Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 iyul 2002-ci il № 164)
Relizin Tarixi: 19.07.2002Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı
Bakı şəhəri, 19 iyul 2002-ci il
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi V.Zeynalovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Rüstəmov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı E.Əsgərovun,
ekspert, Bakı Dövlət Universiteti Hüquq fakultəsinin cinayət-prosesi kafedrasının professoru, hüquq elmləri doktoru R.İsgəndərovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 20 may tarixli 8-5/2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Ə.Rüstəmov və E.Əsgərovun çıxışlarını, R.İsgəndərovun rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən etdi:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-ci maddəsi apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan, andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən kassasiya şikayəti və kassasiya protestinin verilməsi qaydasını tənzimləyir.
Həmin Məcəllənin 409-cu maddəsində isə belə şikayət və protest vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Bu maddəyə görə məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) onun qanuni nümayəndəsi və ya nümayəndəsi, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri kassasiya şikayəti vermək hüququna, apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı və ya Azərbaycan Respublikasının Baş Prokuroru və ya onun müavini kassasiya protesti vermək hüququna malikdir. Bununla belə birinci instansiya məhkəməsinin hökm və qərarından apellyasiya şikayəti və ya protesti vermək hüququna malik olan şəxslərdən hər hansı birinin məhkəmənin qərarı ilə razılaşdıqlarına görə yaxud başqa səbəbdən bu hüquqdan istifadə etməməsi, onların həmin işə sonrakı məhkəmə instansiyalarında baxılması üçün kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququnun olub-olmaması barədə qanuna birbaşa göstəriş olmadığından və bu hal təcrübədə fikir ayrılığına səbəb olduğundan Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh olunmasını xahiş edir.
Konstitusiya işinin materiallarına düzgünlüyü Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş Cinayət-Prosessual Məcəlləsinin 7, 32, 35 və 409-cu maddələrinin rəsmi mətnləri əldə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.
Cinayət-Prosessual Məcəlləsinin təyinatı cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təsdiqləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və cinayət prosessual qanunvericiliyinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi prinsipi əsasında həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.21-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərərçəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, ittiham tərəfi, 7.0.28-ci maddəsinə görə isə şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və mülki cavabdeh müdafiə tərəfi hesab olunur.
İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsində təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir. Müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir. (Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsi).
Qanunverici tərəfindən cinayət-mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir.
İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır.
Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan digər prinsiplər də (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, təqsirsizlik prezumpsiyası və s.) cinayət mühakimə icraatında tərəflərin və cinayət prosesində iştirak edən digər şəxslərin prosessual hüquq və vəzifələrinin dolğun yerinə yetirilməsinə təminat verir.
Azərbaycan Respublikası Konstitusiyasının 60 və 65-ci maddələrinə əsaslanan vacib prinsiplərdən biri də qeyd olunan Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunmasıdır.
Həmin maddəyə görə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçılarının cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır.
Cinayət-Prosessual Məcəlləsinin təhlilindən aydın olur ki, qanunverici yuxarı məhkəməyə (appelyasiya, kassasiya instansiya məhkəmələri) şikayət etmək hüququnun təmin olunmasını tənzimləyərkən məhkəmə instansiyalarında işə baxılması ardıcıllığına riayət edilməsini şərtləndirmişdir. Belə ki, birinci instansiya məhkəmələrinin hökm və ya qərarlarından appelyasiya şikayəti (protesti) apellyasiya instansiyası məhkəməsinə, onun hökm və qərarlarından, habelə andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən kassasiya şikayəti (protesti) kassasiya instansiyası məhkəməsinə verilməlidir. Beləliklə, andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlər istisna olmaqla birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan şikayət (protest) appelyasiya instansiyası məhkəməsinə verilir.
Qeyd edilməlidir ki, şikayət etmək hüququna malik olan şəxslərin bu hüquqdan istifadə etməsi onların iradə sərbəstliyinə əsaslanır. Lakin appelyasiya və ya kassasiya instansiyaları məhkəmələrində tərəflərdən hər hansı birinin təşəbbüsü ilə başlanmış mühakimə icraatı şikayəti (protesti) verməyən digər tərəfin iştirakı ilə həyata keçirilir. Bu baxımdan birinci instansiya məhkəməsinin hökm və ya qərarlarından appelyasiya şikayəti (protesti) vermək hüququna malik olan bir şəxsin hər hansı səbəbdən bu hüquqdan istifadə etməməsi, digərinin isə bu hüququ reallaşdırması Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququnu məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi məhkəmənin hökm və qərarlarından apellyasiya və kassasiya instansiyaları məhkəmələrinə şikayət (protest) verilməsini prosessual vəzifə deyil, hüquq kimi müəyyənləşdirməklə cinayət prosesində iştirak edən tərəflərin iradə azadlıqlarını nəzərdə tutur və mülahizələrinə görə belə şikayətin (protestin) müəyyən olunmuş qaydada hansı instansiya məhkəməsinin hökmündən və ya qərarından verilməsini onların öz öhdələrinə buraxır. Belə ki, adı çəkilən Məcəllənin 32.2.5-ci maddəsinə görə cinayət mühakimə icraatında hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir.
Beləliklə, Konstitusiya Məhkəməsi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsində göstərilən şəxslərin hər hansı səbəbdən apellyasiya şikayəti (protesti) vermək hüququndan istifadə etməməsi onların apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından kassasiya instansiyası məhkəməsinə həmin Məcəllədə müəyyən edilmiş hallarda və qaydada şikayət (protest) vermək hüququnu məhdudlaşdırmır.
Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara aldı:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsində göstərilən şəxslərin hər hansı səbəbdən apellyasiya şikayəti (protesti) vermək hüququndan istifadə etməməsi onların apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından kassasiya instansiyası məhkəməsinə həmin Məcəllədə müəyyən edilmiş hallarda və qaydada şikayət (protest) vermək hüququnu məhdudlaşdırmır.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
Sədrlik edən
Xanlar HACIYEV
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 iyul 2002-ci il № 164)
( «LegalActs» LLC).© LegalActs LLC