Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 29) «Azərbaycan» qəzetində dərc edilmişdir (5 yanvar 2003-cü il, № 3)
Relizin Tarixi: 04.01.2003Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Milli Elmlər Akademiyası haqqında» 15 may 2001-ci il tarixli, 484 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 4 yanvar 2003-cü il
№ 837
«Azərbaycan» qəzetində dərc edilmişdir (5 yanvar 2003-cü il, № 3) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 29) («LegalActs» LLC).
Azərbaycan
Respublikası Prezidentinin
4 yanvar 2003-cü il tarixli,
837 nömrəli fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Milli Elmlər
Akademiyasının
Nizamnaməsi
I. Ümumi müddəalar
1. Azərbaycan Milli Elmlər Akademiyası dövlətin təsis etdiyi ali elmi qurumdur. Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra - Akademiya) Azərbaycan SSR Elmlər Akademiyasının varisidir.
2. Akademiya dövlətin təsis etdiyi ali elmi təşkilat olaraq Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edir, dövlətin elmi-texniki siyasətini həyata keçirir.
3. Akademiyanın fəaliyyəti elm sahələrinə müvafiq qurulur. Akademiyada Akademiyanın Rəyasət Heyəti (bundan sonra—Rəyasət Heyəti) və onun Mərkəzi Aparatı, elmi istiqamətlər üzrə yaradılan elmi bölmələr, elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri fəaliyyət göstərir.
4. Akademiya özünüidarə əsasında fəaliyyət göstərən dövlət statusuna malik olan qurumdur. Akademiyanın idarəetmə orqanları Akademiyanın Ümumi yığıncağı və Rəyasət Heyətidir. Akademiyaya onun prezidenti başçılıq edir. Akademiyanın prezidenti Akademiyanın Ümumi yığıncağında seçilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
5. Akademiya onun tərkibinə seçilən Akademiya üzvlərini—həqiqi üzvləri, müxbir üzvləri, fəxri üzvləri və fəxri doktorları, Akademiyanın elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələrində işləyən elmi işçiləri və mütəxəssisləri birləşdirir.
6. Akademiyanın həqiqi üzvlərinin, müxbir üzvlərinin, fəxri üzvlərinin, fəxri doktorlarının və rəhbər orqanlarının seçkiləri bu Nizamnaməyə və «Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin və rəhbər orqanlarının seçkiləri haqqında əsasnamə»yə uyğun aparılır.
7. Akademiya fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, digər qanunvericilik aktlarını və bu Nizamnaməni rəhbər tutur. Nizamnamə Akademiyanın Ümumi yığıncağında qəbul olunur və Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilir.
8. Akademiya hər il elmi tədqiqatları, elmi və elmi-texniki nəticələri haqqında Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası hökumətinə hesabat təqdim edir.
9. Akademiya əsas fəaliyyətini bilavasitə tabeliyində olan elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələrinin vasitəsi ilə həyata keçirir və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla müvafiq qaydada əlaqələndirir.
10. Akademiyanın fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Akademiya qanunvericiliklə qadağan olunmayan digər maliyyə mənbələrindən də istifadə edə bilər.
11. Akademiya Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara və blanklara malikdir. Akademiyanın özünün əmlakı, müstəqil balansı, Azərbaycan Respublikasının və digər dövlətlərin banklarında hesabları (o cümlədən valyuta hesabı) var.
12. Akademiya Bakı şəhərində (İstiqlaliyyət küç., 10) yerləşir.
II. Akademiyanın fəaliyyətinin məqsəd və vəzifələri
13. Akademiyanın fəaliyyətinin əsas məqsədi təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə Azərbaycanın iqtisadi, sosial və mənəvi inkişafına xidmət göstərməkdir.
14. Akademiyanın əsas vəzifələri aşağıdakılardır:
- Azərbaycanda elmi inkişaf etdirmək;
- Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
- elmi-texniki inkişafın strategiyasının və əsas istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
- fundamental və tətbiqi elmi tədqiqatların təşkilini, əlaqələndirilməsini, inkişafını təmin etmək və onların iqtisadiyyatın sahələrinə tətbiqində iştirak etmək;
- fundamental elmin nailiyyətlərinin tətbiqi istiqamətində fəaliyyət göstərmək;
- mühüm elmi, sosial-iqtisadi və mədəni inkişaf üzrə strateji əhəmiyyəti olan dövlət proqramlarının hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsi üçün təkliflər vermək;
- Azərbaycan xalqının milli mənafeyinin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasına yönəlmiş elmi tədqiqatları təşkil etmək və həyata keçirmək;
- Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatın gücləndirilməsində, xalqın mənəviyyatının və mədəniyyətinin zənginləşdirilməsində, əhalinin sağlamlığının qorunmasında bu potensialdan səmərəli istifadə etmək, mühüm sosial problemlərin həllində elmin və texnikanın rolunu yüksəltmək, dövlətin informasiya ehtiyatlarını artırmaq;
- yüksək ixtisaslı elmi kadrlar hazırlamaq, elm və təhsilin əlaqələrini möhkəmləndirmək;
- dövlətlərarası elmi və elmi-texniki əməkdaşlığın təşkilində və həyata keçirilməsində müəyyən edilmiş qaydada iştirak etmək;
- intellektual mülkiyyətin qorunmasına və bu sahədə sahibkarlığın inkişafına yardım etmək;
- elmin nailiyyətlərinə əsaslanan yüksək texnologiyalı istehsalat sahələrinin və müəssisələrinin yaradılmasına kömək etmək;
- dünya elminin nailiyyətlərinin öyrənilməsinə və onlardan respublika həyatının müvafiq sahələrində geniş istifadə olunmasına yardım etmək;
- elmin nüfuzunu artırmaq, elmi işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə Akademiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.
III. Akademiyanın funksiyaları
15. Akademiya bu Nizamnamə ilə müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
- Akademiyanın həqiqi üzvlərinin, müxbir üzvlərinin və fəxri üzvlərinin seçkilərini keçirir;
- Azərbaycan Respublikasında elmin inkişaf doktrinasının hazırlanmasında iştirak edir;
- Azərbaycan Respublikasında fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsi məqsədi ilə Elmi Tədqiqat İşlərini Əlaqələndirmə Şurasını, müvafiq problem şuralarını, komitələri, komissiyaları yaradır;
- dövlət əhəmiyyətli elmi, elmi-texniki, iqtisadi proqramların və innovasiya layihələrinin, xüsusilə təbii ehtiyatların mənimsənilməsi üzrə kontraktların dövlət ekspertizasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada iştirak edir;
- elmi-texniki inkişaf məsələləri üzrə ümumdövlət məqsədlərinin həyata keçirilməsi üçün tövsiyələrin hazırlanmasında, səmərəli iqtisadi tənzimləyicilər sisteminin yaradılmasında, nazirliklərin və digər idarəetmə orqanlarının işində iştirak edir;
- elm tutumlu təsərrüfat sahələrinin yaradılmasına dair dövlət qarşısında vəsatət qaldırır;
- elmdə inhisarçılıq imkanlarını istisna edən demokratik rəqabət və müsabiqə formalarından geniş istifadə edir, respublika alimlərinin yaradıcılıq potensialının tam aşkarlanması üçün şərait yaradır;
- müəyyən edilmiş qaydada elm-təhsil mərkəzlərini və təhsil müəssisələrini yaradır və ya onların yaradılmasında iştirak edir;
- ali təhsil müəssisələri, magistratura, aspirantura və doktorantura yolu ilə yüksək ixtisaslı kadrlar hazırlayır;
- ictimai prosesləri, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafı, habelə ekoloji vəziyyəti müstəqil qiymətləndirir və bu məsələlərə dair müvafiq təkliflər hazırlayır;
- xarici ölkələrin elmi idarələri ilə elmi əlaqələr yaradır, bu əlaqələri inkişaf etdirir, beynəlxalq elmi konfrans, konqres, simpozium və qurultaylarda iştirak edir;
- Azərbaycan Respublikasının elmi-texniki inkişafının kompleks proqnozlarını işləyib hazırlayır;
- tətbiqi elmi tədqiqatların aparılması, dövlət elmi-texniki tapşırıqlarının yerinə yetirilməsi, yeni texnika nümunələrinin və yeni texnologiyaların yaradılması üzrə təcrübə-konstruktor işlərini həyata keçirir;
- mühüm elmi problemlərin müzakirəsinə və elmi tədqiqat işlərinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş elmi sessiyalar, konfranslar, simpoziumlar, konqreslər və qurultaylar keçirir;
- elmin nailiyyətlərini təbliğ etmək, onun nüfuzunu artırmaq, elmi işçilərin statusunu yüksəltmək və onların sosial vəziyyətini yaxşılaşdırmaq barədə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırır;
- Akademiyada və respublikanın digər elmi müəssisələrində aparılan tədqiqatların nəticələrini yaymaq və təbliğ etmək məqsədi ilə elmi əsərlər, jurnallar, toplular, ensiklopediyalar, Akademiyanın fəaliyyətini işıqlandıran qəzet və elmi-populyar jurnallar və s. nəşr edir;
- elmi nailiyyətlərin tətbiqi yolu ilə məhsulların istehsalı, elmi-texniki xidmətlərin göstərilməsi və innovasiya fəaliyyətinin digər formalarının inkişafı üçün müəssisələrin yaradılmasına yardım edir;
- elm sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktlara dair təkliflər hazırlayır;
- idarəetmə proseslərində müasir telekommunikasiya və informasiya vasitələrindən geniş istifadə edilməsinə kömək edir;
- elm sahəsində dövlət sirrini, məxfi məlumatları qoruyur, elm sahəsinə aid obyektlərin mülki müdafiəsi sahəsində müəyyən olunmuş işləri icra edir;
- öz səlahiyyətləri çərçivəsində elm sahəsinə sərmayə qoyuluşu üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlər işləyib hazırlayır və həyata keçirir;
- mərkəzi icra hakimiyyəti orqanlarına və dövlət təşkilatlarına onların sorğusuna əsasən müəyyən olunmuş qaydada zəruri sənədlər və materiallar təqdim edir;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə Akademiyaya həvalə olunmuş digər funksiyaları yerinə yetirir.
IV. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri, müxbir üzvləri və fəxri üzvləri
16. Akademiyanın həqiqi üzvləri (akademikləri) bir qayda olaraq Azərbaycan Respublikasının vətəndaşları olan, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Akademiya müxbir üzvlərinin içərisindən seçilirlər.
17. Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları seçilirlər.
18. Dünya elminə qiymətli töhfələr verən və Azərbaycan Respublikasında elmin inkişafında xüsusi xidmətləri olan əcnəbi alimlər Akademiyanın fəxri üzvləri seçilə bilərlər.
19. Akademiyanın üzvləri ömürlük seçilirlər.
20. Akademiya üzvlərinin sayını Akademiyanın Ümumi yığıncağının qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
21. Akademiya üzvlərinin başlıca vəzifəsi şəxsən apardıqları tədqiqatlar və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir.
Akademiyanın üzvləri Akademiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində fəal çalışmağa, onun Nizamnaməsinə ciddi əməl etməyə borcludurlar.
Akademiyanın üzvləri elmi nailiyyətlərin tətbiqinə və onlardan elmi-mədəni quruculuqda istifadə olunmasına fəal kömək etməli, elmi kadrlar hazırlamalı, Rəyasət Heyətinin və müvafiq bölmənin elmi-təşkilati tapşırıqlarını yerinə yetirməli, Akademiyanın və müvafiq bölmənin ümumi yığıncaqlarında iştirak etməlidirlər.
22. Akademiyanın üzvləri Rəyasət Heyətinin və müvafiq bölmənin qərarı ilə şəxsən apardıqları və ya rəhbərlik etdikləri elmi işləri yerinə yetirmək üçün onlara zəruri şərait yaradılmasını tələb etmək hüququna malikdirlər.
23. Akademiyanın üzvü Akademiya bölmələrindən birinə daxildir. Akademiyanın üzvü hər hansı başqa bölməyə daxil olan üzvlərin ən azı 2/3-nin gizli səsvermə nəticəsində ifadə olunan razılığı olduğu halda həmin bölmənin işində də iştirak edə bilər və bölmə üzvünün bütün hüquqlarından (seçkilərdə səsvermə hüququ istisna edilməklə) istifadə etmək hüququna malikdir.
24. Akademiyanın üzvləri Rəyasət Heyətinin və tərkibinə daxil olduqları bölmənin bürosunun müzakirəsinə elmi və elmi-təşkilati məsələlər təqdim etmək, belə məsələləri Rəyasət Heyəti və bölmələrin büroları vasitəsi ilə Akademiyanın və bölmənin ümumi yığıncaqlarının müzakirəsinə vermək hüququna malikdirlər.
25. Akademiyanın üzvü öz vəzifələrini yerinə yetirmədikdə Rəyasət Heyəti onun məsələsini fərdi qaydada müzakirə edir və Akademiyanın Ümumi yığıncağına təqdim edir.
V. Akademiyanın strukturu və fəaliyyətinin təşkili
26. Akademiyanın strukturu, onun tərkibinə daxil olan bölmələrin, elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələrinin fəaliyyəti və maliyyələşdirmə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə ilə müəyyən edilir.
27. Akademiyanın ali orqanı onun həqiqi üzvlərindən, müxbir üzvlərindən və fəxri üzvlərindən ibarət olan Ümumi yığıncaqdır.
28. Akademiyanın Ümumi yığıncağı:
- Akademiyanın Nizamnaməsini qəbul edir;
- Akademiya üzvlərinin və rəhbər orqanlarının seçkiləri haqqında əsasnaməni təsdiq edir;
- Akademiyanın strukturunu müəyyən edir:
- Ölkədə fundamental tədqiqatların əsas istiqamətlərini müəyyənləşdirir;
- Akademiyanın elmi nəticələri və Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti haqqında illik hesabatı müzakirə və təsdiq edir;
- Akademiya üzvlərinin, bölmələrin və elmi müəssisələrin əldə etdiyi elmi nəticələrə və yeni elmi istiqamətlərə həsr olunmuş məruzələrini dinləyir;
- ölkədə fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsinə dair əsas təşkilati məsələləri həll edir;
- Akademiyanın həqiqi üzvlərini, müxbir üzvlərini (üç ildə bir dəfədən gec olmayaraq) və fəxri üzvlərini seçir;
- Rəyasət Heyəti üzvlərinin sayını və tərkibini müəyyən edir;
- Akademiyanın prezidentini, birinci vitse-prezidentini, vitse-prezidentlərini, akademik-katibini, Rəyasət Heyətinin digər üzvlərini seçir və bölmələrin akademik-katiblərini Rəyasət Heyətinin üzvləri kimi təsdiq edir;
- Akademiyanın elmi bölmələrini və elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələrini yaradır və ləğv edir;
- Akademiyanın Nizamnaməsi üzrə komissiyanın sədrini təsdiq edir.
29. Akademiyanın Ümumi yığıncağı zəruri hallarda, ildə bir dəfədən az olmamaq şərti ilə çağırılır. Akademiyanın illik Ümumi yığıncağı hər il aprel ayında keçirilir;
30. Akademiyanın Ümumi yığıncağında müzakirə olunacaq məsələlərə dair təkliflər Akademiyanın üzvləri, bölmə büroları, elmi müəssisələrin elmi şuraları tərəfindən bir ay qabaqcadan Rəyasət Heyətinə təqdim edilir. Ümumi yığıncağın gündəliyi təqdim olunmuş təkliflər nəzərə alınmaqla Rəyasət Heyəti tərəfindən tərtib olunur.
31. Akademiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə Ümumi yığıncaq qərar qəbul etmək səlahiyyətinə malikdir (Akademiya üzvlərinin seçkiləri istisna olunmaqla).
32. Akademiyanın Ümumi yığıncağında bu və ya digər şəxslə bağlı məsələlər gizli səsvermə yolu ilə həll edilir.
33. Akademiyanın vəzifələrini və funksiyalarını həyata keçirən idarəetmə orqanı Rəyasət Heyətidir.
34. Rəyasət Heyəti Akademiyanın prezidentindən, birinci vitse-prezidentindən, vitse-prezidentlərindən, akademik-katibindən, elmi bölmələrin akademik-katiblərindən və Akademiyanın digər həqiqi üzvlərindən ibarətdir. Rəyasət Heyətinə Akademiyanın prezidenti başçılıq edir.
35. Rəyasət Heyətinin seçkiləri Akademiyanın Ümumi yığıncağında Akademiyanın prezidentinin seçilməsi ilə başlanır. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması Akademiyanın prezidentinin təqdimatı ilə həyata keçirilir.
36. Rəyasət Heyətinin bütün tərkibinin seçkiləri beş ildə bir dəfə keçirilir. Rəyasət Heyəti hər dəfə yenidən seçilərkən Akademiyanın Ümumi yığıncağına ötən beşillik dövrdəki fəaliyyəti haqqında hesabat verir.
37. Rəyasət Heyəti Akademiya Ümumi yığıncağının qərarını həyata keçirir və Ümumi yığıncağın sessiyaları arasındakı dövrdə Akademiyanın bütün fəaliyyətinə rəhbərlik edir. Rəyasət Heyəti hər il elmi tədqiqatların nəticələri və öz fəaliyyəti haqqında Akademiyanın Ümumi yığıncağına hesabat verir.
38. Akademiyanın Ümumi yığıncağı Rəyasət Heyətinin bütün tərkibini və ya ayrı-ayrı üzvlərini vaxtından əvvəl vəzifədən azad edə bilər, Rəyasət Heyətinin yeni tərkibi üzrə seçkilər keçirə bilər və ya müxtəlif səbəblərə görə Rəyasət Heyəti üzvləri sırasından çıxanların yerinə Rəyasət Heyətinin növbəti seçkilərinə qədər qalan müddət üçün yeni üzvlər seçə bilər.
39. Rəyasət Heyəti:
- Akademiyanın Ümumi yığıncağının sessiyalarını çağırır və keçirir;
- Akademiyanın əsas elmi istiqamətlərinə müvafiq aparılan uzunmüddətli elmi tədqiqat işlərinin planını təsdiq edir;
- Akademiyanın elmi müəssisələrinin, sahə institutlarının, ali məktəblərin və başqa təşkilatların apardıqları fundamental və tətbiqi tədqiqatları əlaqələndirir və istiqamətləndirir;
- Akademiyanın elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələrinin, regional elmi mərkəzlərinin fəaliyyətinin istiqamətlərini və ixtisaslaşmasını müəyyən edir:
- fundamental və tətbiqi problemlər, habelə regional məsələlər üzrə elmi şuralar təşkil edir;
- Akademiyanın fəxri doktoru haqqında əsasnaməni təsdiq edir və Akademiyanın fəxri doktoru adını verir;
- Akademiyanın müşaviri haqqında əsasnaməni təsdiq edir və Akademiyanın müşavirini təyin edir;
- Akademiyanın elmi bölməsi haqqında əsasnaməni təsdiq edir;
- Akademiyanın elmi müəssisələri haqqında nümunəvi əsasnaməni təsdiq edir;
- Akademiyanın Nizamnaməsi üzrə komissiyanın tərkibini təsdiq edir;
- elmi sessiyaların, konfransların, simpoziumların və qurultayların keçirilməsi ilə bağlı məsələləri həll edir;
- Akademiyanın nəşriyyat planlarını təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edir;
- Akademiyanın beynəlxalq elmi əlaqələrini formalaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;
- müəyyən edilmiş qaydada elmi kadrların hazırlanmasını və Akademiya əməkdaşlarının ixtisaslarının artırılmasını təşkil edir;
- elmi tədqiqat işlərinin nəticələrinin tətbiqi, onların sosial-iqtisadi və mədəni quruculuqda istifadə olunması üçün təkliflər verir;
- elmi-texniki siyasət üzrə normativ hüquqi aktların və normativ sənədlərin hazırlanmasında iştirak edir;
- Akademiyanın fəaliyyəti haqqında illik hesabatları Akademiya Ümumi yığıncağının müzakirəsinə təqdim edir;
- mühüm elmi əsərlərə, kəşflərə və ixtiralara görə alim və mütəxəssisləri təltif etmək məqsədi ilə medallar, mükafatlar, fəxri adlar təsis edir;
- Akademiyanın prezidenti, birinci vitse-prezidenti, vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin başqa üzvləri arasında vəzifə bölgüsünü aparır;
- Rəyasət Heyətinin səlahiyyətlərinə aid olan kadr məsələlərini həll edir;
- Akademiyanın bütün üzvlərinin, vəzifəli şəxslərinin, elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələrinin Akademiyanın Nizamnaməsinə əməl etmələrinə nəzarət edir.
40. Rəyasət Heyətinin nəzdində elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri, ensiklopediya, jurnal və digər elmi nəşrlərin redaksiyaları, elmi şuralar, komitələr, komissiyalar və cəmiyyətlər fəaliyyət göstərir.
41. Rəyasət Heyəti Akademiyanın maliyyə vəsaitlərinin baş sərəncamçısıdır. O, Akademiyanın illik büdcəsini təsdiq edir, büdcədən ayrılan və başqa mənbələrdən daxil olan vəsaiti elmi tədqiqat işləri planına uyğun olaraq Akademiyanın elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri arasında bölüşdürür, həmin vəsaitin düzgün xərclənməsinə nəzarət edir.
42. Rəyasət Heyətinin Mərkəzi Aparatı Rəyasət Heyətinin təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərir.
43. Akademiyanın prezidenti:
- Akademiyaya rəhbərlik edir, Rəyasət Heyətinin fəaliyyətini təşkil edir və istiqamətləndirir, Akademiyanın vəzifələrinin və funksiyalarının həyata keçirilməsinə görə şəxsi məsuliyyət daşıyır. Azərbaycan Respublikasında və xarici ölkələrdə, dövlət hakimiyyəti orqanlarında Akademiyanı təmsil edir;
- dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin Akademiyanın elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri arasında Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş bölgüsünü təsdiq edir;
- öz səlahiyyətləri daxilində Rəyasət Heyətinin Mərkəzi Aparatı, Akademiyanın elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;
- öz səlahiyyətləri daxilində normativ aktları təsdiq edir və onların icrasına nəzarət edir;
- xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlar aparır, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə elmi və elmi-texniki məsələlərə aid beynəlxalq müqavilələr imzalayır;
- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
44. Akademiyanın elmi bölməsi elmin bir və bir-birinə yaxın olan bir neçə sahəsi üzrə seçilmiş Akademiya üzvlərini və ona daxil olan elmi və elmi xidmət müəssisələrinin digər elmi işçilərini və mütəxəssislərini birləşdirən əsas elmi və elmi-təşkilati mərkəzdir.
45. Akademiyanın aşağıdakı beş elmi bölməsi var:
- Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi:
- Kimya Elmləri Bölməsi;
- Yer Elmləri Bölməsi;
- Biologiya Elmləri Bölməsi;
- Humanitar və İctimai Elmlər Bölməsi.
46. Elmi bölmənin tərkibində elmi və elmi xidmət müəssisələri, problem şuraları, komissiyalar, komitələr, elmi cəmiyyətlər, bölmənin profilinə uyğun elmi nəşrlər var.
47. Elmi bölmə elmin müvafiq sahələrində fundamental və tətbiqi tədqiqatların istiqamətlərini müəyyənləşdirir, onların əlaqələndirilməsini təmin edir, respublika və dünya elminin vəziyyətini təhlil edir və proqnozlaşdırır, nəzdində olan problem şuralarının, komissiyaların, komitələrin, cəmiyyətlərin işinə rəhbərlik edir, müxtəlif müəssisələrin, ali məktəblərin və alimlərin elmi əməkdaşlığını möhkəmləndirir, beynəlxalq elmi əlaqələri inkişaf etdirir, respublikanın sosial-iqtisadi və mənəvi inkişafına dair təkliflər hazırlayır.
48. Sahə elmi müəssisələrinin və ali məktəblərin vəsatəti ilə bölmə elmi fəaliyyətlə məşğul olan qurumlara elmi-metodik rəhbərliyi öz üzərinə götürə bilər. Akademiyaya daxil olmayan idarələrə elmi-metodik rəhbərlik haqqında qərar müvafiq bölmənin bürosunun təqdimatı ilə Rəyasət Heyəti tərəfindən qəbul edilir.
49. Elmi bölmənin ali orqanı Akademiyanın bu bölmədəki üzvlərindən ibarət olanÜmumi yığıncaqdır.
Bölmənin Ümumi yığıncağı Akademiyanın həmin bölmədəki üzvlərinin yarısından çoxu iştirak etdikdə qərar qəbul etməyə səlahiyyətli olur. Bütün məsələlər sadə səs çoxluğu ilə (Akademiya üzvlərinin seçkiləri istisna olunmaqla) həll edilir.
50. Akademiyanın üzvləri seçkilər zamanı həlledici səs hüququndan yalnız üzvü olduqları bölmədə istifadə edə bilərlər.
51. Bölmənin Ümumi yığıncağının sessiyaları arasındakı dövrdə onun işinə bölmənin akademik-katibinin başçılıq etdiyi bölmə bürosu rəhbərlik edir. Bölmənin akademik-katibi onun Ümumi yığıncağında Akademiyanın həqiqi üzvləri sırasından gizli səsvermə yolu ilə beş il müddətinə seçilir və Akademiyanın Ümumi yığıncağı tərəfindən təsdiq edilir.
Akademik-katibin müavinləri və büro üzvləri bölmənin Ümumi yığıncağında Akademiyanın həqiqi və müxbir üzvləri sırasından gizli səsvermə yolu ilə beş il müddətinə seçilir və Rəyasət Heyəti tərəfindən təsdiq olunur.
Bölmə bürosunun seçkiləri zamanı müntəzəm təzələnmə və varislik prinsipinə əməl olunur. Bölmə bürosunun işində bölmənin tərkibinə daxil olan elmi idarələrin Akademiyanın üzvü olmayan direktorları məşvərətçi səs hüququ ilə iştirak edirlər. Bölmənin bürosu yeni seçkilər ərəfəsində özünün beşillik fəaliyyəti haqqında bölmənin Ümumi yığıncağına hesabat verir.
52. Bölmənin akademik-katibi bölmənin fəaliyyətinə aid məsələlər barədə Rəyasət Heyətində məruzə edir, bölmənin Ümumi yığıncağına və Rəyasət Heyətinə hesabat verir.
53. Bölmənin Ümumi yığıncağının və bölmə bürosunun funksiyaları və səlahiyyətləri Rəyasət Heyətinin təsdiq etdiyi «Azərbaycan Milli Elmlər Akademiyasının bölməsi haqqında əsasnamə» ilə müəyyən olunur.
54. Akademiyanın institutları, elmi mərkəzləri, regional elmi mərkəzləri, rəsədxanaları, stansiyaları, nəbatat bağları, kitabxanaları, arxivləri, muzeyləri və s. Akademiyanın elmi müəssisələridir.
55. Akademiyanın elmi və elmi xidmət müəssisələri Akademiyanın müvafiq bölməsinin tərkibində və ya Rəyasət Heyətinin nəzdində olur.
56. Akademiyanın əsas struktur özəyi fundamental tədqiqatlar aparan institutlarıdır, Rəyasət Heyətinin qərarı ilə elmi və elmi-texniki fəaliyyət göstərən, tətbiqi elmi tədqiqatlar aparan, elmi kadrların hazırlığı ilə məşğul olan digər müəssisələrin statusu Akademiyanın institutlarına bərabər tutula bilər.
57. Akademiyanın nəşriyyatları, poliqrafiya, kitab satışı təşkilatları, konstruktor və layihə büroları, elmi cihazqayırma müəssisələri, nəqliyyat, təchizat, təmir və digər təşkilatları Akademiyanın elmi xidmət müəssisələridir.
58. Akademiya qanunvericiliklə müəyyən edilmiş qaydada sosial-xidmət müəssisələri (xəstəxanalar, poliklinikalar, sanatoriyalar və s.) yarada bilər.
59. Akademiyanın elmi müəssisəsinə onun direktoru başçılıq edir. Akademiya elmi müəssisəsinin direktoru müvafiq bölmənin Ümumi yığıncağında gizli səsvermə yolu ilə beş il müddətinə seçilir və Rəyasət Heyəti tərəfindən təsdiq olunur.
Rəyasət Heyəti elmi müəssisə direktorunu müvafiq bölmənin təqdimatı ilə vaxtından əvvəl vəzifəsindən azad edə bilər.
60. Akademiyanın elmi müəssisələri Rəyasət Heyətinin təsdiq etdiyi «Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsinin təşkili və fəaliyyəti haqqında nümunəvi əsasnamə»yə və öz nizamnamələrinə uyğun fəaliyyət göstərirlər. Elmi müəssisənin nizamnaməsini müvafiq bölmənin təqdimatı ilə Rəyasət Heyəti təsdiq edir. Elmi müəssisə direktorunun funksiyaları və səlahiyyətləri, habelə elmi işçilərin hüquq və vəzifələri elmi müəssisənin nizamnaməsi ilə müəyyən olunur.
61. Akademiyanın regional elmi mərkəzləri Rəyasət Heyətinin nəzdindədir, onların səlahiyyətləri və funksiyaları Rəyasət Heyətinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq müəyyən edilir.
62. Regional elmi mərkəzlərin əsas vəzifəsi Akademiyanın bölmələrinin elmi-metodik rəhbərliyi ilə müvafiq ərazilərin təbii sərvətlərini, tarixini, mədəniyyətini və sosial-iqtisadi inkişafının müxtəlif problemlərini öyrənməkdir.
63. Regional elmi mərkəzlərin başa çatdırdıqları tədqiqatların nəticələri müvafiq bölmələrdə müzakirə edilir və onlar hər il elmi-təşkilati fəaliyyətləri barədə Rəyasət Heyətinə hesabat verirlər.
VI. Akademiyanın hüquqları
64. Akademiya öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
- alimlərin, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin əlyazmalarını, tarixi əhəmiyyət kəsb edən digər materialları dövlət arxivlərinə təhvil vermədən Akademiyanın Mərkəzi Elmi Arxivində, elmi müəssisələrin arxivlərində, Akademiyanın Mərkəzi Elmi Kitabxanasında saxlamaq;
- Akademiyanın səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarından və dövlət təşkilatlarından zəruri sənədlər, statistik məlumatlar və digər materiallar almaq;
- zəruri hallarda müvafiq orqanların rəhbərliyinin razılığı ilə işçi qrupların fəaliyyətində iştirak etmək üçün icra hakimiyyəti orqanlarından və dövlət təşkilatlarından Akademiyanın səlahiyyətlərinə aid məsələlərlə əlaqədar müstəqil ekspert, məsləhətçi və mütəxəssislər cəlb etmək;
- ödənişli əsaslarla kadr hazırlamaq.
65. Akademiya aşağıdakı əlavə maliyyə mənbələrindən istifadə edə bilər:
- Dövlət proqramlarına ayrılan büdcə vəsaiti, müvafiq nazirliklərin və komitələrin proqramlarının işlənməsinə ayrılan vəsait, habelə dövlət elmi tədqiqat fondlarının vəsaiti;
- təsərrüfat hesablı elmi tədqiqat işlərinin yerinə yetirilməsindən əldə olunan vəsait;
- ictimai və şəxsi, o cümlədən beynəlxalq fondların vəsaiti;
- Azərbaycan Respublikasının və digər dövlətlərin hüquqi və fiziki şəxsləri ilə bağlanan müqavilə, saziş və kontraktlar hesabına alınan vəsait;
- müxtəlif, o cümlədən xarici təşkilatlardan daxil olan yardım;
- Akademiyanın Nizamnaməsində və onun elmi müəssisələrinin nizamnamələrində nəzərdə tutulan fəaliyyət növləri hesabına büdcə və büdcədənkənar mənbələrdən alınan vəsait.
66. Akademiya və onun müəssisələri üçün müəyyən edilmiş qaydada istifadə məqsədi ilə torpaq sahələri almaq.
67. Akademiya, onun elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri, regional elmi mərkəzləri onların sərəncamında olan və müvəqqəti istifadə olunmayan əmlakı Azərbaycan Respublikasının qanunvericiliyinə və Rəyasət Heyətinin qərarlarına uyğun olaraq icarəyə verə bilər, icarədən əldə edilən gəlir Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istifadə olunur.
68. Akademiyanın razılığı olmadan onun elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri özəlləşdirilə bilməz.
69. Akademiyanın Nizamnaməsi Akademiyanın Ümumi yığıncağında səsvermədə iştirak edən Akademiya üzvlərinin 2/3 səs çoxluğu ilə dəyişdirilə bilər.
© LegalActs LLC