Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə


«Azərbaycan» qəzetində dərc edilmişdir (27 iyul 2002-ci il, № 169) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 393)

Relizin Tarixi: 02.07.2002

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 2 iyul 2002-ci il.

№ 353-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (27 iyul 2002-ci il, № 169) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 393) («LegalActs» LLC).


Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
Saziş

Bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,

Gömrük qanunvericiliyinin pozulmasının hər iki ölkənin iqtisadi, maliyyə və ictimai maraqlarına, həmçinin həmin ölkələrin ticarətinin hüquqi maraqlarına ziyan vurması faktını nəzərə alaraq,

Malların idxalı və ya ixracı zamanı toplanan gömrük rüsumları, vergiləri və digər yığımların dəqiq tutulmasının və qadağan, məhdudiyyət və nəzarət haqqında müddəaların düzgün icrasının təmin olunmasının əhəmiyyətini nəzərə alaraq,

Gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınmasında, idxal, ixrac rüsum və vergilərinin dəqiq yığılmasının təmin olunmasında göstərilən səylərin gömrük orqanları arasında əməkdaşlıq yolu ilə daha səmərəli olacağını qəbul edərək,

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin əhalinin sağlamlığı və cəmiyyət üçün təhlükə törətdiyini nəzərə alaraq,

Gömrük Əməkdaşlıq Şurasının Qarşılıqlı İnzibati Yardım haqqında 5 dekabr 1953-cü il tarixli Tövsiyyəsini nəzərə alaraq,

Həmçinin, Narkotik vasitələr haqqında 30 mart 1961-ci il tarixli Vahid Konvensiya, Psixotrop maddələr haqqında 21 fevral 1971-ci tarixli Konvensiya və Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 20 dekabr 1988-ci il tarixli Konvensiyanın müddəalarını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Təriflər

Bu Sazişin məqsədləri üçün:

a) «Gömrük orqanı»—Azərbaycan Respublikasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasında İran İslam Respublikası Gömrük İdarəsi;

b) «Hüquqpozma»—gömrük qanunvericiliyinin hər hansı bir şəkildə pozulması və eləcə də bu qanunvericiliyin pozulmasına yönəldilmiş hər hansı bir cəhd;

c) «Gömrük qanunvericiliyi»—gömrük rüsumları, vergiləri, güzəştli tariflər və digər yığımlar və ya Razılığa gələn Tərəflərin gömrük orqanları tərəfindən həyata keçirilən qadağan, məhdudiyyət, yaxud nəzarət tədbirləri ilə bağlı, malların idxal, ixrac və tranziti və ödəniş vasitələrinə dair qanunvericiliklə təsbit olunan müddəalar;

ç) «Şəxs»—fiziki və ya hüquqi şəxs;

d) «Şəxs barədə məlumat»—müəyyən olunmuş və ya müəyyən oluna bilən fiziki şəxs barədə məlumatlar;

e) «Məlumatlar»—hər hansı məlumat, sənədlər, arayışlar, onların təsdiq olunmuş və ya autentik surətləri və ya digər məlumatlar;

ə) «İnformasiya»—gömrük hüquqpozmalarına dair məlumatları təqdim etmək üçün hazırlanmış və/və ya təhlil edilmiş məlumatlar;

f) «Sorğu göndərən gömrük idarəsi»—yardım almaq üçün sorğu göndərən gömrük idarəsi;

d) «Sorğu alan gömrük idarəsi»—yardım göstərmək üçün sorğu alan gömrük idarəsi deməkdir.

Maddə 2. Sazişin tətbiq edilmə dairəsi

1. Razılığa gələn Tərəflər bu Sazşin müddəalarına müvafiq olaraq və öz milli qanunvericilikləri əsasında öz gömrük orqanları vasitəsilə:

a) malların və sərnişinlərin keçirilməsini asanlaşdırmaq və buna yardım etmək məqsədilə tədbirlər həyata keçirməli;

b) gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasında bir-birinə yardım etməli;

c sorğu əsasında gömrük qanunvericiliyinin tənzimlənməsi və həyata keçirilməsində istifadə olunmalı məlumatları təmin etməklə bir-birinə yardım etməli;

ç) yeni gömrük proseduralarının tədqiq edilməsi, inkişaf etdirilməsi və sınanmasında, əməkdaşların təlim və qarşılıqlı mübadiləsində və onların birgə səylərini tələb edə bilən digər məsələlərin həllində bir-birinə yardım etməyə çalışmalı;

d) Razılığa gələn Tərəflərin qoşulmuş olduğu beynəlxalq gömrük konvensiyaları əsasında gömrük sistemlərində, gömrük texniki üsulların təkmilləşdirilməsində və gömrük idarəetmə və gömrük pozuntularına qarşı mübarizə sahələrinə dair problemlərin həllində ahəngdarlığa və eyniliyə nail olmağa çalışmalı.

2. Bu Saziş çərçivəsində qarşılıqlı yardım, sorğu alan gömrük idarəsinin dövlətinin gömrük ərazisində qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq və sorğu alan gömrük idarəsinin səlahiyyət və imkanları daxilində göstərilməlidir.

3. Bu sazişin heç bir müddəası Razılığa gələn Tərəflər arasında hazırda fəaliyyətdə olan qarşılıqlı yardım təcrübəsini məhdudlaşdıracaq tərzdə şərh edilməməlidir.

Maddə 3. Əməkdaşlıq və qarşılıqlı yardım formaları

Razılığa gələn Tərəflərin gömrük orqanları onların sorğusu əsasında və ya öz təşəbbüsləri ilə:

a) bu Sazişin müddəalarına müvafiq olaraq bir-birini zəruri məlumatlarla təmin etməli;

b) öz fəaliyyətlərilə bağlı təcrübə mübadiləsi və hüquqpozmaların yeni meylləri, vasitə və metodları haqqında məlumat mübadiləsi aparmalı;

c) Razılığa gələn Tərəf dövlətlərin gömrük qanunvericiliyində mühüm dəyişikliklər barədə, həmçinin, nəzarətin texniki üsulları və onların tətbiq edilməsi metodları barədə bir-birini məlumatlandırmalı və həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etməlidirlər.

Maddə 4. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi

1. Razılığa gələn Tərəflərin gömrük orqanları, qarşılıqlı razılıq əsasında Razılığa gələn Tərəf dövlətlərin gömrük əraziləri arasında malların və sərnişinlərin hərəkətini asanlaşdırmaq və buna yardım etmək məqsədi ilə gömrük proseduralarını təkmilləşdirmək üçün lazımi tədbirlər həyata keçirəcəklər.

2. Razılığa gələn Tərəflərin gömrük orqanları öz dövlət dillərindən başqa, ingilis dilində olan gömrük sənədlərinin müvafiq formalarını qəbul edə bilər.

Maddə 5. Şəxslər, mallar və nəqliyyat vasitələri üzərində nəzarət

Bir Razılığa gələn Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya digər Razılığa gələn Tərəfin gömrük orqanının sorğusu əsasında aşağıdakılar üzərində nəzarəti təmin etməlidir:

a) digər Razılığa gələn Tərəfin dövlətinin gömrük qanunvericiliyini pozması məlum olan və yaxud pozması şübhə doğuran şəxslərin hərəkəti, xüsusilə də həmin dövlətin gömrük ərazisinə daxil olması və onu tərk etməsi;

b) digər Razılığa gələn Tərəfin gömrük orqanı tərəfindən həmin Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə və ya ərazisindən qanunsuz daşınmaya səbəb olması və ya şübhə doğurması barədə məlumat verilmiş mallar və ödəniş vasitələrinin keçirilməsi;

c) digər Razılığa gələn Tərəfin dövlətinin gömrük qanunvericiliyinin pozulmasında istifadə olunduğu məlum olan və ya şübhə doğuran hər hansı nəqliyyat vasitələri;

ç) digər Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə faktiki qanunsuz daşınmaya səbəb ola bilən malların saxlandığı yerlər.

Maddə 6. Nəzarətli göndəriş

1. Razılığa gələn Tərəflərin gömrük orqanları qarşılıqlı razılıq və anlaşma əsasında narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz daşınmasında iştirak edən şəxslərin aşkar edilməsi məqsədilə malların nəzarətli göndəriş metodlarından istifadə edə bilərlər.

2. Görülmüş tədbirlərlə əlaqədar nəzarətli göndəriş həyata keçirildiyi qanunsuz mal partiyaları hər iki Razılığa gələn Tərəfin gömrük orqanlarının razılığı ilə dayandırıla və toxunulmamış və ya yerindən götürülmüş və ya tam, yaxud qismən yeri dəyişdirilmiş halda qanunsuz partiyalarla sonrakı daşınma üçün buraxıla bilər.

3. Nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarlar mütəmadilik prinsipinə əsaslanmalıdır və zəruri hallarda, onun həyata keçirilməsi ilə bağlı Razılığa gələn Tərəflərin hər iki gömrük orqanı tərəfindən əldə olunmuş maliyyə razılaşmaları və anlaşmaları nəzərə alına bilər.

Maddə 7. Spesifik malların qanunsuz dövriyyəsinə qarşı tədbirlər

Razılığa gələn Tərəflərin gömrük orqanları öz təşəbbüsləri ilə və ya sorğu əsasında heç bir ləngiməyə yol vermədən bir-birini Razılığa gələn Tərəf dövlətlərinin gömrük ərazisində qüvvədə olan gömrük qanunvericiliyini aşağıda göstərilən sahələrdə pozan və ya pozması aşkara çıxan, aşkar edilmiş və ya planlaşdırılmış fəaliyyətlər barədə müvafiq məlumatlarla təmin etməlidir:

a) silahların, suratların, partlayıcı maddələr və partlayıcı qurğuların keçirilməsi;

b) Razılığa gələn Tərəflərdən biri üçün mühüm tarixi, mədəni və ya arxeoloji dəyər kəsb edən incəsənət əşyalarının və əntiq nümunələrinin keçirilməsi;

c) zəhərli mallar və radioaktiv maddələr, həmçinin ətraf mühit və əhalinin sağlamlığı üçün təhlükə yaradan maddələr keçirilməsi;

ç) yüksək gömrük rüsum və vergilərinə cəlb olunan malların keçirilməsi;

d) Razılığa gələn Tərəflərin gömrük orqanları tərəfindən razılaşdırılan siyahıya əsasən qeyri-tarif məhdudiyyətlərinin tətbiq edildiyi spesifik və strateji malların keçirilməsi.

Maddə 8. Məlumatların çatdırılması

1. Razılığa gələn Tərəflərin gömrük orqanları öz təşəbbüsləri ilə və ya sorğu ilə aşağıdakı məsələlərin dəqiqliyinin təmin edilməsinə yardım edə biləcək bütün məlumatları bir-birinə təqdim edəcək:

a) gömrük orqanları tərəfindən tutulan gömrük rüsumları, vergilər və digər yığımların toplanması və xüsusilə, gömrük məqsədləri üçün malların dəyərinin qiymətləndirilməsində və onların tarif təsnifatının təyin edilməsində kömək edə biləcək məlumatlar;

b) idxal, ixrac və tranzitə dair qadağan və məhdudiyyətlərin həyata keçirilməsi və ya gömrük rüsumları, vergilər və digər yığımlardan azad edilmə;

c) malların mənşə ölkəsinə dair milli qanunvericiliyin həyata keçirilməsi.

2. Əgər sorğu alan gömrük idarəsi sorğu edilən məlumatlara malik deyilsə, o, sorğu alan gömrük idarəsinin mənsub olduğu dövlətin qanunvericiliyinə uyğun olaraq bu məlumatları özü üçün axtardığı kimi axtarmalıdır.

Maddə 9. Malların hərəkəti barədə məlumatlar

Bir Razılığa gələn Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya sorğu əsasında digər Razılığa gələn Tərəfin gömrük orqanının aşağıdakı məlumatlarla təmin etməlidir:

a) sorğu göndərən gömrük idarəsi mənsub olduğu dövlətin gömrük ərazisinə idxal olunmuş malların digər Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisindən qanuni yolla ixrac olunması;

b) sorğu göndərən gömrük idarəsi mənsub olduğu dövlətin gömrük ərazisindən ixrac olunmuş malların digər Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə qanuni yolla idxal olunması.

Maddə 10. Digər fəaliyyət haqqında məlumatlar

Bir Razılığa gələn Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya sorğu əsasında digər Razılığa gələn Tərəfin gömrük orqanını, digər Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə olan gömrük qanunvericiliyinin pozulmasına dair məsələlərdə istifadə üçün tətbiq oluna bilən, xüsusilə, aşağıdakı məsələlərə aid bütün məlumatlarla təmin etməlidir:

a) digər Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə olan gömrük qanunvericiliyini pozması məlum olan və ya şübhə doğuran şəxslər barədə;

b) qanunsuz daşınma obyekti olması məlum olan və ya olması şübhə doğuran mallar barədə;

c) digər Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə olan gömrük qanunvericiliyinin pozulmasında istifadə olunması məlum olan və ya istifadə olunduğu şübhə doğuran nəqliyyat vasitələri barədə.

Maddə 11. İşlər və sənədlər

1. Bir Razılığa gələn Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya sorğu əsasında digər Razılığa gələn Tərəfin gömrük orqanını həmin Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində qüvvədə olan gömrük qanunvericiliyini pozan və ya pozması aşkara çıxan, həyata keçirilmiş və ya planlaşdırılmış fəaliyyətlər üzrə mövcud olan bütün məlumatlara dair arayışlar, şahid ifadələri və ya sənədlərin təsdiq olunmuş surətləri ilə təmin etməlidir.

2. Bu Sazişdə nəzərdə tutulmuş sənəd eyni məqsədlə hər hansı formada hazırlanmış kompüter məlumatları ilə əvəz oluna bilər. Materialın şərhi və ya istifadə edilməsi üçün bütün müvafiq məlumatlar eyni zamanda təmin edilməlidir.

3. İşlərin və sənədlərin əsli yalnız onların təsdiq edilmiş surətləri kifayət etmədikdə tələb oluna bilər.

4. Digər Razılığa gələn Tərəfin gömrük orqanlarından alınan işlər və sənədlər mümkün qədər tez geri qaytarılmalıdır.

Maddə 12. Sorğular

1. Əgər bir Razılığa gələn Tərəfin gömrük orqanı sorğu göndərirsə, digər Razılığa gələn Tərəfin gömrük orqanı sorğu göndərən gömrük idarəsinin mənsub olduğu dövlətin gömrük ərazisində qüvvədə olan gömrük qanunvericiliyinə zidd olan, yaxud olması aşkara çıxan əməliyyatlarla bağlı bütün rəsmi təhqiqatlara başlamalıdır. Belə sorğuların nəticələri barədə sorğu göndərən gömrük idarəsinin gömrük orqanına məlumat verilməlidir.

2. Bu təhqiqatlar sorğu alan gömrük idarəsinin mənsub olduğu dövlətin gömrük ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilməlidir. Sorğu alan gömrük idarəsi özü üçün fəaliyyət göstərdiyi kimi fəaliyyət göstərməlidir.

3. Bir Razılığa gələn Tərəfin gömrük orqanının vəzifəli şəxsləri, xüsusi hallarda, digər Razılığa gələn Tərəfin gömrük orqanının razılığı ilə sorğu göndərən gömrük idarəsinin mənsub olduğu dövlətin ərazisində qüvvədə olan gömrük qanunvericiliyinin pozulması halları üzrə təhqiqat aparılan zaman həmin tərəfin gömrük ərazisində iştirak edə bilər.

Maddə 13. Rəsmi şəxslərin səfərləri üçün tədbirlər

Bu Sazişdə nəzərdə tutulan hallarda, bir Razılığa gələn Tərəfin gömrük orqanının rəsmi şəxsləri digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə səfər etdikdə, onlar hər zaman rəsmi səlahiyyətlərini sübut etmə imkanına malik olmalıdırlar. Onlar xüsusi geyim forması geyinməməli və silah gəzdirməməlidirlər.

Maddə 14. Ekspertlər

Əgər bir Razılığa gələn Tərəfin gömrük orqanı sorğu göndərirsə, digər Razılığa gələn Tərəfin gömrük orqanı öz vəzifəli şəxslərinə məhkəmə və ya inzibati təhqiqat prosesində ekspert kimi iştirak etmək səlahiyyəti verə bilər. Belə vəzifəli şəxslər, onlar tərəfindən vəzifələrinin icrası zamanı müəyyən edilmiş faktlar barədə digər Razılığa gələn Tərəfin gömrük orqanına məlumat verəcəklər.

İştirak üçün sorğuda vəzifəli şəxslərin hansı işdə və hansı qismdə iştirak edəcəyi aydın göstərilməlidir.

Maddə 15. Məlumatlardan və informasiyadan istifadə edilməsi

1. Bu Saziş çərçivəsində alınan məlumatlar yalnız bu Sazişin məqsədləri üçün istifadə olunmalıdır. Bu sənədlər, onları təmin edən gömrük orqanının dəqiq təsdiqi olmadan digər məqsədlər üçün göndərilməməli və ya istifadə olunmamalıdır.

2. Bu Maddənin 1-ci bəndindəki müddəalar narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla əlaqədar hüquqpozmalara dair məlumatlara tətbiq edilmir. Belə məlumatlar narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bilavasitə məşğul olan digər orqanlara təqdim edilə bilər.

3. Razılığa gələn Tərəflərdən birinin gömrük orqanı tərəfindən bu Sazişlə əlaqədar hər hansı formada alınmış sorğular, məlumatlar, informasiya, ekspert arayışları qəbul edən gömrük orqanı tərəfindən həmin Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə əsasən eyni xarakterli sənədlər və məlumatlar kimi qorunmalıdır.

4. Bu Sazişin məqsədlərinə müvafiq şəkildə və tətbiq edilmə dairəsində Razılığa gələn Tərəflərin gömrük orqanları özlərinin şahid ifadələrində, arayışlarında və məhkəmə və ya inzibati orqanlara təqdim olunan sənədlərdə bu Sazişə müvafiq olaraq əldə edilmiş məlumatlar və informasiyadan dəlil kimi istifadə edə bilər.

5. Məhkəmədə dəlil kimi istifadə edilən belə məlumatlar və informasiya və onlara verilən əhəmiyyət Razılığa gələn Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq surətdə müəyyən edilməlidir.

Maddə 16. Yardım göstərmək öhdəliyindən istisnalar

1. Əgər bir Razılığa gələn Tərəfin gömrük orqanı sorğunun yerinə yetirilməsinin həmin Razılığa gələn Tərəf dövlətin suverenliyi, təhlükəsizliyi, ictimai asayişi və ya digər mühüm maraqlarına zərər gətirə biləcəyini hesab edirsə, həmin gömrük orqanı bu Saziş çərçivəsində sorğu edilən yardımdan tamamilə və yaxud qismən imtina edə və ya bu yardımı yalnız müəyyən şərtlər və ya tələblərə əsasən göstərə bilər.

2. Yardımdan imtina edildiyi təqdirdə, imtinaya dair qərar və səbəblər təxirə salınmadan yazılı şəkildə sorğu göndərən gömrük idarəsinə təqdim edilməlidir.

3. Razılığa gələn Tərəflərdən birinin gömrük orqanı özünün göstərmək iqtidarında olmayacağı yardım barədə sorğu edirsə, o sorğuda bu məsələni qeyd etməlidir. Bu sorğunun yerinə yetirilməsi məsələsi sorğu alan gömrük idarəsinin qərarından asılıdır.

Maddə 17. Yardım üçün göndərilən sorğunun forma və məzmunu

1. Hazırki Sazişə müvafiq olaraq göndərilən sorğular yazılı şəkildə verilməlidir. Belə sorğuların icra edilməsi üçün lazım olan sənədlər sorğuya əlavə olunmalıdır. Təcili hallarda tələb olunduqda, şifahi şəkildə verilən sorğu qəbul oluna bilər, lakin gecikdirilmədən yazılı şəkildə təsdiq olunmalıdır.

2. Bu Maddənin 1-ci bəndində qeyd edilən sorğulara aşağıdakı məlumatlar daxil edilməlidir:

a) sorğu göndərən gömrük idarəsi;

b) tələb olunan tədbirlər;

c) sorğunun məqsədi və səbəbi;

ç) aid olan qanunlar, qaydalar və digər hüquqi əsaslar;

d) təhqiqatların obyekti olan şəxslərin mümkün qədər dəqiq və müfəssəl təsviri;

e) müvafiq faktların qısa məzmunu.

3. Sorğular, sorğu alan gömrük idarəsinin mənsub olduğu dövlətin rəsmi dilində və ya ingilis dilində və ya sorğu alan gömrük idarəsinə münasib olan digər dildə təqdim edilməlidir.

4. Əgər sorğu formal tələblərə cavab vermirsə, bu sorğuda düzəliş və ya tamamlamaların edilməsi tələb oluna bilər.

Maddə 18. Texniki yardım

Razılığa gələn Tərəflərin gömrük orqanları aşağıdakılar daxil olmaqla gömrük işi sahəsində bir-birini texniki yardımla təmin edəcəklər:

a) hər iki Razılığa gələn Tərəfin istifadə etdiyi texniki vasitələri daha yaxşı öyrənmək məqsədilə qarşılıqlı faydalı hallarda gömrük əməkdaşlarının mübadiləsi;

b) gömrük əməkdaşlarının xüsusi ixtisas biliklərinin inkişaf etdirilməsi üçün təlim və yardım;

c) aşkarlayıcı cihazların istifadə olunmasında məlumat və təcrübə mübadiləsi;

ç) gömrük işi sahəsində təcrübəli ekspertlərin mübadiləsi;

d) gömrük qanunları, qaydaları və prosedurlarına dair peşəkar, elmi və texniki məlumatların mübadiləsi.

Maddə 19. Xərclər

1. Razılığa gələn Tərəflər, onların müvafiq gömrük ərazilərində digər Razılığa gələn Tərəfin tranzit malları üçün gömrük rüsum və vergilərinin toplanmasından imtina etmək barədə razılığa gəldilər.

2. Sorğu alan gömrük idarəsinin bu Saziş çərçivəsində sorğunun yerinə yetirilməsində, dövlət qulluqçuları olmayan ekspertlərə xərclər və maddi təminat və həmçinin, şifahi və yazılı tərcüməçilərə ödənilmiş vəsait istisna olunmaqla çəkdiyi xərclər həmin gömrük idarəsi tərəfindən ödənilməlidir.

3. 18-ci Maddənin icrası ilə bağlı xərclərin qaytarılması Razılığa gələn Tərəflərin gömrük idarələri tərəfindən xüsusi olaraq razılaşdırıla bilər.

Maddə 20. Sazişin həyata keçirilməsi

1. Bu Saziş çərçivəsində göstərilən yardım, bilavasitə Razılığa gələn Tərəflərin gömrük orqanları tərəfindən göstərilir. Həmin orqanlar bu məqsədlə müfəssəl hazırlıq tədbirləri barədə qarşılıqlı razılıq əldə etməlidirlər.

2. Razılığa gələn Tərəflərin gömrük pozuntuları ilə mübarizə və təhqiqatla məşğul olan mərkəzi və yerli idarələri bir-biri ilə birbaşa əlaqə saxlaya bilərlər.

Maddə 21. Ərazi üzrə tətbiq edilmə

Bu Saziş hər iki Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində tətbiq olunmalıdır.

Maddə 22. Sazişin qüvvəyə minməsi və müddətinin başa çatması

1. Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan bütün dövlətdaxili prosedurların Razılığa gələn Tərəflər tərəfindən yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin tarixindən sonra otuzuncu gündən qüvvəyə minəcəkdir.

2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərdən birinin Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildiriş verdiyi tarixdən sonra altı ay müddətində qüvvədə olacaqdır.

Tehran şəhərində 20 may 2002-ci il tarixində, hicri təqviminə müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə, iki əsl nüsxədə, Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində hər hansı fikir ayrılığı yaranarsa, ingilis dilindəki mətnə istinad ediləcəkdir.

Azərbaycan Respublikası
Hökuməti adından

İran İslam Respublikası
Hökuməti adından


© LegalActs LLC