənxaric və mək­təbdənkənar tədbirlər keçirmək;

9.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

9.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

10. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquq və vəzifələri

10.1. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin təhsil sahəsində hüquqları aşağıda­kılardır:

10.1.1. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haq­qında məlumat almaq;

10.1.2. kursantların hüquqlarını müdafiə etmək;

10.1.3. Məktəblə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki baza­sının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək;

10.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

10.2. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin təhsil sahəsində vəzifələri aşağıdakılardır:

10.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşla­rından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

10.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətən­pərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

10.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

11. Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası

11.1. Məktəbin maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada hər il üçün təsdiq olunan dövlət büdcəsində DSX-yə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

11.2. Məktəb qanunvericilikdə nəzərdə tutulan digər mənbələrdən də vəsaitlər əldə edə bilər.

11.3. Məktəbin daimi heyətinə daxil olan şəxslərin pul təminatı və əməkhaqlarının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

11.4. Kursantların pul, əşya-geyim, ərzaq və yaşayış yeri (yataqxana) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir.

11.5. Məktəb öz fəaliyyətinin nəticələrinin uçotunu aparır, müəyyən olunmuş qaydada statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə DSX-yə hesabat verir.

11.6. Məktəbin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, dərsliklər, dərs vəsaitləri, digər metodiki materiallar, kitabxana fondu, xüsusi texnika və avadanlıqlar, tədris idman bazaları, habelə digər maddi-texniki təchizat vasitələri təşkil edir.

11.7. Məktəbin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.

11.8. Məktəb istifadəsində olan maddi-texniki bazanın və əmlakın saxlanılması, qorunması və onlardan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

11.9. Məktəb göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.

11.10. Məktəbin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir.

12. Məktəbə aid sənədlər

12.1. Məktəbdə tədris və tərbiyə işləri üzrə sənədlərin (kursantın şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, kursant kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, Pedaqoji Şuranın protokol kitabı, ali intizam şurasının protokol kitabı, Məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı və s.) siyahısı və aparılması qaydası DSX-nin rəisi tərəfindən müəyyən olunur.

12.2. Pedaqoji və digər kateqoriyadan olan işçilər, kursantlar, onların valideynləri və ya digər qanuni nümayəndələri Məktəbin əsas vəsaitlərinin, inventarlarının, avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

12.3. Maliyyə-təsərrüfat sənədləri DSX rəisinin əmrlərinə əsasən işlənilir.

12.4. Maliyyə-təsərrüfat sənədlərinə Məktəbin texniki pasportu, daxil olan inventar və ma­terialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, Məktəb daxilində inventar və materialların paylanılmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı və s. aiddir.

12.5. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, habelə Məktəbə məxsus əmlakın mühafizəsi və təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən Məktəb rəisinin əmri ilə təyin olunurlar.

12.6. Pedaqoji və digər kateqoriyadan olan işçilər, təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) Məktəbin əsas vəsaitlərinin, inventarlarının, avadanlıq­larının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

13. Məktəbin beynəlxalq əlaqələri

13.1. Məktəbin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən DSX ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında DSX-nin aparatı ilə razılaşdırılmaqla həyata keçirilir.

26 Yanvar 2015, 09:01

http://cabmin.gov.az/

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...