Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair
17 dekabr 2014-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin nümayəndələri Quba rayon Məhkəməsinin hakimi Zamin Tahirovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Fuad Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4, 407.2 və 412.7-ci maddələrinin şərh edilməsinə dair Quba rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Quba rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 398.1.4, 407.2 və 412.7-ci maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 66.5, 67.1 və 18.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli qərarlarına münasibətdə şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir ki, Qusar rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli hökmü ilə O.Xasiyev Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 4.000 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 4 oktyabr 2013-cü il tarixli qərarı ilə dəyişdirilərək, O.Xasiyevə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 2 il 7 ay 1 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2014-cü il tarixli qərarı ilə ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 10 iyun 2014-cü il tarixli qərarı ilə Qusar rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli hökmü dəyişdirilmiş, O.Xasiyevə təyin edilmiş 4.000 manat məbləğində cərimə cəzası 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 2 il 8 ay 1 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həmin qərar qanuni qüvvəyə minmişdir. Müraciətdə həmçinin göstərilir ki, Quba rayon Məhkəməsinin icraatında olan iş üzrə O.Xasiyevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayət 18 mart 2014-cü il tarixində, yəni barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 4 oktyabr 2013-cü il tarixli qərarı qüvvədə olduğu vaxt törədilmişdir.
Müraciətedən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu müddətdə şəxsin yeni cinayət əməli törətməsi, həmin qərar ləğv olunduqdan və şəxs barəsində apellyasiya instansiyası məhkəməsinin yeni qərarı qəbul edildikdən sonra həmin şəxsə cinayətlərin məcmusu və ya hökmlərin məcmusu qaydasında cəza təyin edilməsi məsələsi qanunda birbaşa göstərilmədiyindən, məhkəmə təcrübəsində müxtəlif yanaşmalara səbəb olur.
Müraciətedən icraatında olan işdə apellyasiya instansiyası məhkəməsinin 4 oktyabr 2013-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra şəxsin cinayət əməli törətməsi, həmin qərar ləğv olunub, apellyasiya məhkəməsinin yeni qərarı çıxarıldıqdan sonra, şəxsin əməlinin residiv yaradıb-yaratmaması və bu zaman apellyasiya məhkəməsinin qərarının Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən ittiham hökmünü ehtiva edib-etməməsinin aydın olmadığını bildirir. Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Müraciətdə qaldırılan məsələlər faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarından sonra yeni cinayət törətmiş şəxsə həmin qərar sonradan ləğv olunduğu halda, cinayətlərin məcmusu və ya hökmlərin məcmusu qaydasında cəza təyin edilməsi və onun əməlinin residiv yaradıb-yaratmaması ilə əlaqədardır.
Cinayətlərin məcmusu və onların residivi mürəkkəb sosial-hüquqi hadisə olmaqla təqsirləndirilən şəxsin ictimai təhlükəliliyinin artmasına, hətta bu şəxsin kriminal peşəkarlığına və təşkilatçılığına dəlalət edir. Məhz bu səbəbdən cinayət qanunvericiliyi mürəkkəb cinayətlərə hüquqi qiymət verilərkən daha sərt cəzaların təyin olunmasını müəyyən etməklə, sosial ədalətin bərpası və cəzanın məqsədinə nail olunmasını rəhbər tutmuşdur.
Cinayətlərin məcmusunun anlayışı və buna görə cəzanın təyin edilməsi qaydası Cinayət Məcəlləsinin 17.1 və 66-cı maddələrində nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır (Cinayət Məcəlləsinin 17.1-ci maddəsi). Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsində cəzaların məcmusu üzrə cəzanın təyin olunmasının iki prinsipi öz əksini tapmışdır: əhatə etmək (əvəzləmək) və toplamaq (tamamilə və ya qismən) prinsipləri. Qanunverici hər bir cinayətə görə ayrılıqda cinayətlərin məcmusu üzrə bir qəti cəzanın təyin edilməsini müəyyən etmişdir. Bununla yanaşı, qanunverici cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun hökm çıxarılmazdan əvvəl başqa cinayəti törətməkdə təqsirli olduğu müəyyən edildiyi halda cəzanın təyin edilməsi qaydasını da nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Digər tərəfdən, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi məqsədilə məhkəmə hökmünün və qərarının qüvvəyə minməsi qaydasının açıqlanmasını zəruri hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətindən sonra qanuni qüvvəyə minir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 389.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir (Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsi). Həmin Məcəllənin 412.7-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır.
Beləliklə, Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan qanuni qüvvəyə mindiyindən, həmin qərardan sonra cinayət törətmiş şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir.
Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi, residivin əsas elementlərindən biri əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsidir. “Məhkum olunmuş şəxs” isə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan şəxs hesab edilir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən, həmin qərardan sonra şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır və həmin şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən, həmin qərardan sonra şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır və həmin şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
14 Yanvar 2015, 09:0124 İyul 2023, 12:07
Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 İyul 2023, 15:07
M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 İyul 2023, 14:07
“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI ətraflı...
8 İyul 2023, 14:07
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 İyun 2023, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2023, 14:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2023, 14:06
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...