Azərbaycan dəniz neft sənayesinin 50 illik yubileyinin keçirilməsi tədbirləri haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 426)

Relizin Tarixi: 07.11.1997

Azərbaycan dəniz neft sənayesinin 50 illik yubileyinin keçirilməsi tədbirləri haqqında

Azərbaycan dəniz neft sənayesinin 50 illik yubileyinin keçirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dənizdə neft və qaz hasilatının ilk cığıraçanları olan Azərbaycan neftçiləri dünya neft sənayesinin inkişafına çox böyük töhfə vermişlər. XX əsrin əvvəllərində dəniz yataqlarının işlənməsi üçün Azərbaycan neftçilərinin yaratdıqları texniki baza onların bir çox nəsillərinin səyləri ilə daim təkmilləşdirilmişdir. Hələ iyirminci-otuzuncu illərdə ağac dirəklər üzərində qurulan, ilk dəfə Bibiheybət buxtası neft mədənində tətbiq edilən ada tipli qurğulardan Pirallahı adasına bitişik dəniz sahələrində tikilən nəhəng metal özüllərədək çox böyük bir yol keçilmişdir.

Açıq dənizdə yerləşən nadir Neft Daşları yatağının kəşf edilməsi dünya neftçıxarma sənayesinin inkişafında böyük hadisə olmuşdur. 1949-cu il noyabrın 7-də burada ilk neft fontanının vurması ilə dünya neft sənayesinin inkişafında yeni dövr başlanmışdır. Neft yataqlarının işlənməsi sahəsində dünya neft sənayesi tarixində misli görünməmiş proqram qısa müddətdə hazırlanmış və həyata keçirilmişdir. Burada çox mürəkkəb şəraitdə on kilometrlərlə uzanan estakada qurğuları və neft-mədən təsərrüfatı obyektləri tikilmiş, əlahiddə dəniz özüllərindən topa halında maili quyular qazılması metodu ilk dəfə tətbiq edilmiş, lay təzyiqinin saxlanması və dəniz şəraitində neftçıxarmanın intensivləşdirilməsi sistemi təşkil edilmiş, sualtı boru kəmərlərinin çəkilməsi, neftin və qazın sahilə nəql edilməsi məsələləri həll olunmuşdur.

Bu gün Neft Daşları Azərbaycan alimlərinin və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümüdür, açıq dənizdə müasir tipli yaşayış evlərinə, tibb müəssisələrinə və digər sosial obyektlərə malik bir şəhərdir. Burada hazırlanan ixtisaslı kadrlar Asiyanın, Avropanın və Amerikanın bir sıra ölkələrinin dəniz neft və qaz yataqlarının işlənməsində fəal iştirak etmiş, dünyanın bir çox dənizlərində geologiya və qazma işlərinin təşkilatçısı olmuşlar.

Azərbaycanın neft geoloqlarının inadlı axtarışları Xəzər dənizinin həm milli sektorunda, həm də bütün akvatoriyasında karbohidrogen ehtiyatlarının kəşf edilməsi, onun dünyanın ən böyük neftli-qazlı regionlarından biri kimi tanınması ilə nəticələnmişdir. Ötən illər ərzində Azərbaycan neftçiləri Xəzər dənizində 350-dən çox perspektivli struktur aşkara çıxarmış, 31 neft və qaz yatağı kəşf etmişlər. Xəzər dənizinin Azərbaycan sektorundan indiyədək 420 milyon ton neft və 320 milyard kubmetr qaz hasil edilmişdir.

Əlli il əvvəl bünövrəsi qoyulmuş bu mühüm tarixi hadisənin əhəmiyyəti bu gün, XX əsrin sonunda bu sahədə aparılan işlər zirvəsindən daha möhtəşəm görünür. 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft yataqlarının birgə işlənməsi barədə sazişin bağlanması bu regiona iqtisadi marağı daha da artırmış, qısa müddət ərzində dünyanın on iki ölkəsindən iyirmi neft şirkətini burada aparılan işlərə cəlb etmiş, Xəzər dənizinin digər sektorlarında da işlərin canlanmasına təkan vermişdir. Bu işlərin sürətləndirilməsi Xəzərin zəngin enerji ehtiyatlarından XXI əsrdə dünya iqtisadiyyatının inkişafı, ilk növbədə Xəzəryanı ölkələrin iqtisadi qüdrətinin möhkəmlənməsi naminə istifadə olunmasına geniş imkanlar yaradır.

Dünyada dənizdən neft və qaz çıxarmanın inkişafına Azərbaycan neftçilərinin misilsiz töhfə verdiklərini nəzərə alaraq, ölkənin dəniz neft sənayesinin 50 illik yubileyinin dövlət səviyyəsində bayram edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 1999-cu ildə Azərbaycan dəniz neft sənayesinin 50 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilsin.

2. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Artur Rasizadə

Azərbaycan Respublikasının Baş naziri

Təşkilat Komitəsi sədrinin müavini

Natiq Əliyev

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Təşkilat Komitəsinin üzvləri

Namiq Nəsrullayev

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Sirus Təbrizli

Azərbaycan Respublikasının mətbuat və informasiya naziri

Polad Bülbüloğlu

Azərbaycan Respublikasının mədəniyyət naziri

Fərəməz Maqsudov

Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti

Rəfael Allahverdiyev

Bakı şəhəri İcra Hakimiyyətinin başçısı

Asya Manafova

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının sədri

Nizami Xudiyev

Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri

Aydın Bəşirov

Xəzər Dəniz Gəmiçiliyinin rəisi

İlham Əliyev

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Sabir Quliyev

«Azneftkimyamaş» Dövlət Şirkətinin birinci vitse-prezidenti

Siyavuş Qarayev

Azərbaycan Neft Akademiyasının rektoru

Rasim Dadaşov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin şöbə müdiri

Cahangir Əliyev

Azərbaycan Respublikasının Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri

3. Təşkilat Komitəsinə tapşırılsın ki, yubileyin keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlayıb təsdiq etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etsinlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 7 noyabr 1997-ci il

№ 686.

«Azərbaycan» qəzetində dərc edilmişdir (08 noyabr 1997-ci il, № 245) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 426) («LegalActs» LLC).

© LegalActs LLC