Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (20 noyabr 2002-ci il, № 267) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 672)

Relizin Tarixi: 19.11.2002

Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyi haqqında

Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan xalqının hərb salnaməsi böyük qəhrəmanlıq səhifələri ilə zəngindir. Ulu əcdadlarımızın formalaşdırdığı qəhrəmanlıq ideologiyası öz əksini «Kitabi-Dədə Qorqud» kimi qədim eposlarda tapmışdır. Xalqımızın igid oğullarının göstərdiyi rəşadət və şücaət Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, şifahi xalq ədəbiyyatı nümunələrində, böyük şair və mütəfəkkirlərimizin əsərlərində parlaq əks olunmuşdur. Cavanşir, Babək, Şah İsmayıl kimi sərkərdələrin adları hərb tariximizə həmişəlik həkk olunmuşdur.

XIX əsrdə baş vermiş rus-İran müharibələrinin nəticəsi olaraq Azərbaycan ərazisi Rusiya ilə İran arasında bölüşdürüldü. Azərbaycan torpaqlarının Rusiyanın tabeliyinə keçmiş şimal hissəsində ölkəmiz nəinki ordu saxlamaqdan məhrum edildi, hətta azərbaycanlıların çar ordusunda hərbi xidmətə çağırılması məqsədəuyğun hesab edilmədi. Bütün bunlara baxmayaraq, azərbaycanlıların hərb sənətinin sirlərini öyrənmələrinin və bu sahədə yüksək mərtəbələrə çatmalarının qarşısını almaq mümkün olmadı. Çar ordusunda xidmət etmək imkanı qazanmış azərbaycanlılar müxtəlif döyüşlərdə əsl peşəkarlıq və şücaət göstərərək ad-san qazandılar. Bunların arasında generallar Cəfərqulu ağa Bakıxanovun, Balakişi Ərəblinskinin, Əsəd bəy Talışxanovun, Hüseyn xan Naxçıvanskinin, Həsən bəy Ağalarovun və başqa sərkərdələrin adlarını çəkmək olar.

Rusiyada çar hakimiyyətinin süqutundan sonra Azərbaycan milli ordusunu yaratmaq yolunda bəzi addımlar atıldı. 1918-ci ilin mayında Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə bu proses daha intensiv və konkret xarakter aldı. Hərbi Nazirlik yaradıldı, hərbi təhsilin əsası qoyuldu. Gənc Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələrinin qısa müddət ərzində təşəkkül tapmasında keçmiş çar generalları Səməd bəy Mehmandarovun və Əlağa Şıxlinskinin xidmətləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün qısa olması onların başladığı bu mühüm işin başa çatdırılmasına imkan vermədi.

1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Azərbaycan SSR-in ordusu və donanması yaradıldı. 1922-ci ildə Zaqafqaziya respublikalarının orduları Xüsusi Qafqaz Ordusunun diviziyalarına çevrildi. 1937-1938-ci illərdə orduda başlanmış kütləvi repressiya kampaniyası Azərbaycan diviziyasından da yan keçmədi. Onun yaradıcılarından biri olan, Moskvada Frunze adına Ali Hərbi Akademiyanın xüsusi fakültəsinin kurs rəisi azərbaycanlı general Cəmşid Naxçıvanski də repressiya qurbanı oldu. Azərbaycan diviziyası 1938-ci ildə vahid ümumittifaq ordusunun tərkibinə daxil edildi. Sovet hakimiyyətinin sonrakı illərində orduda icbari hərbi xidmət azərbaycanlılara şamil edilsə də, onlar hərbi xidmətlərini, əsasən, xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrdə keçirdilər.

Faşizmə qarşı müharibəyə Azərbaycandan 600 mindən çox adam səfərbər edildi. Xalqımızın oğul və qızları qəhrəmanlıq nümunələri göstərərək öz döyüş bacarıqlarını nümayiş etdirdilər. Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Mehdi Hüseynzadə, Abbas Quliyev, Məlik Məhərrəmov və başqa azərbaycanlı döyüşçülərin adları yaddaşlara əbədi həkk olundu. Azərbaycanın igid oğul və qızlarının döyüş rəşadəti yazıçı, şair, bəstəkar və rəssamlarımızın həmin dövrdə yaratdıqları gözəl əsərlərin başlıca mövzusu olmuşdur. Müharibə illərində və sonrakı dövrdə keçmiş Sovet Ordusunda Akim Abbasov, Mahmud Əbilov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov, Valeh Bərşadlı və başqaları kimi general rütbəsinə qədər yüksəlmiş azərbaycanlı hərbçilər nəsli yetişdi.

Buna baxmayaraq, azərbaycanlıların hərbi peşələrə yiyələnməsi yolunda yenə də ciddi maneələr yaradılırdı. Ali hərbi məktəblərdə oxuyan azərbaycanlıların sayı olduqca az idi. Hətta Bakı şəhərində yerləşən ali hərbi məktəblərin kursantları arasında azərbaycanlılar çox cüzi sayda təmsil olunurdular. Azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə 1971-ci ildə indi «Cəmşid Naxçıvanski adına hərbi litsey» adlandırılan məktəbin təsis edilməsi bu problemin həlli yolunda ciddi addım oldu. 1973-cü ildə ona ümumrespublika məktəbi statusu verildi. 1976, 1978 və 1981-ci illərdə məktəbin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsi üzrə tədbirlər haqqında mühüm qərarlar qəbul edildi və həyata keçirildi. Məktəbin məzunlarının ali hərbi məktəblərə daxil olması ilə orada təhsil alan azərbaycanlıların sayı get-gedə artmağa başladı. Məktəb Azərbaycanda hərbi peşənin nüfuzunun artmasında və gənclərimizi bu peşəyə yiyələnməyə həvəsləndirmək işində mühüm rol oynadı. Məktəbin məzunları olmayan gənclərimizin də ali hərbi məktəblərə daxil olmaları halları nəzərə çarpacaq dərəcədə artdı. Orduda peşəkar azərbaycanlı hərbçilərin nisbəti yüksəlməyə başladı.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli nizami ordu yaradılması ən aktual məsələlərdən oldu. Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə aramsız hücumları şəraitində bu, təxirəsalınmaz vəzifə idi. Ayrı-ayrı silahlı dəstələrin vahid bir rəhbərliyə tabe edilməməsi, peşəkar hərbçi kadrların çatışmazlığı, orduda nizam-intizamın olmaması, korrupsiya, başıpozuqluq, fərarilik hallarının baş verməsi düşmən hücumlarının qarşısını ala bilməyə qadir olan bir ordunun yaradılmasına əngəllər törədirdi. Qarabağ müharibəsi başlandıqdan sonra keçmiş SSRİ-nin müxtəlif yerlərindən öz vətənpərvərlik borcunu yerinə yetirərək Azərbaycana qayıtmış peşəkar hərbçilərin, o cümlədən vaxtilə Cəmşid Naxçıvanski adına hərbi litseyi bitirənlərin bilik və bacarığından lazımınca istifadə olunmurdu.

1993-1995-ci illərdə ordu quruculuğu sahəsində görülmüş mühüm tədbirlər nəticəsində vəziyyət köklü şəkildə dəyişdi. Ayrı-ayrı siyasi partiyaların, hətta şəxslərin mənafelərinə xidmət edən silahlı birləşmələr ləğv edildi, orduda vahid komandanlıq prinsipi bərqərar edildi, möhkəm hərbi nizam-intizam yaradılması üçün ciddi tədbirlər görüldü. Silahlı Qüvvələrin peşəkar hərbçi kadrlarla təmin olunması yolunda da mühüm işlər həyata keçirildi. Hərbi təhsil sistemi sahəsində islahatlar aparılmağa başlandı. 1998-ci ilin martında Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialının açılması haqqında sərəncam verildi. Ölkə prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması qərara alındı. 2001-ci il avqustun 20-də Azərbaycan Respublikası prezidentinin Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi ilə bağlı fərmanı imzalandı.

Bu vaxta kimi Cəmşid Naxçıvanski adına hərbi litseyin 6522 məzunu olmuşdur. Onun məzunları Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmiş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşlar. Hazırkı dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən zabitlərin böyük əksəriyyətini həmin litseydə təhsil almış mütəxəssislər təşkil edir.

Bu gün litseydə təhsil alan 1856 müdavimə 137 müəllim dərs deyir, 71 zabit və gizir təlim keçir. Son illərdə məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, orada təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Litsey milli ordunu peşəkar kadrlarla təmin etmək, gənclərimizi ali hərbi məktəblərə hazırlamaq üçün baza rolunu oynadığına görə onun fəaliyyəti həmişə diqqət mərkəzindədir.

Cəmşid Naxçıvanski adına hərbi litseyin Azərbaycan Respublikasının ordu quruculuğu işində böyük əhəmiyyətini və mühüm rolunu qeyd etmək məqsədi ilə qərara alıram:

1. Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyi ölkəmizdə təntənəli surətdə keçirilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyi münasibətilə tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 19 noyabr 2002-ci il.

№ 1093

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 noyabr 2002-ci il, № 267) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 672) («LegalActs» LLC).

© LegalActs LLC