"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 18

Bakı şəhəri, 24 yanvar 2014-cü il

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur.

1.4. Cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir.

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

tam halda - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti;

qısaldılmış halda - "AXDG" QSC;

Cəmiyyətin ingilis dilində tam adı - "Azerbaijan Caspian Shipping" Closed Joint-Stock Company;

Cəmiyyətin ingilis dilində qısaldılmış adı - "ACS" CJSC və ya "Caspian Shipping" CJSC.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 5.

 

2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə, həmçinin arbitrajlarda iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, bayraq, emblem, loqotip və digər fərqləndirici nişanlara, habelə xüsusi geyim formasına malikdir.

2.4. Cəmiyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamı ilə müəyyən edilmiş qaydada törəmə müəssisələrini, habelə idarə, filial və nümayəndəliklərini yarada, yenidən təşkil və ya ləğv edə bilər.

2.5. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyildir.

 3. Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədləri yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılmasından, dənizdə həyata keçirilən neft-qaz və digər layihələrdə daşıyıcı, eləcə də ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin davamlı surətdə göstərilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki innovasiyaların tətbiqindən, yerli və xarici fiziki və hüquqi şəxslərə yüksəkkeyfiyyətli və rəqabətə davamlı xidmətlərin təqdim olunmasından və gəlir əldə edilməsindən ibarətdir.

3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. öz gəmiləri və ya üçüncü tərəflərdən icarəyə və ya fraxta götürülmüş gəmilər vasitəsilə yurisdiksiyasından asılı olmayaraq, bütün limanlar arasında yerli və beynəlxalq yük və sərnişin daşımalarının, habelə ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin etibarlı və səmərəli həyata keçirilməsi;

3.2.2. yerli və xarici şirkətlər tərəfindən dənizdə aparılan neft-qaz və digər əməliyyatlarda daşıyıcı və ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin göstərilməsi;

3.2.3. daşımalara olan daxili tələbatın tam ödənilməsi üçün müasir tələblərə cavab verən müxtəlif növ gəmilərin əldə edilməsi və mövcud gəmilərin modernləşdirilməsi ilə Cəmiyyətə məxsus donanmaların inkişaf etdirilməsi və rəqabət qabiliyyətinin artırılması;

3.2.4. Cəmiyyətə məxsus donanmaların və limanların istismarının həyata keçirilməsi;

3.2.5. dəniz üzgüçülüyü təhlükəsizliyinin, qəza hallarının maksimum azaldılmasının, yüklərin mühafizəsinin və vaxtında çatdırılmasının, habelə sərnişinlərin təhlükəsizliyinin və onlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinin təmin olunması üçün dəniz üzgüçülüyü qaydalarına riayət edilməsi;

3.2.6. Cəmiyyətin maddi-texniki bazasının gücləndirilməsi, mövcud istehsal gücündən səmərəli istifadə olunması, müasir texnika və texnologiyalardan istifadə etməklə, ətraf mühitə zərərli təsirin minimuma endirilməsi;

3.2.7. keyfiyyət və əmniyyətlilik standartlarının tətbiqi ilə əlaqədar sertifikatlaşdırılmadan keçmək üçün tədbirlərin görülməsi;

3.2.8. Cəmiyyətin aparatının, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin işçilərinin sosial-məişət şəraitinin və rifahının yaxşılaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, habelə sosial təyinatlı obyektlərin (mənzil-tikinti kooperativləri, idman- sağlamlıq qurğuları, tibb, idarə sanitariyası, məktəbəqədər təhsil müəssisəsi, sanatoriya və istirahət sahələri, bağçılıq təsərrüfatları) yaradılması və idarə olunması;

3.2.9. gəmitikinti, gəmi təmiri, onlar üçün ehtiyat hissələrinin və texniki vasitələrin, o cümlədən gəmi sistem və qurğularının, elektrik və radio-naviqasiya avadanlığının, gəmi mühərriklərinin, radionaviqasiya avadanlıqların, elektronaviqasiya cihazlarının montajı, sazlanması, təmiri, istehsalı, istismarı və saxlanılması xidmətlərinin göstərilməsi, qaynaq işlərinin görülməsi;

3.2.10. fraxt, o cümlədən berbout çarter, taym çarter və digər müqavilələr üzrə əməliyyatların həyata keçirilməsi;

3.2.11. gəmilərin satın alınması, çarter müqavilələri üzrə idarə edilməsi, icarəyə götürülməsi və verilməsi, lizinqi, onların istismarı və təmirinin təşkil edilməsi, habelə gəmilərə aid olan rabitə vasitələrinin ölkə daxilində və hüdudlarından kənarda icarəyə verilməsi və götürülməsi;

3.2.12. Cəmiyyət tərəfindən bağlanılmış müqavilələrin icrası ilə əlaqədar yüklərin qəbulu və təhvil verilməsi, saxlanılması, yüklərin yükləmə-boşaltma yerlərində, anbarlarda və göyərtələrdə yerləşdirilməsi, habelə yüklərin keyfiyyətinin və xarici görünüşünün, markasının müəyyənləşdirilməsi, zədələnmiş yerlərinə baxışın aparılması, yük planlarının və lyuk yazılarının tərtib olunması;

3.2.13. liman üzrə məcburi qaydaların, Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan ərazi sularında və limanlarda dəniz üzgüçülüyü qaydalarının tələblərinə riayət olunması və liman xidmətlərinin göstərilməsi;

3.2.14. Cəmiyyət tərəfindən bağlanılmış müqavilələrin icrası ilə əlaqədar yük sahiblərinə, liman idarəsinə və bütün digər maraqlı təşkilatlara məlumatların verilməsi, yük əməliyyatlarının gedişinin müşahidə olunması, gəmilərin limana girişi və limanda qalmaları ilə bağlı rəsmiləşdirmənin həyata keçirilməsi üçün Cəmiyyətə məxsus gəmilərin kapitanlarına məsləhətlərin verilməsi, yük sahibləri və digər maraqlı müəssisə və təşkilatlarla hesablaşmaların həyata keçirilməsi;

3.2.15. Cəmiyyət tərəfindən bağlanılmış müqaviləyə əsasən gəmilərin zəruri təchizat malları, yanacaq, qida məhsulları ilə təminatı və təmirinə nəzarət xidmətlərinin göstərilməsi;

3.2.16. dənizçilərin hazırlanması sahəsində ixtisasartırma kurslarının təşkili xidmətlərinin göstərilməsi;

3.2.17. müasir informasiya texnologiyalarının və proqram təminatının tətbiqi vasitəsilə Cəmiyyətin fəaliyyətinin səmərəliliyinin artırılması;

3.2.18. dibdərinləşdirmə işləri, dəniz üzgüçülüyünün təhlükəsizliyi üçün naviqasiya sədləri vasitələrinin qoyulması və onlara xidmət göstərilməsi prosesində iştirak edilməsi;

3.2.19. müxtəlif növ gəmilər vasitəsilə təhlükəli yüklərin qanunla müəyyən edilmiş qaydada daşınmasının, nəqlinin və saxlanılmasının təşkili ilə bağlı xidmətlərin göstərilməsi və belə yüklərin hərəkət təhlükəsizliyinin təmin edilməsi;

3.2.20. dənizdə dalğıc və qəza-xilasetmə xidmətlərinin göstərilməsi;

3.2.21. Cəmiyyətin istehsal və sosial bazasının inkişafına, onun maddi-texniki bazasının modernləşdirilməsinə, genişləndirilməsinə, yenidən qurulmasına, yeni texnika və texnologiyalarla təchiz edilməsinə xidmət edən investisiya fəaliyyətinin həyata keçirilməsi;

3.2.22. Cəmiyyətin fəaliyyətinə aid olan məsələlər üzrə müəyyən olunmuş qaydada elmi tədqiqat, layihələndirmə və tikinti-quraşdırma, o cümlədən müvafiq dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların, gəmilərin və bərə keçidlərinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma işlərinin həyata keçirilməsi və elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsi;

3.2.23. Cəmiyyət tərəfindən göstərilən xidmətlərin (işlərin) rəqabət qabiliyyətini gücləndirən texnoloji yeniliklərin tətbiq edilməsi;

3.2.24. Cəmiyyətin istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatların qanuna uyğun, beynəlxalq təcrübəyə və alqı-satqı standartlarına cavab verən Cəmiyyətin daxili prosedurlarının tələblərinə uyğun olaraq həyata keçirilməsi;

3.2.25. Cəmiyyətin infrastrukturunun etibarlı mühafizəsini təmin etmək üçün mühafizə xidmətlərinin və daxili nəzarət sistemlərinin təşkili;

3.2.26. Cəmiyyətin fəaliyyətinin və inkişafının təmin edilməsində müasir idarəetmə sistemlərinin və rabitə xidmətlərinin etibarlı mühafizə vasitələri ilə təchiz edilməklə təşkil olunması;

3.2.27. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks istehsal, elmi-texniki, iqtisadi və sosial proqramların hazırlanması, bu sahədə qəbul edilmiş dövlət proqramları da daxil olmaqla, onların icrasının təmin edilməsi;

3.2.28. Cəmiyyətin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə enerjiyə və material ehtiyatlarına qənaət rejiminin həyata keçirilməsi;

3.2.29. Cəmiyyətin fəaliyyətini təşkil etmək üçün kadr siyasətinin müəyyən edilməsi;

3.2.30. kadr potensialının formalaşdırılması üçün ixtisaslaşdırılmış ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin təsis edilməsi və idarə olunması, habelə elmi-axtarış fəaliyyətinin həyata keçirilməsi;

3.2.31. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olaraq, yerli və xarici banklardan, habelə beynəlxalq maliyyə institutlarından və digər mənbələrdən kredit vəsaitlərinin cəlb edilməsi, iştirakçı olduğu törəmə və birgə müəssisələrinin maliyyə-kredit fəaliyyətinin idarə olunması və onlara təyinatlı maliyyə yardımlarının və kredit vəsaitlərinin ayrılması;

3.2.32. dövlət ehtiyaclarının təmin edilməsi üçün daşımaların həyata keçirilməsi;

3.2.33. Cəmiyyətin mülkiyyətində, icarəsində, çarterində, istifadəsində olan gəmilərdə mühafizə işinin təşkili, yanğın təhlükəsizliyi sistemlərinin və mühafizəsinin təmin edilməsi, habelə gəmilərin və yüklərin mühafizəsinin təşkil edilməsi;

3.2.34. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi;

3.2.35. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar konstruktor-texnoloji sənədlərin hazırlanması, texnoloji avadanlığın, mal-materialların və ehtiyat hissələrinin çatdırılması və onların servisinin həyata keçirilməsi;

3.2.36. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar islahatların aparılmasına, su nəqliyyatı və su nəqliyyatı təsərrüfatının inkişafına dair təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi;

3.2.37. qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanına təqdim edilməsi;

3.2.38. Cəmiyyətin fəaliyyəti ilə bağlı risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması, habelə sığortalanma siyasətinin optimallaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi;

3.2.39. Cəmiyyətin qeyri-maddi aktivlərinin idarə olunması və onun barəsində sərəncam verilməsi;

3.2.40. dövlət sirrinin və qanunla məxfi hesab olunan informasiyanın qorunmasının təmin edilməsi və ona riayət edilməsinə nəzarət olunması;

3.2.41. Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsinə aid olan beynəlxalq müqavilələrə qoşulması barədə dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanına təkliflərin verilməsi, habelə həmin müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar tədbirlərin görülməsi;

3.2.42. Cəmiyyətin inkişafı ilə bağlı digər tədbirlərin görülməsi.

 4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti

4.1. Cəmiyyətin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 383420621 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 383420621 ədəd adi səhmlərdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunla qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Cəmiyyətin, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

 5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

5.2. Cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamına uyğun olaraq həll edilir.

 6. Cəmiyyətin icra orqanı

6.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

6.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

6.3. İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin sədri, Cəmiyyət sədrinin birinci müavini və 5 sədrin müavinindən ibarətdir.

6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. Cəmiyyətin sədrini və onun müavinlərini (İdarə Heyəti) Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

6.5. İdarə Heyəti:

6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

6.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün müvafiq təklifləri təqdim edir;

6.5.3. Cəmiyyətin Nizamnaməsinə, habelə nizamnamə kapitalına dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılmasına razılıq verilməsi üçün müraciət edir;

6.5.5. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;

6.5.6. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır;

6.5.7. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılması barədə təkliflər verir;

6.5.8. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil edir;

6.5.9. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

6.5.10. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

6.5.11. Cəmiyyətin aparatının struktur bölmələrinin, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

6.5.12. Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

6.5.13. Cəmiyyətin perspektiv inkişaf planı və digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarlar qəbul edir;

6.5.14. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

6.5.15. qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir, o cümlədən həmin əmlakı balansdan balansa, icarəyə və istifadəyə verir, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyur, silir (ləğv edir), qiymətləndirir, habelə təyinatını dəyişdirir;

6.5.16. qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarının təyinatı üzrə istifadə edilməsinə, bu torpaqlardan istifadə hüquqlarının Cəmiyyətə, törəmə müəssisələrinə, habelə idarə, filial və nümayəndəliklərinə ötürülməsinə və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verir;

6.5.17. müəyyən olunmuş qaydada Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərarlar qəbul edir.

6.6. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin sədrinin (Cəmiyyətin sədri olmadıqda, onun birinci müavininin) səsi həlledicidir.

 7. Cəmiyyətin sədri

7.1. Cəmiyyətin sədri:

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

7.1.2. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.1.3. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;

7.1.4. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.1.5. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda (o cümlədən, beynəlxalq təşkilatlarda) təmsil edir;

7.1.6. Cəmiyyətin işçilərinin say həddini və xərclər smetasını təsdiq edir;

7.1.7. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir;

7.1.8. Cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini və ştat cədvəlini təsdiq edir, müəyyən olunmuş qaydada aparatın işçilərini, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barədə həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;

7.1.9. Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin nizamnamələrini və əsasnamələrini təsdiq edir;

7.1.10. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

7.1.11. Cəmiyyətin əmlakı barədə qanunlarla və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada sərəncam verir;

7.1.12. Cəmiyyətin idarə olunması ilə əlaqədar daxili sənədləri təsdiq edir;

7.1.13. müqavilələr (o cümlədən, xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

7.1.14. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;

7.1.15. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

7.1.16. Cəmiyyətdə, törəmə müəssisələrində, habelə idarə, filial və nümayəndəliklərində beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı tədbirlər görür;

7.1.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq, komissiyalar, komitələr və işçi qrupları yaradır;

7.1.18. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları barədə qərarlar qəbul edir;

7.1.19. Cəmiyyətin törəmə müəssisələri, idarə, filial və nümayəndəlikləri arasındakı münasibətlərdə yaranan mübahisələri müzakirə edir;

7.1.20. Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin işinin təşkil edilməsi və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;

7.1.21. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan (alyanslar, ittifaqlar) birgə layihələri həyata keçirir və bu layihələri təsis sənədlərinə uyğun olaraq idarə edir;

7.1.22. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş, habelə Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

7.2. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.

7.3. Cəmiyyətin sədri özünün ayrı-ayrı səlahiyyətlərinin icrasını Cəmiyyətin komissiya və komitə rəhbərlərinə həvalə edə bilər.

 8. Cəmiyyətdə mühasibat uçotunun və maliyyə hesabatının aparılması

8.1. Cəmiyyət mühasibat və statistik uçotu Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında" və "Rəsmi statistika haqqında" qanunlarına uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.

8.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

8.3. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları" ilə müəyyən edilmiş müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borcludur.

8.4. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

8.5. Cəmiyyət mühasibat uçotunu təşkil edir, törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin rüblük və illik maliyyə hesabatına baxır, icmallaşdırır, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans tərtib edir.

8.6. Cəmiyyət törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.

 9. Daxili audit və maliyyə nəzarəti

9.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

9.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə 4 il iş stajına malik olmalıdır.

9.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:

9.3.1. Cəmiyyətin, törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili sənədlərinə uyğunluğunu yoxlamaq;

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi nəzarətini aparmaq;

9.3.3. daxili audit yoxlamalarının nəticələri, habelə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə məlumat və təkliflər vermək;

9.3.4. Azərbaycan Respublikasının qanunları və bu Nizamnamə ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

 10. Cəmiyyətin müstəqil (kənar) auditi

10.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 11. Cəmiyyətin törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri

11.1. Cəmiyyətin törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.2.1. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;

11.2.2. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;

11.2.3. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, müzakirələrdə iştirak etmək;

11.2.4. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.2.5. Cəmiyyətin törəmə müəssisələrindən, habelə idarə, filial və nümayəndəliklərindən onların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

11.2.6. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.

 12. Cəmiyyətin yenidən təşkili və ləğvi

12.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin strukturu

I. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin aparatı.

II. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisələri:

1. Azərbaycan Dövlət Dəniz Akademiyası;

2. "Dənizçi" yardımçı kənd təsərrüfatı müəssisəsi;

3. Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu.

III. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr):

1. Dəniz Nəqliyyat Donanması;

2. Xəzər Dəniz Neft Donanması;

3. "Bibiheybət" Gəmi Təmiri Zavodu;

4. "Zığ" Gəmi Təmiri Zavodu;

5. İstehsalat Xidmətləri İdarəsi;

6. Sosial İnkişaf İdarəsi.

IV. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin ayrıca bölmələri (filial və nümayəndəlikləri):

1. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə Respublikasındakı nümayəndəliyi;

2. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Rusiya Federasiyasındakı nümayəndəliyi;

3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasındakı nümayəndəliyi;

4. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin İran İslam Respublikasındakı nümayəndəliyi;

5. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Türkmənistan Respublikasındakı nümayəndəliyi;

6. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna Respublikasındakı nümayəndəliyi.

 

 

3 Fevral 2014, 08:02

http://cabmin.gov.az/

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...