Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (23 iyun 2002-ci il, № 141) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 336).

Relizin Tarixi: 22.06.2002

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətini əsas tutaraq, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə müvafiq olaraq qərara alıram:

1. «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın (layihə əlavə olunur).

2. Ümumxalq səsverməsi (reforendum) 2002-ci il avqustun 24-nə təyin edilsin.

3. «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının referendum aktının layihəsi bu Fərman imzalandığı gündən başlayaraq 48 saat müddətində kütləvi informasiya vasitələrində dərc edilsin.

4. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Fərmanın 2-ci bəndində göstərilən tarixdə keçirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyəta keçirsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 22 iyun 2002-ci il

№ 722.

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 iyun 2002-ci il, № 141) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 336) («LegalActs» LLC).


Layihə

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının referendum aktı

I. 3-cü maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

«III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

1) vergilər və dövlət büdcəsi;

2) amnistiya və əfv etmə;

3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.»

II. 27-ci maddənin IV hissəsindən «fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi» sözləri çıxarılsın.

III. 71-ci maddənin III hissəsindən «yalnız» sözü çıxarılsın.

IV. 76-cı maddənin II hissəsində «alternativ hərbi xidmətlə» sözləri «alternativ xidmətlə» sözləri ilə əvəz edilsin.

V. 83-cü maddədə «və proporsional seçki sistemləri» sözləri «seçki sistemi» sözləri ilə əvəz edilsin.

VI. 88-ci maddənin I hissəsinin birinci abzasında «İki növbəti sessiyaya» sözləri «iki növbəti yaz və payız sessiyalarına» sözləri ilə əvəz edilsin; ikinci, üçüncü və dördüncü abzaslar çıxarılsın; altıncı abzasında «fevralın 1-dək» sözləri «martın 10-dək» sözləri ilə əvəz edilsin.

VII. 89-cu maddənin I hissəsindən 6-cı bənd çıxarılsın.

VIII. 95-ci maddədə:

    • I hissənin 6-cı və 19-cu bəndləri aşağıdakı redaksiyada verilsin:

«6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;»;

«19) amnistiya.».

    • III hissə aşağıdakı redaksiyada verilsin:

«III. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.»

IX. 96-cı maddənin I və V hissələrinə «Ali Məhkəməsinə» sözlərindən sonra «,Azərbaycan Respublikası Prokurorluğuna» sözləri, II və IV hissələrinə isə «Ali Məhkəməsinin» sözlərindən sonra «,Azərbaycan Respublikası Prokurorluğunun» sözləri əlavə edilsin;

X. 101-ci maddədə:

    • II hissədə «üçdə iki səs çoxluğu ilə» sözləri «yarısından çoxunun səs çoxluğu ilə» sözləri ilə əvəz edilsin;
    • IV hissədən «sadə» sözü çıxarılsın.

XI. 102-ci maddədə «7» rəqəmi «14» rəqəmi ilə əvəz edilsin.

XII. 105-ci maddədə:

    • I hissədə «Azərbaycan Respublikası Milli Məclisinin sədri» sözləri «Azərbaycan Respublikasının Baş naziri» sözləri ilə əvəz edilsin;
    • II hissədə «Azərbaycan Respublikası Milli Məclisinin sədri istefa verdikdə» sözləri «Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə» sözləri ilə, «Azərbaycan Respublikasının Baş naziri icra edir» sözləri isə «Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir» sözləri ilə əvəz edilsin.
    • III hissədə «Azərbaycan Respublikası Baş nazirinin» sözləri «Azərbaycan Respublikası Milli Məclisi sədrinin» sözləri ilə əvəz edilsin.

XIII. 109-cu maddənin 14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;».

XIV. 95-ci, 109-cu, 125-ci və 128-ci maddələrdə «İqtisad Məhkəməsi» sözləri «apellyasiya məhkəmələri» sözləri ilə əvəz edilsin.

XV. 125-ci maddənin IV hissəsində «Konstitusiya icraatı istisna olmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində» sözləri «Cinayət məhkəmə icraatında» sözləri ilə əvəz edilsin.

XVI. 130-cu maddədə:

    • III hissənin 7-ci bəndi çıxarılsın, 8-ci və 9-cu bəndlər müvafiq olaraq 7-ci və 8-ci bəndlər hesab edilsin;
    • V, VI və VII hissələr müvafiq olaraq VIII, IX və X hissələr hesab edilsin;
    • aşağıdakı redaksiyada V, VI və VII hissələr əlavə edilsin:

«V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.»

«VI. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.»

«VII. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarına, məhkəmə aktlarına dair qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər».

XVII. 131-ci maddənin I hissəsində «o, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir» sözləri «o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir» sözləri ilə əvəz edilsin.

XVIII. 132-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 132. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri

I. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.

II. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.»

XIX. 133-cü maddənin I hissəsində «qaydada» sözündən sonra «və hallarda» sözləri əlavə edilsin «eyni cür və dürüst» sözləri çıxarılsın.

XX. 134-cü maddəyə aşağıdakı məzmunda VI hissə əlavə edilsin:

«VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir».

XXI. 142-ci maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:

«III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.».

XXII. 149-cu maddənin III hissəsində «icra hakimiyyəti» sözləri «qanunvericilik, icra» sözləri ilə əvəz edilsin.

XXIII. 155-ci maddədə «dəyişikliklər» sözündən sonra «və ya onların ləğv» sözləri əlavə edilsin; «müddəaların» sözü «insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə» sözləri ilə əvəz edilsin.

XXIV. 158-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.».


© LegalActs LLC