«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Relizin Tarixi: 02.01.2003
«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyətinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- həmin qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- həmin qanunun 9-cu və 10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
2. Müəyyən edilsin ki, «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 1.5-ci və 13.1-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dili Komissiyası həyata keçirir.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 2 yanvar 2003-cü il
№ 835.
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 yanvar 2003-cü il, № 2) ( «LegalActs» LLC).
© LegalActs LLC